Məhkəmə qərarları › İş №1(060)-467/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-467/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-467/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və X3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edib sonuncuya əliliyi ilə əlaqədar Prezident təqaüdü düzəldəcəyinə dair vəd verib aldadaraq 2019-cu ilin sentyabr ayının 7-də saat 15 radələrində Sumqayıt şəhər avtovağzalının girəcəyində yerləşən «Dədə Qorqud» restoranının yanında 2800 (iki min səkkiz yüz) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X3 inam və etibarından sui-istifadə edib sonuncuya əliliyi ilə əlaqədar Prezident təqaüdü düzəldəcəyinə dair vəd verib aldadaraq 2019-cu ilin sentyabr ayının 8-də saat 14 radələrində Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin qarşısında 2300 manat pulunu ələ keçirməklə, dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2004-cü ildən 2018-ci ilədək olan müddət ərzində Dövlət Sosial Müdafiə Fonudunun Pirallahı rayon şöbəsində məsləhətçi-mühasib vəzifəsində işləmişdir. Həmin tarixdən heç bir yerdə işləmir. Şahid təxminən 2 ildir ki, tanıyır. 2019-cu ilin sentyabr ayının əvvəllərində Elman kimdənsə onun mobil telefon nömrəsini öyrənib zəng edərək özü üçün prezident təqaüd almaq istədiyini, ona kömək etməsini hörmətini edəcəyini bildirmişdir. O da öz növbəsində ona köməklik edəcəyini demişdir. Daha sonra onlar həmin günün səhərisi saat 14 radələrində o Elmanla Sumqayıt şəhərinin girəcəyində olan «Azpetrol» YDM-nin yanında görüşmüşlər. O Elmanı ilk dəfə orada görmüş, əvvəllər onların heç bir münasibətləri, əlaqələri olmamışdır. Orada olarkən söhbət əsnasında Elman ondan təkrar kömək istəyib buna görə hörmətdə edəcəyini, yəni pul da verəcəyini demiş, o Elmandan təqaüd kartını düzəltməkdən ötrü 2000 manat pulu istəmiş, sonuncu da razılaşmışdır. Təxminən 2 gün sonra saat 13 radələrində onlar Bakı şəhəri 20 Yanvar metrostansiyasının yanında yerləşən «Azersu»nun binasının yaxınlığında görüşmüşlər. Həmin vaxt o Elmanla görüşə tək gəlmişdir. Orada olarkən Elman ona 2000 manat pulu vermişdir. Lakin onun işdən çıxmasını Elman bilməmişdir, bu barədə ondan heç nə soruşmamışdır. Elmandan 2000 manat pulu aldıqdan təxminən 2 gün sonra o zəng edərək 2 nəfər tanışı üçün də təqaüd kartı düzəltməsini xahiş etmiş, o da onunla razılaşmışdır. Elman həmin 2 nəfər tanışına onun nömrəsini vermiş, onlar da onunla əlaqə saxlamışlar. Onlardan biri Zərərçəkmiş şəxs1, digəri isə Əli Quliyev olmuşdur. Onlarda prezident təqaüdü düzəldilməsi üçün kömək istəyib, buna görə hörmət də edəcəklərini bildirmişdir. O da hər birinə bu işin həlli üçün 4500 manat demişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində, günorta satlarında Akiflə birlikdə Sumqayıt şəhəri Dədə Qorqud restoranını yaxınlığında təklikdə görüşmüşlər və ona Akif 4500 manat pul vermişdir. Ondan bir gün sonra isə Əli ilə Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin qarşısında görüşmüş və Əli ona 4500 manat puldan 3500 manat vermiş, qalan 1000 manat pulu isə axşam saatlarında yaşadığı evin yanında vermişdir. Həmin pulları da o onlardan aldıqdan sonra öz şəxsi tələbatına sərf etmiş, heç kimə verməmişdir. Sonradan onlar görəndə ki, o onların işini həll edə bilmir, ondan pullarını geri tələb etməyə başlamışlar. Bu səbəbdən təxminən bir neçə aydan sonra Elmana hissə-hissə olaraq ümumilikdə 1900 manat pul qaytarmış, Elmana onun 100 manat verəcəyi qalmışdır. Əlidən aldığı pulu Elman vasitəsilə hissə-hissə olaraq 2300 manat geri qaytarmış, Əliyə 2200 manat verəcəyi qalmış, Akifdən aldığı pulu 1 dəfə Elman vasitəsilə, 1 dəfə özünə hissə-hissə olaraq 1700 manat geri qaytarmış, Akifə 2800 manat verəcəyi qalmış, onlara olan qalan pulları tam olaraq 1 ay ərzində qaytarmağa söz vermişdir. Daha sonra, həmin puların yerdə qalan mələğini qaytara bilmədiyi üçün ondan şikayət etmişdirlər. Ona verilən puldan Elmana pul çatmamışdır. O, da məhkəmənin gedişində hər iki zərərçəkmiş şəxsə vurumuş olduğu maddi zərərləri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam olaraq ödədiyini və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid təxminən 15 ildir ki, tanıyır. Onlar əvvəllər karyerdə bir yerdə işləmişlər. X4 da 2019-cu ilin sentyabr ayının əvvəllərindən Elmana görə tanıyır, o Elmanın qohumudur. Dəqiq xatırlamır, o Elmana prezident təqaüdü düzəltməsinə kömək etməsini xahiş etmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Şahid ona zəng edərək bildirmişdir ki, İlahə adlı tanışı var ona prezident təqaüdü düzəldir, istəyirsə onun üçün də təqaüd düzəltsin. O da Elmanla razılaşmışdır. O da İlahə ilə telefon vasitəsi ilə danışmış və ondan bu işdə köməklik etməsini buna görə hörmət də edəcəyini demişdir. İlahə Elmanın dediklərini təsdiq edərək, onu inandırmışdır ki, Dövlət Sosial Müdafiə Fonudunda işləyir, təqaüd məsələsini həll edə bilər, bunun qarşılığında 4500 manat pul verilməlidir. O da İlahə ilə razılaşmışdır. Həmin vaxt ona Elmandan məlum olmuşdur ki, o həmin məsələ ilə əlaqədar Əlini də İlahə ilə calamış, İlahə eyni sözləri ona da deyərək ondan da 4500 manat pul istəmişdir. 2019cu ilin sentyabr ayının əvvəllərində saat 15 radələrində o Elmanla birlikdə görüşüb Sumqayıt şəhəri «Dədə Qorqud» restoranının yanına gedərək, orada İlahə adlı qızla görüşmüşdür. İlahəni o ilk dəfə elə orada görmüş, əvvəllər onu tanımamış, onların heç bir əlaqələri, münasibətləri olmamışdır. O orada üzərində olan ona məxsus 4500 manat pulu Elmanın yanında İlahəyə vermişdir. O həmin pulu 2019-cu ilin avqust ayında deyil, 2019cu ilin sentyabr ayının əvvəllərində Elmanın yanında İlahəyə vermişdir. İlahəyə pul verdikdən sonra sonuncu ona demişdir ki, 2020-ci ilin dekabr ayının axırlarında onun kartını gətirib verəcək. Lakin ona pul verəndən çox vaxt keçsə də İlahədən heç bir cavab gəlməmiş, onunla əlaqə saxladıqda isə heç bir müsbət cavab əldə edə bilməmişdir. O hər dəfə İlahəyə zəng etdikdə İlahə ondan 5 gün, 10 gün əlavə zaman istəmişdir. 6 ay keçdikdən sonra o, ondan heç bir müsbət cavab əldə edə bilmədiyini görüb pulunu geri istəmişdir. İlahə həmin 4500 manat puldan sonradan hissə-hissə olaraq ona 1 dəfə Elman vasitəsi ilə 1000 manat, 01 dəfə də özünə 700 manat pul qaytarsa da, İlahənin ona 2800 manat verəcəyi qalmışdır. İlahə ondan başqa Əlidən də 4500 manat, Elmandan da 2000 manat pul almış, onların da pullarını hissə-hissə olaraq qaytarsa da, İlahənin halhazıradək onlara da verəcəyi qalmışdır. İlahəyə verdiyi puldan Elmana hər hansı bir məbləğ çatmamışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş maddi zərərin tam şəkildə ödənildiyi üçün sonunculara qarşı heç bir şikayət və tələbinin, iddiasının olmadığını bildirərək sonuncuların barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X6 ifadəsində göstərdi ki, Şahid onun qohumudur. Zərərçəkmiş şəxs1 da 2019-cu ilin sentyabr ayının əvvəllərindən qohumu Elmana görə tanıyır.Dəqiq tarixi xatırlamır, o Elmdan ona prezident təqaüd düzəltməsini xahiş etmiş və buna görə hörmət də edəcəyini demişdir. Bundan sonra, 2019-cu ilin sentyabr ayının əvvəllərində qohumu Şahid ona zəng edərək bildirmişdir ki, İlahə adlı tanışı var ona prezident təqaüdü düzəldir, istəyirsə onun üçün də düzəltsin. O da Elmanla razılaşmışdır. O da İlahə ilə telefon vasitəsi ilə danışmışdır. O da Elmanın dediklərini təsdiq edərək, onu inandırmışdır ki, özü də Dövlət Sosial Müdafiə Fonudunda işləyir, təqaüd məsələni həll edə bilir, bunun qarşılığında 4500 manat pul verilməlidir. O da onunla razılaşmışdır. Həmin vaxt ona Elmandan məlum olmuşdur ki, o həmin məsələ ilə əlaqədar Akifi də İlahə ilə calamış, İlahə eyni sözləri ona da deyərək ondan da 4500 manat pul istəmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində saat 14 radələrində o İlahə ilə Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin qarşısında görüşmüş və ona 4500 manat puldan 3500 manat vermiş, qalan 1000 manat pulu isə həmin gün axşam saat 18 radələrində İlahə onun yaşadığı evin yanına gedərək vermişdir. İlahəni əvvəllər tanımamış, heç bir münasibəti olmamış. Həmin pulu hissə-hissə olmaqla, İlahə ilə təklikdə görüşməklə vermişdir. İlahəyə pul verdikdən sonra sonuncu ona demişdir ki, 2020-ci ilin yanvar ayının 5-də onun kartını gətirib verəcək. Lakin ona pul verəndən uzun müddət İlahədən heç bir cavab gəlməmiş, onunla əlaqə saxladıqda isə heç bir müsbət cavab əldə edə bilməmişdir. O hər dəfə İlahəyə zəng etdikdə İlahə ondan 5 gün, 10 gün əlavə zaman istəmişdir. 6 ay keçdikdən sonra o ondan heç bir müsbət cavab əldə bilmədiyimi görüb pulunu geri istəmişdir. İlahə hissə-hissə olaraq ona Elman vasitəsi ilə 2300 manat qaytarsa da, İlahənin ona 2200 manat verəcəyi qalmış, İlahə ondan başqa Akifdən də 4500 manat, Elmandan da 2000 manat pul almış, onların da pullarını hissə-hissə olaraq qaytarsa da, İlahənin hal-hazıradək onlara da verəcəyi qalmışdır. Verdiyi pulun qalan hissəsini qaytarmadığı üçün şikayət etmişdir. Verdiyi puldan Elmana hər hansı bir məbləğ verməmişdir. Zərərçəkmiş şəxs X6 təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş maddi zərərin tam şəkildə ödənildiyi üçün sonunculara qarşı heç bir şikayət və tələbinin, iddiasının olmadığını bildirərək sonuncuların barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Mərdəkan qəsəbəsində yas mərasimində olarkən, orada qohumu Həmzə ilə görüşərkən, söhbət əsnasında ona demişdir ki, təqaüd pulu almaq üçün özünə təqaüd düzəltdirmək istəyir, belə bir tanışı var. O da ona demişdir ki, tanışı var, həmin şəxsin nömrəsini ona tapıb verəcək. Həmin günün axşamı bir qadın ona zəng edərək adının İlahə olduğunu bildirib nömrəni Həmzənin verdiyini demişdir. Danışarkən o İlahədən ona təqaüd düzəldilməsinə kömək etməsini və buna görə hörmət də edəcəyini demişdir. İlahə ona təqaüd pulu almaqda kömək edə biləcəyini bildirmiş, lakin bunun qarşılığında ondan 2000 manat pul istəmişdir. O da onunla razılaşmışdır. Təxminən 2 gün sonra, yəni 2019cu ilin sentyabr ayının əvvəllərində o İlahə ilə zəngləşib Sumqayıt şəhər avtovağzalının girəcəyində yerləşən «Dədə Qorqud» restoranının yanında onunla görüşmüşdür. İlahəni ilk dəfə elə orada görürmüş, əvvəl onu tanımamış, onların heç bir münasibətləri olmamışdır. O üzərində olan ona məxsus 2000 manat pulu çıxardıb ona vermişdir. İlahə ona demişdir ki, təqaüd kartı 4 ay müddətinə hazır olacaq. 2019-cu ilin sentyabr ayının əvvəllərində İlahəyə vermişdir. Pulu İlahəyə verdikdən sonra sonuncu ona demişdir ki, əgər belə bir sənəd düzültmək istəyən varsa ona da deyə bilər. O da ona demişdir ki, belə bir adam olsa deyəcək. Daha sonra o bu barədə qohumu Əli Quliyevə və dostu Zərərçəkmiş şəxs1 demişdir. Onlar da razılaşdıqdan sonra o İlahə ilə onları calaşdırıb, sonuncunun mobil telefon nömrəsini onlara vermişdir. Onlar özləri də İlahəyə ilə danışıb həmin məsələnin həll edilməsi üçün hərəsi 4500 manata İlahə ilə razılaşmışlar. 2019-cu ilin sentyabr ayının əvvəllərində saat 15 radələrində o Akiflə birlikdə görüşüb Sumqayıt şəhəri «Dədə Qorqud» restoranının yanına gedərək, orada İlahə ilə görüşmüşlər. Orada Akif onun yanında İlahəyə 4500 manat pul vermişdir. Sonradan bildiyinə görə Əli özü tək gedib İlahə ilə Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin qarşısında görüşüb ona 4500 manat puldan 3500 manat vermiş, qalan 1000 manat pulu isə yaşadığı evin yanına gələrək İlahəyə vermişdir. Təxminən 6 ay İlahədən cavab gözləmişlər. Lakin İlahədən heç bir müsbət cavab əldə edə bilməmişlər. O hər dəfə İlahəyə zəng etdikdə İlahə ondan 5 gün, 10 gün əlavə zaman istəmişdir. 6 ay keçdikdən sonra o ondan heç bir müsbət cavab əldə bilmədiyini görüb pulunu geri istəmişdir. İlahə pulun bir qismini ona qaytarsa da, sonradan pulu qaytarmadığı üçün o məcbur olub onun barəsində polisə şikayət etmişdir. O polisə şikayət etməmişdən əvvəl İlahə ona 2000 manat puldan 1500 manat, şikayətdən sonra isə ona ancaq 200 manat qaytarmışdır. Hazırda İlahənin ona 300 manat verəcəyi qalmışdır. İlahə həmçinin hissə-hissə olmaqla Akif və Əlinin də pullarını qaytarmış, lakin onlara da verəcəyi qalmışdır.Akif və Əlinin işinə görə heç bir pul almamış, yalnız bir tanış kimi İlahə ilə onları tanış etmişdir. 12.06.2021-ci il tarixli subütların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid pulunun ələ keçirilməsi faktına görə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdilər və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. “Kapital Bank” Sumqayıt filialının ********* №li 19 avqust 2021-ci il tarixli və qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs anası X5 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1251,88 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxslərə vurduqları maddi zərəri tam olaraq ödədiyi üçün zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığına, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.06.2021-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatında 20.11.2020-ci ildə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Pirallahı RPŞ-nin İstintaq qrupunun müstəntiqi Elmar Abdalovun 26.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Əliverdi Əhmədxanovun 2017-ci ilin aprel ayında 5000 manat pulunun ələ keçirilməsi faktına görə 20.08.2020-ci ildə CM-nin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, həmin cinayət işi CM-nin 178.2.3-cü maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş və 26.02.2021-ci ildə cinayət işi üzrə icraata tərəflər barışdığına və dəymiş ziyan ödənilməsi əsası ilə xitam verilmişdir. Tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətdiyi zaman əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan tələbnamədən və 26.02.2021-ci il tarixli qərardan göründüyü kimi, təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini CM-də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası 20.10.2017-ci il tarixli qanunun qüvvəyə minməsindən, 01.12.2017-ci ildən əvvəl, yəni 2017-ci ilin aprel ayında, hazırkı cinayəti isə həmin qanun qüvvəyə mindikdən sonra, yəni 2019-cu ildə törətmişdir. Ona görə də hazırkı cinayət əməli həmin qanun qüvvəyə mindikdən sonra və 26.02.2021-ci il tarixli qərarda göstərilən cinayəti ilə qeyd edilən qanunun qüvvəyə minməsindən əvvəl törədilməsini nəzərə alıb Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işinə CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli (iş № 1(060)-467/2021) qərarını icra edərək, 29 iyun 2021-ci il tarixli 723 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar