Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-495/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 06 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Araz market» adlı mağazanın binasına bitişik "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatın yanında olarkən həmin vaxt bankomatdan X3 məxsus identifıkasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4169-7414-4701-2277 nömrəli bank kartından pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs bank kartından pulun çıxarılmasında köməklik göstərilməsi ilə bağlı müraciətindən sonra bank kartını bankomata salıb, identifikasiya nömrəsini sonuncudan öyrənməklə bankomata daxil edərək, bank kartından ilk öncə 300 manat pulu çıxarıb Zərərçəkmiş şəxs verdikdən sonra, təkrar olaraq bank kartını bankomata daxil edib, identifikasiya nömrəsini bankomata yazmaqla, bank kartından 200 manat pulun çıxarılması ilə bağlı əməliyyat apararaq, bank kartının puldan əvvəl çıxması səbəbindən həmin bank kartını Zərərçəkmiş şəxs qaytarmaqla yalandan bank kartından pul çıxartmaq mümkün olmadığını bildirib, sonuncunun bankomatdan uzaqlaşmasından istifadə edərək, bankomatdan çıxan 200 manat pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 200 manat məbləğində maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,187 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 20 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 17:35 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Ordubad" marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,187 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində özünə məxsus bank kartından pul çıxartmaq məqsədi ilə tanışı Yadigar adlı şəxslə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Araz market» adlı mağazanın binasına bitişik "xxxx" ASC-nin bankomatının yanına gəlmişlər. Orada olarkən adını sonradan bildiyi Qənfılə Məmmədova ondan bank kartından pul çıxartmaqda köməklik etməyini istəmişdir. O da razılaşmış və Qənfılə adlı qadından bank kartını götürüb bankomata daxil etmişdir. Qənfılə ona bank kartının şifrəsini dedikdən sonra o, bank kartında 564 manat pulun olduğunu görmüşdür. O, həmin vaxt bankomatda 300 manat pulun çıxarılması ilə bağlı əməliyyat aparmış və 300 manat pul çıxdıqdan sonra həmin pulu Qənfılə vermişdir. Daha sonra o, bank kartında olan puldan 200 manatı oğurlamaq qərarına gəlmiş və Qənfılə ondan qalan pulu da çıxarmağını istədikdə o, bank kartını bankomata daxil edərək 200 manat pulun çıxarılması ilə bağlı əməliyyat aparmış və bank kartı bankomatdan çıxan kimi bank kartını Qənfılə verib demişdir ki, bankomatdan yalnız 300 manat çıxarmaq mümkündür. Qənfılə çıxıb getmiş və o, bankomatdan çıxan 200 manat pulu gizlincə cibinə qoyaraq oradan tanışı Yadigarla birlikdə uzaqlaşmışdır. Sonradan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 20 fevral 2024-cü il tarixdə saat 17:35 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə “Ordubad” marketin yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitənin isatifadəsində şübhəli bildiklri üçün onu 3-cü PB-yə aparmışlar. Orada ona vəkil təqdim edilmiş və şəxsi axtarış keçiriləcəyi elan edilərək videoşəkilişdən istifadə edilməklə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olubolmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməyini təklif edən zaman özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızma bükülü 01 (bir) büküm psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Təqdim etdiyi büküm elektron tərəziyə qoyularaq çəkilmiş və bükümün çəkisi 0,2 qram olduğu müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Tanışı Yadigarın onun 200 manat pul oğurlamağından məlumatı olmamış, o, bank kartından pul çıxaran zaman Yadigar kənarda dayanmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədənə xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qızı X7 ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə qızı Sona özü xəstə olduğundan plastik kartını ona verərək kartda olan 564 manat pulu gedib çıxartmağını söyləmişdir. O da qızının kartını götürüb Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Araz” marketin yerləşdiyi binaya quraşdırılmış "xxxx" ASC-yə aid olan bankomatın yerləşdiyi yerə getmişdir. Ondan öncə növbədə 4 nəfər kişi cinsli şəxs olmuşdur. Həmin şəxslərdən biri bankomatdan öz pulunu çıxartdıqdan sonra ona tərəf dönüb “xala ver kömək edim” demişdir. O da kartı həmin şəxsə verib şifrəsini demişdir. Həmin şəxs də kartı bankomata salıb 03 ədəd 100 manatlıq əskinasdan ibarət 300 manat pulu ona verərək qalan 200 manatı çıxarmaq mümkün olmadığını demişdir. Buna baxmayaraq həmin şəxs kartı yenidən bankomata daxil edərək yenidən pul çıxartmağa cəhd etmişdir. Həmin şəxs bankomatın önündə dayandığından o, tam şəkildə bankomatdan pulun çıxıb-çıxmadığını görə bilməmişdir. Həmin şəxs kartı ona geri qaytararaq bankomatda pul bitidiyindən qalan 200 manatı çıxartmaq mümkün olmadığını demişdir. O da oradan uzaqlaşıb “Araz” marketə daxil olub bazarlıq etmişdir. Bazarlıq etdikdən sonra bankomata yenidən yaxınlaşmışdır. Orada olan bir qadına kartı verərək pulu çıxartmağa köməklik etməsini xahiş etmişdir. Həmin qadın kartı bankomata yanında daxil edib balansda 64 manat qaldığını bildirmişdir. Kartından 300 manat pulu çıxardan şəxs onu aldadaraq kartdan 200 manatı da çıxardığını anlamışdır. Bundan sonra o, 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sonradan polis bölməsində aparılan araşdırma zamanı bank kartından 200 manat pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 fevral 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Rahim» adlı şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqla istifadə edir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1, 3-cü polis bölməsinin təhqiqatçısı Zamiq Quliyev. Sumqayıt ŞPİ-nin Kriminalistik Tədqiqatlar bölməsinin kriminalisti X8 ibarət əməliyyat qrupu yaradılmışdır. 20 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən «Ordubad market» adlı mağazanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə dəvət etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan bükümü çıxarıb, masanın üzərinə qoymuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini şəxsi istifadə üçün 20 fevral 2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsilə çəkilmiş və təxminin 0,2 qram olduğu müəyyən edilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2024cü il tarxdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Araz market» adlı mağazanın binasına bitişik "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatın olduğu əraziyə baxış keçirilərək, müvafiq protokol və fotocədvəl tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/229 nömrəli material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq davam etdirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 17:35 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “Ordubad" marketin yaxınlığında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-63/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “şəxsi axtarış keçirilməsi” barədə 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş diskdəki videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, «şəxsi axtarışın keçirilməsi haqqında» 20 fevral 2024-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin inzibati binasında olan xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb təqdim edir və bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin bükümə baxılır və içərisində ağ rəngli maddə olması görünür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 20 fevral 2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən başqa hər hansı bır qanunsuz əşya və ya predmet aşkar olunmur. Sonra aşkar olunmuş büküm elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,23 qram olması müəyyən edilir. Sonra təqdim olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Daha sonra müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs suallar verir, sonuncu da həmin suallara cavab verməklə ona qarşı hər hansı bir zorakılığın tətbiq olunmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli, 3-16-16/2- 6/1023 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №127...» dairəvi möhür əksi və «..Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs -imza, ...imza, Təhqiqatçı: Əliyev-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,187 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,137 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli, 1677 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məslət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüfat İstehsalat Birliyinin 18 saylı MKS tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,187 qram psixotrop maddə metamfetamin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,137 qram qalığı saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd disk isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin məktubunda göstərilmişdir ki, əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat- axtarış tədbirləri həyata keçirilsə də. həmin xüsusatı təsdiq edəcək hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Xəzər rayon Məhkəməsinin 7(003)-1472/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs X6 məhkumluğu olan şəxs sayılır. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.1, 180 və 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,137 qram metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışma verilməsi nəzərə alınmış, 01 ədəd DVD-R disk cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1472/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 03 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-1-ci maddələrinə əsasən Oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri 92.00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,137 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 495/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 802 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1472/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 03 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri 92.00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,137 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-495/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-495/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver