Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-491/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Zərqava ərazi dairəsi, Zərqava kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikr. ev 32, mənzil 71-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 23 yanvar 2022-ci il tarixdə, saat 15:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində, 33 saylı xətt marşrut avtobusunda yaranmış sıxlıqdan istifadə edərək, Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sol yan cibinə əlini salıb sonuncuya məxsus 01 (bir) ədəd 180 (bir yüz səksən) manat dəyərində "Redmi" markalı mobil telefonu dartıb çıxarmaqla gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 180 (bir yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən "Can" un məmulatları mağazasının qarşısında Zərərçəkmiş şəxs2 əynində olan gödəkçənin sol yan cibinə əlini salıb sonuncuya məxsus 400 (dörd yüz) manat məbləğində nağd pulu dartıb çıxarmaqla gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2ci və 177.2.5-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Asif Feziyev ilə birlikdə Sumqayıt şəhər 2-ci mikrorayon ərazisindən 33 saylı xətt marşrutu üzrə avtobusa minmiş, avtobusda Asif ilə birlikdə ayaqüstə dayanmış, hərəkətdə olarkən bir nəfər azyaşlı qızın cibindən mobil telefonu çıxarıb təkrar gödəkçəsinin yan cibinə qoyduğunu gördükdən sonra həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində avtobusda yaranmış sərnişin sıxlığından istifadə edib əlini qızın gödəkçəsinin yan cibinə salaraq, ona məxsus mobil telefonu cibindən çıxarmışdır. Həmin vaxt nə həmin qız, nə də ətrafdakı şəxslər onun mobil telefonu oğurladığını hiss etməmişlər. Mobil telefonu qızın cibindən çıxarandan sonra Asifə avtobusdan düşməsini demiş və Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən H.Əliyev parkının qarşısında avtobusdan düşmüşlər. Sonra Asifə mobil telefon oğurladığını bildirmiş, Asiflə birlikdə həmin mobil telefonu Sumqayıt şəhərində yerləşən mobil telefon alqı-satqısı mağazasında öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 50 manata satmış, həmin pulu da Asif ilə birlikdə şəxsi ehtiyacları üçün, yəni siqaret almaq və yemək yeməyə xərcləmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 15:05 radələrində “Can” şirniyyat mağazasının yanında dayanmış, həmin vaxt dayanacaq istiqamətində kiçik addımlarla hərəkətdə olan bir nəfər yaşlı qadının əlindəki pulu əynində olan jaketin sol cibində qoyduğunu görmüş, tez sol tərəfdən həmin qadına yaxınlaşıb, əlini onun cibinə salmış və pulları onun cibindən götürüb addımlayaraq yolu Nərimanov küçəsi ilə 30-cu məhəllə istiqamətinə keçmişdir. Həmin vaxtı onu heç kim görməmişdir. O, oğurluq etdikdən sonra piyada hərəkətdə olarkən pulları saymış və 02 ədəd 100 (bir yüz) manatlıq, 03 ədəd 50 (əlli) manatlıq, iki ədəd 20 (iyirmi) manatlıq və 1 ədəd 10 (on) manatlıq pul əskinazları görmüş və ümumilikdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat məbləğində pulunu oğurladığını bilmişdir. Oğurladığı pulları öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələri ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi olan atası Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, anası Nuranə Şahmarova ilə birlikdə 33 saylı xətt marşrutu üzrə avtobusa minmiş, avtobusda yer olmadığından ayaq üstə dayanmışdır. Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən “Nəsimi” kinoteatrının qarşısında olan dayanacaqdan avtobusa çoxlu sayda sərnişin mindiyindən sıxlıq yaranmış, həmin zaman əlində olan özünə məxsus "Redmi 9" markalı mobil telefonu qara rəngli dəri gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin zaman avtobusda onun yanında bir neçə kişi də ayaq üstə dayanmış, bir neçə dəqiqə yol gəldikdən sonra, saat 15:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayonda avtobusdan düşmüş, telefonu çıxarmaq istədiyi zaman mobil telefonun cibində olmadığını, avtobusda yaranan sıxlıq zamanı naməlum şəxsin cibində saxladığı telefonu cibindən götürməklə oğurlandığını başa düşmüşdür. Həmin mobil telefonun hazırki bazar qiyməti təxminən 350 (üç yüz əlli) manat civarında olmuşdur. İş üzrə digər Zərərçəkmiş şəxs2 telegramla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:05 radələrində bacısı Ləbi adlı şəxslə Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzindən “Can” un məmulatlarının qarşısı istiqamətində piyada hərəkətdə olarkən əlini jaketinin sol cibinə salan zaman, cibindəki 400 (iki ədəd 100 manat, üç ədəd 50 manat, iki ədəd 20 manat, bir ədəd 10 manat) manat pulunun olmadığını görmüşdür. Ona görə də, o həmin tarixdə AR DİN-nin "102" xidmətinə zəng vuraraq hadisə barədə xəbər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, xx.xx.2022ci il tarixdə sonradan adını bildiyi Fərasət adlı şəxs ona zəng edərək “Redmi 9” markalı telefon satmaq istədiyini bildirmiş, o da razılaşıb həmin gün onunla Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Saracılı” adlanan restoranın qarşısında görüşmüşdür. Fərasət onunla görüşməyə adını bilmədiyi bir nəfərlə gəlmiş və “Redmi 9” markalı telefonu 80 (səksən) manata satmaq istədiyini bildirmişdir. Lakin, razılaşdıqdan sonra həmin telefonu Fərasət adlı şəxsdən 65(altmış beş) manata almışdır. Həmçinin, telefonu aldıqdan sonra Fərasət adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surətini də almışdır. Həmin telefonu 100 (bir yüz) manat məbləğində olan satış elanını “Tap.az” saytında yerləşdirmişdir. Təxminən 3-4 gündən sonra adını bilmədiyi bir nəfər ona zəng edərək polis əməkdaşlarının işlədiyi mağazaya gəldiklərini, onu axtardıqlarını və Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişdir. Həmin gün o, Sumqayıt ŞPİ-nə getmiş və orada Fərasət adlı şəxsdən aldığı “Redmi 9” markalı mobil telefonun oğurluq telefon olduğunu bilmişdir. Həmin vaxt Pİ-də Fərasət adlı şəxs və telefonu aldığı gün onun yanında olmuş adını bilmədiyi şəxsdə orada olmuşdur. Pİ-də polis əməkdaşları ona telefonu qaytarmağı tələb etdikdə o, Fərasət adlı şəxsi göstərərək ondan həmin telefonu 65 (altmış beş) manata aldığını və pulunun qaytarılacağı təqdirdə telefonu verəcəyini bildirmişdir. Sonradan özünü Fərasətin yeznəsi kimi təqdim edən şəxs həmin mobil telefona görə ona 50 manat verdikdən sonra o, mobil telefonu Sumqayıt ŞPİ-nə apararaq polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00-da ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 69-70) İş materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.78-79, 89-90) Müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* № altında davam etdirilmişdir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsindən, həmin məcəllənin 177.2.2 və 177.2.5-ci mddələrinə tövsif edilmiş ona həmin maddələri ilə ona yenidən itiham elan edilmiş və barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə, 25 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmışdır.(İ.v 131-134) İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.(İ.v 168-170) İş materiallarında olan “məhkəmə-əmtəəşunaslıq” ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd “Xiaomi Redmi-9” markalı, 64 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180.00 (bir yüz səksən) manat müəyyən olunur.(i.v 155-157) İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1209 nömrəli rəyinin sübut kimi qiymətləndirilməsi və həmin rəy mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən 01(bir) ədəd “Xiaomi Redmi-9” markalı, 64 GB yaddaş tutumlu mobil telefonun satış üçün müəyyən olunmuş təxminən 180.00 (bir yüz səksən) manat orta bazar qiymətinin əsas götürülməsi, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd “Redmi 9" markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs1 saxlanması üçün verilməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.179-181) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 185) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin xx.xx.2019-cu il təvəllüdlü Ümid adlı bir uşağı vardır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nın 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnın 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəsasını Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 25 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikasının CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən isə 16 (on altı) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi 96 (doğsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd "Xiaomi Redmi 9” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doğsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-491/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-491/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver