Məhkəmə qərarları › İş №1(060)-476/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-476/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-476/2024 22.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1986-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 19:15 radələrində yaşadıqları Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 11, mənzil 1 ünvanında ailə-məişət zəmnində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs Nazım qızını əli ilə vuraraq ona sağ almacıq-yanaq nahiyyəsinin dərialtı hematoması xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla 2013-cü il tarixdə ailə həyatı qurmuş, lakin 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2013-cü ildə Nihad, 2015-ci ildə isə Nahid adlı oğlanları dünyaya gəlmişdir. Onların münasibətləri ailə qurduqları müddətdən normal olmamış, tez-tez aralarında söz-söhbətlər olmuşdur. O və Hürü ailələrində söz-söhbət olsa da, bir müddət ailələrini qoruyub saxlasalar da, Hürü ondan boşanmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, 2021-ci il tarixdə həmin məhkəmənin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hürü uşaqları ilə birlikdə atasının yaşadığı ünvanda yaşamağa başlamış, o isə hazırda yaşadıqları ünvanda yaşayır. O, atası və digər ailə üzvləri təxminən 2023-cü ilin may ayında barışmaq istədiyini Hürüyə bildirən zaman Hürü uşaqlarına görə onunla barışmış, onlar birlikdə hazırda yaşadıqları evdə yaşamağa başlamışlar, lakin yenə onların arasında söz-söhbətlər, mübahisələr, münaqişələr olmağa başlamışdır. O, xx.xx.2024cü il tarixdə təxminən saat 18:45 radələrində Hürüyə zəng edib harada olduğunu soruşan zaman Hürü hazırda uşaqlara bazarda ayaqqabı aldığını söyləmiş, o, içkili olduğu üçün onunla kobud danışmış, onların arasında mübahisə olmuş, sonra isə onlar telefonda zəngi sonlandırmışlar. Hürü yaşadıqları ünvana gəldikdən sonra mobil tefonda onunla kobud danışdığı üçün ona öz iradını bildirmiş, buna görə də, onların arasında mübahisə olmuşdur. O, həmin vaxt əsəbləşib onun üzərinə getmiş, yumruqla onun baş və sifət nahiyyələrinə vurmuş, onun saçından tutub yolmağa başlamışdır. Hürü ağladığı üçün ona yazığım gəlmiş və ondan aralaşmışdır. Hürü bir neçə dəqiqə sonra anidən stolun üzərində olan qəndqabını götürüb onun baş nahiyyəsinə vurmuş, o, başını tutub kənara çəkilmişdir. Həmin vaxt onların hər biri 102 xidmətinə zəng edib dava-dalaş barədə məlumat verdmişlər və onların verdiyi məlumat əsasında polis əməkdaşları gəlib onları PB-nə aparmışlar. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır, bir-birilərinə qarşı heç bir tələb və şikayətləri yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla 2013-cü il tarixdə ailə həyatı qurmuş, lakin 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2013-cü ildə Nihad, 2015-ci ildə isə Nahid adlı oğlanları dünyaya çəlmişdir. Onların münasibətləri ailə qurduqları müddətdən normal olmamış, tez-tez aralarında söz-söhbətlər olmuşdur. O, həm də uşaqlarına görə, həm də Ruslan öz qohumu, yəni əmisi oğlu olduğu üçün ailəsini qoruyub saxlasa da, sonda onun hərəkətlərinə dözməyib boşanmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən onalrın nikahı pozulmuş, o, uşaqları ilə birlikdə atasının yaşadığı ünvanda yaşamağa başlamışdır. Ruslan və ailəsi təxminən 2023-cü ilin may ayında barışmaq isədiyini bildirən zaman o, uşaqlarına görə onunla barışmış, onlar birlikdə yaşamağa başlamışlar. Lakin Ruslan yenə öz hərəkətlərinə davam etmiş, onların arasında tez-tez mübahisələr, münaqişələr olmağa başlamışdır. O, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:45 radələrində övladları ilə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən Mərkəzi Bazardan ayaqqabı alan zaman Ruslan ona zəng edib heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, ona heç bir söz deməmiş, yaşadığı ünvana gəlmişdir. O, evdə olan zaman Ruslana nalayiq ifadələr işlətdiyi üçün öz iradını bildirmiş, Ruslan yenə ona nalayiq ifadələr işlətmiş, onların arasında mübahisə olmuş, həmin vaxt onun üzərinə gəlib yumruqla onun baş və sifət nahiyyələrinə vurmuş, onun saçından tutub yolmağa başlamışdır. O, ağladığı üçün Ruslan ondan aralaşıb getmiş, başında ağrılar hiss etdiyi üçün Ruslanın onu döyməsindən pis olmuş, anidən həmin vaxt stolun üzərində olan qəndqabını götürüb onun baş nahiyyəsinə vurmuş və Ruslan isə başını tutub kənara çəkilmişdir. Həmin vaxt o, 102 xidmətinə zəng edib dava-dalaş barədə məlumat verən zaman Ruslan da 102 xidmətinə zəng edib dava-dalaş barədə məlumat vermiş və onların verdiyi məlumat əsasında polis əməkdaşları gəlib onları PB-nə aparmışlar. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 608 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ almacıq-yanaq nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan A/734 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan “Mülk” KM tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2287 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Tibb Ərazi Bölmələrini X1 Hüquqi Şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 146 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar