Məhkəmə qərarları › İş №1(060)-480/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-480/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-480/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 1(060)-15/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 03 günlük hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2əbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,048 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2022-ci il tarixdə, saat 11:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf polietilen sellofana bükülmüş vəziyyətdə 1,048 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 11:10 radələrində, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ərazisində yaşadığı evin yaxınlığında olan zaman 3 (üç) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. Polis Bölməsində video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, üzərində narkotik vasitə olmasını təsdiqləyərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) büküm şəffaf polietilen sellofana bükülmüş, tünd qəhvəyi rəngli narkotik vasitə heroini çıxarıb, masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda, bükümün içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik, həmin narkotik vasitə aşkar olunmuşdur. Sonra həmin kütlə tərəziyə qoyulub çəkilmiş və məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən və vəkili tərəfindən imzalanmışdır. Həmin büküm şəffaf sellofana bükülmüş kütlə narkotik vasitə “heroin” olmuş, onu Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat ödəyərək, öz istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirdi ki, vətndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdiriməsi barədə Sumqayıt ŞPİ, 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi ərazisində, saat 11:10-da saxlanılmışdır. O və eləcə də digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmiş, o özünü təqdim etdikdən sonra onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə getdikdən sonra, xidməti otaqlardan birində Təqsirləndirilən şəxs icazəsi ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya olduğunu soruşmuş, Təqsirləndirilən şəxs “bəli” deyə cavab vermiş və əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 büküm, şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açdıqda, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə olması aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözügedən 1 ədəd polietilen sellofana bükülmüş narkotik vasitəyə bənzər kütlə büküldüyü polietilen sellofanla birlikdə elektron tərəziyə qoyularaq çəkisi ölçülmüş, sonra isə zərfə qoyularaq qablaşdırılmış, imzalanmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə oluğunu, Bakı şəhərində tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilsə də, üzərindən əlavə heç bir şey aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 şahid Natiq Qəhramanovun göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdirlər. İşdə olan “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 17) Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmışdır.(i.v. 71-73) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/989 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125”dairəvi möhür əksi olan və “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,048 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir..(i.v 34-40) İş üzrə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1132 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 91-92) İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:10-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 12:20-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X3 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 1 (bir) ədəd şəfaf rəngli sellefona bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda bükümün içərisindən qəhvəyi rəngli, kəskin iyili, toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu, aşkar olunmuş həmin maddəni on gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərəində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellafon ilə birlikdə çəkisinin 1.25 qram müəyyən olunmuş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuş və video çəkilişin müddəti saat 12:09-dan, 12:17 -dək davam etmişdir. (İ.v 25-26) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2021-ci il tarixli protokolda göstərilənlər təsdiq edilmişdir. (i.v 74-77) Məhkəmə iclasında DVD diskinə yazılmış görüntülər nümayiş olundu və göstərilənlər təsdiq olundu. Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0.998 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına verilmiş və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir.(i.v 76) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, o, Sumqayıt şəhər məhkəməsinin 1(060)-15/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 03 günlük hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edildiyindən yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yaranır . (i.v 85-86) İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdən görünür ki, təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.1.4-cü və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65(altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra tədqiqatdan sonra qalıq qalmış 0.998 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65(altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,998 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar