Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-48/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Göyçay rayonu, Hacıalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Hacıalıkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, 24 iyul 2023-cü il tarixdə, saat 16:45 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən Tır parkında tanışları Zərərçəkmiş şəxs2 və X7 ilə həmin parkda yerləşən avtotəmir sexinin işlətmək üçün ona verilməməsi səbəbindən heç bir əsaslı səbəb olmadan ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər edərək qeyd olunan Tır Parkının içərisində olan stulu silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 üzərinə həmin stulu qəsdən atıb onu yerə yıxaraq ona sağ mil-bilək oynağının ön səthinin qançırı, sağ saidin yuxarı 1/3-nin arxa səthinin dörd ədəd sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, bundan sonra o öz qərəzli hərəkətlərini davam etdirərək yenidən stulu silah qismində istifadə edərək həmin stulu zərərçəkmiş şəxs Əliyar İxtiyarovun baş və bədən nahiyyəsinə qəsdən vuraraq sol saidin orta 1/3-nin arxa səthinin, döş qəfəsinin, sol diz səthinin, sol kürək nahiyyəsinin, sol diz oynağının ön səthinin 4 (dörd) ədəd sıyrıqları, dilin sol yan səthinin səthi yarası, sol alt çənə və almacıq nahiyyəsini əhatə edən dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Bakı- Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən Mahir adlı şəxsin işlətdiyi Tır parkında icarəyə avtotəmir sexi götürərək orada yük maşınlarının dəmirçi və rəngsaz işlərini görür. Hadisədən təxminən bir il öncədən Zərərçəkmiş şəxs2 və X4 tanımışdır. Belə ki, Malikin bir neçə yük maşınları var. Bir müddət Malik Əliyev onun yanına özünə məxsus yük avtomobillərini təmir etdirmək üçün gətirmişdir. İşləri çox olduğu üçün avtomobilləri təmir etməyi vaxtında çatdıra bilməmişdir. Bir gün Malik onun işlədiyi yerə gəlmiş, ona hansı səbəbədən onun avtomobilini düzəltmədiyini soruşmuş, daha sonra onun əynində olan köynəyini tutaraq dartıb cırmışdır. Bu olanları onun əmisi nəvəsi görmüş, lakin Malik Əliyev sonuncuya təsir göstərərək iş üzrə şahid qismində dindirilməsinə maneçilik törətmişdir. Daha sonra Malik Əliyev onu ofisə çağırmış və otaqda onun üstünə qışqırmışdır. Qurban bayramından 10 gün əvvəl onunla Malik Əliyev arasında yenə mübahisə yaranmışdır. Belə ki, o Malikin avtomobilini təmir etmiş, daha sonra yeni iş götürməmişdir. Onun işlətdiyi sex balaca olduğundan orada ancaq bir maşın təmir edə bilirmiş və buna görə də xeyli vaxt imiş ki, böyük bir sexin boşalmasını gözləmişdir. O, qonşuluqda olan İsa adlı şəxsin icarəyə götürdüyü sexi yaxın günlərdə təhvil verəcəyindən məlumatlı olduğu üçün bu barədə Mahirlə danışmışdır. Mahir də həmin sexi ona verəcəyinə söz vermişdir. Malik də ona İsanın işlətdiyi sexi təhvil verəndən sonra götürəcəyini demişdir. Hətta Malik bu barədə Mahirə onu tapşıracağını demişdir. 22 iyul 2023-cü il tarixdə Malikin özünün həmin sexi yeznəsi üçün icarəyə götürmək istədiyini eşitmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində Malikə zəng vurmuş, Malikə İsanın təhvil verəcəyi sexi onun götürməsi üçün Mahirdən xahiş edəcəyinə söz verdiyini xatırlatmışdır. Lakin, Malik sözünü danmış və həmin sexi özü üçün götürəcəyini demişdir. O da əsəbləşərək telefonu söndürmüşdür. Saat 16:30 radələrində o, işlədiyi sexdə olan zaman Malikin yeznəsi Əliyar onun yanına gəlmiş və Malikin onu çağırdığını demişdir. Bundan sonra Əliyarla birlikdə Malikin ofisinə getmişlər və yolda Əliyar ondan “Malikin xoşuna gəlməyən nə iş görmüsən” deyə soruşmuşdur. O da heç nə etmədiyini demişdir. Ofisə gəldikdə Malik və oğlu Əjdər orada olmuşlar, həmçinin Malikin yeznəsi Əliyar da orada əyləşmişdir. Malik ona telefonu nə üçün onun üzünə bağladığını soruşmuş və onunla təhqiramiz formada danışmağa başlamışdır. Malikin yeznəsi Əliyar və oğlu Əjdər də onların söhbətlərinə müdaxilə edərək onunla təhqiramiz formada danışmağa başlamışlar. Əliyar onu nalayiq söyüşlərlə söydüyü üçün, o da eyni söyüşləri ona qaytardıqda yumruqla sinəsindən vurmuşdur. Malik də onun çiynindən çəkərək divana otuzdurmuş və sözlə onu hədələmişdir. Sonra Əliyar ofisdən çölə çıxmış, Malik ofisin qapısını açaraq təhqiramiz formada ondan ofisi tərk etməsini tələb etmiş və əli ilə onun çənəsindən vurmuşdur. Bu vaxt Malikin oğlu Əjdər ilə yeznəsi Əliyar üstünə hücum çəkmişlər. Həmin şəxslər mübahisə yaradaraq onu ofisdən çıxarmışlar və o ofisdən normal qaydada deyil, arxa-arxaya çıxmağa məcbur olmuşdur. Ofisin içərisi kamera görüntülərinə düşməsə də qarşısında onun ofisdən hansı şəraitdə çıxması öz əksini tapmışdır. Belə ki, video görüntülərdə də onun digər şəxslərlə mübahisəli vəziyyətdə ofisdən arxa-arxaya çıxması açıq-aşkar görünür. Qeyd etdiyi kimi həmin vaxt ofisin qapısında Malik əli ilə onun çənəsindən vurduğu və ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün ofisin qarşısında olan kafenin stulunu götürmüş və Malikə tərəf atmışdır. Əjdər ona tərəf bir stul atmış və o, həmin stulu göydə tutaraq onlara tərəf atmışdır. Əliyar da əlində stul onun üzərinə gəlmiş, onu stulla vurmaq istəyən zaman sol qolu ilə zərbənin qarşısını almış və əli ilə onu itələmişdir. Sonra Əjdər stulla onun üzərinə gəldiyi üçün oradan qaçaraq iş yeri olan sexə getmişdir. Həmin vaxt mübahisəni o deyil, Malik, onun oğlu Əjdər və yeznəsi Əliyar başlatmışdır. Həmin şəxslər onu vuraraq təhqiramiz ifadələr işlətdikləri üçün bir anlıq özündən çıxmış və stulu götürüb Malikə tərəf atmışdır. Sonradan Malikin ondan polisə şikayət etdiyini eşitmişdir. Münaqişə təxminən beş dəqiqə davam etmiş, həmin vaxt orada Tır parkında müxtəlif işlərdə işləyən şəxslər olmuş və həmin şəxsləri daha öncədən tanımışdır. Mübahisə olan zaman orada tanımadığı heç bir şəxs olmamışdır. Həmçinin bildirmişdir ki, Malik həmişə ona toxunan ifadələr işlətmiş, ayrı-ayrı vaxtlarda əsassız olaraq ona “vəhabi” demişdir. Hazırda baş verən hadisələrə görə təəssüflənir və bir anlıq özündən çıxaraq qarşı tərəfə reaksiya göstərdiyinə görə peşmanlıq hissi keçirir. Həmçinin bildirmişdir ki, aralarında olan bütün bu hadisələrə baxmayaraq zərərçəkmiş şəxslərlə hazırda barışıq əldə etmiş, onlara vurulmuş ziyanı aradan qaldırmışdır. Zərərçəkmiş şəxslərin hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktorudur. Həmin MMC beynəlxalq yük daşıma xidməti ilə məşğuldur. Təxminən 10 ildir ki, o Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən Mahir adlı şəxsin işlətdiyi Tır parkda yük maşınlarını təmir etdirir. Hadisədən təxminən bir öncədən həmin Tır parkda usta işləyən Eltonu tanıyır. Belə ki, Elton ona məxsus yük maşınlarını bir neçə dəfə təmir etmişdir. Həmin dövrdə Elton onun Tır parkı işlədən Mahirlə münasibətinin yaxşı olduğunu bilmiş, orada daha böyük avtotəmir sexi boşalan zaman Mahirlə danışıb, ona işlətmək üçün verməyə köməklik göstərməsini xahiş etmişdir. Əvvəlcə Eltonun kasıb olduğu üçün ona köməklik edəcəyini demiş, lakin sonradan Elton onun yük maşınlarını gec təmir etdiyi üçün fikrindən daşınmışdır. Onun yeznəsi Əliyar da yük maşınlarının təmirini bacardığı üçün Eltona kömək etmişdir. O həmin sexi özü götürərək öz yük maşınlarını təmir etdirmək üçün işlətmək qərarına gəlmişdir. Həmçinin yeznəsi Əliyarı da ustalara nəzarətçı vəzifəsinə işə götürməyi fikirləşmişdir. Buna görə də Mahirə həmin sex boşaldıqdan sonra ona icarəyə verməyi xahiş etmişdir. Onun həmin Tir parkda ofisi olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan zaman Elton ona zəng vuraraq hal-əhval tutmuş və ona söz verdiyi avtotəmir sexini yeznəsinə götürüb verəcəyini eşitdiyini demişdir. O da Eltona işlərini vaxtında görmədiyini və maşınlarının işdən qalmaması üçün həmin sexi götürüb yeznəsinə verəcəyini, avtomobilləri onun təmir edəcəyini demişdir. Elton da bunu eşidib telefonu söndürmüşdür. Bundan təxmini bir saat sonra oğlu Əjdərlə ofisə gəlmiş, ofisin açarları Əliyarda olduğu üçün sonuncunu açarları gətirməsi üçün oraya çağırmışdır. Həmin vaxt yeznəsi Əliyar vasitəsi ilə Eltonu da söhbət etmək üçün ofisinə çağırmışdır. O, Əjdər, Əliyar ve Elton ofisdə oturaraq söhbət etməyə başlamışdır. Onlar normal söhbət etmişlər və daha sonra Elton sexi ona vermədiyi üçün qarğış etmişdir. O da buna görə Eltondan ofisi tərk etməsini tələb etmişdir və həmin vaxt əsəbi olduğu üçün Eltonun ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra Elton onu söyməyə başlamış, ofisdən çıxıb yaxınlıqdakı kafenin stullardan birini götürüb onun üzərinə atmışdır. Stul onun sinəsindən dəymiş və yerə yıxılmışdır. Bu vaxt Elton oradan başqa bir stulu götürərək Əliyarı və oğlu Əjdəri vurmağa başlamışdır. Əjdər özünü müdafiə etmək əlinə stul götürmüşdür. Elton həmin stulla bir neçə dəfə Əliyarın başından və bədəninin müxtəlif yerlərindən vuraraq ona xəsarətlər yetirmişdir. Sonra Elton oradan qaçaraq öz işlədiyi sexə getmişdir. O da buna görə DİN-in 102 xidmətinə müraciət etmişdir. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt kafede olan şəxslər və Tır parkda işləyən ustalar səs-küyə ora gəlmişlər. Onun sinəsində xəsarətlər olmuş, həmin xəsarətləri Elton stulla vuraraq ona yetirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini, ona görə də sonuncuya qarşı heç bir tələbinin və şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qaynıdır. Malik "xxxx" MMC-nin direktorudur və həmin şirkət beynəlxalq yük daşıma xidməti ilə məşğul olur. O, heç bir yerdə işləmir, lakin yük maşınlarının təmir işini bilir. Hətta bir neçə dəfə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən Mahir adlı şəxsin işlətdiyi “Tır” parkda Malikə məxsus yük maşınlarını təmir edən Elton adlı ustaya kömək etmişdir. Belə ki, Elton yük maşınlarını təmir edən zaman ləng və səhlənkar işlədiyi üçün o da işi tez başa çatdırması üçün sonuncuya kömək etmişdir. Malikin həmin Tir parkda ofisi olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Malik ofisin açarları onda olduğu üçün ofisə gəlib açmasını istəmişdir. O, ofisi açmış və malkin tapşırığı ilə Eltonu ofisə çağırmışdır. Malik Eltonla söhbət etməyə başlamış, Elton sexi ona vermədiyi üçün Maliklə mübahisə etmiş, onu, Maliki və Malikin oğlu Əjdəri söyməyə başlamışdır. O, ofisdən çölə çıxaraq gözləməyə başlamış, həmin vaxt orada Eltonun iş yoldaşı Ruslan da dayanmışdır. Az sonra Eltonun ucadan nalayiq ifadələr işlətmklə ofisdən çıxdığını, çöldə olan kafenin stulunu sındırdığını, stullardan birini götürüb Malikin üzərinə atdığını, stulun Malikin sinəsinə dəydiyini və sonuncunun zərbədən yerə yıxıldığını görmüşdür. O Eltonu sakitləşdirmək istəyən zaman Elton başqa bir stulu götürərək onu və Əjdəri vurmağa başlamışdır. Əjdər özünü müdafiə etmək üçün zərbələr ona dəyməsin deyə əlinə stul götürmüşdür. Lakin, Elton həmin stulla bir neçə dəfə onun başından və bədəninin müxtəlif yerlərindən vuraraq ona xəsarətlər yetirmişdir. Orada olan digər şəxslər Eltonu sakitləşdirməyə çalışmışlar, daha sonra Elton oradan qaçaraq öz işlədiyi sexə getmişdir. Münaqişə təxminən beş dəqiqə davam etmiş və həmin vaxt kafedə olan şəxslər və ətrafda işləyən ustalar səs-küyə gəlmişlər. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini, ona görə də sonuncuya qarşı heç bir tələbinin və şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktorudur və Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Tır” parkı icarəyə götürüb işlədir. Həmçinin “Tır” parkda yerləşən kafeni də özü işlədir. Malik və Eltonu da həmin “Tır” parkdan tanıyır. Onlar arasında ədavət və ya düşmənçilik yoxdur. Malikin həmin “Tır” parkda ofis də var. Elton da yük maşınlarının təmiri ilə məşğul olur. Onun öz ofisi də Malikin ofisindən uzaqda “Tır” parkın girişində yerləşir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Malik onu öz işlətdiyi ofisin yanındakı kafeyə çağırmışdır. O, həmin kafeyə getmiş və kafenin çöldə olan stolunun və stullarının sınmış vəziyyətdə olduğunu görmüşdür. Malikdən nə baş verdiyi soruşmuş, Malik də Eltonu öz ofisinə çağırdığını, aralarında mübahisə yarandığı üçün Eltonu ofisdən çıxartdığını, həmin vaxt Eltonun onunla mübbahisə edərək həmin stulları onların üzərinə atdığını bildirmişdir. O bu barədə Eltonla da görüşüb söhbət etmiş, Elton isə Mahirin onu təhqir etdiyi üçün əsəbləşərək mübahisə etdiyini demişdir. Ona heç bir maddi ziyan dəymədiyi üçün Elton barədə polisə şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Vaz-2106” markalı avtomobillə Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Adətən Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsindəki “Tır” parka gedərək orada işləyən ustaların mallarını aparmaqla məşğul olur. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs da tanıyır, onların heç biri ilə aralarında ədavət və ya düşmənçilik yoxdur. Malikin həmin “Tır” parkda ofisi vardır, Elton da həmin parkda yük maşınlarının təmiri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin “Tır” parkda olan zaman orada olan kafenin həyətində səs-küy eşitmiş və həmin yerə yaxınlaşmışdır. Mübahisə olan yerə yaxınlaşdıqda orda usta işləyən Eltonun digər şəxslər Malik, Malikin oğlu Əjdər və yeznəsi Əlyar mübahisə etməsini görmüşdür. Həmin vaxt Eltonun, həmçinin Əliyarın və Əjdərin əllərində stul mübahsiə etdiklərini, Malikin isə yerə yıxıldığını görmüşdür. O və Tır parkda işləyən Kamil onları ayırmış, Elton isə qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Alı oğlu ifadəsində göstərmişdir ki, o "xxxx" MMC-də fəhlə işləyir. Həmin şirkət Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsindəki “Tır” parkda fəaliyyət göstərir. Malik və Eltonu da həmin “Tır” parkdan tanıyır. Onlar arasında ədavət və ya düşmənçilik yoxdur. Malikin həmin “Tır” parkda ofis də var. Elton da yük maşınlarının təmiri ilə məşğul olur. xx.xx.2023cü il tarixdə günorta saatlarında “Tır” parkda olan zaman orda olan kafenin həyətində səsküy eşitmiş və həmin yerə yaxınlaşmışdır. Mübahisə olan yerə yaxınlaşdıqda orda usta işləyən Eltonun digər şəxslər Malik, Malikin oğlu Əjdər və yeznəsi Əlyar mübahisə etməsini görmüşdür. Həmin vaxt Eltonun, həmçinin Əliyarın və Əjdərin əllərində stul mübahsiə etdiklərini, Malikin isə yerə yıxıldığını görmüşdür. O və Tır parkda işləyən Elburus onları ayırmış, Elton isə qaçaraq oradan uzaqlaşmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Atası "xxxx" MMC-nin direktorudur, o isə həmin şirkətdə menecer işləyir. Həmin şirkət beynəlxalq yük daşıma xidməti ilə məşğul olur. Onların ofisi Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən Mahir adlı şəxsin işlətdiyi “Tır” parkda yerləşir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində o, atası ilə həmin ofisə gəlmiş va ofisin açarı bibisinin həyat yoldaşı Əliyarda olduğu üçün onu ofisə çağırmışdır. Əlyar gəlib ofisi açmış və atası söhbət etmək üçün həmin “Tır” parkda usta işləyən Eltonu ora çağırmışdır. X10 söhbət etməyə başlamış və Elton “Tır” parkda tezliklə boşalacaq sexi ona götürüb verməsini istəmiş, atası da Eltona həmin sexi özünün işlədəcəyini demişdir. Buna görə Elton atası ilə mübahisə edərək onu təhqir etməyə başlamışdır. Atası ondan ofisi tərk etməsini tələb etmiş, Elton isə qışqıraraq ofisdən çıxmış, yaxınlıqdakı kafenin stolunu sındırmış və stullardan birini götürüb atasının üzərinə atmışdır. Stul atasının sinəsinə dəymiş va atası zərbədən yerə yıxılmışdır. Sonra Elton oradan başqa bir stulu götürərək onu və Əlyarı vurmaq istəmişdir. O zərbənin ona dəyməməsi üçün əlinə stul götürmüş və həmin stulla Eltonun əlində olan stulu vuraraq yerə salmaq istəmişdir. Buna görə də zərbə ona dəyməmişdir. Lakin, Elton həmin stulla bir neçə dəfə Əliyarın başından və bədəninin müxtəlif yerlərindən vuraraq ona xəsarətlər yetirmişdir. O Eltonun arxası ilə getmiş, Elton isə oradan qaçaraq öz işlədiyi sexə getmişdir. Bundan sonra atası polisə şikayət etmişdir. Hadisə vaxtı özü heç bir xəsarət almamış və buna görə də məhkəmə-tibbi ekspertizadan keçmək istəməmişdir. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt kafedə olan şəxslər və ətrafda işləyən ustalar səs-küyə ora gəlmişlər. Cinayət işinin 56-57-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan şəxsin qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 134-cü vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.3cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 25-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli, 1198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol saidin orta 1/3-nin arxa səthinin qançırı, sağ saidin aşağı 1/3-nin ön səthinin 2 (iki) ədəd sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, kənar şəxstərəfindən, eləcə də öz-özünə yetirməsi istisna edilmir və dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Cinayət işinin 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli, 1199 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol saidin orta 1/3-nin arxa səthinin, döş qəfəsinin, sol diz səthinin, sol kürək nahiyyəsinin ,sol diz oynağının ön səthinin 4(dörd) ədəd sıyrıqları, dilin sol yan səthinin səthi yarası, sol alt çənə və almacıq nahiyyəsini əhatə edən dərialtı hematoma. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özüözünə yetirməsi istisna edilir və dərəcəsinə görə sol saidin orta 1/3-nin arxa səthinin, döş qəfəsinin, sol diz səthinin, sol kürək nahiyyəsinin, sol diz oynağının ön səthinin 4 (dörd) ədəd sıyrıqları, dilin sol yan səthinin səthi yarası sağlamlığa zərərvurmayan, digər xəsarətlər isə yəni sol alt çənə və almacıq nahiyyəsini əhatə edən dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin 32-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli, 1200 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ mil-bilək oynağının ön səthinin qançırı, sağ saidin yuxarı1/3-nin arxa səthinin 4 ədəd sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, kənar şəxs tərəfindən, eləcə də öz-özünə yetirməsi istisna edilmir və dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və video görüntülərdə bir nəfər şəxsin (Təqsirləndirilən şəxs) öncə digər şəxslərlə mübahisəli vəziyyətdə arxa-arxaya gəlməsi, daha sonra anidən orada olan stullardan birini götürüb mübahisə etdiyi şəxsə (şəxslərə) tərəf atması, mübahisədə olan digər şəxslərin də qarşılıqlı olaraq onu vurması, orada olan və mübahisədə iştirak etməyən şəxslərin onları ayırmağa çalışması, sonda isə Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşması müşahidə edilmişdir. Cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 24 iyul 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X7 hadisədən bir il əvvəldən bir-birlərini tanımışlar. Belə ki, Təqsirləndirilən şəxs usta kimi Zərərçəkmiş şəxs2 avtomobillərini təmir etmişdir. Təqsirləndirilən şəxs təmir işlərini Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən Tır parkında olan sexdə həyata keçirmişdir. Zərərçəkmiş şəxs2 da həmin Tır parkda ofisi olmuşdur. Digər zərərçəkmiş şəxs X7 isə Zərərçəkmiş şəxs2 yeznəsi olmuş və həmin Tır parkda Zərərçəkmiş şəxs2 yanında işləmişdir. Hadisədən bir qədər öncədən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında avtomobillərin təmiri və Tır parkda Təqsirləndirilən şəxs daha böyük sexin verilməsi ilə bağlı narazılıqlar yaranmışdır. Hətta hadisədən təxmini bir saat öncə tərəflər arasında bu barədə telefon danışığı olmuş və telefon danışığı tərəflər arasında anlaşılmazlıq olması səbəbindən yarımçıq qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 Tır parkda olan ofisinə gəlmiş və X7 vasitəsi ilə Təqsirləndirilən şəxs ofisinə çağırmış, orada aralarında olan məsələlərlə bağlı mübahisəli formada danışıqları olmuşdur. Mübahisə gedişində Zərərçəkmiş şəxs2 öz dediyinə görə Təqsirləndirilən şəxs təhqiramiz formada ofisi tərk etməsini bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs ofisdən çıxaraq orada olan stulu ona tərəf atmışdır. Video görüntülərdə də görünür ki, Təqsirləndirilən şəxs stulu götürüb atana kimi ofisdən arxa-arxaya mübahisəli şəkildə çıxır. Bundan sonra anidən stulu Zərərçəkmiş şəxs2 tərəf atır, orda olan digər şəxslər də ona qarşılıq verir. Hadisə zamanı eyni zamanda ona qarşılıq verən X1 vurur. Hadisə təxmini 30 saniyə çəkir və Təqsirləndirilən şəxs qaçaraq ordan uzaqlaşır. Eyni zamdan müəyyən edilmişdir ki, hadisə zamanı orda olan şəxslər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, digər zərərçəkmiş şəxs X7 (Zərərçəkmiş şəxs2 yeznəsi), şahidlər Şahid1 (Zərərçəkmiş şəxs2 oğlu), Şahid3 Alı oğlu (Tır parkda işləyən şəxs) və Şahid2 (taksi sürücüsü) olmuşdur. Həmin şəxslərin hamısı öncədən bir-birini tanıyan və münasibətləri olan şəxslər olmuşlar, bu halı ifadələri ilə də təsdiq etmişlər. Bundan əlavə müəyyən edilmişdir ki, hadisə tərəflərin çalışdığı Tır parkın daxilində olmuş, hadisə yerində tərəflərin tanımadığı hər hansı şəxs və ya şəxslər olmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına, iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 24 iyul 2023-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə şəxsi münasibətlər zəminində baş vermiş, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, şəxsi münasibətlərin kəskinləşməsi nəticəsində bilavasitə Zərərçəkmiş şəxs2 istiqamətlənən hərəkətlər kimi təzahür etmiş, həmin hadisə gedişində ona qarşılıq verən X7 da yüngül dərəcəli bədən xəsarəti almışdır. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. İndiki halda ittihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda əks etdirilməmişdir. Yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, həmçinin onların tərəfində çıxış edən qohumları və tanışları ilə) məhdudlaşmışdır. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerdə bir neçə şəxsin olması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Hazırkı iş üzrə əməl Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs daha öncədən aralarında olan münasibətin pozulması, bu səbəbdən aralarında başlamış münaqişədən törəyən şəxsi münasibətlərdən irəli gəlmiş, Təqsirləndirilən şəxs məqsədi zərərçəkmiş şəxslərin sağlamlığına xəsarət yetirmək, yəni cinayətkar qəsd məhz bu məqsədin realizə edilməsinə yönəlmiş, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin (hətta həmin şəxslər də hər tərəflərin qohumları və tanışlarıdır) müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, istintaq orqanı şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, təqsirləndirilən şəxsin xuliqanlıq əməlinin nədən ibarət olması göstərilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin və hərəkətlərinin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti və xuliqanlıq kimi deyil, sadəcə sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-cü il tarixdə Zərərçəkmiş şəxs2 stulla vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bundan başqa digər zərərçəkmiş şəxs X1 vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs2 almış olduğu dərəcəsi təyin edilməyən bədən xəsarəti ibtidai istintaqda verilmiş xuliqanlıq cinayət əməlinin ittihamında tam əhatə olunsa da Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ittihamda nəzərə alınmamalıdır. Belə ki, zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsi cinayət məsuliyyətinə deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İndiki halda tərəflər barışdığından Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunması istisna edilir. Bu baxımdan məhkəmə onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə bağlı səlahiyyətli orqana hər hansı qərarın göndərilməsini məqəsədə müvafiq hesab etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törəməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisənin video görüntüləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ilə tövsif edilməsini və onun barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 44 saata görə 274 (iki yüz yetmiş dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43, 318.1, 321.2.1, 341-349, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 44 saata görə 274 (iki yüz yetmiş dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-48/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-48/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver