Məhkəmə qərarları › İş №1(060)-496/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-496/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-496/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Kürdəmir rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Könüllü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu “Nəvələr” marketin yaxınlığında müvəqqəti yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində avtomobil yuyucusu işlədiyi Sumqayıt şəhəri, 42-ci məhəllə, Çerkassi küçəsində yerləşən “Silver” yuyucu sexində müştəri Zərərçəkmiş şəxs məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “BMW X3” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili yuduqdan sonra silib qurulamaq məqsədi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan sükan arxasına əyləşib avtomobili işə salaraq 2-3 km/saat sürətlə sexə daxil edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Resptıbikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunu etməyərək yol hərəkətinin istismarı qaydalarını pozmaqla avtomaşını sexin içərisinə doğru idarə edərkən sexin içərisində, ön hissədə dayanmış pivada xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan ona sol qamış və incik sümüklərinin oynaqdaxili çox qəlpəli yerdəyişən sınıqları fonunda, damar və sinir sisteminin zədəsi ilə müşayət olunan açıq sınıqları, sağ qamış və incik sümüklərinin oynaqdaxili çox qəlpəli yerdəyişmiş sınıqları ilə müşayət olunan sinir sisteminin zədəsi ilə qapalı sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlə yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Çerkası küçəsində avto yuma məntəqəsində işləyir. Belə ki, o, iş axtarmaq məqsədi ilə “Tap.az” saytına müraciət etmiş, orada Samir adlı şəxsin yuyucu sexə işçi axtardığını görüb onun nömrəsi ilə əlaqə saxlamış, xx.xx.2022-ci ildə sexə gələrək Samirlə danışaraq razılaşmış və həftənin 6-cı günü yəni xx.xx.2022-ci il tarixdə saat 10.00 da işə çıxmış, saat 12 radələrində işdə olduğu vaxt “BMW” X3 markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bir nəfər şəxs gələrək avtomobilini yuduzdurmaq üçün məntəqəyə girmiş, həmin avtomobili yumuş və sonra avtomobili silib qurulamaq üçün avtomobili içəri salmaq lazım olduğundan avtomobili 1-2 km/saat sürətlə irəli sürdükdə sürücü qabaq tərəfdə qalarkən o, avtomobili saxlamaq istədikdə avtomobil sürüşərək qarşı tərəfdə duran Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq divara sıxmışdır. Həmin vaxt sürücü ayaq nahiyyəsindən xəsarət almış və dərhal orada olan şəxslər TTY-xəstaxanasına zəng edərək həkim çağırmışlar və ehtiyyatsızlıqdan sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə edilməmişdir. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Cavanlığını və peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə bərabər zərərçəkmiş şəxslərin, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır, idarə etdiyi avtomobili yumaq üçün Sumqayıt şəhəri, 41-ci məhəllə Çerkassi küçəsində yerləşən, yuyucu sexinə gətirmiş və sonradan adını bildiyi Vasif adlı şəxs avtomobili yuyarkən, özü telefonda danışmağa başlamışdır. Hamin vaxt avtomobilin qarşısına keçmiş və avtomobilin işə düşdüyünü və gözləmədiyi halda, avtomobil üzərinə gələrək avtomobilin qabaq hissəsi ilə Vasif tərəfindən vurulduğundan hər iki ayağı sınmışdır. Həmin vaxt orada olan şəxslər TTYX-nə zəng etdiyindən həkimlər gələrək yardım etmişdir. Aralarında razılıq yoxdur, təqsirləndirilən şəxslə barışmamışdır, məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir kı, Sumqayıt şəhəri 41-ci məhəllənin arxa küçəsi yəni Çerkassi küçəsində yerləşən “Silver” çay evini “Elşad” adlı şəxsdən çay evi və yuyucu sexlə birlikdə 2022-ci ilin noyabr ayının sonlarında icarəyə götürmüş, lakin icarə müqaviləsi bağlamamışdır. Belə ki, Elşad adlı şəxs obyekti icarəyə götürdüyü vaxtda və hal-hazırdada Türkiyə Respublikasında olmuşdur. xx.xx.2022-ci il tarixdə orada işə başlamış və iş elanı ilə bağlı məlumatı "Tap.az” saytına yerləşdirmişdir. Bir neçə vaxtdan sonra Vasif adlı bir şəxs zəng edərək işləmək istədiyini bildirmiş, o, razılaşmış və evi olmadığından axşam da obyektə qalacağını bildirmişdir. Vasif, xx.xx.2022-ci il tarixdə axşam obyektə yerləşmiş, xx.xx.2022-ci il tarixdə işə başlamışdır. Həmin günü saat 12 radələrində aşağıdan, yəni sexdən səs-küy eşitdiyi üçün sexə yaxınlaşmış, məlum olmuşdur ki, sonradan adı ona Gündüz kimi məlum olan şəxsi Vasif ona məxsus olan avtomobillə sexin içərisində hərəkət etdirən zaman vurmuşdur. Onlar tez bir zamanda ona ilkin yardım göstərilməsi məqsədi ilə TTYX stansiyasına məlumat vermiş və hadisə yerinə gələn TTY avtomobili ilə Gündüz xəstəxanaya yerləşdirmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da tututlmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 77 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol qamış və incik sümüklərini oynaqdaxili çıx qəlpəli yerdəyişmiş sınıqları fonunda, damar və sinir sistemlərinin zədəsi ilə müşayət olunan açıq sınıqları. Sağ qamış və incik sümüklərinin oynaqdaxili çoxqəlpəli yerdəyişmiş sınıqları ilə müşayət olunan sinir sisteminin zədəsi ilə qapalı sınıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, onun tibbi yardım üçün X3 müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada YNH-si zamanı yəni avtomaşınla divara sıxılması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin 3-13-16/2- 35307/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 8/688 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə mövcud hadisə yol-nəqliyyat hadisəsidir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən BMW X3 markalı 10BY041 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs BMW X3 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 162, 264-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 42-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.. Beləliklə, məhkəmə hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.2-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmii peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri dəyişdirlərək hökm qanuni qüvvəyə minənə qədər “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Onun təqdim etdiyi hesabatdan görünür ki, o təqsirləndirilən şəxsin müdafiəsinin təmin edilməsi üçün 25 saat sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə tutulmuş, 02 fevral 2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, X2 tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi cəza qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində hökm qanuni qüvvəyə minənə qədər “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar