Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-472/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Qubadlı rayonu,Tarovlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod ərazisi fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 28.04.2021-ci il tarixdə, saat 14:15 radələrində Sumqayıt şəhəri Avtovağzal ərazisində yerləşən “Sülh Plaza”nın qarşısında 5 nömrəli marşrut üzrə hərəkət edən avtobusda olan sərnişin Zərərçəkmiş şəxs əynindəki gödəkcənin sağ cibindən içərisində 4,0 (dörd) manat dəyərində ***-***-**-** mobil nömrəsi olan bir ədəd 150 (bir yüz əlli) manat dəyərində qara rəngli “Xiaomi Redmi 9” markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 154 (bir yüz əlli dörd) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdi ki, o, Azərbaycan Respublikası CM-nın 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. Əvvəllər də oğurluq və digər etdiyi cinayətlərə görə də məhkun olunmuş və hal-hazırda məhkumluğu ödənilməmişdir. 28.04.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhərində yerləşən avtovağzaldan Sumqayıt şəhər daxilində xidmət edən 5 nömrəli marşrut avtobusuna ön qapıdan minmiş, sonra boş yer olmadığı üçün avtobusun orta hissəsində ayaq üstə sürücünün arxa hissəsində olan oturacaqlar istiqamətində dayanmışdır. Onun qarşısında olan oturacaqda orta yaşlı bir qadın əyləşmiş, qadının əynində rəngini xatırlamadığı gödəkcə olmuşdur. Həmin qadının gödəkcəsinin sağ cibindən mobil telefonunun bir hissəsinin çölə çıxdığını görmüş və maddi vəziyyəti aşağı olduğu üçün həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, onu görən kimsənin olmadığını qətiləşdirdikdən sonra mobil telefonu qadının gödəkcəsinin sağ yan cibindən götürüb avtobusu saxlatdırmış və avtobusdan düşmüşdür. “Kalxoz” bazarı tərəfə gəlmiş və orada tanışı Rauf adlı şəxslə rastlaşmışdır. Hal-əhval tutduqdan sonra Raufa satılıq telefon olduğunu bildirmişdir. Rauf ondan həmin telefonu necə əldə etdiyini soruşmuş, o da telefonu 5 nömrəli marşrut avtobusunda qadının cibindən oğurladığını bildirmişdir. Rauf ondan mobil telefonu neçəyə satmaq istədiyini soruşmuş və o, 40 manata satmaq istədiyini demişdir. Sonra bazarda telefonların satıldığı yerdə tanımadığı bir adama yaxınlaşmış, mobil telefonu göstərmiş və 40 manata satdığını demişdir. Həmin şəxs telefonu götürüb baxmaq istədiyini və 3 dəqiqəyə yaxın gözləməyini xahiş etmişdir. O, həmin şəxslə razılaşmış və 5 dəqiqədən sonra həmin şəxs geri qayıdaraq Raufun yanında ona 40 manat pul vermişdir. O, həmin 40 manat pulu götürmüş Raufla birlikdə yeyib içməyə xərcləmişdir. O, telefonu satdığı adama mobil telefonun oğurluq olmasını deməmişdir, Rauf ona yalnız telefonu satmaqda köməklik göstərmişdir. Oğurluq edən zaman ona kömək edən və onu görən olmamışdır. Qeyd etdiyi cinayətdən başqa heç bir oğurluq etməmişdir. Əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Zərərçəkmiş şəxs göstərmişdir ki, 28.04.2021-ci il tarixdə təxminən saat 14:15 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllər ərazisində “Sevgilim” restoranının qarşısında 5 saylı marşrut avtobusuna minmiş və Sumqayıt şəhəri, Sülh plazanın qarşısında avtobusdan düşmüş, sonra əynində olan gödəkcənin sağ yan cibində saxladığı içərisində ***-***-**-** mobil nömrəsi olan “Redmi 9” markalı mobil telefonun olmadığını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Mobil telefonu 389 manata almış, baş vermiş hadisə nəticəsində ona 389 (üç yüz səksən doqquz) manat maddi ziyan dəymiş və hadisə baş verməmişdən öncə mobil nömrənin içərisində kontur olmamışdır. Zərərçəkmiş şəxs 14.09.2021-ci il tarixli ərizəsindən görünür ki, dəymiş ziyan ona ödənildiyi və heç bir şikayəti olmadığı üçün təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. İstintaq zamanı Şahid2 göstərmişdir ki, o, hər gün Sumqayıt şəhərində yerləşən narkoloji dispanserə gedərək dərman qəbul edir. 28.04.2021-ci il tarixdə günorta saatlarında narkoloji dispanserdən çıxıb evinə gedən zaman tanışı Cavad ilə Sumqayıt şəhərində yerləşən “Kolxoz” bazarında rastlaşmışdır. Cavadla hal əhval tutduqdan sonra Cavad ona telefon göstərərək satmaq istədiyini bildirmiş, o, Cavaddan həmin telefonun kimə məxsus olduğunu soruşmuş, Cavad isə həmin telefonun qohumuna məxsus olduğunu və üzərində şəxsiyyyət vəsiqəsi olmadığı üçün onun şəxsiyyət vəsiqəsilə satmağın mümkün olub-olmamasını soruşmuşdur. O isə cavabında şəxsiyyət vəsiqəsilə sata bilməyəcəyini bildirmişdir. Bundan sonra o, bir daha Cavaddan həmin telefonun hardan əldə olunmasını soruşmuş və bu dəfə Cavad ona telefonun oğurluq olduğunu demişdir. Sonra onlar birlikdə yol ilə gedən zaman üzdən tanıdığı bir tanışı ilə rastlaşmış, onunla söhbət zamanı o, həmin şəxsə satılıq mobil telefon olduğunu bildirmişdir. Həmin şəxsə telefonun oğurluq olduğunu bildirmiş və nə qədər baha satarsa onun özünə də pul verəcəyini demişdir. Sonra həmin adam telefonu götürüb onların tanımadığı şəxsə 40 manata satmış və həmin pulu Cavada vermişdir. Orada həmin şəxslə sağollaşaraq yollarına davam etmişlər. Əldə olunan puldan Cavad ona pul verməmiş, lakin onun üçün siqaret, dönər və su almışdır. Daha sonra Cavadla da sağollaşıb evə getmişdir. İbtidai istintaq zamanı Şahid1 göstərmişdir ki, o, hal-hazırda maşın alqı satqısı ilə məşğul olur. 28.04.2021-ci il tarixdə günorta saatlarında avtomobilini təmir etdirən zaman istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı ***-***-**-** nömrəsindən zəng gəlmişdir. O, həmin zəngə cavab vermiş, zəng edən şəxs özünü təqdim etməmiş və telefon dükanı işlətdiyi vaxt onunla çox telefon alğı-satqısı etdiyini, onu gördükdə tanıyacağını demişdir. Bundan sonra o, nə üçün zəng etdiyini ondan soruşmuş, zəng edən şəxs mobil telefonu olduğunu, satmaq istəmədiyini, təcili 40 manat lazım olduğu üçün girov qoymaq istədiyini, 2 gün sonra gətirib pulu verib telefonu götürəcəyini demişdir. O, zəng edən şəxslə razılaşaraq onunla 3-cü PB-nın yaxınlığında yerləşən işıq idarəsinin yanında görüşmüşdür. O, həmin şəxsi üzdən tanısa da, adını xatırlaya bilməmiş və həmin şəxs də ona adını deməmişdir. O, telefona baxmış və üzərində pul olmadığı üçün birlikdə icarəyə verdiyi Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən telefon dükanına gedib pulu orada verməyi təklif etmişdir. Həmin şəxs onunla razılaşaraq birlikdə telefon mağazasına getmişlər və o, həmin şəxsə 40 manat pul vermiş, bundan sonra həmin şəxs çıxıb getmişdir. Telefonun oğurluq olması barədə məlumatı olmamış, telefonun qarşılığında pul verən zaman hər hansı bir sənədləşmə işi aparmamışdır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 36-37) İş materiallarında olan 01 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.55-57) İş materiallarında olan “məhkəmə-əmtəəşunaslıq” ekspertizasının 08.06.2021-ci il tarixli, 9/3019 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd Çin istehsalı olan “Xiaomi” markalı, “M2004J19G” (Redmi 9) modelli, **********9406 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 150,00 (bir yüz əlli) manat və 01 ədəd ***-***- **-** saylı GSM mobil nömrənin 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti isə 4,0 (dörd) manat müəyyən olunmuşdur. (i.v.96-98) İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15.06.2021-ci il tarixli qərardan görünür ki, “Xiaomi” markalı, “M2004J19G” (Redmi 9) modelli, **********9406 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan 12.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 28.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından “ağciyər vərəmi” diaqnozu ilə Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 08.06.2021-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 14.08.2020ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir.(i.v.86-89) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nın 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnın 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması, vərəm xəstəsi olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 56.1.3, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair» 18 mart 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-nın 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-nın 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikasının CM-nın 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 30 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikasının CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 04 (dörd) iş saatı, həmin Vəkil Bürosunun vəkili X6 tərəfindən isə 07 (yeddi) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkillərii X2 24 (iyirmi dörd) manat, X5 42 (qırx iki) manat məbləğində pul ödənilməlidir. İstintaq zamanı maddi sübut kimi tanınmış 1 ədəd Çin istehsalı olan “Xiaomi” markalı, “M2004J19G” (Redmi 9) modelli, **********9406 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Bu nəzərə alınmalıdır. Mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 30 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə 24 (iyirmi dörd) manat, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində, cəmi 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Maddi sübut kimi tanınmış 1 ədəd Çin istehsalı olan “Xiaomi” markalı, “M2004J19G” (Redmi 9) modelli, **********9406 İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-472/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-472/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver