Məhkəmə qərarları › İş №1(060)-477/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-477/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-477/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də qaynaqçı işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 30 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında birgə yaşadıqları ünvanda Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdlə döyərək Zərərçəkmiş şəxs - "sağ qulaq pərdəsinin posttravmatık perforasiyasından ibarət” ibarət, xx.xx.2024-cü il tarixdə əmələ gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında aralarında xırda söz-söhbətə görə mübahisə yaranmış, əsəbləşərək bir sillə ilə Pərizatı vurmuşdur. Hazırda onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, barəsində heç bir şikayət və tələb yoxdur. Qeyd edilənləri nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Söz-söhbət ona görə deyil, anasına görə düşmüşdür Anar əsəbləşmiş, o, Anarın qarşısına keçən zaman Anar şillə vurmuş və onun qulağından dəymişdir. Həmin vaxt o, Anarı sakitləşdirə bilmədiyindən polisə müraciət etmişdir. Hazırda onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxs barəsində şikayəti və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırması zamanı şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edən onun qızı Zərərçəkmiş şəxsdır. Müraciətdə qeyd olunan şəxs onun kürəkəni Təqsirləndirilən şəxsdur. X6 2010-cu il tarixdə ailə qurmuş, həmin vaxtda da onun eyni ünvanda yaşayırlar. O, tək olduğu üçün kürəkəni və qızını öz ünvanında saxlayır. Bildirir ki, o, xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində evə gəlmiş və evdən münaqişə səsləri gəldiyini eşitmişdir. Anarla Pərizatın münaqişə etdiyini bilmişdir. Bildirir ki, Anar mütəmadi olaraq spirtli içki qəbul edib münaqişə yaradır. O, tez evə girmiş və Pərizatın mətbəxə daxil olub qapını bağladığını, Anarın isə qapını dartıb açmağa çalışdığını və nalayiq ifadələr dediyini görmüşdür. O, yaxınlaşıb qapını açmış və nə olduğunu soruşmuş, Pərizat da Anarın onu döydüyünü, ona nalayiq ifadələr dediyini bildirmişdir. Pərizat polisə müraciət etdiyini demiş və o da onları sakitləşdirməyə çalışdıqda Anar onu boğmaqla hədələmiş, o spirtli içkinin təsiri altında olmuş, o, Pərizatla onu sakitləşdiməyə çalışmış və münaqişəni sonladırmağı bildirdikdə o əli ilə onun sifətindən bir dəfə vurmuşdur. Sonra münaqişə sonlanmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan A/703 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 583 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ qulaq pərdəsinin posttravmatik perforasiyası” xəsarətləri vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 584 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şahid bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 185,186 saylı, xx.xx.2024-cü il tarixli arayışlardan və 06 saylı, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 30 ünvanında qeydiyyatdadır, ailə tərkibi arvadı-xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs, qızı-xx.xx.2011-ci il təvəllüdlü X2, oğlu-xx.xx.2014-cü il təvəllüdlü X7 oğlundan ibarətdir,yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2237 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şahid Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması faktı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-477/2024) qərarını icra edərək xx.xx.2024-cü il tarixli, 695/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar