Məhkəmə qərarları › İş №1(060)-477/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-477/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-477/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X1 iştirakı ilə, X2 barədə İsmayılova Şəhla Firdovsi qızının xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayılova Şəhla Firdovsi qızı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nə ərizə verərək X1 onu nalayiq ifadələrlə Tik-Tok səhifəsində söyməsini bildirmiş və buna görə onun məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İsmayılova Şəhla Firdovsi qızının müraciəti əsasında toplanmış materiallar xüsusi ittiham qaydasında şikayət kimi baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 şikayətin icraata götürülərək baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs İsmayılova Şəhla Firdovsi qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 barədə İsmayılova Şəhla Firdovsi qızının Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nə ərizəsinin xüsusi ittiham qaydada şikayət kimi icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, İsmayılova Şəhla Firdovsi qızının Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nə ərizəsi xüsusi ittiham qaydasında şikayət kimi icraata qəbul edilib baxıla bilməz. Ərizə vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs polisə müraciət etmiş, Azərbaycan Respublikası CPM-nin 293-cü maddəsinin tələbinə əməl etməklə xüsusi ittiham qaydasında şikayət tərtib edərək verməmişdir, şikayətin məzmununun nədən ibarət olduğu məlum deyildir. X1 CM-nin hansı maddələri ilə məsuliyyətə cəlb edilməsinin xüsusi ittihamçı tərəfindən xahiş edilməsi məlum deyildir. Şikayətin məzmunu CPM-nin 293.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Göstərilənlər ümumilikdə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina üçün əsasdır. İsmayılova Şəhla Firdovsi qızı nöqsanları aradan qaldıraraq xüsusi ittiham qaydasında şikayətlə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 37.2, 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barədə İsmayılova Şəhla Firdovsi qızının Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nə ərizəsinin xüsusi ittiham qaydada şikayət kimi icraata qəbul edilməsindən imtina edilsin. İsmayılova Şəhla Firdovsi qızına izah edilsin ki, nöqsanları aradan qaldıraraq, Qanunun tələbinə əməl etməklə xüsusi ittiham qaydasında şikayətlə yenidən məhkəməyə müraciət edə bilər. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar