Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-486/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cü ildə Bərdə rayonu Soğanverdilər kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Soğanverdilər ərazi dairəsi, Soğanverdilər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Gənclər şəhərciyi, bina 4, mənzil 25-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi - 0,356 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 23 may 2025-ci il tarixdə, saat 02:35-də Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A saylı yaşayış binasının yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, uzun müdətdir ki, fasilələrlə narkotik və psixotrop maddələr qəbul edir. Belə ki, 22 may 2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 10 manata 1 ədəd bükümdə “şüşə”, yəni metamfetamin aldıb, şalvarının cibinə qoymuşdur. Həmin gün gecə saatlarında Sumqayıt şəhərində yaşayan tanışı ilə görüşməyə gəlmiş, lakin həmin şəxsi tapa bilməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 02:35 radələrində Sumqayıt şəhəri, məhəllə 41A, ev 5A-nın yaxınlığında piyada gedən zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamış və videoçəkilişlə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, ona nədə şübhəli olduğunu və onun hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o əynindəki şalvarın cibindən 1 ədəd bükümü və 1 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilərək qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş mobil telefonu da götürülmüşdür. Bundan sonra 5-ci PB-nə gətirilmiş, xidməti otaqların birində zərf təhqiqatçıya təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi təqdim edilmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı, olduğu təqdirdə tədqim etməsi təklif edilmiş, o, üzərində qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən götürülmüş metamfetaminin qablaşdırıldığı zərflər təhqiqatçıya təqdim edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verərək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Belə ki, 23 may 2025-ci il tarixdə saat 02:35 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, məhəllə 41 A, 5A saylı binanın yaxınlığında olduğunu görmüş və videoçəkiliş aparmaqla yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs nədə şübhəli olduğu, hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd bükümü və 1 ədəd mobil telefonu təqdim edərək, bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilmişdir. Aşkar olunmuş mobil telefon da zərfə qoyularaq götürülmüşdür. Bundan sonra bölməyə gəlmiş, bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinin yoxlanılması zamanı aşkar olunaraq götürülmüş içərisində metamfetaminə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf və içərisində sonuncudan götürülmüş 1 ədəd mobil telefon olan qablaşdırma təhqiqatçıya təqdim olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi tərəflərin fikri dinlənildikdən sonra elan edilməklə tədqiq edilmiş, müəyyən edilmişdir ki, sonuncu digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 may 2025-ci il tarixdə (saat 16:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 23 may 2025-ci il tarixli protokola və protokola əlavə edilmiş əmliyyataxtarış tədbirinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il, saat 02:35 dəqiqədə Sumqayıt şəhəri, məhəllə 41 A, 5A saylı binanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncu üzərinə yoxlama aparıldıqdan sonra şalvarının sağ yan cibində olan 1 ədəd qızılı bükümü və 1 ədəd “Honor” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq təqim etdiyi bükümün içərisində metamfetamin olduğunu, öz istifadəsi üçün Xırdalan şəhəində tanımadığı şəxsən 10 manat aldığını bildirmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, 23 may 2025-ci il tarixdə, saat 03:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13); Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 55-56); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 24 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:10 radələrində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 68-69); “Şəxsi axtarışın keçirilməsi haqqında” 23 may 2025-ci-il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, 23 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə 5-ci PB-də xidməti otaqların birində baş təhqiqatçı, polis mayoru Zaur Ağayev tərəfindən sonuncuya dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 və 5-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, üzərindən başqa bir şey aşkar olunmadığı, bundan sonra Hümbətzadənin saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş, içərisində metamfetaminə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf və içərisində Hümbətzadədən götürülmüş 1 ədəd mobil telefon olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf baş təhqiqatçıya təqdim olunduğu, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamin, digər zərfin içərisində isə mobil telefonu olduğunu təsdiq etdiyi müəyyən olunmuşdur. (i.v 30- 32). AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/369 nömrəli 23 may 2025-ci il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm...» sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,356 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 43-44). SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 3556 №-li saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.100-101). Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-140/2025 saylı, xx.xx.2025-ci i tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 23 avqust 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v.75-76). “Mobil telefona baxış keçirilməsi barədə” 25 may 2025-ci il tarixli protokola əsasən, Sumqayı ŞPİ-nin inzibati binasında, cinayət işi materiallarına əlavə edilmiş 055 921-61-54 möbil nömrəli, “Honor LLY-LXİ” markalı mobil telefona baxış keçirilmiş, bu zaman mobil tlefonun cıxan, daxil olan zənglər mesajlar, foto, whatsapp və abuəçilər bölümünə daxil olduqda cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmamışdır. (i.v. 77). “Əşyanın maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” 26 may 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 bükümdə təmiz çəkisi 0,356 qram metamfetamin (ekspertizaya təqdim olunduqdan sonra qalıq 0,306 qram) iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 79). DİN-nin BƏSİİ-dən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3cü,66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 il 3 ay 11 gün müddətinə vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyun 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış və barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Cinayət işi üzrə dindirmə protokolları, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış keçirilməsi haqqında protokol, DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi, məhkəmə-tibbi və məhkəmə-narkoloji ekspertiza rəyləri, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünün yoxlanılması videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk, həmçinin şəxsi axtarış keçirilməsi videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət işində saxlanılmışdır. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Honor LLY-LXİ” markalı mobil telefon ailə üzvlərinə təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,356 qram narkotik vasitə heroin maddi sübut kimi tanınması (ekspert tədqiqatına sərf edildikdən 1 sonra qalıq 0,306 qram) və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilmişdir. (i.v.108-112). SN Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 23 may 2025-ci il tarixli, 709 saylı ekspert rəinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. (i.v. 62-63). Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir və ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,306 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk və Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədirinin keçirilməsi və üzərinin yoxlanılması videotəsvirlərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 09 (doqquz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 99 (doxsan doqquz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Mikayıl Ramazanovun həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 23 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,306 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 01 (bir) ədəd disk və barəsində əməliyyat-axtarış tədiriin keçirilməsi və üzərinin yoxlanılması videotəsvirlərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-486/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-486/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver