Məhkəmə qərarları › İş №1(060)-483/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-483/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-483/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisindəki fərdi yaşayış evində anası Zərərçəkmiş şəxs mobil telefonuna baxan zaman orada anasının “vatsap” ani mesajlaşma sistemindəki iş yoldaşları ilə səmimi danışıq mesajlarını görüb, bununla bağlı Zərərçəkmiş şəxs ilə aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üz və bədən nahiyyəsinə yumruqla qəsdən bir neçə zərbə vuraraq ona sol gözaltı, sol almacıq və sol gicgah nahiyyəsi əhatə olunmaqla dərialtı hemotoması, boyunun ön səthinin, sağ bazunun qançırlarından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur və hal-hazırda Sumqayıt şəhəri, Beton Zavod ərazsindəki fərdi ünvanda tək yaşayır, subaydır. Zərərçəkmiş şəxs onun anası, Şahid2 onun doğma dayısı, Şahid1 isə onun atasıdır. O anası və atası ilə birlikdə ünvan 4 ünvanında yaşayırlar. Onun ailə üzvləri ilə münasibəti normal olmuşdur. Onun anası Lətafətlə heç bir problemi olmamışdır. Belə ki, son zamanlar o, anası Lətafətin telefonuna baxan zaman onun iş yoldaşları ilə səmimi danışıqlarını görmüş və ondan bir az həmin şəxslərlə səmimi olmamasını xahiş etmişdir. Buna baxmayaraq anası Lətafət onun sözlərinə məhəl qoymamışdır. Sonuncu dəfə 08.04.2021-ci il tarixdə saat 11 radələrində o evdə olan zaman yenə anası Ləfatəfin telefonunda onun iş yoldaşları ilə səmimi danışmasını görmüş və bu zaman evdə olan atası Elmana telefonu verib onun necə səmimi danışmasını ona göstərmişdir. Həmin vaxtı onun atası anası Ləfatəti sözlə danlayıb ona qardaşı Razinin yanına getməsini söyləmiş və bu zaman anası Lətafət sakit durmuşdu. O da anasının bu cür iş yoldaşları ilə yaşına yaraşmayan halda “aşkım, canım” sözləri ilə danışmasını eşidib, anasının üzərinə gedib onun yaxasından tutub özünü ağıllı aparımasını söyləmiş və əsəbi olduğu üçün anasının üz nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuş, anası zərbənin təsirindən yerə yıxılmışdır. O, otaqdan çıxmış və daha sonra atası ilə birlikdə evdən çıxıb getmişlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, özünü təqsirli bildiyini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1962-ci il tarixdə Ermənistan Respublikası, Gorus rayonunda anadan olmuş, hal hazırda Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Yoldaşı Şahid1la 1983-cü il tarixdə ailə həyatı qurmuş və bu evlilikdən 3 övladları vardır. Özü Sumqayıt şəhərində yerləşən marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs onun oğludur. Ramal ailəsindən boşandıqdan sonra onunla birlikdə yaşayır. Son zamanlar Ramal evdə səbəbsiz mübahisələr yaratmışdır. 08.04.2021-ci il tarixdə saat 11 radələrində evdə telefonda “vatsap” ani mübadiləşmə sistemi vasitəsi ilə iş yoldaşları ilə səmimi qaydada yəni onlara “aşkım” deyə müraciət edib yazışan zaman həmin mesajları oğlu Ramal görmüş, daha sonra isə Ramal onun üstünə acıqlanıb üzərinə gələrək onun boğaz nahiyyəsindən tutub üz nahiyyəsinə 4-5 dəfə yumruqla zərbələr vurmuş, zərbənin təsirindən yerə yıxılmış, daha sonra ozünə evdə tibbi yardım göstərmiş, daha sonra isə qardaşı Razinə olub keçəni məlumat verdikdən sonra polisə müracitə etmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 26 aprel 2021-ci il tarixli, 389 saylı saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol gözaltı, sol almacıq və sol gicgah nahiyyəsi əhatə olunmaqla dərialtı hemotoması, boyunun ön səthinin,sağ bazunun qançırları, dodaqlarn selikli qişası və ağız boşluğunun selikli qişasının yanıq yaraları ilə müşayət olunmuş sirkə turşusu ilə zəhərlənmə. Qeyd olunan xəsarətlərdən- sol gözaltı, sol almacıq və sol gicgah nahiyyəsi əhatə olunmaqla dərialtı hemotoması, boyunun ön səthinin,sağ bazunun qançırları bərk küt əşyanın təsirindən, digər xəsarətlər yəni-dodaqların selikli qişası və ağız boşluğunun selikli qişasının yanıq yaraları ilə müşayət olunmuş sirkə turşusu ilə zəhərlənmə sirkə turşusunun ağız yolu ilə içilməsi nəticəsində yaranmışdırlar, qərarda göstərilən vaxtda yəni 08.04.2021-ci il tarixdə əmələ gəlməsi istisna olunmur və dərəcələrinə görə həm küt əşya təsirindən əmələ gələn xəsarətlər, həm də sirkə turşusunun ağızdan qəbulu zamanı əmələ gələn xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərdən sol göz altı və sol gicgah nahiyyəsi əhatə olunmaqla dərialtı hematoması, boyunun ön səthinin, sağ bazunun qançırları vət Zərərçəkmiş şəxs özü özünə yetirməsi inandırıcı deyil. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 16.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli (iş № 1(060)-483/2021) qərarını icra edərək, 02 iyul 2021-ci il tarixli 637/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs qızının göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar