Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-489/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1959-cu ildə Cəlilabad rayonu Pornaim kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsi ev 75 A-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İbtidai araşdırma zamanı elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edib sonuncuya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xızı rayon Yanğından Mühafizə İdarəsinə yanğınsöndürən işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin noyabr ayının əvvələrində səhər saatlarında Sumqayıt şəhəri, «Sülh» küçəsində yerləşən «Azpetrol» X2 yanında 6000 (altı min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Şahid2 2019-cu ilin sentyabr ayından tanımaqla, Xızı rayon mərkəzi xəstəxanasında diş həkimi işləyir. 2019-cu ilin sentyabr ayında o Şahid2la görüşərkən ona söhbət əsnasında yalandan demişdir ki, FHN-nə işə adam düzəldir, istəyən olsa ona desin. Bunu da pula ehtiyacım olduğu üçün belə demişdir. Telman da ona soraqlaşacağını, istəyən olsa ona deyəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində Telman ona zəng edərək demişdir ki, tanışı Xeyrullanın oğlu Xəyalı FHN-nə işə düzəlmək istəyir, onu işinə köməklik edə bilər?.Xeyrulla ona köməklik etməsinin buna görə hörmət də edəcəyini, yəni pul verəcəyini demişdir. O da bundan sonra ona kömək edə biləcəyini, həmin işin həlli üçün 6000 manat pul lazım olduğunu demişdir. O Xeyrullanın özü ilə də bu barədə danışmışdır. Daha sonra onlar razılaşmışlar ki, həmin günün səhərisi Sumqayıt şəhər girəcəyində yerləşən «Azpetrol» YDM-də görüşəcəyik. 2019-cu ilin noyabr ayının təxminən 7-də, səhər 10 radələrində Telman ona zəng edib demişdir ki, Sumqayıt şəhərinin girəcəyində yerləşən «Azpetrol» YDM-nin yanındadır, Xeyrullanın oğlu Xəyal və əmisi Əhməd də yanındadır. Təxminən 15 dəqiqə sonra o «Mersedes ML» markalı, **-ST-*** dövlət qeydiyyan nişanlı avtomaşını bacanağından götürüb onun avtomobili ilə Telmangilin yanına getmişdir. Telman və onun yanında olan şəxslər onun avtomobilinə yaxınlaşmışlar, Telman qabaq oturacaqda, digər 2 nəfər şəxs isə avtomobilin arxa oturacağında əyləşmişlər. Telman həmin şəxsləri ona təqdim edərək birinin Xəyal, digərinin isə onun əmisi Əhməd olduğunu demişdir. Orada Xəyal üzərində olan 6000 manat pulu çıxarıb ona vermişdir. Bundan başqa o Xəyaldan hərbi biletini, orta məktəb atestatını və məhkumluğunun olub-olmaması barədə arayışı vermişdir. Bu sənədləri təqdim etmələrini o əvvəlcədən onlara demişdir. Həmin vaxt o onlara yalandan söz vermişdir ki, 2 ay müddətinə işlərini həll edəcəyək və Xəyal işə çıxacaq. Bundan başqa o Xəyaldan 6000 manata pulu borc məqsədi ilə alması barədə öz xətti ilə kağız yazmışdır. Bunu da ona görə yazmışdır ki, istəmişdir ki, arada inam olsun və ona verilən pulun batmayacağına onları inandırsın. Xəyaldan aldığı pulu heç kimə verməyərək öz şəxsi tələbatına xərcləmişdir. Sonradan Telman ona zəng edib işin nə yerdə qaldığını deyəndə, onu yalandan arxayın salaraq işi həll edəcəyini bildirmişdir. Xəyal və Xeyrulla da ona zəng edib pullarını geri tələb etməyə başlamışlar, özü isə pulu qaytaracığını yalandan onlara dəsə də, pullarını və sənədlərini qaytarıb verməmiş, bu səbəbdən də Xəyal ondan polisə şikayət etmişdir. Xəyaldan aldığı hərbi bileti və attestatı hara qoyduğunu hazırda xatırlamamış, onları tezliklə tapıb qaytaracağına söz vermişdir. Xəyaldan aldığı 6000 manat puldan heç kimə verməmiş, Xəyaldan başqa kimdənsə işə düzəltmək adı ilə pul almamışdır.Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam ödəmişdir və vurduğu maddi ziyanın 25 %-i həcmindçə də dövlət büdcəsinə ödəmə etmişdir. Bununla bağlı müvafiq qəbzi də məhkəməyə təqdim etmişdir. Odur ki, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə işi axtarmış, dost tanışına da bu barədə demiş, ona iş tapana da hörmət edəcəyini, yəni pul verəcəyini demişdir. 2019-cu ilin noyab ayının əvvəllərində Xızı rayonunda diş həkimi işləyən Telman adlı şəxs atasına bildirmişdir ki, Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs FHN-nin Yanğından Mühafizə İdarəsində işə adam düzəldir. Atası da gəlib bu barədə ona demiş, o da ona Telmanla danışmasını, alınırsa həll etməsin bildirmişdir. Atası da Telmanla danışmış, Telman ona onun Xızı rayon YMİ-nə yanğınsöndürən işinə düzəlməsi üçün tanışı Sahibin 6000 manat pul istədiyini demiş, daha sonra onlar razılaşaraq və Telmana inanaraq 2019-cu ilin noyabr ayının əvvəllərində, səhər 10 radələrində o əmisi Əhmədlə görüşüb Sumqayıt şəhərinin girəcəyində yerləşən «Azpetrol» YDM-nin yanına gedib Telmanla orada görüşmüşlər. Telman da zəng edib Sahiblə danışıb onların yerini demişdir. Təxminən 15 dəqiqə sora Sahib də yanına idarə etdiyi «Mersedes» markalı dövlət qeydiyyan nişanının xatırlmadığı avtomaşınla gəlmiş və onlar onun avtomobilinə əyləşmişlər. O əmisi Əhmədlə birlikdə avtomobilin arxasında Telman isə qabaq oturacaqda əyləşmişdir. Sahibi ilk dəfə idi görmüş, əvvəllər onu görməmiş, tanımamışdır. Orada o üzərində olan ona məxsus 6000 manat pulu çıxarıb əmisi Əhmədin və Telmanın yanında Sahibə vermişdir. Bundan başqa Sahibin deməsindən sonra o ona həmçinin orada hərbi biletini, orta məktəb atestatını və məhkumluğunun olub-olmaması barədə arayış vermişdir. Sahib onlara söz vermişdir ki, 2 ay müddətinə işini həll edəcək və o işə çıxacaq. Sonra Sahib çıxıb getmiş, Sahibin mobil telefon nömrəsi ***-***-**-**-dir. Telmanın nömrəsini isə hazırda xatırlamamışdır. Lakin 2 ay keçdikdən sonra o görəndə ki, işi həll olunmur, Sahibə zəng vurduqda o ona hər dəfə müxtəlif bəhanələr gətirərək işi həll edəcəyini deyib, vaxtı uzatmışdır. Atası özü və o da Telmana yığıb bu barədə maraqlananda, o da onları arxayın edib vaxtı uzatmışdır. Sonradan görəndə ki, iş öz həllini tapmır, Sahibdən pullarını tələb etməyə başlamışlar. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin senibyar ayından tanımaqla, o Bakı şəhəri Yasamal rayonunda yaşayır. Zərərçəkmiş şəxs və onun ailə üzvlərini də tanıyır, onlar Xızı rayonu Giləzi qəsəbəsində yaşayırlar. 2019-cu ilin sentyabr ayında o Təqsirləndirilən şəxsla görüşərkən söhbət əsnasında ona demişdir ki, FHN-nə işə adam düzəldir, istəyən olsa ona desin. O da ona demişdir ki, soraqlaşar, istəyən olsa deyər. 2019-cu ilin noyabr ayının əvvəllərində o işdə olarkən Xeyrulla iş yerinə gəlmiş, orada onlar onunla rastlaşmışlar, söhbət əsnasında Xeyrulla ona demişdir ki, oğlu Xəyal bekardır, işləmir, onu işə düzəltmək istəyir. O da ona demişdir ki, belə bir tanışı var, adı Sahibdir, o işə adam düzəldir, Xəyalı FHN-nə işə düzəldə bilər. O Sahibə zəng edib bu barədə demiş, Sahib də ona demişdir ki, həmin işin həlli üçün 6000 manat pul lazımdır, Xeyrulla da razı olmuşdur. Daha sonra Sahiblə danışıb razılaşmışlar ki, həmin günün səhərisi Sumqayıt şəhər girəcəyində yerləşən «Azpetrol» YDM-də görüşəcəklər. 2019-cu ilin noyabr ayının təxminən 7-də, səhər 10 radələrində o Sumqayıt şəhərinin girəcəyində yerləşən «Azpetrol» YDM-nə yanına gəlmişdir. Ondan sonra həmin yerə Xeyrullanın oğlu Xəyal və əmisi Əhməd də gəlmişlər. O zəng edib Sahiblə danışıb ona onların yerlərini demişdir. Təxminən 15 dəqiqə sora Sahib də yanına idarə etdiyi «Mersedes ML» markalı, 10-??-350 dövlət qeydiyyan nişanlı avtomaşınla tək gəlmiş və onlar onun avtomobilinə əyləşmişlər. O qabaq oturacaqda, Xəyal Əhmədlə birlikdə avtomobilin arxa oturacağında əyləşmişlər. Orada Xəyal üzərində olan 6000 manat pulu çıxarıb onların yanında Sahibə vermişdir. Bundan başqa Sahibin deməsindən sonra Xəyal ona həmçinin orada hərbi biletini, orta məktəb atestatını və məhkumluğunun olub-olmaması barədə arayışı vermişdir. Sahib onlara söz vermişdir ki, 2 ay müddətinə işini həll edəcək və Xəyal işə çıxacaq. Sonra Sahib çıxıb getmişdir. Onlar da üçü Xızı rayonuna qayıtmışlar. Sahibin mobil telefon nömrəsi ***-***-**- **-dir. Daha sonra ona məlum olmuşdur ki, Sahib Xəyalın işini həll etməmişdir. Bu səbəbdən də Xeyrulla və oğlu Xəyal ona zəng edib məsələ barədə deyəndə, o da Sahibi yığmışdır, o isə onu arxayın edərək işi həll edəcəyini demişdir. O da Sahibin sözünü Xeyrullagilə çatdırmışdır. Lakin Xəyal görəndə ki, Sahib işi düzəltmir, artıq Sahibdən pulunu geri tələb etməyə başlamışdır. Sahib isə pulu qaytaracığını ona dəsə də, halhazıradək Xəyalın pulunu və sənədlərini qaytarıb verməmişdir. Bu səbəbdən də Xəyal polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona həmin puldan heç bir məbləğdə pul verməmiş, onların aralarında bu barədə heç bir söhbətləri də olmamış, onun bu işdə heç bir marağı da olmamışdır. O bu işi Xəyala kömək etmək məqsədi ilə etmişdir. Məhkəmədə ifadə olunmuş Şahid1 ifadəsindən görünür ki,o, Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 22.07.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-yə etdiyi müraciətindən görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı 6000 manat pulu ona ödədiyindən onunla barışmış, ondan heç bir tələbi və şikayəti yoxdur, gələcəkdədə olmayacaqdır. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş və Yasamal rayon İcra Şöbəsinin 14.02.2019-cu il tarixli arayışına əsasən o islah işləri cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, 18 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış, istintaqdan yayındığı üçün həmin tarixdə barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulmasına dair 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki,X3 17 iyun 2021-ci il tarixdə saat 19:30-da yaşadığı evin yaxınlığında tutulmuşdur. 18 iyun 2021-ci il tarixdə ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuş və MSY-dən azad olunaraq arəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6000 (altı min) manat maddi ziyanın tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, cinayət işi üzrə özünü təqsirli bildiyini və Zərərçəkmiş şəxs vurduğu maddi zərəri tam olaraq ödədiyini göstərdi. Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim olunan və cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, 1500 (bir min beş yüz) manat cərimə (6000x25%) onun tərəfindən X1 (VÖEN **********) hesabına köçürülmüşdür. Cinayət işinin materiallarında olan 21 iyun2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin 10 fevral 2014-cü il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində CM-nin 178-ci maddəsi üzrə olan ********* saylı cinayət işi üzrə əmlində cinayət tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-489/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-489/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver