Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-491/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayııt şəhəri, 4-cü mikrorayon, ev 31/14, mənzil 85 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxası, Çerkasi küçəsində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs üz nahiyyəsindən və başından yumruqla vuraraq, həmçinin dəmin boru ilə sol qolundan və sağ ayağından vuraraq, ona sol göz qapaqların və gözaltı nahiyyənin dərialtı hematoması, sol saidin, sağ baldırın və sağ təpə-alın nahiyyənin geniş ölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edillmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1997-ci ildə o Dilavərlə ailə həyatı qurmuş, birgə birgə nikahlarından 1998-ci il təvəllüdlü X1 və 2001-ci il təvəllüdlü X4 oğlu adında iki övladları vardır. Qızı Aysel ailəlidir və öz ailəsi ilə birlikdə yaşayır. Oğlu Ramiz isə hazırda hərbi xidmətdədir. Ailə həyatı qurandan Dilavərlə xasiyyətləri uyğun gəlmir və buna görə də, mütəmadi olaraq aralarında münaqişələr olur. 31,03.2023-cü il tarixdə təxminən saat 19:30 radələrində yaşadıqları evdə olan zaman yenə Dilavərlə aralarında mübahisə yaranmış və əsəbləşərək əl zərbələri ilə onu döymüşdür. Sonradan Dilavərin ondan polisə şikayət etdiyini öyrənmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1997-ci ildə mən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar, birgə nikahlarından 1998-ci il təvəllüdlü X1 və 2001-ci il təvəllüdlü X4 oğlu adında övladları vardır. Qızı Aysel ailəlidir və öz ailəsi ilə birlikdə yaşayır. Oğlu Ramiz isə hazırda hərbi xidmətdədir. Ailə həyatı qurandan Tofiq onu incidir və mütəmadi olaraq yersiz mübahisələr yaradır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:30 radələrində o iftarını içmaq üçün evdə yemək hazırlayaraq masanın üzərinə qoymuş, Tofiq də oruc tutduğu üçün onu danlayıb, onunla mübahisə etməyə başlamış və mübahisə zamanı yumruqlarla başından, sol gözündən, təpiklərlə qarnından, bədəninin müxtəlif yerlərindən vuraraq döyməyə başlamışdır. Bundan sonra Tofiq evdə olan dəmir boru parçasını götürüb, həmin boru ilə sol qolundan və sağ ayağından vuraraq onu döymüşdür. O da buna görə evdən çıxıb getmiş, sonradan isə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gədərək Tofiqin onu döyməsi ilə bağlı şikayət etmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 423 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol göz qapaqların və gözaltı nahiyyənin dərialtı hematoması, sol saidin, sağ baldırın və sağ təpə-alın nahiyyənin geniş ölçülü qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yumruqla və dəmir boru ilə yetirilən zərbələrin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yerinə yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də, hazırki iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı şikayətinin olmaması təqsirləndirilən şəxsə yenidən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Ona görə də, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində cəza tətbiq edilməlidir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materialarında olan 1-ci, 3-cü və 5-ci məhəllələr üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1228 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X3 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 172 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, , Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı və hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-491/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-491/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver