Məhkəmə qərarları › İş №1(060)-468/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-468/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-468/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış. ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,302 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən 30 mart 2025-ci il tarixdə, saat 19:20 dəqiqədə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 26 nömrəli orta məktəbin arxasında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni Novxanı qəsəbəsindən əldə etmişdir, yeni istifadə etməyə başlamışdı. Üzərindən aşkar olunan narkotik vasitə bir istifadəlik bir büküm “şüşə” adlanan narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni çoxdan tanıdığı şəxsdən 10 manata almışdır. Əvvəllər “kakos” adlanan narkotik vasitə də istifadə etmişdir. Keçən il Dərnəgüldə mebel sexində baş vermiş partlayış zamanı xəsarət almış, həmin ağrıları kəsmək üçün narkotik vasitədən istifadə edir. Hal-hazırda heç bir narkotik vasitədən istifadə etmir. Əməlindən peşmandır. Ailəlidir, himayəsində azyaşlı övladı vardır. İ dərəcə əlilliyi vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, narkotik vasitə və psixotrop maddə alüdəçisidir. Narkotik vasitə və psixotrop maddəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq 30 mart 2025-ci il tarixdə, səhər saatlarında Novxanı ərazisində olarkən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa barəsində məlumatı olmayan bir nəfərlə qarşılaşıb, istifadəsi üçün həmin şəxsdən 15 manata 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə “patf*. yəni psixotrop maddə metamfetamin almışdır. Bədənində ağrı olmadığından əldə eldiyi 01 ədəd bükümdəki metamfetamini əynindəki gödəkcənin sağ yan cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin tarixdə, axşam saatlarında bədənində ağrılar başladığından əldə eldiyi metamfetamindən istifadə etmək qərarına gəlmiş və yaşadığı ünvanı tərk etmişdir. Əldə etmiş olduğu psixotrop maddə metamfetamini əynindəki gödəkcənin sağ yan cibində saxlayıb daşımışdır. Belə ki, həmin tarixdə, saat 19 radələrində metamfetamindən istifadə edə biləcəyi sakit bir yer axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 26 nömrəli orta məktəbin arxa tərəfində piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlaması, istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, üzərinin yoxlanılacağını bildirmişlər. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o. da əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində “patf*. yəni psixotrop maddə metamfetamin olduğunu, həmin gün, yəni 30 mart 2025-ci il tarixdə, səhər saatlarında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün Novxanı ərazisində aldığını demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmadı və götürülmədi. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümündə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0.44 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırı laraq möhürlənib imzalanmışdır. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB- nin inzibati binasına gəlmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirak ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmış və o. bir daha həmin kütlənin patı olduğunu şəxsi istifadəsi üçün 15 manata Novxanı ərazisində tanımadığı şəxsdən əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilib, ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki. psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, 26 nömrəli məktəbin yaxınlığında şəxs tərəflərindən saxlanılmış, üzərində narkotik vasitə olan “metamfetamin” olduğunu qeyd etmişdir. Həmin ərazidə çəkiliş vasitəsilə sənədləşdirilib şəxsi 4-cü PB-nə gətirmişlər. Orada da kriminalist, təhqiqatçı, vəkil dəvət olunmuş, sənədləşdirilib istintaq orqanına verilmişdir. Şəxs saxlanılan zaman heç bir müqavinət göstərməmiş, xəstəliyi olduğundan istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Amin adlı şəxs barəsində məlumat daxil olmuşdur. Məlumat əsasında həmin şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 26 nömrəli məktəbin yaxınlığında saxlanılmışdır və saxlanılarkən üzərindən bir büküm narkotik vasitə hesab olunan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin şəxs videoçəkiliş vasitəsi ilə sənədləşdirilmiş, əvvəlcə əməliyyat çəkilişi aparılmış, daha sonra 4-cü PB-nə gətirilmişdir. 4-cü PB-də vəkillə təmin olunmuşdur və digər prosessual hərəkətlər davam etdirilmişdir. Əməliyyat məlumatı istifadə ilə bağlı daxil olmuşdur. Şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, 30 mart 2025-ci il tarixdə, saat 19:20-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 26 nömrəli məktəbin arxa tərəfində piyada olduğunu görüb videoçəkilişdən istifadə edərək A. Hüseynzadəyə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan üzərinin yoxlanılacağı bildirilib, yoxlanılmazdan əvvəl qanunsuz əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxardıb təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd bükümün içində “patı", yəni psixotrop maddə metamfetamin olduğunu demiş, daha sonra aşkar olunmuş psixotrop maddə metamfetamin bükümü elektron tərəzidə çəkilmiş və çəkisi 0.44 qram olmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin kütləsini “bugün", yəni 30 mart 2025-ci il tarixdə, səhər saatlarında Novxanı ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra birlikdə Sumqayıt ŞPİ- nin 4-cü PB-nə getmişlər. Polis Bölməsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edildikdən sonra videoçəkiliş vasitəsilə yenidən həmin kütləyə baxılmış və Təqsirləndirilən şəxs bir daha həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olunmamış, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 19:20 dəqiqədə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26 saylı orta məktəbin arxasında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə kütləni təqdim etdi. Sonra psixotrop maddə metamfetaminə bənzər 01 (bir) ədəd büküm elektron tərəzidə çəkildi. Qablaşdırma ilə birlikdə çəkisi 0,44 qram (sıfır vergül qırx dörd) oldu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və tərəflərindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15manat müqabilində şəxsi istfadəsi üçün aldığını bildirmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, 26 saylı orta məktəbin arxasında xx.xx.2025-ci il tarixdə saat 19:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim edildi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirdi. Onun üzərinə tərəfindən şəxsi axtarış keçirildi və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilmədi. Şəxsin üzərində olan qara rəngli idman gödəkçəsinin sol cibindən 01 ədəd ağ rəngli asılqanı olan açar aşkar edildi. Həmin açar işin halları üçün heç bir əhəmiyyət kəsb etmədiyindən şəxsə geri qaytarıldı. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açıldı və içərisində 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edildi. Həmin büküm tərəziyə qoyularaq çəkildi. Elektron tərəzidə çəkisi ümumilikdə 0,47 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunan həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Eləcə də həmin maddənin “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 128 saylı möhürü ilə möhürləndi. - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/150 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0.302 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,252 qram metamfetamin qalıq qalmışdır. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Hüseynzadə Aylin adlı qız övladı vardır. - xx.xx.2025-ci il tarixli “DVD disklərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 01 ədəd diskə daxil olduqda, orada «VİD-20250330-WA0058» adlı və «VİD- 20250330-WA0059» adlı faylların olduğu müəyyən edilir. «VİD-20250330- WA0058» adlı faylda 05 dəqiqə 48 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 30 mart 2025-ci il tarixdə, saat 19:20də Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 26 nömrəli məktəbin arxa tərəfində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxarıb təqdim edərək, həmin bükümdəki kütlənin "patı" olduğunu, şəxsi istifadəsi üçün səhər Novxanı ərazisində tanımadığı şəxsdən 15 manat əldə etdiyini bildirmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə polis əməkdaşı tərəfindən çəkilmiş və çəkisi 0,44 qram olmuşdur. Daha sonra büküm zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Digər «VİD-20250330- WA0059» adlı faylda 07 dəqiqə 10 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Nihad Rəhimov tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış, zərfdəki kütləyə baxılmış. Təqsirləndirilən şəxs zərfdəki bükümün özü tərəfindən təqdim edilmiş içində “patı" olan büküm olduğunu, həmin kütləni Novxanı ərazisində tanımadığı şəxsdən istifadəsi üçün 15 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən zor tədbiq olunmadığını bildirmişdir. Büküm yenidən qablaşdırılaraq ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə qeyd olunanların həqiqəti əks etdirdiyini, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan saxlanılaraq üzərinin yoxlanıldığını, üzərindən aşkar olunmuş və içində "patı", yəni psixotrop maddə metamfetamin olan 01 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirdi. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Məhkəmə-narkoloji ekspertizasının 2139 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkiləri 0.302 qram (qalıq 0.252 qram) psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs saxlanılıb üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasını və həmin bükümə polis bölməsində baxış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntülər maddi sübut hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,302 qram (qalıq 0,252 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs saxlanılıb üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasını və həmin bükümə polis bölməsində baxış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntülərin maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 0.252 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntülər cinayət işinin materiallarında saxlanılmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Hüseynzadə Aylin adlı qız övladı vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs İ dərəcə əlilliyi vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin – metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), Təqsirləndirilən şəxs şəxsiyyətini (ilk dəfə cinayət əməlini törətməsini), barəsində cəzanı yüngülləşdirən halın olmasını (himayəsində azyaşlı uşağının olmasını), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (ailədə yeganə qazanc gətirən şəxs olmasını) nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, 59.2-ci maddəsinə əsasən İ dərəcə əlilliyi olması onun cəzasını yüngülləşdirən hallardır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, əvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və məhkum olunmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,252 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümküm olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-468/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1172 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 (yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 77 (yetmiş yeddi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümküm olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,252 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar