Məhkəmə qərarları › İş №1(060)-484/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-484/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-484/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 13.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs və onun anası Zərərçəkmiş şəxs yaşadıqları Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi həyət evində ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı vətəndaş Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs təpik və yumruq zərbələri vuraraq sonuncuya sol gözün ağlı qişasının qansızma ilə müşayət olunmuş sol yanaq, sağ almacıq və sol baldır nahiyyəsinin geniş ölçülü qançırları kimi qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır və onlar eyni ünvanda yaşayırlar. Əvvəllər anası ilə aralarında hər hansı bir münaqişə və mübahisə olmamışdır. Səhhhəti ilə əlaqədar olaraq uzun müddətdir ki, işləyə bilmir. Bu səbəbdən maddi sıxıntıları ilə bağlı olaraq 13.06.2021-ci il tarixdə saat 10:00 radələrində evdə olan zaman anası Həcərdən ona köməklik göstərməsi üçün müəyyən miqdarda pul istəmişdir. Bu zaman anası Həcər əsəbi halda üzərinə qışqıraraq onda pul olmadığını və bu səbəbdən ona bir qəpik də olasun pul verməyəcəyini bildirmişdir. O, özündən asılı olmayaraq anasının üzərinə hücum çəkərək onunla mübahisə etməyə başlamışdır. Bir neçə dəqiqə onların mübahisəsi davam etmiş və o, əsəbləşərək anasının üz nahiyyəsinə sillə zərbəsi vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, anası Həcər Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nə bu məsələ ilə bağlı şikayət ərizəsi vermişdir. Təqsirləndirilən şəxs bildirdi ki, o, əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur və onlar eyni ünvanda yaşayırlar. 13.06.2021-ci il tarixdə Elşən evə gələrək ondan pul istəmişdir. O, isə təqaüdünü almadığını və bu səbəbdən pul verə bilməyəcəyini bildirmişdir. Elşən isə buna əsəbləşərək onun bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla vurub ona xəsarət yetirmişdir. Sonra o Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X1 16.06.2021-ci il tarixli, 693 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Sol gözün ağlı qişasının qansızma ilə müşayət olunmuş sol yanaq, sağ almacıq və sol baldır nahiyyəsinin geniş ölçülü qançırları. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 13.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19.06.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15.02.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.10, 228.1: 315.2, 66.3-cü maddələrinə əsasən 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon Məhkəməsinin 10.05.2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, 02.09.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.07.2021-ci il tarixli (iş № 1(060)-484/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar