Məhkəmə qərarları › İş №1(060)-460/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-460/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-460/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, Axundov küçəsi, ev 2-də qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu, İstiqlal küçəsi ev 23, mənzil 3-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 «Hüquqinfo» Media Mərkəzinin, «Hüquqinfo.az» saytının, H.Z.Tağıyev adına xeyriyyə cəmiyyətinin baş direktoru və eyni zamanda hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs1 arvadı Şahid2 əlilliyə görə pensiya düzəltməkdə köməklik göstərməsinə Zərərçəkmiş şəxs1 yalandan vəd verib aldadaraq bu adla ondan 2020-ci ilin noyabr ayının sonlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 7000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 7000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs2 «Hüquqinfo» Media Mərkəzinin, «Hüquqinfo.az» saytının, H.Z.Tağıyev adına xeyriyyə cəmiyyətinin baş direktoru və eyni zamanda hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs2 əlillik dərəcəsinin təyin olunmasına, həmin əlillik dərəcəsinə əsasən müavinət, eləcə də növbədən kənar mənzil və nəqliyyat vasitəsi almağına köməklik göstərməsinə yalandan vəd verib aldadaraq bu adla ondan xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanının yaxınlığında 10.000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 10000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 «Hüquqinfo» Media Mərkəzinin, «Hüquqinfo.az» saytının, H.Z.Tağıyev adına xeyriyyə cəmiyyətinin baş direktoru və eyni zamanda hüquqşünas kimi təqdim edərək Zərərçəkmiş şəxs3 onu "xxxx" MMC-də yüksək məvacibli işə düzəlməsinə köməklik göstərməsinə yalandan vəd verib aldadaraq bu adla ondan 2021-ci ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında 2500 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Şahid1 vasitəsi ilə tanımış, onlarla ədavət və düşmənçiliyi olmamışdır. "xxxx" MMC tədris mərkəzində kargüzar vəzifəsində işləyən Telmanla təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində tanış olaraq özünü “Hüquqinfo.az” saytının baş direktoru, eyni zamanda hüquqşünas kimi təqdim etmiş və rəhbəri olduğu saytda dəyişikliklər etmək məqsədi ilə ofisin kompyuterindən istifadə etmək istədiyini ona bildirərək ödəniş etdikdən sonra ofisin kompyuterindən istifadə etmiş və həmin mərkəzə 2-3 dəfə eyni qaydada gedərək kompyuterdən istifadə etmiş, Telmanla münasibətləri yaranandan sonra ona bildirmişdir ki, dövlət orqanlarında işləyən yaxın əlaqələrim vasitəsi ilə müəyyən pul müqabilində pensiyaya çıxmaq, əlillik dərəcəsi almaq və işə düzəlmək istəyən tanışları olsa ona müraciət edə bilər və özünə məxsus vizit kartını ona vermiş, eyni zamanda Telmanın özünün işə düzəlməyinə və atasının pensiyaya çıxmasına köməklik göstərməsi barədə də bildirmiş, əslində onun dövlət orqanlarında işləyən tanışları, habelə onun hər hansı bir şəxsi işə düzəltmək fikri olmamışdır. Onun fikri Telman vasitəsi ilə ona müraciət edən vətəndaşlara qarşı dələduzluq etmək olmuşdur.Telmanın onun bu niyyətindən xəbəri olmamışdır. 2020-ci ilin dekabr ayının ortalarında Telman ona zəng vuraraq Zərərçəkmiş şəxs2 adlı hərbiçi olan müştərisinə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsini və buna görə hörmət də edəcəyini deyib köməklik etmənisini xahiş etmiş, o da ona bu işdə köməklik göstərə biləcəyini deyərək onları tanış etməsini bildirmişdir. Təxminən həmin gündən 2-3 gün sonra o, Şahid1 işlədiyi yerə gedərək həmin şəxsi ora dəvət etməsini xahiş etmiş və o da Musaməddini ora dəvət edərək onları tanış etmişdir. Tanışlıq zamanı o, özünü ona “X2 Mərkəzi”nin baş direktoru kimi təqdim etmiş, söhbət zamanı Musaməddinə guya ki, Azərbaycan Respublikası Prezident Administrasiyasında yüksək vəzifədə işləyən, bir adamla yaxın münasibətinin olduğunu bildirmiş və həmin tanışı vasitəsi ilə ona köməklik göstərə biləcəyini demiş, həmin vaxt xəstəliyi ilə əlaqədar sənədlərinin surətini ondan almışdır. Təxminən bir həftə sonra onlar yenidən "xxxx" MMCnin ofisində görüşmüşlər və o, ona guya ki, administrasiyada işləyən tanışının onun sənədlərinə baxaraq ona əlillik dərəcəsi təyin olunması, həmin əlillik dərəcəsinə əsasən müavinət alması, eləcədə növbədən kənar mənzil və nəqliyyat vasitəsi almasına köməklik göstərə biləcəyini bildirdiyi barədə ona demiş, əslində isə onun Prezidentin Administrasiyasında işləyən tanışı olmamış və o, heç kəsə sənəd göstərməmiş, buna səbəb həmin şəxsə qarşı dələduzluq edərək onun əmlakını ələ keçirmək istəyi olmuşdur. Musaməddin onunla razılaşmış və bu işi görməsi üçün onunla 10000 (on min) manata razılaşmışlar, 2021-ci ilin yanvar ayının ortalarında o, Musaməddinlə yaşadığı evin yaxınlığında görüşmüşlər və o, ona 10000 (on min) manat pulu vermiş və o da ona bir ay ərzində işinin həll olunacağına dair söz vermişdir. Musaməddin ona bir neçə gündən bir zəng vuraraq işi barədə maraqlandıqda o ona müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işinin həll olunacağını demişdir. Bundan sonra Musaməddin ondan pulunu tələb edəndə o, ona müxtəlif bəhanələr gətirib guya ki, həmin pulu administariyada işləyən tanışına verdiyini, həmin şəxsin hazırda ABŞ-da olduğunu və yaxın günlərdə pulunu qaytaracağını demişdir. Təxminən 2020-ci ilin noyabr ayının axırlarında Telman ona zəng edərək qonşuluğunda yaşayan və yaxın münasibəti olan Şahid2 adlı qadının göz xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaq istəməsi və ona köməklik edib-etməməsi barədə soruşmuş, hörmət də edəcəyini demiş, o da Vüsalənin işində köməklik edə biləcəyini və Vüsalənin onunla əlaqə saxlamasını Telmana bildirmişdir. Təxminən 2-3 gün sonra Vüsalənin həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona zəng vuraraq onlara köməklik göstərməsini xahiş etmiş, buna görə hörmət də edəcəyini və o da ona görüşmələrini bildirmişdir. Onlar görüşəndən sonra o, onlara 7000 (yedi min) manat müqabilində Vüsalənin əlillik pensiyası almasına köməklik göstərəcəyini demiş və onlar onunla razılaşmışdır. Bundan sonra onlar birlikdə 2020-ci ilin noyabr ayının axırlarında Vüsalənin müayinədən keçməsi üçün H.Z.Tağıyev qəsəbəsində yerləşən Xəstəxanaya getmişlər və Zərərçəkmiş şəxs1 yolda 7000 (yeddi min) manat pulu öz avtomobilində ona vermiş, bundan sonra onlar müayinədən keçmək üçün ayrı-ayrı tarixlərdə də Zərifə Əliyeva adına göz xəstəxanasına və Respublika Diaqnostika Mərkəzinə getmişlər, bu qayda ilə Nəsib ona tez-tez zəng etmiş və işləri barədə maraqlanmışdır. O, isə ona müxtəlif bəhanələr gətirərək işlərinin yaxın günlərdə düzələcəyini demişdir. 2021-ci ilin yanvar ayının sonları fevral ayının əvvəllərində Telman tanışı Zərərçəkmiş şəxs3 "xxxx" MMC-də fəhlə işlədiyini, lakin əmək haqqının aşağı olduğunu və işlədiyi müəssisədə yüksək əmək haqqı olan işə keçməyinə köməklik göstərməsini ondan xahiş etmişdir. O, həmin məsələdə də onlara köməklik göstərəcəyi barədə yalan vəd vermişdir. Bundan sonra Telman onu işlədiyi "xxxx" MMC-də Zərərçəkmiş şəxs3la görüşdürmüşdür. Onlar tanış olan zaman o, Namiqə özünü “Hüquqinfo.az” saytının, H.Z.Tağıyev adına xeyriyyə cəmiyyətinin direktoru və eyni zamanda hüquqşünas kimi təqdim etmişdir. Söhbət zamanı Namiq ona Azərbaycan Respublikası Texniki Universitetini bitirdiyini, lakin "xxxx" MMC-də fəhlə işlədiyini, əgər mümkün olarsa işlədiyi cəmiyyətdə onu əmək haqqı yüksək olan işə keçməyinə köməklik göstərməsini xahiş etmişdir. O, 2500 (iki min beş yüz) manat müqabilində Namiqi işlədiyi müəssisədə əmək haqqı yüksək olan işə keçməyinə köməklik göstərə biləcəyini və bu işi guya ki, həmin cəmiyyətin insan resursları idarəsinin Bahadur adlı əməkdaşı ilə görəcəyini bildirmişdir. Lakin əslində Namiqə heç bir işə keçməyinə köməklik etməmiş və həmin cəmiyyətdə Bahadur adlı əməkdaş da yox idi. Buna səbəb növbəti dəfə dələduzluq edərək başqasının əmlakını ələ keçirmək istəyi olmuşdur. Bundan sonra təxminən 2021-ci ilin fevral ayının əvvəllərində o, Namiqlə Sumqayıt şəhərində "xxxx" MMC-nin yaxınlığında yerləşən çay evində görüşərək 2500 (iki min beş yüz) manat pulu ondan almış və ona bildirmişdir ki, ayın sonu yüksək əmək haqqı olan işə keçəcəkdir. Namiq də ona bir neçə gündən bir zəng edərək işi barədə maraqlandıqda o, ona da müxtəlif bəhanələr gətirərək yaxın günlərdə işinin həll olunacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 pul aldıqdan sonra Şahid1 hər hansı bir məbləğdə pul verməmiş, ümumiyyətlə onun Telmanla bu barədə hər hansı bir razılaşması olmamış, həmin şəxslərə qarşı dələduzluq edərək onların pullarını ələ keçirməsi barədə Telmana heç bir söz deməmişdir. Hazırda əməlindən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi yoxdur. Xəstəliyi ilə əlaqədar təqaüdə çıxdıqdan sonra növbədənkənar dövlət hesabına mənzillə təmin olunması üçün ərizə yazılması ilə əlaqədar 2020-ci ilin dekabr ayının ortalarında Sumqayıt şəhərində yerləşən "xxxx" MMC adlı hüquq məsləhətxanasına müraciət etmişdir. Həmin cəmiyyətdə kompyuter vasitəsi ilə ərizə yazan Şahid1 adlı şəxs ondan əlillik dərəcəsinin olub-olmaması ilə bağlı maraqlandıqda əlillik dərəcəsinin olmadığını bildirmişdir. Həmin vaxt Telman bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı hüquqşünas əlillik dərəcəsinin təyin edilməsi üçün bir çox vətəndaşlara köməklik etmiş, əgər o da əlillik dərəcəsi almaq istəsə onu həmin şəxslə tanış edə biləcəyini bildirmiş və o da onun təklifi ilə razı olmuş və hörmət də edəcəyini bildirmişdir. Təxminən həmin gündən 2-3 gün sonra Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ofisində olduğunu bildirmiş və onu ofisə dəvət etmişdir. O da ofisə gedərək Valehlə tanış olmuş, danışıq zamanı Valeh özünü “X2 Mərkəzinin” baş direktoru kimi təqdim etmiş, ondan əlillik dərəcəsi almasına köməklik göstərməsini xahiş etmiş, Valeh də Azərbaycan Respublikası Prezident Administrasiyasında yüksək vəzifədə işləyən, bir adamla yaxın münasibətinin olduğunu və həmin tanışı vasitəsi ilə ona köməklik göstərə biləcəyini demişdir. Lakin ad çəkməmişdir. Həmin vaxt Valeh ondan xəstəliyi ilə əlaqədar sənədlərinin surətini almışdır. Təxminən bir həftədən sonra o, Valehlə yenidən "xxxx" MMC-nin ofisində görüşmüşdür. Valeh administrasiyada işləyən tanışının onun sənədlərinə baxaraq 11000 (on bir min) manat müqabilində ona əlillik dərəcəsi təyin olunmasına, həmin əlillik dərəcəsinə əsasən müavinət almasına, eləcədə növbədənkənar mənzil və nəqliyyat vasitəsi almasına köməklik göstərəcəyini bildirmişdir. O, Valehin ona etdiyi təkliflə razılaşmış və bundan sonra kredit alması üçün “Unibank”a müraciət etmişdir. Bankdan ona 10000 (on min) manat kredit ayrılmış və o, xx.xx.2021-ci il tarixdə krediti aldıqdan sonra Valehlə əlaqə saxlayaraq xx.xx.2021-ci il tarixdə Valehlə yaşadığı evin yaxınlığında görüşərək Valehə 10000 (on min) manat düzəldə bildiyini bildirmiş və Valeh də işin müsbət həll olunmasına köməklik göstərməsi üçün həmin məbləğə razı olmuş və 1 ay yarım müddət ərzində işinin müsbət həll olunacağına dair ona söz vermişdir. Bundan sonra o, 10 gündən bir Valehlə əlaqə saxlayaraq işin nə yerdə olması barədə maraqlanmış, Valeh də ona narahat olmamasını, yaxın günlərdə işinin həll olunacağını bildirmişdir. Valehin ona vəd etdiyi müddət bitdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə o, yenidən onunla əlaqə saxlamışdır. Valeh ona bildirmişdir ki, administrasiyada işləyən tanışı işi ilə əlaqədar ABŞ-a ezam olunmuş və təxminən 7-10 gün ərzində Azərbaycana qayıdacaqdır. Həmin müddət bitdikdən sonra Valehin onu aldatdığını başa düşmüş və yenidən ona zəng vuraraq pulunu tələb etməyə başlamışdır. Valeh isə cavabında yenidən ona müxtəlif bəhanələr gətirərək tanışının hələdə ABŞ-da olduğunu, pulun qaytarılması üçün ailəsinə göstəriş verdiyini, lakin evində pul olmadığı üçün 2018-ci ilin istehsalı olan “Mercedes-Benz” markalı avtomobili satışa çıxartdığını və avtomobil satılan kimi dərhal onun pulunu verəcəklərini ona bildirmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 1:35-də ABŞ-a məxsus +1(501)389-73-64 saylı nömrədən “Vhatsapp” mobil tətbiqi vasitəsi ilə tanımadığı bir şəxs ona yazaraq Valehin dediyi şəxs olduğunu, hazırda işi ilə əlaqədar ABŞ-da olduğunu və narahat olmamasını bildirmişdir. O isə həmin şəxsdən ona heç bir köməklik göstərməmələrini və pulunun qaytarılmasını xahiş etmişdir. Həmin şəxs də cavab olaraq hazırda pulunun olmadığını və evində antik əşyaları olduğunu, həmin əşyaları sataraq pulunu qaytaracağını bildirmişdir. Təxminən bir neçə gündən sonra o, yenidən Valehə zəng edərək dediyi avtomobili dostunun almaq istədiyini bildirmiş, Valeh isə cavab olaraq həmin avtomobili digər borclu olan bir şəxsin pul əvəzinə ondan aldığını, hazırda antik əşyalarını satdıqlarını ona bildirərək həmin əşyaların fotoşəkillərini ona göndərmişdir. O, hər dəfə Valehdən pulunu qaytarmasını istədikdə o, müxtəlif bəhanələr gətirərək onu aldatmış, hal-hazıra kimi də onun pulunu qaytarmamışdır. O, pulunun qaytarılmasını tələb edir və təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonradan tanımış, onunla ədavət və düşmənçiliyi yoxdur, arvadı Şahid2 gözləri zəif gördüyü üçün onun pensiyaya çıxmasına qərar vermişlər. 2020-ci ilin noyabr ayının axırlarında arvadı Vüsalə ona demişdir ki, qonşuluqda yaşayan Xumar adlı xanımın oğlu Telmanın, Valeh adlı hüquqşünas dostu var və həmin şəxs onun əlilliyə görə pensiyaya çıxmasına köməklik göstərə bilər, bu səbəbdən də Vüsalə qonşuları Xumardan xahiş etmişdir ki, oğlu Telmanın həmin şəxslə, yəni Valehlə onları tanış etməsi üçün şərait yaratsın. Təxminən 2-3 gündən sonra o, Telmanla görüşmüş və ona Valehin mobil telefon nömrəsini vermişdir. O, Valehə zəng vuraraq ondan onlara köməklik göstərməsini xahiş etmiş, buna görə hörmət də edəcəyini demiş, Valeh də onlara köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra o və arvadı Vüsalə, Valehlə görüşərək onunla birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən xəstəxanaya getmişlər və arvadı Vüsalə orada həkim müayinəsindən keçmişdir. Bundan sonra Valeh arvadı Vüsalənin əlillik pensiyasına çıxarmaqda köməklik göstərməsi üçün ondan 7000 (yeddi min) manat pul istəmiş, o da onun təklifi ilə razı olduğu üçün 2020-ci ilin noyabr ayının sonlarında "xxxx" ASC-dən kredit götürərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində ona məxsus avtomobildə həmin pulu Valehə vermişdir. Həmin ərəfədə arvadı Vüsalə həkim müayinəsindən keçməsi üçün onlarla birlikdə Respublika xəstəxanası və Zərifə Əliyeva adına göz xəstəxanasına getmişdir. O, Valehə 7000 (yeddi min) manat pulu verdikdən sonra təxminən 10 gündən bir onunla əlaqə saxlayaraq işin nə yerdə olduğu barədə maraqlanmışdır. Valeh də onu aldadaraq narahat olmamasını, yaxın günlərdə işinin həll olunacağını demişdir. Valehin ona vəd verdiyi müddət bitəndən sonra, yəni 2021-ci ilin may ayında o, yenidən Valehə zəng vurmuş, lakin həmin vaxt ona zəng çatmamışdır. Bundan sonra o, Telmana bu barədə deyəndə o, ona bildirmişdir ki, Valeh onunla birlikdə bir neçə şəxsi, eləcədə Telmanın yaxın adamlarını aldadaraq pullarını ələ keçirmişdir. Onun Valehə 7000 (yeddi min) manat pulu verməkdə məqsədi onun arvadı Vüsalənin xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasında köməklik göstərməsini istəməsi olmuşdur. Valeh həmin pulu ondan istəyəndə demişdir ki, həmin pulu müvafiq sənədlərin toplanması zamanı dövlət rüsumlarına xərcləyəcəkdir. Hal-hazıra kimi də Valeh onun pulunu qaytarmamışdır. Ona görə də təqsirləndirilən şəxsə daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə verərək onun dediklərini təsdiqləmişdir. Məhkəmə iclasında digər Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs sonradan tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin yanvar ayının sonlarında qonşuluqda yaşayan və yaxın münasibəti olan Şahid1 ilə görüşən zaman ona "xxxx" MMC-də fəhlə işlədiyini, lakin əmək haqqının aşağı olduğunu və işlədiyi müəssisədə yüksək əmək haqqı olan işə keçmək istədiyini və bununla bağlı ona köməklik göstərilməsi üçün əlaqəsinin olub-olmaması barədə soruşmuşdur. Telman isə ona Təqsirləndirilən şəxs adında hüquqşünas tanışının olduğunu və ona köməklik göstərməsi üçün ona müraciət edəcəyini bildirmiş, təxminən 2-3 gün sonra Telman onu işlədiyi "xxxx" MMC-də Valehlə görüşdürmüşdür. Valeh özünü ona “Hüquqinfo.az” saytının baş direktoru, H.Z.Tağıyev adına xeyriyyə cəmiyyətinin əməkdaşı və eyni zamanda hüquqşünas biri kimi təqdim etmişdir. Söhbət zamanı o, ona Azərbaycan Respublikası Texniki Universitetini bitirdiyini, lakin 2019-cu ildən "xxxx" MMC-də fəhlə işlədiyini, əgər mümkün olarsa işlədiyi yerdə onu əmək haqqı yüksək olan başqa bir işə keçməsinə köməklik göstərməsini və buna görə hörmət də edəcəyini xahiş etmişdir. Valeh də 2500 (iki min beş yüz) manat müqabilində onu işlədiyi müəssisədə əmək haqqı yüksək olan işə keçməsinə köməklik göstərə biləcəyini demişdir. Lakin o, məbləğin yüksək olduğunu Valehə dedikdə o, ona həmin pulu qanuni olaraq dövlət rüsumlarına ödəyəcəyini demişdir. O, işi kiminlə görəcəyi barədə Valehdən soruşanda o, ona demişdir ki, "xxxx" MMC-nin insan resurslarında işləyən Bahadur adlı əməkdaşı vasitəsi ilə ona köməklik göstərəcəyini bildirmiş, bundan sonra o Valehin barəsində internet vasitəsi ilə araşdırma apardıqda onun həqiqətən də “Hüquqinfo.az” saytının baş redaktoru olduğu barədə məlumat əldə etmişdir. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində o, Valehlə "xxxx" MMC-nin yaxınlığında yerləşən çay evində görüşərək 2500 (iki min beş yüz) manat pulu ona vermişdir. O, pulu Valehə verən zaman o, ona bildirmişdir ki, ayın sonu yüksək əmək haqqı olan işlə onun təmin olunmasına köməklik göstərəcəkdir. O, Valehə pulu vedikdən sonra təxminən hər 7-10 gündən bir onunla əlaqə saxlayıb işi barədə maraqlanmışdır. Valeh isə hər dəfə onu aldadaraq müxtəlif bəhanələr gətirib işinin yaxın vaxtlarda düzələcəyini demişdir. Valehin ona dediyi vaxt bitdikdən sonra təxminən 2021-ci ilin aprel ayının əvvəllərində o, Valehin onu aldatdığını başa düşüb ondan pulunu tələb etməyə başlamışdır. Valeh isə yenədə müxtəlif bəhanələr gətirərək ayın sonu pulunu qaytaracağını demişdir. 2021-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək o Valehdən pulunu tələb etsə də o, müxtəlif bəhanələr gətirib onu aldadaraq pulunu qaytarmamışdır. Sonralar isə onun nömrəsinə zəng çatmadığını görüb bu barədə Telmana demişdir. Telman isə ona demişdir ki, Valeh ondan başqa şəxsləri də aldadaraq onların pullarını ələ keçirmişdir. Sonradan o, maraqlandıqda "xxxx" MMC-nin insan resurslarında Bahadur adlı şəxs işləmədiyini öyrənmişdir. Onun Valehə 2500 (iki min beş yüz) manat pulu verməkdə məqsədi onun onu işlədiyi "xxxx" MMC-də daha yüksək əmək haqqı olan işə keçməsinə köməklik göstərməsi olmuşdur. Valeh hələ də onun pulunu qaytarmamışdır. O, pulunun qaytarılmasını və təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayından hal-hazıradək "xxxx" MMC-nin tədris mərkəzində kargüzar vəzifəsində işləyir. 2020-ci ilin oktyabr ayının əvvəllərində bir nəfər şəxs işlədiyi mərkəzin ofisinə yaxınlaşaraq «Hüquqinfo.az» saytının baş redaktoru, eyni zamanda hüquqşünas olduğunu və adının Təqsirləndirilən şəxs olduğunu bildirərək saytında dəyişiklər etmək məqsədi ilə ofisin kompüterindən istifadə etmək istədiyini dediyi üçün, o, razılıq verdikdən sonra, həmin şəxs 01 manat ödəniş edərək öz işini görmüşdür. Bundan sonra həmin şəxs 2-3 dəfə eyni qaydada işlədiyi yerə gələrək kompüterdən istifadə etmişdir. O, ofisdə olan zaman onunla münasibət qurmağa başlamış və nə işlə məşğul olması barədə maraqlanmış, o, Valehə kompüterdə vətəndaşlara xidmət göstərdiyini və eyni zamanda müxtəlif restoran və şadlıq saraylarında gitara və saz musiqi alətlərində ifa etdiyini bildirmiş, Valeh ona əlaqələrinin geniş olduğunu və onu musiqi məktəblərinin birinə işə düzəltməsinə köməklik göstərə biləcəyini, bunun üçün ilk əmək haqqının ona verəcəyini, pensiya çıxmaq, əlillik dərəcəsi almaq və işə düzəlmək istəyən şəxslərə də pul müqabilində köməklik edə biləcəyini, əgər bununla bağlı qohum və ya tanışlarından istəyən olsa ona müraciət etməsini demişdir. O, Valehə atasının xəstəliyi ilə əlaqədar pensiya çığmağa köməklik göstərməsini xahiş etmiş, Valeh isə 3500-4000 manat müqabilində atasının pensiya çıxmasına köməklik göstərə biləcəyini bildirmiş, lakin pulu olmadığından bu iş baş tutmamışdır. Təqsirləndirilən şəxs onun tanışları olan Zərərçəkmiş şəxs1 həyat yoldaşına pensiya almasına, Zərərçəkmiş şəxs3 yüksək əmək haqqı alması üçün yuxarı vəzifəyə keçirilməsinə və Zərərçəkmiş şəxs2 əllilik dərəcəsinin təyin olunmasına, həmin əlillik dərəcəsinə əsasən müavinət, eləcə də növbədən kənar mənzil və nəqliyyat vasitəsi almasına köməklik göstərməsi adı ilə aldatma yolu ilə onların pulunu ələ keçirtmişdir. Belə ki, o Təqsirləndirilən şəxs ilə tanış olması barədə ailə üzvlərinə də məlumat vermişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan yaxın əlaqələri olan Vüsalə adlı şəxs anası Xanım Bayramovaya göz xəstəliyi ilə əlaqədar pensiya çıxmaq istədiyini və bu işdə köməklik göstərən bir nəfər şəxs axtardığını bildirmişdir. Həmin vaxt anası ona onun Təqsirləndirilən şəxs adlı tanışının olduğunu bildirmişdir. Bu səbəbdən anası bu barədə ona demiş. O da Valehə zəng edərək qonşusunun xahişini ona çatdırmışdır. Valeh isə qonşusunun xəstəliyi ilə əlaqədar onun pensiya çıxmasına köməklik göstərə biləcəyini və bunun üçün də əlaqə nömrəsini onlara verməsini bildirmişdir. Təxminən 2-3 gün sonra o Vüsalənin həyat yoldaşı Nəsibə Valehin əlaqə nömrəsini vermişdir. Lakin sonradan onların öz aralarında nə danışdıqlarını və Valehin onlardan hansı məbləğdə pul istəməyi barədə onun məlumatı olmamış, o həmin söhbətdə iştirak etməmişdir. Sonradan, yəni 2021-ci ilin may ayında Nəsib ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Vüsalənin pensiya çıxmasına köməklik göstərməsi üçün onun 7000 manat pulunu aldadıb ələ keçirib, işlərini də həll etməmişdir.Bundan başqa, 2021-ci ilin fevral ayının əvvəllərində o qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 ilə söhbət edən zaman sonuncu ona "xxxx" MMC-də işlədiyini, əmək haqqının aşağı olduğunu, bununla bağlı ona köməklik göstərməsini xahiş etmiş, o da köməklik göstərmək məqsədi ilə ona Valeh barədə məlumat vermiş və enyi qayda ilə sonuncu ilə əlaqə saxlayaraq onun dediyi kimi ona məxsus mobil telefon nömrəsini qonşusuna vermişdir. Sonradan onlar özləri danışmışlar, həmin söhbətdə də iştirak etməmişdir. Qonşusu sonradan ona bildirmişdir ki, onun vəzifəsini dəyişərək yüksək əmək haqqı almasına köməklik göstərməyi üçün Valehə 2500 manat pul verib, 01 ay müddətində işinin həll olunmasına dair Valeh ona söz veribdir, lakin Valeh onu da aldadaraq pulunu ələ keçirərək heç bir iş görməyibdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 2020-ci ilin dekabr ayının ortalarında işlədiyi ofisə müştəri qismində yaxınlaşaraq növbədənkənar mənzil almasına dair kompüter vasitə ilə ərizə yazması üçün ona müraciət etmişdir. Həmin vaxt o ondan əlillik dərəcəsinin olub-olmadığını soruşduqda, ona əlillik dərəcəsinin olmadığını bildirmiş, o ona ona Valeh adlı hüquqşünasın ona köməklik göstərə biləcəyini, eyni zamanda hazırda qonşularına da müəyyən işlərdə köməklik göstərdiyini bildirmişdir. Musaməddin ondan onu tanış etməsi barədə xahiş etmişdir. Həmin gündən 2-3 gün sonra sonuncuya zəng edərək Valehin "xxxx" MMC-nin ofisində olduğunu bildirmiş və onu ofisə dəvət etmişdir. Sonra Musaməddin özü ofisə gəlib Valehlə görüşmüş, lakin onların görüşüb nə danışdıqlarını bilməmiş, həmin söhbətdə də iştirak etməmişdir. Sonradan, yəni 2021-ci ilin may ayında Musaməddin ona bildirmişdir ki, o Təqsirləndirilən şəxs əllilik dərəcəsi almağına köməklik göstərməsini xahiş etmiş, o isə Azərbaycan Respublikası Prezident Administarsiyasında yüksək vəzifədə işləyən, habelə Azərbaycan Respublikası Prezidentinin yaxın adamı olan şəxs vasitəsi ilə 10.000 manat müqabilində ona əllilik dərəcəsini təyin olunmasına, həmin əlillik dərəcəsinə əsasən müavinət, eləcə də növbədən kənar mənzil və nəqliyyat vasitəsi almasına köməklik göstərə biləcəyinə dair razılığa gələrək bankdan 10.000 manat kredit götürərək Valehə vermiş, lakin Valeh onun da işinə həll etməyərək 10.000 manat pulunu ələ keçirmişdir. Valeh onun tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aldadaraq heç bir işlərini düzəltməyib, onların pullarını ələ keçirtmişdir. O həmin şəxslərlə Təqsirləndirilən şəxs tanış etmiş, başqa onların aralarında olan söhbətlərdən onun məlumatı olmamış, həmin söhbətlərdə iştirak etməmiş, onlardan aldığı pullardan ona pul verməmiş, habelə Valeh ona pul verəcəyinə dair söz verməmiş, aralarında bu barədə ümumiyyətlə söhbət olmamışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “könüllü təqdim edilmiş sənədlərin götürülməsinə dair” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə «Whatsapp» mobil tətbiqi ilə aparılan yazışmaları və səs yazıların özündə əks etdirən 01 ədəd CD diski təqdim etmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, orada “watsap” vasitəsi ilə göndərilmiş səs yazıları var. Həmin səs yazılarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs «salam qardaş başqa yerdəyəm əlaqə saxlayacam», «A qardaş dedin ki pulu deyirəm ki düşüblərdə əl-ayağa olsun ki hər dəfə mən guya bilmirəm ki, sənin pulunu vermək lazımdır sənin başıva dönüm hər dəfə deyirsən gedirəm ora, gedirəm ora olmadı ki, getmək istəyirsən get, satlığa bilirsən nələr qoyublar, Allaha and olsun biabıçılıqdır. «Salam hər vaxtın xeyr olsun danışmışam üzümüzə gələn həftə patoloku o biri həftə sənin pulunu çatdıracaqlar çatdırmasa dedi gedib qapımdan maşını götürərsiniz, 20-30 minlik maşındır, arvadına nömrəsini verəcək danışacağam üzümüzə gələn həftəyə verməsə o biri həftəyə 100 faizlikdir day dedim camaat pulunu istəyir, pulunu qaytarmaq lazımdır, dedi problem yoxdur, dedim sənin o alternativ variantın girmir necə var elə də demişəm, evinə tapşırıq verib maşının satışa qoyub «Mersedes» maşını var sənin pulunu dünya bir qalsa qaytarılacaq, sənin pulunu heç kim yeyə bilməz, qan qusar». «Qardaş narahat olma bilirəm bir dənə danışım məndə nigaranam, vaxt uje tükənib nə oldu İnşə Allah əlaqə saxlayım onunla səninlə danışacam nigaran qalma mən bu gün nə qədər zəng edirəm indi eləsin sənə xəbər edəcəyəm onlarda indi axşamdır gecədir bir dənə əlaqə saxlayım məndə nigaranam 2 gün bundan əvvəl əlaqə saxlamışdım danışıram ona da deyirəm nə oldu deyir yaxşı olacaq, indi də bir həftədir əlaqə saxlamıram saxlayıb deyərəm mən özümdə nigaranam». «Gic olmuşam indidə zəng edibdir ki, səhərə qalıbdır». «Qaqa burdan heç nə çıxmadı, arvadıda moşennikin biridir getdim bunun atasıgilə özü ilə danışmışam Balakəndədir gedirəm ora». «Salam indi deyir axşam, axşam da olubdur qalmışam gilinc vəziyyətdə səs göndərirdi ki, mənə qalmışam belə». «Sabahın xeyir salam əleykum mənə bunları göndərdi başa düşdüm burda əlillərin ləğv olunması barədə sənin sənədinlə bu tərəfdən olmuyacaq İnşə Allah mən sabah izah edərəm telefon söhbəti deyil, sənin sənədlərin alınacaq ancaq başqa meyarla sabah səhər durarsan mən də günortaya gələrəm, səhərəcan yatmamışam, indi də onunla əlaqə saxlamışam mənə göndəribdir ki, 7000 adam tutulubdur əsaslandırır buna görə ki o sənədlə tapşırdım ki, sənin üçün başqa səni ruhi-əsəb dispanseri vasitəsi ilə eləmək istəyir indi göndərəcək üzümüzə gələn həftə üçün onun adından Sumqayıt Ruhi-Əsəb Dispanserində olmalıyıq, birinci orda yox napravleniye alacayıq ora gedəcəyik özü tapşıracaq sənin bu adam işini həll etməsə mən bilirəmdə kimə ağız açmışam məndə narahatam mən ona dedim ki, biz ora getdik orada bizdən əlavə pul istəsələr necə olacaq, o da dedi ki, heç bir pul istənilməyəcək, forma 88 prosedurası. sən 45-də qeydiyyatdasan həmin poliklinikadan napravleniye alınacaq Sumqayıt Ruhi-Əsəb dispanserində İnzibar müəllimə özü tapşıracaq 1-2 həkim müayinə edəndə desində axşam yata bilmirəm orada dərman yazacaqlar, həmin dərmanları qəbul etmərsən, söhbət edərik səhər yığaram dincəlmək istəyirəm yaxşı qardaş söhbət edərik» məzmununda olan səs yazıları Zərərçəkmiş şəxs2 “watsap” vasitəsi ilə göndərilmiş səs yazılarıdır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs özü də təsdiq etdi ki, həmin səs-yazıları ona məxsusdur, həmin sözləri o, səs atmaqla Zərərçəkmiş şəxs2 watsap vasitəsi ilə göndərmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini səmimi etirafını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi «Whatsapp» mobil tətbiqi ilə aparılan yazışmaları və səs yazıların özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən predmet yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi «Whatsapp» mobil tətbiqi ilə aparılan yazışmaları və səs yazıların özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar