Məhkəmə qərarları › İş №1(060)-481/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-481/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-481/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri, Xəzər bağları y/m, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı Sumqayıt şəhəri “Xəzər Bağları” yaşayış massivinin ərazisində yerləşən evinin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ona evinin qarşısına dəvət etmiş olduğu avtomaşınların ona məxsus evin pəncərəsinin altında saxlaması barədə tutmuş olduğu irad səbəbindən aralarında baş vermiş mübahisə zəminində Z.Məmmədovu sifət və baş nahiyyəsindən bir neçə dəfə yumruqla vuraraq qapalı kəllə-beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi, sol almacıq sümüyünün, sol göz yuvasının laterial qəlpəsi sınığı, sol göz əzələsinin əzilməsi, sol alnın, sol ənsə nahiyyəsinin əzilmiş yarası, sol göz ətrafının hematoması ilə nəticələnən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin həyatı üşün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, onunla əvvəllər münasibəti yaxşı olsa da lakin son zamanlar pozulmuşdur. Belə ki, Zaur bir neçə dəfə onun evinə qonaq gələn şəxslərin avtomaşınlarını onun yaşadığı evin pəncərəsi altında saxlamalarını irad tutub mübahisələr yaratmışdır. Lakin Zaur ondan böyük olduğuna görə əvvəllər onun dediklərinə baş qoşmamışdır. 17 fevral 2022-ci il tarixdə, saat təxminən 20:30 radələrində yaşadığı evdən Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisinə getmək üçün taksi sifariş vermiş, bir neçə dəqiqədən sonra taksi sürücüsü ona zəng vuraraq artıq yaşadığı evin qarşısına gəldiyini bildirdikdə ondan 3-4 dəqiqə gözləməsini xahiş etmişdir. Lakin bir qədər sonra çölə çıxdıqda sürücünün orada olmadığını görüb zəng vurduqda həmin sürücü qonşunun onu yaşadığı evin qarşısından qovduğunu bildirmiş, həmin sürücüdən bir qədər aralıda saxlayıb onu gözləməsini xahiş etmişdir. Bundan sonra tələsik həmin istiqamətdə gedərkən qarşısına Zaur çıxmış və ona “Sənə neçə dəfə demişəm ki, sənin üçün gələn maşınlar mənim evimin qarşısında saxlamasın” demiş, Zaura həmin sürücünün onun evini tanımadığını, sifarişlə məhəlləyə gəldiyini bildirsə də, Zaur onu hədələməyə və söyməyə başladıqda özünü saxlaya bilməyib bir dəfə yumruqla onun baş nahiyyəsindən vurmuş, bu zaman Zaur üstünə gəlib onu vurmaq istəyərkən sağ əlində qatlanmış vəziyyətdə olan dəmir açarla Zaurun baş nahiyyəsindən daha bir zərbə vurmuşdur. Bu zaman Zaurun baş nahiyyəsindən qan açılmış, Zaurun onu vuracağından qorxaraq qaçaraq bir qədər aralıda onu gözləyən taksiyə oturmuş və oradan uzaqlaşmasını xahiş etmişdir. Zaur isə onu söyə -söyə bir qədər aralıda dayanmış başqa bir maşına oturub getmişdir. Sürücü onun üstündə və əlində olan qanı görüb nə baş verdiyini soruşduqda qonşusunu vurduğunu bildirmiş, taksi sürücüsü qorxaraq bir qədər getdikdən sonra avtomaşını saxlayıb ondan maşından düşməyi tələb etmiş və özü getmişdir. Mübahisə qısa müddətli davam etmiş, həmin vaxt kənar şəxslər gəlməmiş, vurmasına səbəb zərərçəkmiş şəxsin onu ifadə olunmaz söyüşlər söyməsi olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, özünü təqsirli bildiyini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur, belə ki, Nazim 3 ildir ki, ailəsi ilə birlikdə onun yaşadığı məhəlləyə köçüb və evindən bir ev ara fərqi ilə qonşu olan evdə yaşayır. Nazimlə son 6 ayda araları pozulmuş, belə ki, Nazimin yanına axşam və gecə saatlarında tez-tez ayrı-ayrı vətəndaşlar gəlir və hər dəfə də onun yanına gələn vətəndaşlar avtomaşınlarını onun evinin pəncərəsi altında saxlayır, o və ailə üzvləri isə bundan narahat olur. Buna görə bir neçə dəfə Nazimlə görüşüb ona öz iradını bildirmiş, 17 fevral 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı evdə olarkən qırmızı rəngli “Mersedes” markalı avtomaşının pəncərəsinin qarşısında saxladığını görüb çölə çıxmış və həmin tanımadığı sürücüdən kimi gözlədiyini soruşduqda o, Nazimi gözlədiyini bildirmişdir. Həmin sürücüdən mədəni surətdə avtomaşınını Nazimin evinin qarşısında saxlamasını xahiş etmiş, bundan sonra həmin sürücü avtomaşını işə salıb oradan uzaqlaşmışdır. Daha sonra evindən çayxana istiqamətində gedərkən bu zaman Nazimin tələsik avtomaşın istiqamətində getdiyini görüb ona müraciət edərək yanına gələn avtomaşınları mənzilinin qarşsında saxlamamalarını tələb edəndə Nazim acıqlı şəkildə bundan sonra da onun yanına gələn avtomaşınların onun evinin qarşısında saxlayacaqlarını bildirmiş, bu zaman aralarında söz mübahisəsi yaranmış və Nazim gözləmədiyi halda onun baş nahiyyəsindən yumruq zərbəsi vurmuşdur. Bundan əsəbiləşib arxaya çəkilərək Nazimə cavab zərbəsi vurmaq istəyəndə Nazim əlində hazır olan hansısa əşya ilə bir daha onun baş nahiyyəsiııdən vuranda bərk ağrı hiss etmiş və başından qan açılmışdır. Bunu görən Nazim qaçaraq oradan uzaqlaşmış, o isə bir təhər yolun kənarına çatmış və orada onu gözləyən dostu Orxana məxsus avtomaşına oturmuş və Orxan onu təcili olaraq xəstəxanaya çatdırmışdır. Hadisə baş verərəkən Nazimin onu konkret olaraq hansı əşya ilə vurmasını görməmişdir. Hadisə qısa müddətli baş vermiş, kənar şəxslər toplaşmamış, o heç kimi söyməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş maddi və mənəvi zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı tələbi, iddiası və şikayətinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək sonuncunun barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışdığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayıt işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, heç yerdə rəsmi işləmədiyindən özünə məxsus “Mersedes” markalı, 99- GU-862 nömrə nişanlı avtomaşınla 6688 taksi xidmətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 20-51-də Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən “Ləman” mebel salonunun yaxınlığında olarkən ***- ***-**-** saylı mobil nömrədən tanımadığı şəxsin “Ləman” mebel salonunun arxa hissəsində təxminən 100 metr məsafədə olan mənzildən Sumqayıt şəhəri 10-cu mikrorayon, “Xəlifə” şadlıq sarayının qarşısına aparmaq üçün sifariş gəlmiş, həmin yerə yaxın olduğu üçün sifarişi qəbul etmiş və idarə etdiyi avtomaşını həmin daşlı məhəlləyə sürüb evlərdən birinin qarşısında avtomaşınını saxlayaraq müştəriyə zəng vurmuş, sonradan adının Nazim olduğunu öyrəndiyi müştəri 3 dəqiqədən sonra avtomaşına yaxınlaşacağını bildirmişdir. Avtomaşının salonunda müştərini gözləyərkən bu vaxt ona bir nəfər ilk dəfə gördüyü şəxs yaxınlaşaraq onun evinin qarşısında nə etdiyini soruşmuş, həmin şəxsə taksi sürücüsü olduğunu və müştəri gözlədiyini bildirdikdə, həmin şəxs ondan kobud şəkildə avtomaşını onun evinin qarşısında saxlamamağı tələb etmişdir. Həmin şəxslə mübahisə etməyərək avtomaşını işə salıb həmin evin qarşısından uzaqlaşmış və müştəriyə zəng vuraraq oradan uzaqlaşdığını bildirərkən Nazim adlı şəxs evdən çıxdığını və avtomaşını gördüyünü bildirib bir qədər aralıda saxlayıb onu gözləməsini xahiş etmişdir. Bir qədər aralıda avtomaşını saxlamış, həmin vaxt arxa güzgüdən iki nəfər şəxsin bərkdən mübahisə edərək əlbəyaxa olduqlarını, sonra onlar ayrıldıqlarını görmüş və mübahisə edən şəxslərdən biri, yəni sonradan adının Nazim olduğunu öyrəndiyi şəxs onun avtomaşınına əyləşərək tez avtomaşını oradan sürüb uzaqlaşmasını xahiş etmişdir. Həmin yerdən uzaqlaşarkən Nazim mübahisə edən şəxsi vurduğunu bildirmiş, Nazimin əli və paltarı qana bulaşmış, Nazimlə dalaşan digər şəxs isə başqa bir avtomaşına minmişdir. Nazim adlı şəxsdən avtomaşından düşməsini tələb edərək avtomaşını “Ləman” mebel salonunun qarşısında saxlamış, Nazim avtomaşından düşərək piyada getdikdə Nazimin vurduğu şəxsin vəziyyətindən narahat olduğundan avtomaşını həmin şəxsin oturduğu avtomaşının arxasınca sürmüş və həmin avtomaşının Sumqayıt şəhər TTYX-na daxil olduğunu görmüşdür. Bir qədər sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, o da hadisəni olduğu kimi onlara danışmışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dostudur, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 17 fevral 2022-ci il tarixdə Zaurla axşam saat 21 radələrində o və qardaşı Namiqlə görüşüb birlikdə çayxanaya getmək barədə razılaşmış, saat 21 radələrində özünə məxsus avtomaşınla Zaur və onunla qonşuluqda yaşayan Namiqi götürmək üçün onların yaşadığı evin yaxınlığında, yəni təxminən 50 metr aralıda avtomaşını saxlayıb onların gəlməyini gözləmişdir. İlk əvvəl Namiq gəlib avtomaşına oturmuş, ondan Zaurun harada olduğunu soruşduqda Zaurun da indi gələcəyini bildirmişdir. Təxminən 3-4 dəqiqədən sonra Zaur avtomaşına yaxınlaşdıqda onun səndəllədiyini və baş nahiyyəsindən xəsarətlər aldığını görmüş, o və Namiq Zaurdan nə baş verdiyini soruşduqda Zaur indicə qonşusu Nazimlə onun yanına gələn avtomaşının evinin pəncərəsinin altında saxlaması ilə əlaqədar aralarında söz mübahisəsi olduğunu və bu mübahisə vaxtı Nazimin əlində olan hansısa əşya ilə onun baş nahiyyəsindən vurduğunu bildirmişdir. Zaurun vəziyyətinin ağır olduğunu görüb onu Sumqayıt şəhər TTYS-na aparmış və orada həkimlər Zaurun aldığı xəsarətlərə baxıb onun xəstəxana şəraitində müalicə olunacağını bildirmişlər. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 02 mart 2022-ci il tarixli, 309 saylı saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT Baş beynin yüngül dərəcəli əzilməsi. Sol almacıq sümüyünün, sol göz yuvasının laterial divarının qəlpəli sınığı. Sol göz əzələsinin əzilməsi. Sol alnın, sol ənsə nahiyyəsinin əzilmiş yarası. Sol gözətrafının hematoması. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törəmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli (iş № 1(060)-481/2022) qərarını icra edərək, 04 may 2022-ci il tarixli 644/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar