Məhkəmə qərarları › İş №1(060)-492/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-492/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-492/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tərkibində metadon təsiredici maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda olan 01 ədəd dərman həbini əldə edib daşıyaraq üzərində saxlamış, 07 aprel 2022-ci il tarixdə saat 17:20 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Aygün» mərasim evinin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 3-cü PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən üzərində «Methadone 40» və «F/M40» göstəriciləri olan dərman konvolyutu kəsiyində, açıq-qəhvəyi rəngli, tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edən 1 ədəd metadon dərman həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 5-6 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. O, tutulmamışdan təxminən bir ay əvvəl Sumqayıt şəhəri, ərazisində yerləşən «Simurq» adlı şadlıq sarayının qarşısında Mirzə adlı şəxsdən 01 listdə 10 ədəd olmaqla metadon həbini 12 manata özü istifadə etmək üçün almışdır. Həmin həbləri özü istifadə etmiş və qalan bir ədədini isə istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 17:20-də o, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Aygün» mərasim evinin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 3-cü PBnə gəlmiş, burada ona üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, əynindəki qara rəngi qolsuz gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd metadon həbini çıxarıb təqdim etmişdir. Eyni zamanda o, əynində olan qolsuz gödəkçənin sol yan cibindən 01 qutu «Rothmans» markalı siqareti və 01 ədəd alışqanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, təqdim etdiyi həb metadon həbidir və onu təxminən bir ay əvvəl Mirzə adlı şəxsdən Sumqayıt şəhəri, ərazisində yerləşən «Simurq» adlı şadlıq sarayının qarşısında 12 manata öz istifadəsi üçün almış və birazını istifadə edib qalan 01 ədəd həbi isə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd metadon dərman həbi elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,66 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra isə həmin dərman həbi qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra 01 ədəd metadon dərman həbinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. O, dərman həbini aldığı Mirzə adlı şəxsin soyadını və ünvanını dəqiq bilmir. Ancaq 9-cu mikrorayonda yaşadığını bilir. O, onu axırıncı dəfə bir ay əvvəl görmüşdür. Bundan sonra onunla əlaqəsi olmamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, istifadəsi, gəzdirməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1, 3-cü PB-nin baş təhqiqatçısı X2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 17:20 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Aygün» mərasim evinin qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ziyat nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, istifadə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəfləridə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Ziyat heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X3 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən dərman listindən kəsilmiş bir ədəd «Metadon» dərman həbini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin dərman həbinin nə olduğu soruşulduqda o, bildirmişdir ki, həmin dərman həbi təsiredici «Metadon» həbidir. Onlar Ziyatdan həmin dərman həbini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin dərman həbini bir ay əvvəl Mirzə adlı şəxsdən aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd «Metadon» həbi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,66 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra «Metadon» dərman həbinə bənzər dərman həbi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin dərman həbini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin dərman həbini bir ay əvvəl Mirzə adlı şəxsdən özü istifadə etmək üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı onlarda əməliyyat məlumat olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PBnin baş təhqiqatçısı, polis kapitanı Pərviz Babayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "Şəxsi axtarış və götürmə barədə" protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:20 radələrində Sumqayıt şəhəri, 9-cu mkr, Aygün mərasim evinin qarşısında Sumqayıt şəhər 3-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz qəbulu və gəzdirilməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxlanılaraq 3-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist “Panasonik” markalı videokameranı işə salaraq iştirakçılarla birlikdə PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd dərman listindən kəsilmiş 01 ədəd “Metadon” narkotik vasitəsinə bənzər maddəni çıxardaraq təqdim etmiş və verilən şifahi suallara cavab olaraq təqdim etdiyi maddənin “Metadon” həbi olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd dərman listindən kəsilmiş 01 ədəd “Metadon” narkotik vasitəsinə bənzər maddənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni bir ay bundan öncə Mirzə adlı şəxsdən 10 ədədini hər birini 12 manata aldığını və digərlərini öz şəxsi istifadəsinə sərf edərək son 01 ədədini isə özünə qəbul etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara gödəkçənin sol yan cibindən 01 ədəd rothmans siqareti və 01 ədəd yaşıl rəngdə alışqanı çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd dərman listindən kəsilmiş 01 ədəd “Metadon” narkotik vasitəsinə bənzər maddə Digital Pocket scale markalı elektron tərəzidə çəkilmiş və çəkisi 0,66 qram olmuşdur, Həmin vasitə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün, kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənərək, zərfin üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd rothmans siqareti və 01 ədəd yaşıl rəngdə alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində «polis nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1930 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 ədəd zərfdəki 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 1 ədəd açıq-qəhvəyi rəngli “F/M” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,040 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. (i.v 39-43) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1859 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 112- 113) Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi təmiz çəkisi 01 ədəd 0,040 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, 1/2 hissə həb maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 85) Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v 85) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, məhkum olunmamış şəxsdir. (i.v 115) İş materiallarında olan 9 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2013-cü il və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tərkibində metadon təsiredici maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda olan 01 ədəd dərman həbini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını himayəsində iki az yaşlı uşağın olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci və 59.1.4-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin ümumi təmiz çəkisi 01 ədəd 0,040 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, 1/2 hissə həb məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə tutulmuş, 09 aprel 2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin ümumi təmiz çəkisi 01 ədəd 0,040 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, 1/2 hissə həb məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar