Məhkəmə qərarları › İş №1(060)-461/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-461/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-461/2021 04.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, yataqxana 9-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 47, mənzil 46-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdə Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,075 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 18 mart 2021-ci il tarixdə, saat 21:33 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qram, 0,260 qram, 0,219 qram, 0,213 qram, 0,101 qram, ümumi təmiz çəkisi 1,075 qram kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və sol yan cibindən bir ədəd səthində metamfetaminin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 2021-ci ilin mart ayının 15-də Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsə 30 manat verərək 5 (beş) büküm psixotrop maddə olan şüşə (metamfetamin) almış və həmin maddələri üzərində gəzdirmişdir. 18 mart 2021-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrının arxası ilə piyada gedən zaman mülki və polis geyimində olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini istəmiş və o, özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, saxlanmasında və satışında şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər. Həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Sonra polis əməkdaşları video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını söyləmiş və saxlanıldığı yerdə şərait olmadığına görə üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüqularını müdafiə etmək üçün vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə videoçəkiliş aprılmaqla üzərində şəxsi axtarış aparılacağı ona orada təkrar izah olunmuşdur. O, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində hər hansı qanunsuz əşya və ya maddənin olubolmamasını sual edərək,olduğu halda təqdim etməyini istəmişlər. O da bundan sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Rothmans” markalı siqareti, sağ yan kiçik cibinə qoyduğu 5 (beş) ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş vəziyyətdə olan bükümləri, sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə “şüşə” olduğunu söyləmiş və həmin maddələri bir neçə gün əvvəl Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, üzərindən aşkar edilən bir ədəd elektron tərəzini isə zibillikdən tapdığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bükülülərdə olan maddələr tərəziyə qoyulub çəkilərək qablaşdırılmış, həmçinin üzərindən aşkar edilmiş elektron tərəzi də qablaşdırılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin vaxt o və digər iştirakçılar protokolu imzalamışlar. Metamfetamini (şüşəni) şəxsi istifadəsi üçün almış, üzərindən aşkar edilmiş elektron tərəzini bir neçə gün əvvəl evlərinin yaxınlığındakı zibilxanadan tapmış və heç bir səbəb olmadan üzərində gəzdirmişdir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə əldə etməsinə, gəzdirməsinə və üzərində saxlamasına görə əməlindən peşmandır, narkotik vasitəni satmaq məqsədi olmamışdır, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, məhəllə 9, yataqxana 9 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında və yayılmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 1-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid3, PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 və Sumqayıt ŞPİ KTB-nin inspektorkriminalisti, polis kapitanı X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Qarabağ” kinoteatrının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 18.03.2021-ci il tarixdə saat 21:33 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Qarabağ” kinoteatrının yanına getmişlər. Orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxslə üst-üstə düşən bir nəfər şəxsin “Qarabağ” kinoteatrının arxası ilə gəldiyini görübonu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlarTəqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunaraq, videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Saxlanıldığı yerdə şərait olmadığından şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz etmədən videoçəkiliş davam etməklə onlarla birlikdə 1-ci PB-yə getmişdir. PB-də xidməti otaqların birində vəkilin və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxshəmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Rothmans” markalı siqareti, sağ yan kiçik cibinə qoyduğu 5 (beş) ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş vəziyyətdə olan bükümləri, sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxardaraq çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində “şüşə” (metamfetamin) olduğunu söyləmişdir. Həmin bükümlərin içərisinə baxılarkən orada ağ rəngli, kristal şəkildə psixotrop maddəyə bənzər kütlələr aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin nə olduğunu, haradan əldə etməsini, hansı məqsədlə üzərində gəzdirməsini və elektron tərəzini nə məqsədlə üzərində saxlamasını soruşmuş, o həmin maddənin şüşə (metamfetamin) olduğunu, həmin psixotrop maddəni Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 30 (otuz) manata şəxsi istifadəsi üçün aldığını, özü istifadə etmək üçün üzərində gəzdirdiyini, elektron tərəzini isə zibillikdən tapdığını söyləmişdir. Sonra həmin kütlələr “POCKET SCALE” markalı elektron tərəzi vasitəsilə çəkildikdə həmin kütlələrin ayrıayrılıqda “0,36”, “0,33”, “0,32”, “0,38”, “0,21” qram olmaları müəyyən olunmuş və “Panasonik” markalı video kamera ilə qeydə alınmışdır. Sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis leytenantı Şahid3 Şahid1la eyny məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə saat 21:33-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tutulmuşdur.(i.v 14) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.03.2021-ci il tarixdə təxminən saat 21:33 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisindəki “Qarabağ” kinoteatrının arxasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin gəzdirilməsində, saxlanılmasında şübhəli bilindiy üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparılmişdir. Orada onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri, şalvarın sol yan cibindən bir elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində “şüşə” (metamfetamin) olduğunu söyləmiş və həmin maddələri bir neçə gün əvvəl Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, üzərindən aşkar edilən bir ədəd elektron tərəzini isə zibillikdən tapdığını bildirmişdir. (i.v.19) İş materiallarında olan 16.04.2021-ci il tarixli Diskə baxış keçirilməsi haqqında protokolunda da “Şəxsi axtarış və götürmə barədə” 18.03.2021-ci il tarixli protokolda göstərilənlər öz təsdiqini tapmışdır. (i.v. 84-86) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan qərara əsasən Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v.116-121) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən ötrü Sumqayıt şəhər məhkəməsinə təqdimat verilməsi məsələsinə baxılması üçün 20.03.2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, həmin tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən vəsatət təmin edilərək Sumqayıt şəhər məhkəməsinə təqdimat verilmişdir. Sumqayıt şəhər məhkəməsi tərəfindən vəsatət və təqdimatın təmin edilməməsi barədə 20.03.2021-ci tarixdə qərar qəbul edildiyindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.56-66) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 17.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 105) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 19.03.2021-ci iltarixli, 6/1120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində: «Təqsirləndirilən şəxs götürülmüş....” və s.yazılar olan 02 (iki) ədəd zərfdən birində ki, 05 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qram; 0,260 qram; 0,219 qram; 0,213 qram; 0,101 qram, ümumi təmiz çəkiləri 1,075 qram olanağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 05 (beş) bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; digər zərfdəki qara rəngli elektron tərəzinin səthində metamfetaminin izləri müəyyən edilmiş, lakin tərəzinin səthində olan metamfetamin az miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır (metamfetaminin təmiz çəkisi 1,075 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,975 qram). (i.v. 29-33) İşdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qram; 0,260 qram; 0,219 qram; 0,213 qram; 0,101 qram, ümumi təmiz çəkiləri 1,075 qram çəkidə olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan qalıq 0,975 qramı və bir ədəd qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (116-121, 125) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31.03.2021-ci il tarixli, 913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 92-93) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserin 1755 saylı, 08.05.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayından Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v. 108) İş materiallarında olan Sumqayıt Şəhər 1 saylı Poliklinikasının 353 saylı, 16.05.2021ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik kabinetdə qeydiyyatda yoxdur. (i.v. 102) İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi özündən və həyat yoldaşından ibarətdir, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 110-111) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qram, 0,260 qram, 0,219 qram, 0,213 qram, 0,101 qram, ümumi təmiz çəkisi 1,075 qram kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və sol yan cibindən bir ədəd səthində metamfetaminin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitəni öz istifadəsi üçün almış, asan istifadə etmək üçün bükümlərdə saxlamış, tərəzini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin hallarına uyğun və inandırıcı deyildir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması, tərəzinin səthində metamfetaminin izləri olması onun satış məqsədini təsdiq edir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,075 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,975 qram narkotik vasitə metamfetamin və cinayətin aləti olan bir ədəd qara rəngli elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokollardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək tutulub iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,975 qram narkotik vasitə metamfetamin və bir ədəd qara rəngli elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar