Məhkəmə qərarları › İş №1(060)-484/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-484/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-484/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Dəmiryol yaşayış massivi ev 2 A mənzil 63-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı, şəxsiyyəti istintaqla araşdırılan “Açi” ləqəbli şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə vahid qəsdlə xx.xx.2022-ci il tarixdə, saat 18 radələrındə Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən 14 saylı binanın 6-cı girişindən keçib liftlə binanın damına qalxaraq binanın damının saxlanc yeri hesab olunan elektrik şitləri yerləşdiyi tikilinin qapısının açıq vəziyyətdə olan qıfılını çəkib yerə ataraq içəriyə qanunsuz daxil olub "xxxx" ASC-nin balansında olan Sumqayıt Regional Enerji Təchizatı və Satışı idarəsinin Sumqayıt Elektrik Şəbəkəsinə aid lift kabellərini “Açi” ləqəbli şəxs özü ilə gətirdiyi kabel kəsmək üçün avadanlıqlarla elektrik naqillərini şitdən kəsməklə bir yerdə torbalara yığaraq, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində yenidən həmin yerə gedib saxlanc yeri hesab olunan elektrik şitləri yerləşdiyi tikilinin qapısı qıfılla bağlı olduğundan “Açi" ləqəbli şəxs qapının dəmir barmaqlı pəncərəsindən içəriyə qanunsuz daxil olmaqla özü ilə gətirdiyi kabel kəsmək üçün avadanlıqlarla elektrik naqillərini şitdən, özü isə binanın sonuncu mərtəbəsinin blokunun pilləkənindən naqilin boruya gedən hissəsindən kəsərək torbalara yığmaqla, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində yenidən həmin ünvana gedərək eyni qayda ilə həmin yere qanunsuz daxil olub “Açi’ ləqəbli şəxs özü ilə gətirdiyi kabel kəsmək üçün avadanlıqlarla qalan elektrik naqillərini onunla birlikdə kəsərək torbalara yığmaqla, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində yenidən həmin ünvana gedərək eyni qayda ilə həm əvvəllki naqil kəsdikləri yerdə qalan elektrik naqillərini, həm də 14-cü mərtəbənin pilləkənindən burulub oradakı divarın hər iki başından mis naqilləri kəsib torbalara yığıb aparmaqla iki liftin maşın otağına gələn ümumi dəyəri 3320 (üç min üç yüz iyirmi) manat olan 01 damarlı, üstü izolyasiyalı, 1x50 kv.metr en kəsikli, 332 metr uzunluğunda dövlət əhəmiyyətli elektrik naqillərini gizli talayaraq, xx.xx.2023-cü il tarixdə isə “Açi” ləqəbli şəxsin bir müddət əvvəl kəsərək göy rəngli torbaya yığdığı dəyəri 180 manat, uzunluğu 18 metr olan burulmuş, izolyasiyasız 8,5 kq çəkidə mis əsaslı ərintidən hazırlanmış dövlət əhəmiyyətli elektrik naqillərini götürüb oradan uzaqlaşmaq istəyərkən bina sakinləri tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verildiyindən saxlanılaraq zərərçəkmiş “Azərişıq" ASC-yə ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla, bir qrup şəxs halında başqa saxlanc yerinə daxil olmaqla və ictimai əhəmiyyətli elektrik xəttlərinə münasibətdə oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, o, Açi ləqəbli şəxsi 10 illik dostu vasitəsi ilə tanımışdır. O, Açinin adının Akif olduğunu tutulduqdan iyirmi gün sonra bilmişdir. Bildirir ki, o, Açi ilə birlikdə işləmiş, ona 100 manat borca pul vermiş, lakin o, borcunu qaytarmamışdır. Uzun müddət Açi onun pulunu qaytarmamış, dostuna bu barədə bildirsə də, Açini tapa bilməmişdir. Xatırlamadığı tarixdə təsadüfən Sumqayıt şəhəri “Pioner” marketin qarşısında Açini yolda görmüş və ondan pulunu tələb etmişdir. Bu zaman Açi onunla gəlməsini və pulunu verəcəyini bildirmişdir. O, Açinin təklifi ilə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binanın həyətinə gətirmiş, ona binanın damına çıxmağı təklif etmiş, ilk öncə etirazını bildirsə də, sonradan Açi ilə birlikdə binanın damına qalxmışdır. Orada işıqlandırma zəif olsa da içərini görmək mümkün olmuşdur. Orada olan zaman Açi binanın damındakı mis elektrik naqillərini kəsib oğurlamağı təklif etmiş, bu zaman o, Açiyə öz iradını bildirmiş, onun belə şeylər ilə işinin olmadığını bildirib binanın damından 10-cu mərtəbəyə düşmüş və təxminən 10-15 dəqiqə Açini gözləmişdir. Burada Açini gözləyərkən, Açinin gəldiyini, əlində mis elektrik naqilləri və çoxlu dəmirlər olduğunu görmüş, onların nə olduğunu soruşduqda, onlar satmağı təklif etmiş, daha sonra Açi ilə birlikdə getmiş, Açi həmin naqilləri Sumqayıt şəhəri 8-ci mkr ərazisində satmış, satış nəticəsində əldə etdiyi qazancdan ona da 15 manat pul vermişdir. Bir neçə gün ara fasiləsi ilə Açi ona borcundan cəmi on manat on manat olmaqla 20 manat qaytarmışdır. Açi ikinci dəfə 10 manat pul verərkən həmin pulu metal qəbulu məntəqəsinin qarşısında vermişdir. Lakin o, həmin gün Açi ilə birlikdə 14 mərtəbəyə qalxmamışdır. Təxminən bir neçə gün sonra sonuncu dəfə Sumqayıt şəhəri ərazisində Açi ilə görüşmüş Açi ona dava etdiyini, çantasının Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binanın zirzəmisində olduğunu söyləmişdir. O, bu məqsədlə 14 mərtəbəyə gəlmiş və binanın birinci girişinin 3-4-cü mərtəbəsinin arasında yerləşən zirzəmi kimi istifadə olunan yerə daxil olmuş, həmin yerin qapısı açıq olmuş və tam ayaqüstə gəzmək olmamışdır. Orada axtarış aparıb divan maçalkasının altından göy rəngli iri torba görmüş, həmin torbanın Açinin çantasını olduğunu düşünüb götürmüşdür. Torbanı götürüb həyətə düşərkən bina sakinlərindən biri yuxarıdan xəbərdarlıq etmiş və bloka girən bir nəfər cavan oğlan onu blokun girişində saxlayıb nə işinin olduğunu soruşduqda, onlara binaya çanta götürmək üçün gəldiyini bildirmişdir. Bundan sonra, onunla bundan əvvəl bu əraziyə gələn şəxsin kimliyini soruşmuş, o isə həmin şəxsi ilə birlikdə işlədiyini, şəxsiyyətini və yaşadığı ünvanı haqqında məlumatı olmadığını bildirmişdir. Bundan sonra məhlə sakinləri əlindəki sellofana görə şübhələnib baxmışlar və polisə zəng vurub məlumat vermişlər. Polis əməkdaşları tərəfindən döyülməmiş və hər hansı bir təzyiqə məruz qalmamış, istintaq müddətində ifadəsini könüllü vermiş və imzalamışdır. Onun özünü qismən təqsirli bilməsinin səbəbi kimi Açinin binanın damından xüsusi vasitə ilə kəsərək götürdüyü elektrik naqillərin oğurluq olduğunu bilə-bilə satışından əldə olunan puldan götürməsini göstərmişdir. Atası xəstəlikdən əziyyət çəkir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilmiş müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç bir yerdə işləmədiyinə görə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. “Açi” ləqəbi ilə tanıdığı Sumqayıt şəhər sakini olan sarışın, göygöz oğlanla görüşərkən o, ona 2022-ci ilin dekabr ayının sonlarında Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binanın damından mis elektrik naqillərini kəsib oğurlamağı təklif etmiş, həmin şəxsin adını bilməmiş, o da onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində “Pioner” marketin qarşısında «Açi» ilə görüşmüşlər. «Açi»də kabel kəsmək üçün avadanlıqlar olmuş, onlar birlikdə 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binaya getmişlər. Binanın 6-cı girişində olan lift ilə birlikdə binanın damına qalxmışlar. Binanın damında elektrik şitlərinin yerləşdiyi tikilinin qapısının açıq vəziyyətdə olan qıfılını çəkib yerə atıb içərisinə girmişlər. Alışqan işığında tikilinin içərisinə göz gəzdirmişlər. Sonra «Açi» ilə binanın blokuna girmişlər və Açi ona kabelin dəmir borunun içərisi ilə gəldiyini, şitdən kəsib aşağıdan dartıb çıxara biləcəklərini əyani göstərmişdir. Bundan sonra yenidən binanın damına çıxıb elektrik naqillərini şitdən kəsmişlər. Daha sonra 10-cu mərtəbəyə düşüb oradan naqilləri borunun içərisinə girən yerindən kəsmişlər. Yenidən dama qalxıb kəsdikləri kabelləri şit yerləşən tikilinin içərisindən dartıb çıxartmışlar. Dartıb çıxardıqdan sonra həmin mis naqilləri top şəklinə salmışlar. Kəsib çıxartdıqları naqilləri 3 ayrı-ayrı top halına salmışlar və «Açi»nin gətirdiyi böyük sement kisələrinə yığmışlar. Onlar birlikdə təxminən 100 metrə yaxın kabel kəsmişlər. Orada naqillər çox olduğu üçün hamısını kəsməmişlər, fikirləşmişlər ki, gələn dəfə gələndə onları da kəsib apararlar. Oradan həyətə düşüb Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi istiqamətində getmişlər, o kənarda dayanmışdır. «Açi» oğurladıqları kabelləri dəqiq xatırlamadığı binanın altında yerləşən metal qəbulu yerinə aparıb təhvil vermiş, təxminən 10 dəqiqə sonra qayıdıb gəlib bildirmişdir ki, bütün kabelləri 45 manata satmış və onlar həmin pulu öz aralarında bölmüşlər. Əldə etdiyi pulu özü şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, xx.xx.2022-ci tarixdə saat 20 radələrində “Açi” ilə Sumqayıt şəhəri Karvan ticarət mərkəzi tərəfdə təsadüfən rastlaşıb görüşmüşlər. Onlar yenədə aralarında razılaşmışlar ki, 14 mərtəbəyə gedib oradan qalan kabeli də kəsib oğurlasınlar. Belə də edərək 14 mərtəbəli binaya gəlib həmin girişdən keçib liftlə Açi ilə birlikdə binanın damına qalxmışlar. Binanın damında elektrik şitin yerləşdiyi tikilinin qapısını qıfılla bağlandığından “Açi” dəmir barmaqlıqlı pəncərədən içəri daxil olmuşdur. Naqilləri «Açi» içəridən kəsmiş, özü isə binanın sonuncu mərtəbəsinin blokunun pilləkənindən naqilin boruya gedən hissəsindən kəsməyə başlamışlar. «Açi» olduğu yerdən naqilləri dartıb borudan çıxartmış, sonra top halına salıb pəncərədən bayıra atmış və onu götürmüşdür. Bu dəfə də iki top naqil alınmış və onları «şpakilovka» kisəsinə yığıb sonra sellofana qoyub birlikdə həyətə düşmüşlər. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yenidən həmin yerə gedərək eyni qayda ilə qalan naqilləri də kəsib torbalara yığmışlar. Bu dəfə də kəsdikləri naqillərin təxmini uzunluğu 80 metr olardı. Onlar naqilləri kəsəndə və aparanda heç kim görməmişdir. Oğurladıqları naqilləri yenə də həmin metal qəbulu yerinə aparmışlar. Özü yolun kənarında dayanmış, «Açi» də onları aparıb təhvil vermiş və 40 manata yaxın pulla yanına qayıtmış, həmin pulu da öz aralarında bölmüşlər. Əldə etdiyi pulu özü şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində yenə də «Açi» ilə təsadüfən “Pioner” marketin qarşısında görüşmüşlər. Onlar yenədə aralarında razılaşmışlar ki, 14 mərtəbəyə gedib oradan həmin yerdən kabel kəsib oğurlasınlar. Belə də edərək yenə də 14 mərtəbəyə gəlmişlər. Bu dəfə həm əvvəllki naqil kəsdikləri yerdən qalan naqilləri, eləcə də 14-cii mərtəbənin pilləkənindən burulub oradakı divarın hər iki başından mis naqilləri o baş, bu baş olmaqla kəsmişlər. Təxminən 4-5 metr uzunluğunda naqil kəsmişlər. «Açi»nin gətirdiyi kardon qutuya qoyub aparmışlar. Həmin naqilləri də aparmışlar. Özü kənarda durmuş, Açi aparıb həmin naqilləri orada satmışdır. Sonra «Açi» yanma qayıtmış və əldə etdiyi 6 manat pulu onlar öz aralarında bölmüşlər. O həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə axşam saatlarında təsadüfən “Pioner” marketin qarşısında «Açi» ilə görüşmüş, ona vəziyyətinin pis və pula ehtiyacının olduğunu demişdir. Söhbət əsnasında «Açi» ona demişdir ki, onun 14 mərtəbəli əinanın zirzəmisində hazırlayıb qoyduğu mis materialı vardır, ona səbrli olmasını, hava qaralanda gedib götürəcəklərini bildirmişdir. Onlar söhbət edə-edə 5-ci mikrorayona tərəf getmiş, oradan «Açi» ona demişdir ki, işi var onu burda gözləsin indi gəlir və çıxıb harasa getmişdir. Lakin onun hara getdiyini bilməmişdir. Təxminən 40 dəqiqə müddətində onu orada gözləmiş, lakin o qayıtmadığına görə qərara gəlmişdir ki, «Açi»nin dediyi yerə, yəni 14 mərtəbənin zirzəmisinə gedib baxsın. Bu məqsədlə 14 mərtəbəyə gəlmiş və binanın birinci girişinin 3-4-cü mərtəbəsinin arasında yerləşən zirzəmi kimi istifadə olunan yerə daxil olmuş, həmin yerin qapısı açıq olmuş və tam ayaqüstə gəzmək olmamışdır. Orada axtarış aparıb divan döşəkçəsinin altında göy rəngli iri torba görmüş, əli ilə üstdən yoxladıqda onun mis olduğunu anlamışdır. Torbanı götürüb həyətə düşərkən bina sakinlərindən biri yuxarıdan xəbərdarlıq etmiş və bloka girən bir nəfər cavan oğlan onu blokun girişində saxlayıb burada nə işinin olduğunu soruşduqda, onlara yalandan bloku səhv saldığını demişdir. Sonra əlindəki sellofandan şübhələnib içərisinə baxmışlar və polisə zəng vurub məlumat vermişlər. Məlum olmuşdur ki, torbada iki top üst qatı soyulmuş, təmiz mis naqillər vardır. Bu naqilləri «Açi» onun iştirakı olmadan tək kəsib hazırlayıb oraya qoymuşdur. Polis əməkdaşları gəlib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar, o, orada həmin elektrik naqillərini təqdim etmiş və izahat verərək əvvəlki oğurluqlarını da etiraf etmişdir. Sözügedən oğurluq cinayətlərini o, Açi ilə birlikdə etmiş, onlara başqa heç kim köməklik etməmiş, əldə etdikləri pulları da öz aralarında bölmüşlər. Həmin puldan başqa heç kimə verməmişlər. Hazırda Açinin harada olduğunu bilməmiş, o mobil telefon işlətmədiyi üçün onun mobil telefon nömrəsini də bilməmişdir. «Açi» ləqəbli şəxsin adını bilməmiş, o yaşayış yeri olmayan təxminən 1986-cı il təvəllüdlü, alçaq boylu, kürən saçlı, sarışın, göy göz, gözündə də tibbi eynək olan oğlan olmuşdur. «Açi» ilə və ya ayrılıqda göstərdiyi naqil oğurluqlarından başqa oğurluqlar etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə təsdiq edilir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, hadisə nəticəsində onlara 3500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış kabellər xüsusi əhəmiyyətlidir və "xxxx" ASC tərəfindən əvvəlki vəziyyət bərpa edilmişdir. Hazırda onlara dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində xidmətdə olarkən 3-cü PB-nin növbətçi hissəsinə zəng olunaraq "xxxx" ASC-nin balansında olan Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin xidməti ərazisində Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən 14 saylı binanın birinci girişinin 3-4cü mərtəbəsnin arasında yerləşən zirzəmidən bir nəfər şəxsin elektrik naqilləri oğurlayarkən bina sakini tərəfindən tutulub saxlanılması barədə daxil olmuş məlumat əsasında o xidmətdə olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi polis baş leytenantı Şahid2la birlikdə həmin yerə getmişlər və həmin oğurluğa cəhd etmiş Təqsirləndirilən şəxs saxlayıb gətirib Sumqayıt ŞPİ-nin 3-cü PB-yə təhvil vermişlər. O, bu barədə 3-cü PB-nin rəisi polis mayoru Xalid Günəşova raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı oğlu Şahid2 da Şahid1 ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29, 177.2.3-2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29, 177.2.3-2-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir.(i.v. 72-77) 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 89-91) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 99-102); qətimkan tədbirinin seçilməsi barədə 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 103-106) Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 58-3/2-8333 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 16:10 radələrində Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ MSY-nə təhvil verilmişdir. “cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsn barəsində AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə olan ********* saylı cinayət işindən şəxsiyyəti istintaqla araşdırılan Açi ləqəbli şəxsin barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. ( i.v. 108-109) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Anar Axundovun tərtib etdiyi baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən 14 saylı binada oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 5- 6) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Anar Axundovun tərtib etdiyi təqdim etmə, baxış keçirmə və götürmə haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs oğurladığı 03 topa elektrik mis naqilləri, ağ sarğı ilə sarılmış 01 ədəd rezak və 01 cüt sarı rəngli əlcəyi polisə təqdim etmişdir.Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 15-19) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/795 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və tədqiqata təqdim edilən naqillərin orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə üımumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: - qərarda göstərilən - 350 metr mis elektrik naqilləri (təqdim edilmiş nümunəyə əsasən) nəzəri qaydada təxminən 3500 (350mxl0man) manat; - təqdim edilmiş - 18 metr uzunluqda burulmuş izolyasiyasız 8,5 kq çəkidə mis əsaslı ərintidən hazırlanmış elektrik naqilləri - 180 (18mxl0 man) manat. (i.v. 59-61) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 05 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən - qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur və qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v. 35-36, 62-67); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 31) sübutların qiymətləndirilməsi haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-ə vurulmuş maddi ziyanın ümumi məbləği 3500 manat olması nəzərə alınmış, Təqsirləndirilən şəxs və Açi ləqəbli şəxsin əməlin AR CMnin 180.1-ci maddəsinin tərkibi olmadığından, həmi xüsusat üzrə onların baəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 03 topa elektrik mis naqilləri, ağ sarğı ilə sarılmış 01 ədəd rezak və 01 cüt sarı rəngli əlcəyk maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anvarına təhvil verilmiş şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir (i.v. 72-77) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri nə əsasən Oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. İş materiallarından da göründüyü ki, E.Məmmədov Açi ilə birlikdə oğurladıqları əşyalar üzərində gəlir əldə etmək məqsədi ilə onları satmış və gəlir əldə etmişlər. Həmin qərarın 18-ci bəndinə görə Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Açi ilə birlikdə heç bir oğurluq etməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin göstərdikləri işdə olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Belə ki, yuxarıda qeyd edildiyi kimi onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin özünü məhkəmə baxışında oğurluq hadisəsində iştirakının olmamasına dair ifadəsini işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyin sübut kimi qiymətləndirmir, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən həmin ifadəni sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, dəymiş ziyanın ödənilməməsini, zərərçəkmiş hüquqi şəxs ilə barışıq əldə edə bilməməsini, ondan şikayətçi olmasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-də saxlanılan 03 topa elektrik mis naqilləri "xxxx" ASC-ə qaytarılmalı, ağ sarğı ilə sarılmış 01 ədəd rezak və 01 cüt sarı rəngli əlcək məhv edilməlidir. Zərərçəkmiş şəxs Azərişıq” ASC-ə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-də saxlanılan 03 topa elektrik mis naqilləri "xxxx" ASC-ə qaytarılsın, ağ sarğı ilə sarılmış 01 ədəd rezak və 01 cüt sarı rəngli əlcək məhv edilsin. Zərərçəkmiş şəxs "xxxx" ASC-ə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar