Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-495/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Şabran Rayon Məhkəməsinin 1(031)-22/2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 07 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,656 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 11:43-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 19/23-ün yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki qara rəngli şalvarın sağ balaca cibində saxlamış olduğu həmin bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin heykəlinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində narkotik maddə olmamışdır. Bildirir ki, saxlanıldığı yerdə deyil, həmin ərazidən 300 metr məsafə kənara aparılaraq orada çəkiliş aparılmışdır. Saxlanılan zaman polis əməkdaşları ona 01 “çet” narkotiki təqdim edərək boynuna götürməsini tələb etmiş, o, etiraz etdikdə onlar narkotiki qəbul etməsə onu 01 kq narkotiklə yükləyəcəklərini bildirmişlər. Bundan başqa ona çəkiliş zamanı narkotiki guya 20 Yanvar metrostansiyası yaxınlığından tanımadığı şəxsdən 10 manata aldığını deməsini tələb etmişlər. Qeyd edir ki, 06 aydır ki, 20 Yanvar ərazisinə getməmişdir. Polis əməkdaşları tərəfindən daha çox miqdarda narkotiklə yüklənməməsi üçün həmin 1 “çet” narkotiki boynuna götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, narkotik maddə olan şüşədən falqadan istifadə etməklə qəbul etmişdir. Narkotik maddədən tanışlarından əldə etməklə istifadə etmiş, əsasən 03 tüstü ona kifayət etmişdir. Saxlanıldığı tarixi tam xatırlamır, xatırladığı qədərilə 27 aprel tarixində saxlanılmışdır. Ona psixotrop maddə olan metamfetamini polis əməkdaşı təqdim etmiş, polis əməkdaşının adını bilmir, lakin üzdən tanıyır. Qeyd olunanlarla bağlı heç yerə şikayət etməmiş, narkotik ona məxsus olmamışdır. Saxlanılmamışdan öncə Polis əməkdaşları tərəfindən döyülməmişdir. Cəlil Abdulayev sonda əməlindən peşman olduğunu, bir daha narkotikdən istifadə etməyəcəyini, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 19/23-ün yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona nədə şübhəli olduğunu bildirərək videoçəkiliş aparmaqla üzərini yoxlamışlar. Öncə ona üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli cins şalvarının sağ yan iç cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. O, həmin maddəni saxlanılmamışdan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümə baxış zamanı içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkilmiş və 0,73 qram olması müəyyən olunmuşdur. Aşkar olunaraq götürülmüş həmin 01 ədəd büküm xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərf sonuncu və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra onun üzəri yoxlanılmış və əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd göy rəngli “Redmi 12” markalı mobil telefon aşkar olunmuş və təhqiqata təqdim etməsi üçün onun özünə qaytarılmışdır. Bundan başqa üstündən heç nə aşkar olunmamış, videoçəkliş dayandırılmışdır. Müvafiq sənədləşmə aparılması üçün o, tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək 1 saylı Vəkil Bürosunun vəkili Nail Məmmədov təqdim olunmuşdur. O, bildirişlə tanış olaraq vəkilinə etiraz etməmiş, sonra təhqiqatçı tərəfindən ona Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 19/23-ün yaxınılığında polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman üzərində yoxlama aparıldığını, yoxlama zamanı üzərindən aşkar olunaraq götürüldüyü 01 ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təhvil verdiyini, həmin maddənin tərəzidə çəkilərkən çəkisinin 0,73 qram olduğunu, həmin metamfetamini Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və xüsusi qaydada götürülüb qablaşdırılaraq zərfə qoyulduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı həmin zərfi təhqiqatçıya təqdim etmiş, təhqiqatçı ondan zərfin içərisində qablaşdırılmış bükümün ona məxsus olubolmadığını soruşmuş, o, zərfdə olan metamfetaminin ona məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı ona üzərində başqa hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməsini təklif etmiş, o, da üzərində olan qış gödəkçəmin sağ yan cibində 01 ədəd “Redmi 12” markalı mobil telefonun olduğunu bildirib, telefonu təqdim etmişdir. Həmin telefonun üzərində mobil nömrə olubolmadığı soruşulduqda, ***-***-**-** saylı mobil telefon nömrəsi olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilmiş, başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülərək zərfə qablaşdırılmış, üzəri imzalanmış, sonra video çəkiliş dayandırılmışdır. Sonra müvafiq sənədləşmə aparılmış və o həmin sənədlərlə tanış olaraq sənədlərə imza atmışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, psixotrop maddə metamfetaminin istifadəçisidir. İstintaq zamanı ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, hüququ pozulmamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, 11 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 19/23-ün yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək saxlanılmış, videoçəkiliş aparılmaqla ona yaxınlaşıb özlərini təqdim etmiş, nədə şübhəli olduğunu bildirilmişdir. Üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl Cəlildən üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmadığı, vardırsa təqdim etməsi təklif edilmiş, o, şalvarın cibində saxlamış olduğu 01 ədəd bükümdə psixotrop maddəmetamfetamini təqdim etmişdir. Bükümə baxış zamanı içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmişdir. Götürülmüş həmin büküm qablaşdırılaraq götürülmüşdür. Cəlilin üzəri yoxlanılmış və üzərində 01 ədəd mobil telefon aşkar olunmuş və təhqiqat zamanı təqdim etməsi üçün onun özünə qaytarılmışdır. Daha sonra Cəlil tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Bundan sonra onlar qablaşdıraraq götürdükləri həmin zərfi təhqiqatçıya təqdim etmişdir. Sonra o, üzərində olan 01 ədəd mobil telefonu təqdim etmişdir. Daha sonra Cəlilin üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürülərək zərfə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, o könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə tərəflərin fikrini dinlədikdən sonra ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsini elan etməklə tədqiq etmiş, nəticədə sonuncunun da digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən edilmişdir ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 11:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxn tutulması haqqında” protokoldan görünür ki, 29 aprel 2025-ci il tarixdə, saat 11:43-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.23); Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 53-54); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı saat 15:30 radələrində ifadəsi alınmışdır (i.v. 64-66); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 30 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 67- 68); “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:43 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ev 19/23-ün yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu saxlayırlar, ona hüquq və vəzifələrini izah edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirirlər. Ona üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa, təqdim etməsi təklif olunur, o, üzərində olan qara rəngli cins şalvarın sağ balaca cibində 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin maddəni saxlanılmamışdan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin büküm elektron tərəzidə çəkilir və 0,73 qram olması müəyyən olunur. Həmçinin Təqsirləndirilən şəxs üzərində 01 ədəd “Redmi 12” markalı mobil telefon aşkar edilərək götürülür. Bundan sonra həmin maddə qablaşdırılaraq üzərində qeydlər aparılır və qablaşdırmanın üzəri imzalanır. Sonda isə çəkiliş dayandırılır. (i.v 10-11); “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə" xx.xx.2025-cı il tarixli protokoldan görünür ki, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025 ci ıl tarixdə, saat 11:43 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ev 19/23-ün yaxınlığında saxlanılmış və üzərində yoxlama aparılan zaman bir bükümdə ümumi çəkisi 0,656 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd “Redmi 12” markalı mobil telefon aşakr edilərək Sumqayıt ŞPİ-nə gətirilmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək 1 saylı Vəkil Bürosunun vəkili Nail Məmmədov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edilir. Abdullayev saxlanıldığı yerdə üzərində olan 01 ədəd bükümün polis əməkdaşları tərəfindən götürüldüyünü, əynində olan qara rəngli qış gödəkçənin cibində 070 ***-**-** mobil nömrəsi olan 01 ədəd “Redmi” markalı mobil telefon olduğunu bildirərək təqdim edir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün içərisində “şüşə” olduğunu, həmin bükümü saxlanıldığı gün, səhər saatlarında, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilmədi, aşkar olunmuş 01 ədəd üzərində 070 ***-**-** saylı mobil nömrəsi olan “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. (i.v 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin 20/250 saylı, 29 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,656 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. ( i.v. 42- 43); AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 2488 №-li, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v 93-94); “Maddi sübut kimi tanıma barədə” 31 may 2025-ci il tarixli qərara əsasən, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,656 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,606 qram metamfetamin saxlanılması üçün Suqmayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. (i.v 90); “Telefona baxış keçirilməsi haqqında” 02 iyun 2025-cü il tarixli protokola əsasən, Cəlil Məmmədovun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi 12” markalı mobil telefona Sumqayıt ŞPİ-nin xitməti otağında baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən telefon danışıqları, sms-lər, səs yazıları, fotoşəkillər, videoçəkilişlər müəyyən edilməmişdir. (i.v 91); Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və əlavə edilmiş hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökm dəyişdirilib, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası qəti olaraq 05 il 06 aya endirilmişdir, xx.xx.2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 07 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Şabran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(031)-22/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nn 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzası ilə qismən birləşdirilməklə barəsində 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 07 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması hökm edilmişdir.(i.v 78-81); CM-in 83.3.4-cü maddəsinə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu götürülmüş və ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu məhkumluğu ödənilməmiş və o, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Buna görə də onun əməli CM-nin 18.1-cİ maddəsinə əsasən cinayətlərin residivini yaradır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Şəxsi axtarış keçirilərkən aşkar olunmuş metamfetaminin təmiz çəkisi ekspert rəyinə əsasən qalıq çəkisi 0,606 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsinin videogörüntüsünü əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmışdır. 01 ədəd “Redmi 12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən, saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi, disklərə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 100-105). Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla barabər özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində psixotrop maddə olmaması, aşkar edilmiş maddəni polis əməkdalarının ona verməsini, məhz polis əməkdaşlarının onu təhdid etməsi nəticəsində bu cinayət əməlini boynuna alması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittiham aktında göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini səmimi olaraq etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona təqdim edilmiş kiçik bükümdə psixotrop maddəni qəbul etməyəcəyi halda onu daha ağır çəkidə narkotik vasitə və ya psixotrop maddə ilə rəsmiləşdircəklərini bildirəcəklərini eşidib bu cinayət əməlini boynuna aldığını bildmişdir. O, eyni zamanda verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfndən döyülmədiyini, fiziki təsirlərə məruz qalmadığını, baş verənlərlə bağlı heç bir şikayət etmədiyini və ibtidai istintaq zamanı hüquqlarını müdafiəsi üçün təyin edilmiş vəkilə bu barədə heç bir söz demədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında təqsirsiziliyi ilə bağlı verdiyi ifadələr sübut kimi qəbul edilə bilməz, o, məhkəmə iclasında səmimi olmamış, məhz məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda ifadə vermişdir. Halbuki o, son sözündə də əməlindən peşman oduğunu, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə həmin məcəllənin 66.5-ci maddəsinin tələbinə görə, şəxs hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə törətmiş olduğu cinayət əməli ilə bağlı xx.xx.2025-ci il tarixdə ittiham hökmü çıxarılmış, hazırkı cinayət əməlini isə 29 aprel 2025-ci il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin məcəllənin 66.5-ci maddəsinə əsasən Şabran rayon Məhkəməsinin 1(031)-22/2025 saylı, xx.xx.2025-ci il hökmü ilə təyin olunmuş 03 il 08 ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, hər iki cinayət işi üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, digər iş üzrə həbsdə olması nəzərə alınmalı narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 63 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,606 qram psixotrop maddə “metamfetamin” məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” videogörüntüləri əks etdirən 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 09 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 99 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı bu iş və digər iş üzrə şübhəli şəxs qismində ümumilikdə saxlanıldığı 04 (dörd) gün müddət ona hazırki hökm üzrə təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alısın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,606 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə video görüntüləri əks etdirən 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-495/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-495/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver