Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-491/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 19.09.1979-cu il tarixdə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 2/68, mənzil 4 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15.04.2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Nənəmin təndiri” mağazasının satıcısı Zərərçəkmiş şəxs çörəyin qiymətinin bahalaşması ilə bağlı irad bildirdiyi zaman sonuncunun acı cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurub yerə yıxaraq ona alt dodağın sıyrığı və həmin dodağın selikli qişasının tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarasıxəsarətləri yetirməklə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, hər gün axşam işdən evə getdiyi zaman Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Nənəmin təndiri” mağazasından isti çörək alaraq evinə aparır. 15.04.2021-ci il tarixdə də həmişə olduğu kimi həmin mağazadan çörək almaq üçün getmiş, bu dəfə həmişə olan şəxs deyil cavan oğlanın orada satıcı olduğunu görmüşdür. Cibində olan 50 qəpiklik əskinası ona uzatmış, bu zaman həmin cavan oğlan çörəyin 60 qəpik olduğunu bildirmiş, bir qədər kinayə ilə danışmış və ona yaxın günlərədək həmişə çörəyi 50 qəpiyə aldığını, indi nə olduğunu dedikdə satıcı “çörək bahalaşıb” deyərək onunla acı danışdığından, o, satıcıya “sənin müdirin kimdir çağır gəlsin” demişdir. Lakin, o, müdiri olmadığını demiş, buna görə də aralarında söz mübahisəsi yaranmışdır. Pulu verərək, çörəyi almış, bir qədər getdikdən sonra həmin satıcının arxadan gəldiyini və onu çağıraraq “bayaq sən nə deyirdin?” demişdir. Ona çıxıb getməsini desə də satıcı üzərinə gəlmiş və buna görə də ona tərəf çevrilərək, yaxasından əli ilə tutmuş və ayağı ilə onun ayaqlarından badalaq vuraraq onu yerə yıxmış, Zərərçəkmiş şəxs yerdə qalmış ona “sən mənim oğlum yaşındasan” demiş və həmin şəxs ona bundan sonra heç nə deməmiş və oradan bir qədər uzaqlaşmışdır. Sonradan onunla mübahisə edən şəxsin ondan şikayət etdiyini öyrənmiş, buna görə də geri qayıtmış və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişlər. Mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, orada yaxınlıqda mağaza işlədən bir nəfər şəxs olmuşdur. O, Ələkbərin yaxasından əli ilə tutduğu zaman ola bilər ki, əli onun ağız nahiyyəsinə dəyib, lakin həmin şəxsi təhqir etməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 08.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Nənəmin Təndiri ” adlı təndirxanada baş kassir vəzifəsində işləyir. Həmin mağazada əsasən çörək və digər un məmulatları hazırlığı ilə məşğul olur və vətəndaşlara satışını təşkil edirlər. 15.04.2021-ci il tarixdə də həmişəki kimi işdə olmuş, saat 23 radələrində bir nəfər təxminən 40-45 yaşlarında kişi təndirxanaya yaxınlaşaraq bir ədəd çörək istəmiş, ona çörək verdikdə və həmin şəxs 1 manatlıq əskinas verdikdə ona 40 qəpik qaytarmışdır. Bu zaman o, “çörək həmişə 50 qəpik olub, nə üçün qiyməti qaldırırsınız, pandemiya dövrüdü işsizlikdir” sözlərini demiş və onu sakitləşdirmək məqsədi ilə onun üçün 50 qəpik çıxacağını bildirsə də o, buna fikir verməmiş, mağazanı tərk edərək, kənarda dayanmışdır. O, siqaret çəkmək üçün mağazadan çölə çıxdıqda həmin şəxs də mağazanın yanında olmuş, “mənə müdiriyyətinizin nömrəsini ver” demişdir. O müdiriyyətin nömrəsini vermədikdə, müdiriyyətin ünvanına nalayiq sözlər demişdir, ondan söyüş söyməməsini tələb etdikdə, həmin şəxs onu da nalayiq sözlərlə söyərək təhqir etmiş və üzərinə gələrək yumruq zərbəsi ilə ağız nahiyyəsinə, təpiklə ayağına zərbələr vuraraq onu yerə yıxmışdır. Həmin şəxs sərxoş olmuş, mağazanın yanında dayanmış, buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək, döyülməyi ilə əlaqədar müraciət etmişdir. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Mübahisə təxminən 5-6 dəqiqə davam etmiş orada başqa heç kim olmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs təhqir etməmiş, vurmamışdır. Əvvəlcədən heç bir ədavətləri olmamış, o onu ilk dəfə həmin gün görmüşdür. Təqsirləndirilən şəxslə mübahisə etmək istəməmiş, təhqir etməmiş, üzərinə hücum etməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Şahid1 ifadəsində bildirmişdir ki, 2020-ci ilin oktyabr ayından Sumqayıt şəhər Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis siravisi vəzifəsində xidmət edir. 15.04.2021-ci il tarixdə xidməti ərazidə, yəni Sumqayıt şəhəri, Sülh küçəsində xidmətdə olduğu zaman daxil olan məlumata əsasən “Nənəmin təndiri” mağazasının yanında mübahisə olduğunu öyrənərək dərhal xidmət yoldaşı Fizuli Quliyev ilə birlikdə həmin yerə yaxınlaşmışlar. Oraya çatdıqları zaman mübahisə başa çatmış, bir nəfər sərxoş vəziyyətdə ucadan danışdığını görmüşlər. Ondan nə olduğunu soruşduqda həmin şəxs “çörəyin qiyməti 50 qəpik olmalıdır, satıcı deyir 60 qəpikdir” demiş, bu zaman həmin mağazada işləyən şəxs "müdirim nə qiymət qoyub ona da satıram" demişdir. Həmin satıcı sərxoş vəziyyətdə olan şəxsdən şikayətçi olduğunu demiş və hər iki şəxsi Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparmışlar. Orada həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə Zərərçəkmiş şəxs olması müəyyən edilmiş, Ələkbər adlı şəxs Təqsirləndirilən şəxs onu təhqir etdiyini və döydüyünü bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirmiş və həmin şəxsin yüngül dərəcədə sərxoş olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs əli ilə ağız nahiyyəsindən tutaraq Çingiz adlı şəxsin onun ağız nahiyyəsinə yumruqla vurduğunu bildirmişdir. Onlar mübahisə baş verən yerə getdikləri zaman orada 2-3 nəfər tanımadıqları şəxslər olmuş, onlar mübahisəni sakitləşdirmiş, pandemiya ilə əlaqədar ətrafda başqa kimisə görməmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş X3 da Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 16.04.2021-ci il tarixli A/299 saylı “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(i.v 13) İş materiallarında olan 16.04.2021-ci il tarixli “Hadisə yerin baxış” protokolundan görünür ki, baxış Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Nənəmin təndiri” mağazasının qarşısında keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs Samir oğlu bildirdi ki, Təqsirləndirilən şəxs onu orada döyərək bədən xəsarətləri yetirmişdir. Baxı zamanı təhqiqat araşdırılması üçün əhəmiyyətli ola biləcək nəsə götürülməmişdir.(i.v 15-16) İş materiallarında olan 19.04.2021-ci il tarixli 406 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Samir oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alt dodağın sıyrığı və həmin dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 15.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteriə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vətəndaş X2 özü-özünə yetirməsi az inandırıcıdır.(i.v19-20) İş materiallarında olan 17.06.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 68) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 07.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 78) İş materiallarında olan 16.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 79) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 10.09.2003-cü il təvəllüdlü bir uşağı var.(i.v 80) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Nəsibli Tural Sayadoğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 08 (səkkiz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 48 (qirx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-491/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-491/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver