Məhkəmə qərarları › İş №1(060)-460/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-460/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-460/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1966-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.358 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 17.04.2021-ci il tarixdə saat 13.50-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsində saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ qoltuq cibində 1 ədəd qara rəngli “Line-X” markalı siqaret qutusunun içərisində kağız bükümün içərisində təmiz çəkisi 0.358 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəliyi yoxdur, heç bir yerdə işləmir, fərdi işlə məşğul olur. Təxminən 6-7 aydır ki, narkotik vasitə olan metamfetamin istifadə edir. 17.04.2021-ci il tarixdə səhər saatlarında H.Z.Tağıyev qəsəbəsi ərazisində dəniz kənarında gəzişdiyi zaman yerdə “Line-X” markalı siqaret qutusu görmüşdür. İçərisində siqaret olduğunu düşünərək, həmin siqaret qutusunu götürmüş və qapaq hissəsini açaraq içərisində siqaret olub-olmadığını yoxladıqda qutuda siqaret deyil 1 ağ 1 qara büküm olduğunu görmüş və bu onun diqqətini çəkmişdir. O, ətrafa baxaraq heç kimin olmadığından əmin olduqdan sonra hər iki bükümü açmışdır. Həmin bükümlərdən birinin içərisində narkotik vasitə olan “şüşə” kimi tanıdığı metamfetamin, digər bükülüdə isə limon duzu olmuşdur. Özü metamfetamin istifadə etdiyinə görə düşünmüşdür ki, həmin bükülüləri özündə saxlasın və kənar heç kimin olmadığı sakit bir yerdə istifadə etsin. Buna görə də içərisində narkotik vasitə olan həmin “Line-X” markalı siqaret qutusunu əynində olan gödəkçənin cibinə qoymuşdur. Həmin gün yəni 17.04.2021-ci il tarixdə günorta saatlarında öz yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər videoçəkiliş ilə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, onun narkotik vasitələrin qanunsuz saxlanılması, gəzdirilməsində şübhəli olduğunu və polis bölməsinə getməyini, orada müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə getmişdir. Orada otaqlardan birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 təqdim edilmişdir. Videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın, narkotik vasitə və digər bu kimi maddələrin olub-olmaması barədə sual verilərkən əynində olan qara rəngli gödəkçənin sağ qoltuq cibindən 1 ədəd “Line-X” markalı qara siqaret qutusunu çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükülüləri tərəzidə çəkmiş və tərəzidə qara rəngli kağız parçasına bükülmüş, şəffaf rəngli kristal şəkilli maddənin kağız parçası ilə birlikdə çəkisi 0,61 qram, ağ rəngli kağız parçasına bükülmüş, şəffaf rəngli kristal şəkilli maddənin kağız parçası ilə birlikdə çəkisi 0,46 qram olduğu yazılmışdır. Həmin vaxt şəkillər çəkilmiş və üzərindən aşkar olunmuş kütlələr zərfə qoyularaq DİN-nin 126 nömrəli möhürü ilə möhürlənmiş və ona həmin kütlənin Ədliyyə Nazirliyini Məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi izah olunmuşdur. Narkotik vasitəni H.Z.Tağıyev qəsəbəsi ərazisində dəniz kənarında gəzdiyi zaman yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamış, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, Sumqayıt ŞPİ-nin 2-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X8 ifadəsində göstərdi ki, 17.04.2021-ci il tarixdə Sumqayıt şəhər sakini Rasim adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 2-ci PB-nin YYÇ-nin inspektoru polis baş leytenantı Şahid3, 2-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 Niyaz oğlundan, Pİ-nin KTB-nin kriminalisti polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 17.04.2021-ci il tarixdə saat 13 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi ərazisinə getmişlər. Təxminən saat 13:10 radələrində Rasim adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini və bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 2-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs ilə birlikdə 2-ci PB-nə gəlmişlər. 2-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ qoltuq cibindən 1(bir) ədəd “Line-X” markalı, qara rəngli siqaret çıxarıb qurtunun içərisindən 01 ədəd qara rəngli kağız büküm təqdim edərək, həmin bükümün içərisində ağ rəngli kristal maddəni və 01 ədəd ağ rəngli digər kağız bükümün içərisində ağ rəngli kristal maddəni təqdim edərək, həmin maddələrin özünə məxsus olduğunu, həmin maddələrin “şüşə” və Lin duzu” olduğunu deyərək, 17.04.2021-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində dəniz kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidəçəkilib, qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid 2-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 Niyaz oğlu oğlu şahid X4 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 17 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər X8 və Şahid2 Niyaz oğlunun ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 17.04.2021-ci il tarixli, 6/1505 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki1 (ədəd) bükümdə təmiz çəkisi 0,358 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Həmin zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,281 qram ağ rəngli xırda kristallardan ibarət maddənin tərkibində narkotik və psixotrop maddələrin komponentləri yoxdur və maddə narkotik və psixotrop maddələrə aid deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: metafetaminin təmiz çəkisi – 0,358 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq 0,308 qr.). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 28.04.2021-ci il tarixli, 1284 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqları- 01.04.2004-cü il təvəllüdlü X2 və 30.03.2013-cü il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 17.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18.04.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdən 18.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,305 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli (iş № 1(060)-460/2021) qərarını icra edərək, 05 iyul 2021-ci il tarixli 711/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdən 18.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,305 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar