Məhkəmə qərarları › İş №1(060)-486/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-486/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-486/2024 13.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 16:00 radələrində yaşadığı Sumqyıt şəhəri, 9-cu mikrorayon, ev 30A, mənzil 33 ünvanında olarkən ailə-məişət zəmnində baş verən mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs döyərək ona yumruq zərbəsi ilə sol gözündən, qarın nahiyyəsindən, başından və boğazından qəsdən vuraraq xəsarət yetirmiş, aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X1 onun həyat yoldaşıdır. Belə ki, 27 aprel 2024-cü il tarixdə həyat yoldaşının anası və atası onlara gəlmiş və həmin vaxt o, qaynatasıyla spirtli içki qəbul etmişdir. Bir neçə saat sonra qaynanası və qaynatası öz evlərinə çıxıb getmişdir. Bundan sonra o, qızının dərsləri ilə maraqlanmış və həmin vaxt qızı dərsin danışa bilmədiyi üçün həyat yoldaşından bunun səbəbini soruşmuşdur. Həmin vaxt Hüsniyyə ona kobud cavab vermiş və o, əsəbləşərək əvvəlcə qarın nahiyəsindən yumruqla, daha sonra baş nahiyəsindən onu vurmuşdur. Sonra digər otaqa keçərək əyləşmiş və əsəbi sakitləşmişdir. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirdi. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə onun həyat yoldaşıdır. Belə ki, 27 aprel 2024-cü il tarixdə saat 16:00 radələrində yaşadığı evdə olarkən Saleh spirtli içki qəbul etmiş və bir müddət sonra qızı Aytəni yanına çağıraraq ingilis dilində nağıl danışmasını tələb etmişdir. Qızı isə ingilis dilində nağıl danışa bilməyəcəyini bildirdikdə Saleh onunla mübahisə etməyə başlamış və bu zaman o, uşağıyla atasının arasına girmiş və Saleh bundan sonra onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Saleh yumruqla onun baş nahiyəsindən, üzündən və qarın nahiyyəsindən yumruq zərbələri vurmağa davam etmişdir. O, yoldaşının hərəkətləri ilə bağlı qızına polisə zəng etməsini bildirmiş və bir müddət sonra polis əməkdaşları onların yaşadığı evə gəlmişlər. O, məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 27 aprel 2024-cü tarixli 683 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi, həmin gözün ağlı qişasına qansızma xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən yaranmışdır, müyainədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərər çəkmiş şəxslə barışmasını əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.1, 40.3, 43.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar