Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-478/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olan və Ağdam rayonu, Əfətli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 17.02.2021-ci il tarixdə, təxminən saat 02:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsi ərazisində Zərərçəkmiş şəxs saxladığı, etibarnamə ilə idarə etdiyi “MAN” markalı, **-UV- *** dövlət nömrə nişanlı yük avtomobilinin üzərindən kapronu sındıraraq 02 ədəd ümumi dəyəri 600 (altı yüz) manat olan 225 amperli “Mutlu” markalı akkumylatorları gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 600 (altı yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 17.02.2021-ci il tarixdə, saat 02:00 radələrində özünə məxsus “NİVA” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində olduğu zaman həmin ərazidə yaxınlıqda “Man” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayandığını görüb həmin avtomobilə yaxınlaşmışdır. O, “Man” markalı yük avtomobilinin arxa sol tərəfində akkumlyator hissəsinin kapronunu sındırıb 2 ədəd akkumlyatoru yerindən çıxartmış və özünə məxsus “Niva” markalı avtomobilə qoyub aparmışdır. Bundan sonra 18.02.2021-ci il tarixdə, axşam saat 20:00 radələrində oğurladığı hər iki akkumlyatoru Müşfiq yolunda tanımadığı şəxsə 170 manata satmışdır. O, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində “Man” markalı **-UV-*** yük avtomobilindən akkumlyatorları oğurlayan zaman tək olmuş və həmin hadisədən ondan başqa heç kimin məlumatı olmamış, akkumlyatorları oğurlamaqda məqsədi maddi vəziyyətinin pis olması səbəbindən satıb pul əldə etmək olmuş, törətdiyi oğurluq hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmiş, akkumlyatorları oğurlayarkən ətrafa göz gəzdirmiş və heç kimin olmadığına əmin olduqdan sonra oğurluq hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs 03.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, etibarnamə əsasında “Man” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edir. O, həmin yük maşını ilə Gürcüstan Respublikası ilə müxtəlif növ yüklərin daşınması ilə məşğul olur. O, həmin yük avtomobilini evdə olarkən qoşqusuz vəziyyətdə Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkasi küçəsi ərazisində Mərkəzi bankın filialının yaxınlığında saxlamışdır. 16.02.2021-ci il tarixdə, saat 23:00 radələrində idarə etdiyi avtomobili qoşqusuz vəziyyətdə həmişəki yerində saxlayaraq evə getmişdir. Səhəri gün 17.02.2021-ci il tarixdə, saat 11:00 radələrində gəlib avtomobili idarə etmək istəyən zaman avtomobilin qapısını açarkən salonun işığının yanmadığını görmüşdür. O, avtomobilin akkumlyator olan arxa-sol tərəfinə baxdıqda 2 ədəd 225 amperlik “Mutlu” markalı akkumlyatorların yerində olmadığını və oğurlandığını görmüşdür. Belə ki, akkumlyatorların qapağının və botlarının açılaraq oğurlandığını başa düşmüşdür. Təxminən bir həftə ərzində akkumlyatorları oğurlayan şəxsi özü tapmaq məqsədi ilə polis bölməsinə müraciət etməmişdir. Sonradan məcbur olub bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, etibarnamə ilə idarə etdiyi yük avtomobilindən oğurlanmış 2 ədəd “Mutlu” markalı akkumlyatorlar ona məxsusdur və həmin akkumlyatorları təxminən 10 ay bundan qabaq Xırdalan şəhərində “Hyundai” servisin arxasında yerləşən maşın ehtiyat hissələri satılan yerdən biri 400 manat olmaqla ümumilikdə 800 manat məbləğə almışdır. Eləcə də, o, ifadəsində yük avtomobilindən 2 ədəd akkumlyatoru oğurlayan Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını və 5-ci PB-də təhqiqat araşdırması zamanı həmin şəxsin kim olduğunu öyrəndiyini və həmin şəxsin ona yük avtomobilini işə salmaq üçün 2 ədəd köhnə akkumlayator verdiyini göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.04.2021-cu il tarixli, 9/1627 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən “Man” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşına məxsus 2 ədəd 225 amperlik "Mutlu" markalı akkumlyatorun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq istifadədə olması nəzərə alınmaqla orta bazar qiymətilə ümumi dəıyəri nəzəri qaydada təxminən 600,0 manat (2 ədəd x 300 man.) müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən 16.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 05.09.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 31.08.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 03.09.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 31.08.2021-ci il tarixdən həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 08 (səkkiz) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29iyun 2021-ci il tarixli (iş № 1(060)-478/2021) qərarını icra edərək, 30iyun 2021-ci il tarixli 757 saylı orderinə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. MüdafiəçiTəqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31.08.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 08 (səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağdam rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Ağdam rayonu Əfətli kəndini tərk etməmək, Ağdam rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-478/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-478/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver