Məhkəmə qərarları › İş №1(060)-494/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-494/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-494/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1977-ci ildə Gürcüstan Respublikasının Marneul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,416 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 24 fevral 2022-ci il tarixdə saat 13:00-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, məhəllə 45, ev 11B/15-in qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,416 qram narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibinin kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu xx.xx.2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, məhəllə 45, ev 11B/15 ünvanından aparmışlar. Qonşunun qapısında kameranın olduğunu və polis əməkdaşlarının onu evdən apardıqlarının kameraya düşdüyünü ehtimal etdiyini bildirdi. Üzərində narkotik vasitə olmamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-də polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat və ilkin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, məhəllə 45, ev 11B/15, mənzil 14 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 01 (bir) ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmişdir. 24 fevral 2022-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhərində olduğu zaman Bakı şəhəri “20 Yanvar” dairəsi yaxınlığında qismən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 12 (on iki) manat dəyərində bir bükümdə narkotik vasitə heroin almış və Sumqayıt şəhərinə geri qayıtmışdır. 24 fevral 2022-ci il tarixdə tarixdə saat 13:00 radələrində yaşadığı Sumqayıt şəhəri, məhəllə 45, ev 11B/15 ünvanının qarşısında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmişlər, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını bildirmişlər. O da etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibinin kiçik cibindən özünə məxsus şəffaf rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə olan narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Polis Bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis başleytenantıdır. 24 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşı Şahid2 iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11B/15-in qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqda videoçəkilişlə polis əməkdaşlarının və müdafiəçi İsməli Kazımovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibinin kiçik cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş bükümə baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində Bakı şəhəri, 20 “Yanvar” ərazisində tanımadığı şəxsdən 12 (on iki) manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki şalvarının sağ yan cibinin kiçik cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, verilən suallara cavab olaraq bildirmiş ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə “heroin”dir. Həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə tanımadığı şəxsdən 12 (on iki) manata şəxsi istifadəsi üçün almışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd cib dəsmalı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə sellofanla birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 1,59 qram olduğu müəyyən edilmiş və həmin büküm içərisindəki maddə ilə birlikdə qablaşdırılmış və Azərbaycan Respublikası DİNnin 127 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2022-ci il tarixli, 6/1161 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 127 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən... ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,416 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 1,416 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 1,366 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 12 mart 2022-ci il tarixli, 1251 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,416 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,366 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 345 nömrəli, xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) aztaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-537/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-537/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaçlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,416 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,366 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkizi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,366 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmii) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar