Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-471/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 21.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1,240 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 21 may 2021-ci il tarixində, saat 19:00-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər məhkəməsinin inzibati binasının qarşısında saxlanılaraq PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının arxa sol yan cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş vəziyyətdə 1,240 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin qəbulu ilə məşğul olur. 21.05.2021-ci il tarixdə günortadan sonra Sumqayıt şəhər Məhkəməsində barəsində olan cinayət işi ilə əlaqədar keçiriləcək məhkəmə prosesində iştirak etmək üçün yaxınları olan X4 və X2 ilə birlikdə getmişdir. Orada olan zaman bədənində ağrılar olduğu üçün üzərində olan psixatrop maddə metamfetamindən istifadə etmək qərarına gəlmişdir. Bundan sonra məhkəmənin həyətində olan bağçaya keçmiş və orada metamfetamini istifadə edən zaman məhkəmənin həyətində olan polis əməkdaşı onu saxlayaraq özünü təqdim etmişdir. Bundan sonra PB-ə məlumat verilmiş və onlar birlikdə PB-ə getmişlər. PB-də olan zaman onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən aşkar olunmuş psixatrop maddə olan metamfetaminin ona aid olmadığını bildirib sənədləri imzalamaqdan birmənalı imtina etmişdir. Lakin, hal-hazırda o, şəxsi axtarış zamanı özünü müdafiə etmək məqsədilə üzərindən aşkar olunmuş qanunla qadağan olunmuş psixatrop maddə metamfetaminin ona aid olmadığını bildirmişdir. Həmin metamfetamin ona məxsusdur. O, öz məsuliyyətini başa düşür. Həmin narkotik vasitəni bir neçə gün əvvəl Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Üzərindən aşkar olunan psixatrop maddə olan mefamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin psixatrop maddədən heç kimə satmamış və ya hədiyyə verməmiş, psixatrop maddəni aldığı şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs oğlu hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını göstərərək, məhkəmədən qeyd olunan halın nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-ci PB-də əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis leytenantıdır. 21.05.2021-ci il tarixində xidmətdə olan zaman bir nəfər şəxsin Sumqayıt şəhər Məhkəməsinin inzibati binasının həyətində özünü şübhəli aparması, mühafizə polisi tərəfindən saxlanılması və saxlanılan zaman üzərində narkotik vasitə və psixatrop maddə olmasını bildirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqəda olaraq Sumqayıt şəhər Məhkəməsinin inzibati binasının həyətinə getmişlər və orada həmin şəxsə özlərini təqdim edərək, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Əli oğlu olduğunu bildirmiş, bundan sonra həmin şəxsi özləri ilə birlikdə PB-ə dəvət etmişlər. PB-də videoçəkilişlə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edərək üzərinə şəxsi axtarış keçiriləcəyini, bununla bağlı etirazının olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs artıq onun üzərinə şəxsi axtarış keçirildiyini bildirsə də bununla bağlı heç bir dəlil gətirməmişdir. Bundan sonra həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd şəffaf rəngli sellafon aşkar olunmuşdur. Həmin şəffaf rəngli sellofanın içərisində spesifik iyə malik ağ rəngli kristal şəkilli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olmadığını demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,54 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur. 21.05.2021-ci il tarixdə Asif onunla birlikdə Sumqayıt şəhər Məhkəməsinə getməyini xahiş etmişdir. Həmin günü məhkəmədə Asifin barəsində olan cinayət işi üzrə proses olmuşdur. O, Asiflə razılaşmış və birlikdə Sumqayıt şəhər Məhkəməsinə getmişdir. Onlar məhkəmənin həyətində olan zaman tanışı X4 ilə rastlaşmışlar. O, məhkəmənin giriş qapısının yanında dayanmış, Asiflə İlham isə bulağın arxasında dayanmışlar. O, kənardan görmüşdür ki, polis əməkdaşı Asifə yaxınlaşmış və Asifə özünü təqdim etmişdir. O, kənarda durduğu üçün nə baş verdiyini bilməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra bir neçə polis əməkdaşı daha gəlmiş və onunla Asifi Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. PB-də ona məlum olmuşdur ki, Asif məhkəminin həyətində özünü şübhəli apardığı üçün PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilən zaman psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 21.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22.05.2021-ci il tarixli, 6/2015 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində «vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,240 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddəmetamfetamindir(metamfetaminin təmiz çəkisi-1,240 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,190 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 10.06.2021-ci il tarixli, 1825 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixatrop maddə olan mütamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 may 2021-ci il tarixli 1(060)-212/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. 11.06.2021-ci il tarixli Sumqayıt şəhər məhkəməsinin hakiminin göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 1(060)- 212/2021 saylı 21.05.2021-ci il tarilxi hökmü 11.06.2021-ci il tarixdən qanuni qüvvəyə minmiş və hökmün surəti icra edilməsi üçün aidiyyəti qruma göndərilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-27.10.2012-ci il təvəllüdlü X5 vardır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 21.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası isə tam toplanmaqla müstəqil icra olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 21.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 23.05.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 21 may 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 08.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 21 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,190 qram çəkidə psixoturop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli (iş № 1(060)-471/2021) qərarını icra edərək, 30 iyun 2021-ci il tarixli 755 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən, 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası isə tam toplanılmaqla, ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin olunmuş 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,190 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-471/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-471/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver