Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-486/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi Sumqayıt 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 21, mənzil 14-də qeydiyyatda olan və Sumqayıt şəhəri Kotec qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində taksi fəaliyyəti ilə məşğul olan Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs məxsus “Mercedes e class" markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində olarkən Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən yataqxananın qarşısında saxlatdırıb düşən zaman avtomobilin şitinin üzərindən sonuncuya məxsus 01 ədəd "Samsung A30" markalı, SM-A305FN/DS modelli, 32 GB yaddaş tutumlu mobil telefonu açıq şəkildə talamış, Zərərçəkmiş şəxs bunu görüb mane olmağa çalışmış, Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirib hadisə yerindən qaçmaqla sonuncuya 160 (yüz altmış) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən "Hiper" marketin qarşısında olan zaman orada dayanan taksi fəaliyyəti ilə məşğul olan "Mercedess e- class" markalı, 10-DМ-280 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşmış və Abşeron rayonu Saray qəsəbəsinə getmək istədiyini bildirmiş və avtomobilin qabaq oturacağında əyləşmişdir.Taksi sürücüsü onu Abşeron rayonu Saray qəsəbəsinə aparmışdır. O, Saray qəsəbəsində olan zaman taksi sürücüsünə paltarını dəyişib yenidən Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən "Kolxoz" bazarının yanına aparmalı olduğunu demişdir. Taksi sürücüsü də ona etiraz etməmiş və onu gözləmişdir. O, paltarını dəyişib evdən çıxmış və yenidən avtomobildə qabaq oturacaqda əyləşmişdir. Onlar Sumqayıt şəhəri "Kolxoz" bazarı adlanan ünvan istiqamətində hərəkətdə olduqları zaman taksi sürücüsünə "Kolxoz" bazarında işinin olmayacağını, 42-ci məhəllədə yerləşən 9 nömrəli yataqxananın qabağına sürməsini xahiş etmişdir. Yolda hərəkətdə olduqları zaman avtomobildə şitin üzərində olan mobil telefonu görmüş və maddi vəziyyəti pis olduğuna görə telefonu götürüb qaçmağı fikirləşmişdir. Ünvana çatdıqda taksi sürücüsü maşını saxlayan kimi cəld şitin üzərindəki "Samsung A30" markalı mobil telefonu götürərək qaçmağa başlamışdır.Taksi sürücüsü qaçdığını görüb onu səsləyərək dayanmağını tələb etmiş, sonra isə arxasınca qaçmağa başlamış, ancaq həmin şəxs bir qədər arxasıyca qaçsa da ona çata bilməmiş və bundan istifadə edərək qaçıb ordan uzaqlaşmışdır. Həmin mobil telefonu 1 saat ərzində Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivi ərazisində tanımadığı şəxsə yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirib 50 manata satıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, 24 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri Çerkassi küçəsi ərazisində yerləşən "Alfa" çay evinin yaxınlığında olarkən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis əməkdaşları ona yaxınlaşaraq xx.xx.2022-ci il tarixdə "Mercedess e-class" markalı, **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə məxsus "Samsung A30" markalı mobil telefonu oğurlayıb qaçdığını bildirmişlər. O da etdiyi cinayət əməlini səmimi etiraf etmiş və polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, "Mercedess e-class" markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Mütəmadi olaraq Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən "Hiper” marketin qarşısında dayanıb müştəri gözləyir. 11 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində tanımadığı bir müştəri ona yaxınlaşaraq Abşeron rayonu, Saray qəsəbəsinə getməyi sifariş etmiş, o da razılaşmış və həmin şəxs qabaq oturacaqda əyləşmişdir. O, həmin şəxsi Abşeron rayonu, Saray qəsəbəsinə dediyi ünvana aparmışdır. Həmin şəxs Saray qəsəbəsində olan zaman paltarını dəyişib, sonra onu Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən "Kolxoz” bazarının yanına aparmaq lazım olduğunu demişdir. O həmin şəxsə etiraz etməmiş və gözləmişdir. Həmin şəxs paltarını dəyişib yenidən onun avtomobilində qabaq oturacaqda əyləşmişdir. O, Sumqayıt şəhəri “Kolxoz” bazarı adlanan ünvan istiqamətində hərəkətdə olan zaman həmin şəxs ’’Kolxoz” bazarında işinin olmayacağını bildirmiş və 42-ci məhəllədə yerləşən 9 nömrəli yataqxananın qabağına sürməyini xahiş etmişdir. O da həmin şəxsin dediyi kimi Sumqayıt şəhəri 42-ci məhəllədə olan 9 nömrəli yataqxananın yanına sürmüşdür. Onun şəxsi istifadəsində olan "Samsung A30” markalı mobil telefonu avtomobildə şitin üstündə olmuş, həmin şəxs avtomobildən qapını açıb düşən zaman şitin üzərində olan "Samsung A30” markalı mobil telefonu götürüb qaçmışdır. Onun arxasınca qaçsa da, onu tuta bilməmişdir. Dərhal DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək bu bərədə məlumat vermişdir. Həmin şəxsin kimliyini bilməsə də, onun görünüşü yadında qalmışdır. Sonradan polis bölməsinə çağırılmış, həmin şəxsi görən kimi tanımış və polis əməkdaşlarının onun avtomobilindən mobil telefonunu götürən şəxsi saxladıqlarını bilmişdir. Polis bölməsində həmin şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, həmin mobil telefonu 2021-ci ildə 400 manata Sumqayıt şəhərində yerləşən telefon mağazalarının birində almışdır. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, ona görə də ona ağır cəza verilməsinin məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.41, 52) İş materiallarında olan məhkəmə-əmtəşünaslıq ekspertizasının 11 mart 2022-ci il tarixli 9/1424 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Samsung A 30 markalı, sm- A305FN/DS modelli, 32 GB yaddaş tutumlu mobil telefonun orta bazar qiyməti təxminən 160.00 manat müəyyən edilir. (i.v. 85-87) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.60-61) İşdən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nın 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnın 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəsasını Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli onun tutulduğu 15 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikasının CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən isə 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-486/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-486/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver