Məhkəmə qərarları › İş №1(060)-490/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-490/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-490/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Füzuli qızının iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 18.05.2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən “Qartal” diş klinikasına müştəri kimi daxil olaraq, klinikanın dəhlizində, gözləmə otağının kreslosunun üzərində olan Zərərçəkmiş şəxs məxsus 60 manat dəyərində dəri əl çantasını içərisində olan sonuncuya məxsus 450 manat dəyərində Samsung A51 markalı mobil telefon, içərisində 70 manat pul olan 20 manat dəyərində olan pul kisəsi və Kapital Bank təqaüd kartı ilə birlikdə gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərdi uzun müdətdir ki, işsizdir və buna görə də maddi vəziyyəti yaxşı deyil. Elə bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. 18.05.2021-ci il tarixdə təxminən saat 20 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində gəzişirərkən və Qartal diş xəstəxanasının qarşısından keçdikdə dayanıb klikikaya baxmış və düşünmüşdür ki, oraya müştəri kimi daxil olsun və nəsə tapa bilsə oğurlasın. Buna görə də diş klinikaslına daxil olmuş, dəhliz ilə irəliləmiş və dəhlizdə olan kreslonun üzərində qara rəngli əl çantası olduğunu görmüş və qərara gəlmişdir ki, həmin çantanı oğurlasın. Ətrafa göz gəzdirmiş və heç kimin olmadığından əmin olduqdan sonra həmin çantanı götürərək dərhal oradan uzaqlaşıb getmişdir. Bir qədər uzaqlaşdıqdan sonra həmin çantanı açmış. Həmin çantanın içərisində 1 ədəd əlli manatlıq, bir ədəd beş manatlıq, 15 ədəd bir manatlıq əskinaslar, bir ədəd qara rəngli Samsung A-51 markalı mobil telefon, 1 ədəd üzərində Zərərçəkmiş şəxs yazılmış “Kapital Bank” kartı olduğunu görümşdür. Həmin 70 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş. Çantanı isə Sumqayıt şəhəri fəhlə bazarı ərazisində tanımadığım bir nəfər şəxsə 20 manata satmışdır. Telefonu və bank kartını özündə saxlamışdır. Sonradan polis əməkdaşları onu Sumqayıt şəhəri ərazisində saxlayaraq oğurluq etməkdə şübhəli olduğumu bildirmişlər. O, polis bölməsində oğurluq etdiyini etiraf etmiş və “Samsung A-51” markalı telefonu və Kapital Bank kartını polis əməkdaşlarına təhvil vermişdir.Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir və onunla barışmışdır. Bu səbəbdən də Məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o,18.05.2021-ci tarixdə təxminən saat 20:05 radələrində həyat yoldaşı Tural ilə birlikdə Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən “Qartal” diş xəstəxanasına həkimin yanına getmişlər. Həmin vaxt birlikdə xəstəxanaya daxil olmuş, həkim qəbul otağına daxil olmamışdan öncə mən özünə məxsus qara rəngli dəri əl çantasını xəstəxananın gözləmə otağında olan divanın üzərinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra həkimin qəbul otağından klinikanın gözləmə zalında divanın üzərinə qoymuş olduğu çantanın xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər tərəfindən içərisindəki əşyalar ilə birlikdə oğurlandığını aşkar etmişdir. Həyat yoldaşı Tural bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları oraya baxış keçirtmiş, Tural da baş vermiş hadisə barəsində PB-nə ərizə ilə müraciət etmişdir. Əl çantasının içərisində özünə məxsus təxminən 1 ay əvvəl həyat yoldaşının onun üçün almış olduğu Samsung A 51 markalı **********22738 imei kodlu ***-***-**-** telefon nömrəsi ilə işləyən mobil telefon, mağaza kartları, Kapital Bank tərəfindən verilmiş təqaüd kartı, qırmızı rəngli pul qabı, pul qabının içərisində 70 manat pul olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 850 AZN maddi ziyan dəymişdir belə ki, oğurlanmış mobil telefonun dəyəri 700 manat, dəri çantanın qiyməti 60 manat, pul qabının qiyməti isə 20 manatdır. Oğurlanmış kartda pul olmamışdır. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun səhhəti ilə bağlı problemlər olduğundan məhkəmə iclasında iştirak edə bilmir, istintaqa əvvəl verdiyi ifadəsini təsdiq edir. Ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs şikayətçi deyidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, X1 onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. 18.05.2021-ci tarixdə təxminən saat 20:05 radələrində həyat yoldaşı Leyla ilə birlikdə Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən “Qartal” diş xəstəxanasına həkimin yanına getmişdir. Həmin vaxt birlikdə xəstəxanaya daxil olmuş, həkim qəbul otağına daxil olmamışdan öncə həyat yoldaşı Leyla özünə məxsus qara rəngli dəri əl çantasını xəstəxananın gözləmə otağında olan divanın üzərinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra həkimin qəbul otağından klinikanın gözləmə zalında divanın üzərinə qoymuş olduğumuz həyat yoldaşına məxsus çantanın xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər tərəfindən içərisində olanlar ilə birlikdə oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları oraya baxış keçirtmişlər. Həyat yoldaşı Leylaya məxsus əl çantasının içərisində ona məxsus təxminən 1 ay bundan əvvəl almış olduğu Samsung A 51 markalı **********22738 imei kodlu ***-***-**-** telefon nömrəsi ilə işləyən mobil telefon, mağaza kartları, həyat yoldaşına məxsus Kapital Bank tərəfindən verilmiş təqaüd kartı, qırmızı rəngli pul qabı, pul qabının içərisində 70 manat pul olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara 850 AZN maddi ziyan dəymişdir belə ki, oğurlanmış mobil telefonun dəyəri 700 manat, dəri çantanın qiyməti 60 manat, pul qabının qiyməti isə 20 manatdır. Oğurlanmış çantada olan kartda pul olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07.06.2021-ci il tarixli 9/3342 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqat nəticəsində, ekspertizaya təqdim edilmiş 01 ədəd qara rəngli, Samsung markalı, SMS 1515F/DSN model, Hindistanda istehsal edilmiş, 128 GB yaddaşlı, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminəb 450.00 manat müəyyən olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 19.05.2021 tarixli könüllü təqdimetmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus oğurladığı 1 ədəd Samsung A51 markalı mobil telefon və üzərində Zərərçəkmiş şəxs yazılmış “Kapital Bank” kartını təqdim etmişdir. Cinayət işinin materiallarından görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 18.05.2021-ci il tarxdə Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən “Qartal” diş klinikasının dəhlizinə baxış keçirilərək, müvafiq protokol və fotocədvəl tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən Qartal diş klinikasına haradan müştəri kimi daxil olduğunu, orada dəqiq olaraq haradan Zərərçəkmiş şəxs məxsus olan çantanı oğurladığını göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 12.06.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Balaşh oğlunun təqdim etdiyi 1 ədəd "Samsung A51" markalı mobil telefon və üzərində Zərərçəkmiş şəxs yazılmış “Kapital Bank” kartı maddi sübut kimi tanınaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 18.05.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1 (060)-441/2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin resdivi zamanı nəzərə alınmır. Həmçinin cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 18.06.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus Samsunq A51 markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının X3 ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şifahi və yazılı ərizə daxil olmamışdır. Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 06 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli ,1 (060)441/2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 24 günü çəkmiş, 02 il 04 ay 02 gününü çəkməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur.Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsidir. Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinin müvafiq hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsinə əsasən iki il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Həmçinin həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini 27 yanvar 2021-ci il tarixində törətmişdir.Hazırki cinayət işi üzrə isə Təqsirləndirilən şəxs oğurluq cinayətini 2021-ci ilin may ayının 18-də yəni, barəsindəki birinci cinayət işi üzrə məhkəmə hökmü çıxmamış törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə ona təyin olunmuş cəza ilə qismən tplanmaqla qəti cəza təyin olunmalıdır. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhəri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış 01 ədəd samsunq A 51 markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli (iş № 1(060)-490/2021) qərarını icra edərək, 06 iyul 2021-ci il tarixli 668 saylı orderə əsasən vəkil Müdafiəçi Füzuli qızı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun Turanbank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1 (060)441/2021 saylı hökmü ilə ona təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 02 (iki) gün hissəsi ona hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd samsunq A 51 markalı mobil telefonun Zərərçəkmiş şəxs Abdulali qızına qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Füzuli qızının göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar