Məhkəmə qərarları › İş №1(060)-468/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-468/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-468/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 05.04.2022-ci tarixdə, təxminən saat 18:00 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşına təpə nahiyyəsinin cərahi tikişə ehtiyacı olan əzilmiş cırılmış yarası xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 05.04.2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində yaşadıqları ünvanda olan zaman o yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. O, spirtli içki qəbul etdiyi üçün həyat yoldaşı Təranə oruc tutduğunu, iftar açacağını deyərək onunla mübahisə etməyə başlamışdır. O, Təranədən sakit olmasını, onun üstünə qışqırmamasını tələb etsə də, Təranə öz hərəkətlərinə davam etmişdir. O çox əsəbiləşdiyindən ani bir vəziyyətdə Təranənin üzərinə gedərək əl zərbələri ilə onun baş nahiyəsinə vurmuş və Təranənin xəsarət aldığını görərək evdən bayıra çıxmışdır. Zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 05.04.2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində yaşadığı ünvanda olan zaman həyat yoldaşı evə gəlmiş, sonra spirtli içki olan araq içməyə başlamışdır. O isə özünün oruc olduğunu bildirərək iftar açacağını həyat yoldaşına deyərək ondan araq içməməsini tələb etmişdir. Lakin Zaur onun sözlərinə heç bir məhəl qoymayaraq evdə onunla münaqişəyə başlamışdır. Münaqişə zamanı Zaur əl zərbələri ilə onun baş nahiyəsinə vuraraq xəsarət yetirmiş, sonra isə bayıra çıxmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 06.04.2022-ci il tarixli, 412 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən yaranmışdır, zərərçəkmişin müayinəsindən 1 günə qədər əvvəl olmaqla 05.04.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətin özü-özünə yetirilməsi az inandırıcıdır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 30) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 33) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 36 (otuz altı) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar