Məhkəmə qərarları › İş №1(060)-47/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-47/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-47/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, X12 stansiyası ilə üzbəüz yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 525,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-61/2023 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-793/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 9.300,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddətdə usta kimi ev təmiri ilə məşğul olmuş, daha sonra fəhlə kimi işləmişdir. Ayda orta hesabla 600,00-800,00 manat arası qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs ilə nikahdan üç uşaq anadan olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin şəkildə pisləşmiş və ayrılmışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, bir dəfə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. O uşaqlarını çox vaxt özü saxlamışdır, həmçinin uşaqlara görə qismən aliment ödənişləri də etmişdir. Lakin, ödənişləri etməsini təsdiq edən heç bir sənəd saxlamamışdır. Azadlıqda olarsa işləyib aliment borcunu ödəməyə söz verir. Göstərilən halları nəzərə alaraq azadlığa buraxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ilin dekabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2012-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2013-cü il tarixdə Nəsrəddin, xx.xx.2014-cü il tarixdə Cəbrayıl və xx.xx.2014-cü il tarixdə İsrafil adlı üç uşaqları anadan olmuşdur. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuş, üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175,00 manat olmaqla, cəmi 525,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin, bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yenidən vaxt verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək yaranmış olan 9300,00 manat aliment borcunu ödəməmişdir. Onlar evli olduğu müddət ərzində Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər qazanc əldə etmişdir. Göstərilən halları, yəni Təqsirləndirilən şəxs maddi vəziyyətinin yaxşı olduğu halda qərəzli olaraq alimenti ödəmədiyi üçün onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvələr Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru işləmişdir. İcra məmuru işləyən vaxt icraatında olmuş Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-61 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175,00 manat olmaqla, cəmi 525,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, bundan əlavə cavabdeh Təqsirləndirilən şəxs 75,00 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Sumqayıt şəhəri üzrə icra idarəsində xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs aliment öhdəliyini yerinə yetirmədiyi üçün borcluya dəfələrlə rəsmi xəbərdarlıq göndərilmiş, aliment üzrə ödənişlər həyata keçirilmədiyindən borclunun gəliri və əmlak vəziyyəti yoxlanılması məqsədilə aidiyyatı qurumlara sorğular göndərilmiş, lakin borcu yönəldilə biləcək daşınmaz əmlak və ya gəlir aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs icra idarəsinə dəvət edilmiş və ondan borcun ödənilməsi, eyni zamanda icra məmurunun çağırışına gəlməsi tələbinə dair bildiriş təqdim edilmişdir. Dəfələrlə verilən xəbərdarlıqlara baxmayaraq borclu uzun müddət icra məmurunun çağırışlarına riayət etməmiş və aliment üzrə ödəniş etməmişdir. İcranın növbəti müddətində borclunun əmlak vəziyyəti və gəliri elektron qaydada təkrarən yoxlanılmışdır. Yoxlama zamanı borclunun mülkiyyətində borca yönəldilə biləcək əmlakın olmadığı, müxtəlif tarixlərdə “X13” MMC-də və "xxxx" MMC-də işlədiyi məlum olmuşdur. Bunu nəzərə alaraq alimentin tutulması məqsədilə aidiyyatı iş yerlərinə müvafiq məktubla müraciət olunmuş, lakin heç bir əsas olmadan tutulma aparılmamışdır. Daha sonra borclunun qeyd olunan müəssisələrdə faktiki işləmədiyi məlum olmuşdur. Borclunun yeri məlum olmadığı və onun tərəfindən aliment üzrə ödənişlər aparılmadığı üçün xx.xx.2023-cü il tarixdə “axtarış elan olunması haqqında” qərar qəbul edilmiş və qərar icra olunması üçün Sumqayıt şəhər Polis idarəsinə göndərilmişdir. Aparılan axtarış tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs icra idarəsinə təhvil verilmiş, borcluya məhkəmə qərarının mahiyyəti və icrasının məcburiliyi bildirilmişdir. Bununla yanaşı borclu xx.xx.2023-cü il tarixli izahatında aliment borcunun olduğunu, hissə-hissə ödəyəcəyini qeyd etsə də, icraat zamanı borcun ödənilməsinə təşəbbüs göstərməmiş və öhdəliyini yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023cü il tarixdə borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair bildirişlə borclu şəxs tanış olmuş və ona sənədin təsdiq olunmuş surəti təqdim edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsində borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyini bildirmiş və borclunun cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlərin görülməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunmasına köməklik göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət edilmiş, qurumun xx.xx.2023-cü il tarixli cavab məktubu ilə vətəndaşın tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyatda alındığı bildirilmişdir. Həmçinin, borclunun nikahda olma faktının müəyyən olunması ilə əlaqədar elektron portaldan əldə edilən xx.xx.2024-cü il tarixli məlumata əsasən borclunun tələbkar Zərərçəkmiş şəxs ilə nikahda olduğu məlum olmuşdur. Borclu icra sənədində göstərilən ünvanda yaşamadığı üçün ona məxsus əmlakların siyahıya alınması mümkün olmamışdır. İcra sənədi üzrə xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək borclu tərəfindən ödənilməli olan aliment 9300,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının yenidən pozulmasına səbəb olan əməl törətmişdir. Çünki, Təqsirləndirilən şəxs icra üçün daxil olmuş icra sənədinin icrasını vaxtında həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmişdir. Borclu tərəfindən məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyi üçün Azərbaycan Respublikası CM-in 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Şahid2 ondan öncə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini bildirmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan 29 aprel 2024-cü il tarixli təqdimatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(060)-61/2023 nömrəli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək tələbkara 1200 manat ödəniş etmiş və 9300 manat aliment borcun isə ödəməmişdir. Ona görə də borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məsələsi xahiş edilmişdir. Cinayət işinin 11-15-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(060)-61/2023 nömrəli qətnaməsinə və həmin qətnamənin icrası ilə bağlı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa hər ay 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinin 16-cı vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsinin İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(060)-61/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Sumqayıt şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(060)-61/2023 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Cinayət işinin 25-27-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 08 yanvar 2024-cü il tarixli son xəbərdarlıqdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, e-2(060)-61/2023 nömrəli icra sənədi üzrə tələbin təmin edilməsi üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan 19 iyul 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü ildə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab həmçinin edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar