Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-490/2024 10.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Baş Sumqayıt st. X7 əməkdaşları tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt stansiyasının ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq dəvət olunduğu Sumqayıt şəhəri, Baş Sumqayıt dəmir yolu stansiyası ərazisində yerləşən XPB-də xx.xx.2023-cü il tarixdə saat 17:45-18:05 müddətində üzərinə şəxsi-axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən bir bükümdə təmiz çəkisi 0,980 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da, o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Sumqayıt şəhəri 17-ci mkr-da yaşayır, subaydır, hal-hazırda heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Belə ki, 25 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhər ərazisində fəhlə işi axtarmaq məqsədi ilə Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə gedərkən 3cü mkr ərazisində yerdə bir ədəd kağız bükülü görmüş, bükülünü götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə olduğunu müəyyən etmişdir. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün onu tanımış və şəxsi istifadəsi üçün götürmüşdür. Yenidən iş axtarmaq məqsədi ilə Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə getmiş, həmin gün, 25 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində orada olarkən polis əməkdaşları yaxınlaşaraq ona üzərində narkotik vasitə olmasında şübhələndikləri üçün onu Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. XPB-də xidməti otaqda ona təqdim edilmiş siyahıdan seçdiyi vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşı ona üzərində qanuna zidd nə varsa çıxarıb təqdim etməsini təklif etmiş, o, da şalvarının yan cibindən içərisində narkotik vasitə olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra zərfdə qablaşdırılaraq götürülmüşdür. Qeyd edir ki, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, saxlanılarkən və ya saxladıldıqdan sonra polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Sumqayıt st. XPB-nin PPXM-nin, manqa komandiri Şahid2 ifadəsində göstərmişdir ki, 25 noyabr 2023-cü il tarixdə Baş Sumqayıt st. XPB-nə Həbib adlı şəxsin stansiya ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş və əməliyyat tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Belə ki, 25 noyabr 2023-cü il tarixdə saat 15:00 radələrində o, Baş Sumqayıt st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 və bölmənin PPX-nin polis serjantı Şahid3 ilə əməliyyat məlumatı əsasında Baş Sumqayıt dəmir yolu stansiyasının ərazisinə gedib orada bir qədər durduqdan sonra bir nəfər şəxsin stansiya ərazisinə gəldiyini görmüşlər. Bu vaxt o, yanında olan polis əməkdaşları ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və ona narkotik vasitələri istifadə etməsində şübhə etdikləri üçün onu XPB-nin inzibati binasına dəvət etmiş, birgə XPB-nə getmişlər. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təqdim edilmiş siyahıdan seçdiyi vəkilin də iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı, polis kapitanı Elməddin Həsənov şübhəli şəxsə üzərində qanunla istifadəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, bundan sonra Həbib əynində olan şalvarın cibindən bir ədəd bükülünü çıxardıb təqdim etmişdir. Bükülüyə baxılarkən içərisində şabalıd rəngli maddə aşkar olunmuşdur. Şəxsi-axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş. O, və digər iştirakçılar tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışlar. Bükülü ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-də Baş Sumqayıt st. XPB-nin PPXM-nın, polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 noyabr 2023-cü il tarixdə (saat 14:55) fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 25 noyabr 2023-cü il tarixdə, saat 17:20 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.22); 26 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 39-41) “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 26 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.46-47); 27 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.48-50) Sumqayıt şəhər məhkəməsinin 1(060)-490/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Ədliyyə Nazirliyi PX 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə saxlanılaraq təcridxanaya təhvil verilmişdir. “şəxsi axtarışın keçirilməsi haqqında” 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı X6 Yusifovun üzərində qanunla qadağan olunan nə varsa çıxarıb təqdim etməsi təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb bir ədəd ağ kağız bükümü təqdim etmiş, bükümün içərisinə baxarkən şabalıdı rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs kağız bükümdə olan kütlənin narkotik vasitə olmasını, onu saxlanılan gün, yəni 25 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 3-cü mkr ərazisindən tapdığını, sonra özü ilə götürərək Baş Sumqayıt stansiyası ərazisinə gəldiyini və stansiya ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi-axtarış zamanı aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş şəxsi axtarış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. (i.v 23-24). AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1155 nömrəli 26 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,980 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 32-35). AR Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 806 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 104-105). Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il tarixdən “iki və daha artıq narkotik maddənin istifadəsindən yaranan psixi və davranış pozuntusu” asılılıq sindromu ilə qeydiyyatdadır. (i.v. 67) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. AR DİN BƏSİİ alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 13 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 62-63, 83-94 72-74,101-103, 114) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan vaxtından əvvəl şərti olaraq azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “maddi sübut kimi tanıma haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.980 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.880 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xaçmaz st. Xətt Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 54) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. (i.v. 81) “sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, 6/1155 nömrəli 26 noyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının, 806 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, Həbibovun üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0.980 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.880 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Xaçmaz st. Xətt Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.116-122); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını, CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsd ə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin 0.980 qram olmasını, qeyd olunan miqdarın şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, bundan öncə də narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 13 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Xaçmaz st. Xətt Polis şöbəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.880 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 13 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Xaçmaz st. Xətt Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.880 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-490/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-490/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver