Məhkəmə qərarları › İş №1(060)-480/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-480/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-480/2021 16.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri X2 və X3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Xaçmaz rayonu Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2, mənzil 14-də qeydiyyatda olan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, YAT-6A-da qeydiyyatda olan, Sumqayıt şəhəri Xəzər bağları fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26.04.2021-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi «Metallurq» kafesində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan masanın üzərində olan silah qismində istifadə etdiyi 01 ədəd şüşə qab (butulka) ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurmuş, lakin o heç bir xəsarət almamış, yanında dayanmış Zərərçəkmiş şəxs2 yumruqla sağ sifət nahiyəsindən vuraraq ona sağ almacıq sümüyünün sınığından ibarət dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinli fonunda əziyindən ibarət qəsdən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs2 heç bir səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs2 boyun nahiyəsinə vuraraq, sonuncuya ənsə nahiyəsinin sağ hissəsinin yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, hər ikisi «Metallurq» kafesinin masalarını, oturacaqlarını, qab-qacaqlarını, «Sony» markalı notbuku sındırmaqla kafeyə 2800 (iki min səkkiz yüz) manat, kafenin qarşısında olan Zərərçəkmiş şəxs1 məxsus «Mersedes E Klass» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan güzgüsünə Təqsirləndirilən şəxs1, sol yan güzgüsünə Təqsirləndirilən şəxs2 təpiklə vurub qırmaqla, sol arxa yan qapıya isə hər ikisi hərəyə bir dəfə təpiklə vurub əzməklə avtomobilə təxminən 500 (beş yüz) manat, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3300 (üç min üç yüz) manat ziyan vurub qəsdən əmlakları zədələməklə xuliqanlıq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 1 ildir ki, tanıyır, onların yaxşı dostluq münasibətləri var. Onlara məlum olmuşdur ki, «Metallurq» kafesində qadınlar pozğun işlərlə məşğuldur və orada narkotik vasitələrin satışı aparılır və onlar düşünmüşlər ki, həmin kafeni gedib dağıtsınlar. Bu məqsədlə 26.04.2021-ci il tarixdə saat 21 radələrində o dostu Təqsirləndirilən şəxs2la birlikdə Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən «Metallurq» kafeyə getməmişdən əvvəl yaşadıqları evin yaxınlığında yerləşən «İncə» kafesində bir neçə bokal pivə içib həmin kafenin dağıtmağın yollarını düşünüb qərara almışlar ki, kafeyə gedib orada bəhanə uydurub mübahisə yaradıb kafeni dağıtsınlar. Bundan sonra onlar kafeyə getmişlər. Kafeyə daxil olub bir masaya yaxınlaşmışlar. Həmin vaxt o masanın arxasında olan oturacağı götürüb qaldırıb yerə vurmuş, daha sonra isə onlar masa arxasına əyləşmişlər. Onlara ofisiant yaxınlaşmış, onlar 4 ədəd 0,5 ml-lik «Kuller» pivəni şüşə butulkada sifariş etmişlər. Sonradan adının Cəmil kimi bildiyi ofisiant mətbəx otağına keçib 4 ədəd 0,5 ml-lik «Kuller» pivəni şüşə butulkada gətirib onlara təqdim etmişdir. Həmin vaxt kafeni işlədən Vasif onlara yaxınlaşıb ona demişdir ki, niyə oturacağı qaldırıb yerə vurur. O da ona demişdir ki, yaxşı edir və masanın üzərində olan şüşə butulkadan birini götürüb Vasifin baş nahiyəsindən 01 dəfə vurmuş, şüşə butulkası onun başında qırılmışdır. Daha sonra Cəmil onları ayırmaq istəyərkən o yumruqla onun sağ sifət nahiyəsindən möhkəm vurub kafedən çölə çıxmış, Cəmil də onun arxasınca gələrək əlindəki şüşə butulkalarını çöldə ona tərəf atmış, lakin butulkalar ona dəyməmişdir. Rasim də çölə çıxmışdır. Bundan sonra onlar kafeyə qayıdaraq kafedə olan stolları aşırdıb, stulları isə kafenin divarlarına çırparaq, oranı dağıtmağa başlamışlar, kafenin şüşələrini, qab-qacaqlarını stullarla qırmışlar. Hətta masanın üzərində olan «Sony» markalı notbuku da oturacaqla vurub qırmışlar. Vasif onlara qışqırıb dayanmalarını dedikdə, onlar yenə çölə çıxıb kafenin qarşısında olan «Mersedes E Klass» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünü o, sol yan güzgüsünə Rasim təpiklə vurub qırmışlar, daha sonra sol arxa yan qapıya da hər ikisi bir dəfə təpiklə vuraraq əzmişlər. Sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları gəlib onları polisə aparmışlar. Hadisə vaxtı o özü də sağ ayağından, sağ dirsəyindən və sağ çiynindən xəsarət almışdır. Sağ ayağından xəsarəti o stulları qaldırıb kafenin şüşələrinə vurarkən şüşənin qırılması nəticəsində sağ ayağının şüşə ilə kəsilməsi nəticəsində almışdır. Sağ dirsəyindən və sağ çiynindən isə xəsarətləri tanımadığı şəxslər onu kafedən kənarlaşdırmaq istəyib ayırmaları nəticəsində itələyib kafedən çıxartmaq istəyərkən almış, həmin şəxslərin onlara xəsarət yetirmək məqsədləri olmamış, onları tanımamışdır. Bununla bağlı heç kimin barəsində heç bir şikayət və tələbi olmamışdır. Hadisə təxminən 30 dəqiqə davam etmiş, hadisə vaxtı kafedə təxminən 20 nəfər olmuş, o Rasimlə birlikdə məlum cinayəti törədərkən onlardan çoxu qaçıb çölə çıxmışlar. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 1 ildir ki, tanımaqla, onların yaxşı dostluq münasibətləri var. Onlara məlum olmuşdur ki, «Metallurq» kafesində qadınlar pozğun işlərlə məşğuldur və orada narkotik vasitələrin satışı aparılır və onlar düşünmüşlər ki, həmin kafeni gedib dağıtsınlar. Bu məqsədlə 26.04.2021-ci il tarixdə saat 21 radələrində o dostu Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən «Metallurq» kafeyə getməmişdən əvvəl yaşadıqları evin yaxınlığında yerləşən «İncə» kafesində bir neçə bokal pivə içib həmin kafeni dağıtmağın yollarını düşünmüşlər və qərara gəlmişlər ki, kafeyə gedib orada bəhanə uydurub mübahisə yaradıb kafeni dağıtsınlar. Bundan sonra onlar kafeyə getmişlər. Kafeyə daxil olub bir masaya yaxınlaşmışlar, həmin vaxt Ümüd masanın arxasında olan oturacağı götürüb qaldırıb yerə vurmuş, daha sonra isə onlar masa arxasına əyləşmişlər. Onlara ofisiant yaxınlaşmış, onlar 4 ədəd 0,5 ml-lik «Kuller» pivəni şüşə butulkada sifariş etmişlər. Sonradan adının Cəmil kimi bildiyi ofisiant mətbəx otağına keçib 4 ədəd 0,5 ml-lik «Kuller» pivəni şüşə butulkada gətirib onlara təqdim etmişdir. Həmin vaxt kafeni işlədən Vasif onlara yaxınlaşıb Ümüdə demişdir ki, niyə oturacağı qaldırıb yerə vurur. Ümüd də ona demişdir ki, yaxşı edir və masanın üzərində olan şüşə butulkadan birini götürüb Vasifin baş nahiyəsindən 01 dəfə vurmuş, şüşə butulkası onun başında qırılmışdır. Daha sonra Cəmil onları ayırmaq istəyərkən Ümüd yumruqla onun sağ sifət nahiyəsindən möhkəm vurub kafedən çölə çıxmış, həmin vaxt Cəmil də onun arxasınca çıxmışdır. Vasif də çölə çıxmaq istəyərkən, o da onun arxasınca getmiş, ona çatanda o əlindəki çəliklə onun baş nahiyəsinə vurmuş, o da çölə çıxmışdır. Cəmilə çatıb çöldə kafenin qarşısında arxadan yumruqla onun boynundan möhkəm vurmuşdur. Daha sonra Ümüdlə birlikdə kafeyə qayıdaraq kafedə olan stolları aşırdıb, stulları isə kafenin divarlarına çırparaq, oranı dağıtmağa başlamışlar, kafenin şüşələrini, qab-qacaqlarını stullarla qırmışlar. Hətta oturacaqla masanın üzərində olan «Sony» markalı notbuka da vurub qırmışlar. Vasif onlara qışqırıb dayanmalarını dedikdə, onlar yenə çölə çıxıb kafenin qarşısında olan «Mersedes E Klass» markalı **-HX- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünü Ümüd, sol yan güzgüsünə o təpiklə vurub qırmış, daha sonra sol arxa yan qapıya da hər ikisi bir dəfə təpiklə vuraraq əzmişlər. Sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları gəlib onları polisə aparmışlar. Hadisə vaxtı o baş və burun nahiyəsindən xəsarət almış, baş nahiyəsindən xəsarəti Vasifin çəliklə onun başından vurması nəticəsində almış, burnundan isə xəsarəti tanımadığı şəxslər Ümüdlə onu kafedən kənarlaşdırıb çölə çıxartmaq istəyərkən, onlardan kiminsə əli onun burnuna dəyməsi nəticəsində təsadüfən almış, həmin şəxsin onu döymək, ona xəsarət yetirmək fikri olmamışdır. Bununla bağlı heç kimin barəsində heç bir şikayət və tələbi olmamışdır. Hadisə təxminən 30 dəqiqə davam etmiş, hadisə vaxtı kafedə təxminən 20 nəfər olmuş, o Ümüdlə birlikdə məlum cinayəti törədərkən onlardan çoxu qaçıb çölə çıxmışlar. Törətdiyi əməldən peşmandır. Ailə vəziyyəti ağırdır, faktiki olaraq ailəlidir, amma nikahlarını qeydə aldırmamışlar, ailədə yeganə qazanc gətirən şəxsdir, 22.12.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, təxminən 6-7 ildir ki, o Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən «Metallurq» kafesini icarəyə götürüb işlədir. Həmin kafedə ondan başqa nəzarətçi (soyadını və atasının adını bilmədiyi) Namiq, ofisiant Səidə işləyirlər. 26.04.2021-ci il tarixdə, saat 21 radələrində o kafedə olarkən əvvəllər tanımadığı 02 nəfər şəxs kafeyə müştəri kimi gələrək, bir masa arxasına yaxınlaşıb, onlardan biri, yəni saqqallı oğlan oturacağı götürüb qaldırıb yerə vurmuş, daha sonra onlar masa arxasına əyləşmişlər və 4 ədəd 0,5 ml-lik «Kuller» pivəni şüşə butulkada sifariş vermişlər. O onlara yaxınlaşıb sonradan adını və soyadını bildiyi Ümüd adlı saqqallı oğlana demişdir ki, niyə oturacağı qaldırıb yerə vurur. O da ona «yaxşı edirəm, lap canını da alaram» sözünü demişdir. Ümüd masanın üzərində olan şüşə butulkadan birini götürüb onun baş nahiyəsindən 01 dəfə vurmuş, şüşə butulkası onun başında qırılmışdır. O Ümüdün arxasınca gedəndə sonradan adının Rasim olduğunu və Ümüdlə bir yerdə kafeyə daxil olan şəxsin üz nahiyəsinə əlindəki çəliklə vurmuşdur. Elə bilmişdir ki, o da onu vuracaq, onun qabaqlamaq məqsədi ilə belə bir addım atmışdır. Rasim də Ümüdün arxasınca kafedən çıxdıqda bir qədər sonra hər ikisi geri qayıdaraq stolları və stulları götürüb yerə çırpmışlar, şüşə butulkalarını pəncərələrin şüşələrinə vurub qırmışlar, qab-qacaqları sındırmışlar, hətta oturacaqla masanın üzərində olan təxminən 2 il əvvəl 800 manata aldığı «Sony» markalı notbuku vurub qırmışlar. O onlara qışqırıb dayanmalarını dedikdə, onlar çölə çıxıb kafenin qarşısında saxladığı «Mersedes E Klass» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan güzgüsünə Ümüd, sol yan güzgüsünə Rasim təpiklə vurub qırmışlar, sol arxa yan qapıya isə hər ikisi bir dəfə təpiklə vuraraq əzmişlər. O görəndə ki, onlar dayanmaq bilmir, dərhal Sumqayıt ŞPİ-nin 4-cü PB-yə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra həmin bölmənin və Sumqayıt ŞPİ-nin əməkdaşları hadisə yerinə gələrək, hadisə yerinə baxış keçirib, onları tutub aparmışlar. Hadisə nəticəsində o baş nahiyəsindən xəsarət almışdır. Bundan başqa, hadisə nəticəsində icarəyə götürüb işlətdiyi kafeyə təxminən 2000 manat, ona məxsus «Mersedes E Klass» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə təxminən 500 manat ziyan vurulmuşdur. Hadisə 26.04.2021-ci il tarixdə saat 21 radələrində onun icarəyə götürüb işlətdiyi «Metallurq» kafesində baş verərək, təxminən 30 dəqiqə davam etmişdir. Hadisə vaxtı kafedə taksi sürücüsü işləyən tanışı Cəmil, kafeyə müştəri kimi gəlib-gedən Aynurə və başqa tanımadığı 20 nəfər müştəri olmuşdur. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 21.10.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 26.04.2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən “Metallurq” kafesinin qarşısında qardaşı Vilayət Daşdiyevə məxsus və etibarnamə əsasında idarə etdiyi “Opel” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə dayanaraq taksi fəaliyyəti ilə məşğul olmaq istəyərkən, həmin kafeni icarəyə götürüb işlədən, bir neçə ildir ki, tanıdığı Vasif ona demişdir ki, kafedə ofisiant yoxdur, yarımsaatlıq ona kömək etsin. O da razılaşıb kafeyə keçib ofisiant kimi kömək etməyə başlamışdır. Həmin gün saat 21 radələrində kafeyə 2 nəfər tanımadığı şəxs müştəri kimi daxil olmuş, onlardan biri, adının Ümüd olduğunu sonradan bildiyi saqqallı oğlan oturacağı götürüb qaldırıb yerə vurmuş, daha sonra onlar masa arxasına əyləşmişlər. O onlara yaxınlaşaraq sifarişlərini qəbul etmiş, onlar 4 ədəd 0,5 ml-lik «Kuller» pivəni şüşə butulkada sifariş vermişlər. O mətbəx otağına keçib 4 ədəd 0,5 ml-lik «Kuller» pivəni şüşə butulkada gətirib onlara təqdim etmişdir. Həmin vaxt Vasif onlara yaxınlaşıb Ümüd adlı saqqallı oğlana demişdir ki, niyə oturacağı qaldırıb yerə vurur. O da ona yaxşı etdiyini deyib masanın üzərində olan şüşə butulkadan birini götürüb Vasifin baş nahiyəsindən 01 dəfə vurmuş, şüşə butulka onun başında qırılmışdır. Daha sonra o onları ayırmaq istəyərkən Ümüd yumruqla onun sağ sifət nahiyəsindən möhkəm vurmuş, həmin vaxt onun əlində şüşə butulkalar olmuşdur. Ümüd onu vurduqdan sonra kafedən çölə çıxmış, o da onun arxasınca çölə çıxıb əlindəki butulkaları ona tərəf atmış, lakin şüşə butulkalar ona dəyməmişdir. Daha sonra o yenidən kafeyə qayıdıb masanın üzərindən mobil telefonunu götürüb yenidən Ümüdün arxasınca çölə çıxarkən Ümüdlə bir yerdə kafeyə gələn adının sonradan Rasim kimi bildiyi digər şəxs də onun arxasınca gəlib çöldə kafenin qarşısında arxadan yumruqla onun boynundan möhkəm vurmuşdur, Rasimin əlində heç nə olmamışdır. Daha sonra Rasim və Ümüd hər ikisi yenidən kafeyə qayıdaraq stolları və stulları götürüb yerə çırpmışlar, şüşə butulkaları pəncərələrin şüşələrinə vurub qırmışlar, qab-qacaqları sındırmışlar. Onların hansı səbəbdən belə etdiklərini bilməmiş, onlar çox qəzəbli və aqressiv, həmçinin sərxoş olmuşlar. Vasif onlara qışqırıb dayanmalarını dedikdə, onlar yenə çölə çıxmışlar. Vasif Sumqayıt ŞPİ-nin 4-cü PB-yə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək onları bölməyə aparmışlar. Hadisə vaxtı onu Ümüd yumruqla sağ sifət nahiyəsindən bir dəfə möhkəm vurmuş, Rasim isə onun boynundan bir dəfə yumruqla vurmuş, bundan başqa onlar onu vurmamışlar, döyməmişlər. O özü də onları vurmamış, döyməmişdir. Hadisə 26.04.2021-ci il tarixdə saat 21 radələrində «Metallurq» kafesində baş verərək, təxminən 30 dəqiqə davam etmişdir. Hadisə vaxtı kafedə ondan başqa Vasif, kafeyə müştəri kimi gəlib-gedən Aynurə və başqa tanımadığı 20 nəfər müştəri olmuşdur. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 26.04.2021-ci il tarixdə saat 20 radələrində o Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən «Metallurq» kafesinə gedib, zalda ayrıca masa arxasında əyləşib çay sifariş verib, çay içmişdir. Həmin gün saat 21 radələrində o kafedə olarkən səs-küy eşidib, kafedə müştərilərin hamısının çölə qaçdığını görmüş, həmin vaxt 2 nəfər tanımadığı şəxs kafedə olan qapının şüşələrini, eləcə də qabqacaqları əllərində olan stullarla vurub qırmışlar, masaları aşırmışlar. Kafedə işləyən adını bilmədiyi ofisiantın, taksi sürücüsünün başının yarıldığını, qan axdığını görmüşdür. O qorxduğundan tez çölə qaçmaq istəyərkən görmüşdür ki, həmin şəxslərdən biri də onun arxasınca gəlir, həmin vaxt o yerdə olan stullara ilişərək üzü-üstə yerə yıxılmış, onun sağ ayağı əzilmişdir. Bu vaxt zalda olan şəxslərdən biri ona yaxınlaşaraq ayağa qalxmağa köməklik edib ayağa qaldırmış və o tez çölə çıxmışdır. Həmin vaxt polis əməkdaşları da gəlmişlər, həmin şəxsləri və onları bölməyə aparmışlar. Onların hansı səbəbdən belə hərəkət etdiyini bilməmişdir. Hadisə vaxtı onu heç kimi vurmamışdır. Qeyd etdiyi kimi o çölə qaçmaq istəyərkən kafedə yerdə olan stullara ilişib yerə yıxılmış, nəticədə o sağ ayağından xəsarət almış, həmin xəsarətlə bağlı onun heç kimə qarşı şikayət və tələbi olmadığından, ekspertizadan keçmək istəməmişdir. O kafedə zalda ayrıca masa arxasında əyləşmiş, bir də səs-küyə çevrilib onlara tərəf baxanda görmüşdür ki, həmin şəxslər stullarla kafenin qapılarının şüşələrini, qab-qacaqları sındırmışlar, yer hamısı şüşə olmuş, stullar və stollarda hamısı aşırdılmışdır. Kafedə olan tanımadığı ofisiantın və taksi sürücüsünün başları yarılmışdır. Lakin onların konkret olaraq kimin vurduğunu görməmişdir, ola bilsin ki, onları elə kafeni dağıdan həmin 2 nəfər şəxs vurmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26.04.2021-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən “Metallurq” kafesinin yanından keçərkən orada səs-küy səslərini eşidib, bir neçə şəxslərin bir-birləri ilə dalaşdığını görüb, kafeyə daxil olmadan, tez DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hava qaranlıq olduğu üçün kimlərin dalaşdığını, kimin kimə xəsarət yetirdiyini görə bilməmiş, oradan uzaqlaşmışdır. İşdə olan protkollardan və qərarlardan görünür ki, 27.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Sumqayıt şəhər məhkəməsinin 28.04.2021-ci il tarixli qərarları ilə hər birinin barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 49-50, 76-77, 112-113, 135-139) İşdə olan “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 baş vermiş hadisənin videogürüntüsünü əks etdirək 01 ədəd DVD diski istintaqa təqdim etmişdir.(i.v 158) İşdə olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 26.04.2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən «Metallurq» kafesində olarkən, Təqsirləndirilən şəxs1 masanın üzərində olan şüşə butulkadan birini götürüb Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurur, daha sonra yumruqla Zərərçəkmiş şəxs2 sağ sifət nahiyəsindən vurub çölə çıxır, Zərərçəkmiş şəxs2 də onun arxasınca əlində 02 ədəd şüşə butulkası ilə çıxır, Zərərçəkmiş şəxs1 də çölə çıxarkən Təqsirləndirilən şəxs2 ona yaxınlaşır, Zərərçəkmiş şəxs1 əlindəki çəliklə Təqsirləndirilən şəxs2 baş nahiyəsinə vurur, sonunucu çölə çıxır, həmin vaxt Zərərçəkmiş şəxs2 kafeyə qayıdıb masanın üzərində olan mobil telefonu götürür, daha sonra Ümüm İskəndərov və Təqsirləndirilən şəxs2 qayıdıb «Metallurq» kafesinin stollarını, stulları götürüb yerə çırpırıb, şüşə butulkalarını pencərələrin şüşələrinə vurub qırıraraq, qab-qacaqlarını sındırıb, oturacaqla masanın üzərində olan «Sony» markalı notbuka vurub qırırlar, kafenin qarşısında Zərərçəkmiş şəxs1 saxladığı «Mersedes E Klass» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ və sol yan güzgülərinə, təpiklə vurub qırırlar, sol arxa yan qapıya isə hər ikisi bir dəfə təpiklə vurub əzirlər.(i.v 159-160) Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İşdə olan qərardan görünür ki, 26.04.2021-ci il tarixdə baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 159-160,194-203) İş üzrə keçiriulmiş məhkəmə-tibbi ekspertizasının 30.04.2021-ci il tarixli 455 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində sağ almacıq sümüyünün sınığı, ənsə nahiyəsinin sağ hissəsinin yarası, sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 3-4 gün əvvəl olmaqla 26.04.2021-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə –sağ almacıq sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, ənsə nahiyəsinin sağ hissəsinin yarası isə –sağlamlığın qısa müddətə pozulmasıqa səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarət yəni sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinli fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir.(i.v 168-170) İş üzrə keçiriulmiş məhkəmə-tibbi ekspertizasının 18.05.2021-ci il tarixli 537 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır.(i.v 165-167) İşdə olan Sumqayıt şəhər Narkoloji Dispanserin 26.04.2021-ci il tarixli A/334 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu yüngül dərəcədədir.(i.v 37) Sumqayıt şəhər Narkoloji Dispanserin 27.04.2021-ci il tarixli A/335 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu yüngül dərəcədədir.(i.v 38) İşdə olan, Zərərçəkmiş şəxs1 Sumqayıt ŞPİ-nin İŞ-yə ərizəsində göstərilir ki, 26.04.2021-ci il tarixdə, saat 21 radələrindlə Sumqayıt şəhəri Betonzavod ərazisində yerləşən, Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi «Metallurq» kafesində Təqsirləndirilən şəxs1 pivə butulkası ilə onun baş nahiyəsinə bir dəfə vurub xəsarət yetirmiş, daha sonra tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə kafedə olan stol-stulları, qabqacaqları, kafenin şüşələrini stullarla qırmışlar və kafenin qarşısında dayanadan avtomobilinin sağ və sol yan güzgülərinə təpiklə vuraraq qırmışlar, sol arxa yan qapıya təpiklə vuraraq qapını əzmişlər, hadisədən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvləri ona, avtomobilinə və icarəyə götürüb işlətdiyi kafeyə vurulmuş ziyanı tam olaraq ödəmişlər, ona görə də, hazırda onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdədə olmayacaqdır.(i.v. 190) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin 06.08.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 04.12.2013-cü il tarixli hökmü ilə 06.08.2013-cü il tarixli hökm ləğv edilərək, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 il azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 01 il 06 ay sınaq müddəti təyin edilməklə cəza şərti olaraq tətbiq edilmiş, 04.06.2015-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur.(i.v 186-189) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 141) İş materiallarında olan xasiyyətnamədən görünür ki, X4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 193) Məhkəməy təqdim edilmiş “Doğum haqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 22.12.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2in əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.14-cü və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsi, ona dəymiş zərəri ödəməsi və əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2in cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağı olmasını, Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsi, ona dəymiş zərərin ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs1 təyin edilən cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2 27 aprel 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 6 ay 20 gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş üzrə maddi sübut-26.04.2021-ci il tarixdə baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2in 27 aprel 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 06 ay 20 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, hökm qanuni qüvvəyə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut - 26.04.2021-ci il tarixdə baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar