Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-464/2023 21.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 1987-ci il iyulun 31-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 dekabr 2022ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən həyətinə hasardan qanunsuz daxil olduqdan sonra, həyətdə yerləşən evin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə mexaniki təsir göstərərək aralayıb pəncərəyə isə əli ilə fiziki təsir göstərərək açıb içəri daxil olmaqla, evin mətbəxində divara quraşdırılmış 1 ədəd 300 manat dəyərində 2008-ci ildə istehsal olunmuş və həmin vaxtdan istifadə edilən, Alman istehsalı olan 1 ədəd 32 litr həcmli "Bosch" markalı kombi aparatını, daha sonra isə evin qarşısında açıq olan həyət mətbəxindən 1 ədədinin dəyəri 40 manat, ümumi dəyəri 80 manat olan 1990-cı illərdə istehsal edilmiş, işlək vəziyyətdə olan "Çinar" markalı 2 ədəd soyuducuların hər birinin mühərrikini, 1 ədəd 250 manat dəyərində, 1980-ci illərə aid 10 litr həcmli samovarı və 1 ədəd 100 manat dəyərində, 1980-ci illərə aid 3 litr həcmli samovarı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 730 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, narkotik vasitələrin qanunsuz saxlanması və istifadəsinə görə əvvəllər məhkum olunmuşdur. Belə ki, 11 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsindən keçən zaman qəsəbə sakini kimi tanıdığı Sərdar adlı şəxsin evinin işıqlarının yanmadığını görüb, evdə heç kimin olmadığını bilmiş və qərara gəlmişdir ki, həmin həyətə girib pula gedən nə olsa oğurlayıb satsın. Ona görə də həmin həyətə hasardan tullanaraq keçmiş və həyətdə yerləşən 1 mərtəbəli evin girişində taxça pəncərənin aralı olduğunu görüb, pəncərənin qarşısındakı dəmir barmaqlığı həyətdən tapdığı dəmir parçası ilə aralayaraq mətbəxə daxil olmuşdur. Mətbəxdə divara quraşdırılmış "Bosch” markalı kombi aparatını açaraq həyətə çıxartmış, sonra evin girişində olan 2 ədəd soyuducunun mühərriklərini özündə olan kəlbətinlə açıb götürmüş, daha sonra isə soyuducuların yanında olan 1 ədəd 10 litr və 1 ədəd 3 litr həcmli samovarları götürüb həyətin hasarından küçəyə daşımışdır. Oğurladığı əşyaları bir-bir yaşadığı həyətə daşımış və zirzəmidə gizlətmişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə oğurladığı 2 ədəd soyuducu mühərrikini qəsəbədə bazarın yaxınlığında yerləşən metal qəbulu məntəqəsində işləyən Rinat adlı şəxsə özünün olduğunu deyərək metal kimi ümumilikdə 5 manata satmışdır. Oğurladığı kombini və 2 ədəd samovarları isə sata bilmədiyi üçün zirzəmidə saxlamışdır. Lakin Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunarkən o, törətdiyi oğurluğu etiraf etmiş və həyətində gizlətdiyi kombi və 2 ədəd samovarları təqdim etmişdir. Hazırda o, zərərçəkmiş şəxsdən oğurladığı əşyaları tam formada geri qaytardığının və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar yaxın qohumlarına baş çəkmək üçün Bərdə rayonuna getmiş və xx.xx.2022-ci il tarixdə qədər orada qalmışdır. Həmin müddət ərzində evdə heç kim olmamışdır. O, yaşadığı evə geri qayıdarkən həyətə daxil olduqdan sonra evin qarşısında girişi açıq olan həyət mətbəxində 2 ədəd soyuducuların yan tərəfə çevrildiyini və hər iki soyuducunun mühərriklərinin kəsilib aparıldığını aşkar etmiş, sonra evin mətbəxinin pəncərəsinin dəmir barmaqlığının aralandığını və taxta pəncərənin açıq vəziyyətdə olduğunu və evin mətbəxindən divara quraşdırılmış kombi aparatının oğurlandığını, bundan başqa həyət mətbəxindən 2 ədəd samovarın da oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluqla bağlı həmin vaxt polisə məlumat verməmiş, düşünmüşdür ki, özü maraqlanıb tapar, ona görə də heç bir orqana müraciət etməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-dən ona zəng edərək evində oğurluq olub-olmadığını soruşanda o, evindən oğurluq baş verdiyini bildirmiş və onu bölməyə dəvət elmişlər. Bölmədə evindən və həyətindən baş vermiş oğurluqla bağlı şikayət ərizəsi yazmışdır. Hazırda onun evindən oğurlanan əşyalar tam formada geri qaytarılmış və bu səbəbdən onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayından etibarən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bağların yaxınlığında qara və əlvan metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Teymur işlədiyi məntəqəyə gəlib özü ilə gətirdiyi 2 ədəd Çinar markalı soyuducu mühərrikinin satmaq istədiyini demiş, o, soyuducu mühərriklərin haradan əldə etdiyini soruşduqda Teymur yaşadığı evdə işləməyən soyuducuların olduğunu, ona lazım olmadığını və maddi ehtiyacı olduğundan satdığını bildirmiş. Teymuru qəsəbə sakini kimi tanıdığından ona inanmış və həmin mühərrikləri qara metal kimi kiloqramı 0,45 manata və hər biri 5 kq çəkidə olmaqla hesablayıb Teymura ümumi 5 manat verərək almışdır. Teymur çıxıb getmiş, soyuducu mühərriklərini kənara qoymuş, vaxt olanda içərisindən metalları çıxarırmış. Bir müddətdən sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunanda bilmişdir ki, Teymur ona gətirdiyi soyuducu mühərrikləri oğurluq yolu ilə əldə edibmiş, o, da baş verənləri danışmışdır. Teymurun gətirdiyi soyuducu mühərriklərin oğurluq olması barədə məlumatı olmamışdır. Teymur ona yaşadığı evdə işləməyən soyuducuların olduğunu, lazım ohr adığını və maddi ehtiyacı olduğundan satdığını demişdir. Teymurun danışığı ona qarşı hər hansı bır şübhə yaratmamışdır. Teymur bundan başqa ona heç bir əşya satmamışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli 9/269 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 730,00 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 dekabr 2022-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən həyətinə hasardan qanunsuz daxil olduqdan sonra, həyətdə yerləşən evin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə mexaniki təsir göstərərək aralayıb pəncərəyə isə əli ilə fiziki təsir göstərərək açıb içəri daxil olmaqla, evin mətbəxində divara quraşdırılmış 1 ədəd 300 manat dəyərində 2008-ci ildə istehsal olunmuş və həmin vaxtdan istifadə edilən, Alman istehsalı olan 1 ədəd 32 litr həcmli "Bosch" markalı kombi aparatını, daha sonra isə evin qarşısında açıq olan həyət mətbəxindən 1 ədədinin dəyəri 40 manat, ümumi dəyəri 80 manat olan 1990-cı illərdə istehsal edilmiş, işlək vəziyyətdə olan "Çinar" markalı 2 ədəd soyuducuların hər birinin mühərrikini, 1 ədəd 250 manat dəyərində, 1980-ci illərə aid 10 litr həcmli samovarı və 1 ədəd 100 manat dəyərində, 1980-ci illərə aid 3 litr həcmli samovarı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 730 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində cəzalandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla barışıq əldə etməsini məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd "Bosch" markalı, 32 litr həcmli kombi aparatı, "Çinar" markalı soyuducuların 2 ədəd mühərriki, 1 ədəd 10 litr və 1 ədəd 3 litr həcmli samovarları iş üzrə araşdırma başa çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Ona görə də dəymiş maddi ziyanın qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 27 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd "Bosch" markalı, 32 litr həcmli kombi aparatı, "Çinar" markalı soyuducuların 2 ədəd mühərriki, 1 ədəd 10 litr və 1 ədəd 3 litr həcmli samovarların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-464/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-464/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver