Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-497/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx.xx.1986-cı il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri 1-ci mikrorayon ev 130/33, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 10.11.2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 İsmayıl oğlunun işlədiyi ünvan 1 ünvanında yerləşən obyektin şüşə qapısının kilidini sındıraraq daxil olmaqla oradan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Bosch” markalı böyük elektrik mişarı, 1 ədəd “İnterkol” markalı drel, 1 ədəd “Stern” markalı prefarator, 1 ədəd “Makita” markalı hamarlayıcı aparıtını gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 260 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12.11.2020-ci il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə, 235A nömrəli binanın birinci mərtəbəsində yerləşən, obyekt üçün nəzərdə tutulan, lakin hazırda istifadə edilməyən saxlanc yerinə aliminium giriş qapısını açaraq daxil olmaqla, oradan Zərərçəkmiş şəxs3 məxsus, qatlanan, “Sibog” markalı 29 ölçülü velosipedi gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 250 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 12.11.2020-ci il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə, 235A nömrəli binanın birinci mərtəbəsində yerləşən, obyekt üçün nəzərdə tutulan, lakin hazırda istifadə edilməyən saxlanc yerinə aliminium giriş qapısını açaraq daxil olmaqla, oradan Zərərçəkmiş şəxs2 məxsus, qatlanan, “KTM” markalı 28 ölçülü velosipedi gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 400 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 12.11.2020-ci il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri 16cı məhəllə ərazisində avtovağzaldan öz yaşadığı evə getdiyi zaman binanın həyətinə yaxınlaşmış və binanın birinci mərtəbəsində obyekt yeri olan yerin şüşəsindən baxdığı zaman içəridə iki ədəd velosiped olduğunu görmüş və ətrafa baxıb heç kimin görmədiyindən əmin olduqdan sonra həmin tikilinin qapısına yaxınlaşaraq qapını içəri tərəfə bir neçə dəfə möhkəm itələmiş və qapı açılmışdır. Həmin velosipedlərdən birinin təkəri boş olmuşdur. Təkəri dolu olan velosipedi obyektdən çölə çıxartmış və sürərək oradan uzaqlaşmışdır. Velosipedi asan oğurlaya bildiyini görmüş və geri qayıdaraq yenə obyektin bağlı qapısını açaraq içəri daxil olmuş və təkəri boş olan velosipedi obyektdən çölə çıxardaraq təkəri boş olduğundan oradan əlində apararaq uzaqlaşmışdır. Bir qədər irəlidə digər velosipedi qoyduğu yerə getmiş və hər iki velosipedi, parkın yaxınlığında markasını, dövlət nömrə nişanını xatırlamadığı taksi ilə öz yaşadığı evə aparmışdır. Sonradan velosipedi satmaq istəmiş və tanışı Nahidə öz velosipedləri olduğunu, satmaq istədiyini demişdir. Nahid Səbuhi adlı şəxsin nömrəsini vermiş, o, Səbuhi ilə görüşmüş və özünə məxsus olan velosipedləri satdığını bildirmişdir. Aralarında razılaşmış və hər iki velosipedi ona 250 manata satmişdır. Sonradan Sumqayıt şəhəri bazar ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq velosiped oğurlamaqda şübhəli olduğunu deyərək, polis bölməsinə dəvət etmiş. O, bundan başqa da, 2020-ci ilin sonları, yəni hər iki velosipedi oğurlamazdan öncə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən təmir gedən obyektə, qapısını sındıraraq daxil olaraq oradan da 4 ədəd təmir avadanlıqları drel, prefarator, laqonda, hamarlayıcı oğurlamış, oğurladıqdan sonra tanışı Ramil adlı şəxsə satmışdır. Oğurluq etdiyi zaman yanında heç vaxt başqa şəxs olmamış, velosipedləri Səbuhi adlı şəxsə satmış, Səbuhini həm Nahid vasitəsilə tanımış, həm də onu Cavid ticarət mərkəzində paltar satdığı vaxtdan tanıyır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Ailə vəziyyəti ağırdır, ailəlidir, himayəsində bir azyaşlı uşağı var, əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 İsmayıl oğlu göstərdi ki, bir neçə ildir ki, fərdi tikinti işlərində günəmuzd usta kimi işləyir. Sonuncu iş gördüyü yer ünvan 2 ünvanında olan obyektin təmir işləri olmuşdur. Özü ilə birlikdə oraya iki ədəd biri balaca, digəri isə böyük olan elektrik mişarı, prefarator və bir ədəd drel, eləcə də bir ədəd hamarlayıcı alət, metrə və qayçılar aparmışdır və iş zamanı həmin alətlərdən istifadə etmişdir. 2020-ci ilin sentyabr ayının ortalarından həmin yerdə təmir işlərinə başlamışlar. Obyektin açarı onda olmuş, hər axşam saat 18:00 radələrində özü açarla bağlayaraq oradan getmişdir. 10.11.2020-ci il tarixdə səhər saatlarından işə getməmiş, şəhidin dəfn mərasimində iştirak etmiş və saat 16 radələrində işə qayıtmışdır. Həmin vaxt çöl qapının açıq olduğunu görmüş, yaxınlaşaraq dəqiq baxdığı zaman qapının sındırıldığını və eləcə də qapıya söykədiyi döşəyin aşdığını görmüş, içəri daxil olmuş və ətrafa göz gəzdirdikdə ona məlum olmuşdur ki, işləmək üçün özü ilə birlikdə gətirdiyi biri balaca, digəri isə böyük olan elektrik mişarı, prefarator və bir ədəd drel, eləcə də bir ədəd hamarlayıcı alət obyektdə yoxdur və məlum olmuşdur ki, qapının kilidini sındırmaqla daxil olan naməlum şəxs və ya şəxslər orada olan alətlərini oğurlamışdır. O, dərhal oranın sahibi Südabə xanıma zəng edərək, bu barədə məlumat vermiş, Südabə xanım dərhal hadisə yerinə gələrək, DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları dərhal hadisə yerinə gəlmişlər. Oğurlanmış əmlakları dəqiq olaraq haradan və nə zaman aldığını xatırlamır, 1 ədəd “Bosch” markalı böyük elektrik mişarını təxminən 250 manata, 1 ədəd “İnterkol” markalı dreli təxminən 50 manata, 1 ədəd “Stern” markalı prefaratoru 200 manata, 1 ədəd “Makita” markalı hamarlayıcı aparıtını isə 385 manata almışdır, ümumilikdə ona 885 manat maddi ziyan dəymişdir. Oğurlanmış əmlakı istintaq vaxtı ona qaytarılmışdır və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 İsmayıl oğlunun məhkəməyə təqdim etdiyi ərizəsində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 göstərdi ki, təxminən 2020-ci ilin avqustsentyabr aylarında özü sürmək üçün bir ədəd “SİBOG” markalı, qatlanan velosiped almış və vaxtaşırı sürmüşdür. Qonşuluqdakı binanın birinci mərtəbəsində obyekt yeri boş olmuş və hər dəfə evə qaldırmamaq üçün komendanta tapşıraraq velosipedi binanın “A” blokunda yerləşən boş obyekt olan yerdə qoymuşdur. 12.11.2020-ci il tarixdə saat 08 radələrində yaşadığı binanın komendantı ona zəng edərək, binanın altında olan obyektin aliminium şüşəli qapısının naməlum şəxs tərəfindən sındırılaraq açıldığını və orada olan velosipedinin oğurlandığını bildirmişdir. O, dərhal həmin yerə getmiş və həqiqətən də qapının sındırılaraq velosipedin oradan oğurlandığını görmüş, polis idarəsinə zəng edərək, bu barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerində videogörüntü aşkar olunaraq götürülmüşdür. 15.11.2020-ci il tarixdə onu polis bölməsinə dəvət etmişlər və orada velosipedinin tapıldığı və Amid adlı şəxs tərəfindən oğurlandığı müəyyənləşdirildiyi bildirilmişdir. Həmin velosipedi 2020-ci ilin avqust-sentyabr aylarında 300 manata, Bakı şəhərindən Qara Qarayev metrosu yaxınlığından almış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Oğurlanmış əmlakı istintaq vaxtı ona qaytarılmışdır və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, təxminən 2014-cü ildə özü sürmək üçün bir ədəd “KTM” markalı velosiped almış və vaxtaşırı sürmüşdür. Altı aydır ki, yaşadığı binanın birinci mərtəbəsində obyekt yeri boş olmuş və hər dəfə evə qaldırmamaq üçün yaşadığı binanın “A” blokunda yerləşən obyekt olan yerdə velosipedi komendanta tapşıraraq qoymuşdur. 12.11.2020-ci il tarixdə saat 08 radələrində yaşadığı binanın komendantı zəng edərək, binanın altında olan obyektin aliminium şüşəli qapısının naməlum şəxs tərəfindən sındırılaraq açıldığını və orada olan velosipedin oğurlandığını bildirmişdir. O dərhal aşağı düşmüş, birlikdə kameradan görüntülərə baxmışlar və bu barədə polis bölməsinə məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerində videogörüntü aşkar olunaraq götürülmüşdür. Bir gün sonra onu yenidən polis bölməsinə dəvət etmişlər və orada velosipedinin tapıldığı və Amid adlı şəxs tərəfindən oğurlandığı bildirilmişdir. Həmin velosipedi 2014-cü ildə Qazax rayonunda 1000 manata almış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Oğurlanmış əmlakı istintaq vaxtı ona qaytarılmışdır və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, ondan heç bir tələbi və şikayəti yoxdur. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanımda fərdi yaşayış evi vardır və oranı hal hazırda obyekt kimi təmir etdirir. Orada qaynının dostu Fərman adlı şəxs usta kimi işləmişdir. 10.11.2020-ci il tarixdə Fərman ona zəng edərək, ona məxsus obyektin qapısının sındırılma yolu ilə içəri daxil olmuş şəxsin orada olan ustaya məxsus tikinti təmir alətlərini oğurladığını demişdir. O, dərhal obyektə getmiş, orada həqiqətən də qapının sındırıldığını görmüş və obyekt ona məxsus olduğuna görə o, DİN-nin “102” xidmətinə zəng edərək, məlumat vermişdir. Əvvəllər heç vaxt oradan oğurluq hadisəsi olmamış, qapının sındırılması nəticəsində ona 100 (bir yüz) manat maddi ziyan dəysə də, bununla bağlı heç bir şikayət və tələbi olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində olan yeni tikili binalarda təmir liftinə nəzarətçi işləyir. Həmin binalarda 20-25 ailə yaşayır və orada yaşayan sakinlərin hamısını tanıyır. 12.11.2020-ci il tarixdə saat 08:00 radələrində o, yaşadığı evdən işə gəlmiş, paltarlarını dəyişərək, işə başladığı zaman “235A” binasında olan liftin yuxarı qalxıb düşdüyünü görmüş və bu onun diqqətini çəkmişdir.O, həmin binanın blokuna daxil olmuş və liftin düyməsini basdıqda lift 1-ci mərtəbəyə düşmüşdür. Liftdən bir nəfər təxminən 30-35 yaşlarında olan, arıq bədən quruluşlu, təxminən 175-180 sm boyunda, yaşıl göz bir nəfər çıxmışdır. O, həmin şəxsi əvvəllər orada görməmişdir və həmin şəxsə kiminsə qohumu olub-olmadığını soruşmuşdur ki, qonaq gəlmiş ola bilər. Həmin şəxs isə qonaq gəlmədiyini, yuxarı çıxıb ətrafa baxdığını demişdir. O, həmin şəxsə polis çağıracağını dedikdə “dayı ayıb olar” demişdir. O, həmin şəxsdən kimə ayıb olacağını soruşduqda” mənə ayıb olar” demiş və həmin şəxsi binadan uzaqlaşdırmışdır ki, çıxıb getsin. Bir neçə dəqiqə sonra o, binanın ətrafına fırlandığı zaman “235A” binasının alt hissəsində olan, obyekt üçün nəzərdə tutulmuş yerin qapısının bir qədər aralı olduğunu görmüş, bu onun diqqətini çəkmişdir. Yaxınlaşıb baxdığı zaman plastik qapının kilidinin sındırıldığını görmüş və içəri daxil olduğu zaman orada olan iki ədəd, bina sakinlərinə məxsus olan velosipedin yerində olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, həmin velosipedlər oğurlanmışdır. O, dərhal ev sahiblərinə məlumat vermiş və ev sahibləri gələrək, binanı tikən şirkətə məxsus kameralara baxdıqları zaman həmin velosipedlərin onun liftdə gördüyü şəxs tərəfindən oğurlandığını görmüşlər. Bu barədə polisə məlumat verilmiş və polis əməkdaşları velosipedi oğurlayan şəxsin şəxsiyyətini müəyyən etmişlər. Binadan başqa heç nə oğurlanmamış, velosipedlər binanın alt hissəsində olan obyektdə saxlanılmışdır, velosipedlərin sahibləri olan Rövşən və Malik adlı şəxslər ondan velosipedləri hər dəfə evə qaldırıb-düşürtmək çətin olduğuna görə həmin obyektdə qalması üçün xahiş etmişlər. Lazım olduğu zaman obyektin qapısı açılaraq velosipedlər götürülüb yenidən geri qoyulmuşdur. Həmin obyektin başqa qapısı olmamış, kamera görüntülərindən sonradan adının Amid olduğu müəyyənləşmiş şəxs qapı kilidini sındıraraq içəri daxil olmuş və 5-6 dəqiqə ərzində həmin velosipedləri oğurlamışdır. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ildir ki, tanıyır, əvvəllər onunla birlikdə idmana getmiş və oradan tanımışdır. Həmin şəxslə münasibətləri yaxşı olmuş, bir-birilərində telefon nömrələri olmuşdur. 2020ci ilin təxminən oktyabr-noyabr ayları ərzində tanımadığı nömrədən ona məxsus ***-***-**- ** nömrəsinə zəng gəlmiş və danışan şəxs Amid olmuşdur. Amid velosipedləri olduğunu, pul lazım olduğundan satdığını bildirmişdir. Buna görə də tanışı Səbuhi adlı şəxsin velosiped almaq istədiyini bildirərək, Səbuhinin telefon nömrəsini Amidə vermişdir. Sonradan onu Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə dəvət etdikləri zaman məlum olmuşdur ki, Amidin satdığını bildirdiyi velosipedlər oğurluq olmuşdur. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır, onun yaşadığı evin yaxınlığında yaşayır və qonşu kimi aralarında küçədə rastlaşdıqları zaman münasibət yaranmışdır. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında, Amidlə küçədə rastlaşmış, Amid bir neçə ədəd təmir avadanlıqları olduğunu, istifadə etmədiyini və satmaq istədiyini bildirmişdir, razılaşmışlar ki, gətirsin yaşadığı binanın qarşısında baxsın. Amid həmin avadanlıqları, yəni 1 ədəd laqonda, 1 ədəd drel, 1 ədəd hamarlayıcı aparat, 1 ədəd prefaratoru yaşadığı binanın həyətinə gətirmişdir. O, həmin avadanlıqlara baxmış, hamısı işlək vəziyyətdə olmuş və aralarında razılaşdıqları kimi o, bu avadanlıqları Amiddən 150 manata almışdır. Sonradan Sumqayıt ŞPİ-nin 4-cü PB-ya dəvət olunduğu zaman ona məlum olmuşdur ki, qeyd olunan təmir avadanlıqlarını Amid oğurlayıb və özünə məxsus deyildir. O, Amiddən aldığı avadanlıqları geri qaytarmışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, velosiped almaq istəmiş və bu barədə dostu Nahidə məlumat vermişdir ki, ucuz velosiped olsa xəbər etsin. 12.11.2020-ci il tarixdə, saat 20:00 radələrində tanımadığı nömrədən ona zəng gəlmiş və nömrəni Nahiddən götürdüyünü deyərək velosiped istəyib-istəmədiyini soruşmuşdur. O, istədiyini dedikdə, həmin şəxs ona axşam 11-də zəng edəcəyini demişdir. Saat 23:00 radələridə həmin nömrədən ona yenidən zəng gəlmiş və həmin şəxs ona “gəl velosipedləri düşürürəm aşağı” demiş və onu Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində Şəhidlər xiyabanı tərəfdə yerləşən binanın qarşısına çağırmışdır. Orada o, həmin şəxslə danışmış, iki velosipedə görə 300 manat pul vermiş və həmin velosipedləri sürərək, yaşadığı ünvana aparmışdır. Bir neçə gün sonra polis əməkdaşları ona zəng edərək, Sumqayıt şəhər 4-cü polis bölməsinə yaxınlaşmağını və hər iki velosipedi də gətirməyini demişlər. O, hər iki velosipedlə birlikdə polis bölməsinə yaxınlaşmış və orada həmin iki velosipedin aldığı şəxs tərəfindən oğurlandığı ona izah olunmuşdur. O, velosipedləri təhvil vermişdir. İş materiallarında olan 15.11.2020-ci il tarixli könüllü təqdimetmə protokolundan görünür ki, Şahid2 "Sibog" və "KTM" markalı velosipedləri təqdim edərək, hər iki velosipedi Amid adlı şəxsdən aldığını bildirmişdir. (i.v.72-73) İş materiallarında olan 18.11.2020-ci il tarixli könüllü təqdim etmə protokolundan görünür ki, X2 1 ədəd laqonda, 1 ədəd hamarlayıcı, 1 ədəd drel və 1 ədəd perferatoru təqdim edərək, həmin alətləri Amid adlı şəxsin ona satdığını bildirmişdir. (i.v.21-25) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.12.2020-ci il tarixli, 9/5470 saylı rəyindən görünür ki, 01 ədəd qara rəngli, “KTM” markalı, 28 ölçülü velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 400,00 manat müəyyən edilmişdir. (i.v. 176- 177) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.12.2020-ci il tarixli, 9/5471 saylı rəyindən görünür ki, 29 ölçülü, sarı-qara rəngli "Sibog" markalı, üzərində S180G yazıları olan velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250 (iki yüz əlli) manat müəyyən edilmişdir.. (i.v. 180-181) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.12.2020-ci il tarixli, 9/5472 saylı rəyindən görünür ki, "Bosch" markalı, GWS23-230JH model böyük ölçülü laqonda, "İnterkol" markalı, D-250 3P model drel, "Stern markalı prefarator, "Makita" markalı hamarlayıcı aparat istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 260 (iki yüz altmış) manat müəyyən edilmişdir.. (i.v. 197-198) İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-ın müstəntiqinin 20.12.2020-ci il tarixli, tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci il tarixdə tutulmuşdur. (i.v.129-130) İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-ın 22.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 165-168) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-30/2021 saylı, 27.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozaraq ölkə hüdudlarından kənara çıxaraq Türkiyə Respublikasına getdiyi üçün onun barəsində həbs qətimkan tədbiri (qiyabi qaydada) seçilmişdir. (i.v.211- 216) İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nın İŞ-ın 28.01.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. (i.v.217-218) İş materiallarında olan “axtarışda olanın tutulması haqqında” protokoldan və Sumqayıt ŞPİ-nın 4-cü PB-nin 04.06.2021-ci il tarixli, 9163-1221 saylı məktubundan görünür ki, Sumqayıt ŞPİ-nın İŞ-ın 28.01.2021-ci il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində 04.06.2021-ci il tarixdə tutulmuşdur.(i.v.224-226) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-153/2011 saylı, 18.03.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-156/2011 saylı, 06.07.2011-ci il tarixli hökmünə əsasən CM-nın 221.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 68.1 və 66.5-ci maddələrinə əsasən 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 30.12.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuş və 13.06.2015-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. (i.v. 182-184, 254-262) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (i.v.253) İş materiallarında olan “şəxsiyyət vəsiqəsindən” görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18.12.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı var. (i.v.253). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 20.06.2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd qara rəngli, “KTM” markalı, 28 ölçülü velosiped, 29 ölçülü, sarı-qara rəngli "Sibog" markalı, üzərində S180G yazıları olan velosiped və "Bosch" markalı, GWS23-230JH model böyük ölçülü laqonda, "İnterkol" markalı, D-250 3P model drel, "Stern markalı prefarator, "Makita" markalı hamarlayıcı aparat maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. (i.v.272-280) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağı olması, zərərçəkmiş şəxslərin ondan şikayətləri olmaması, əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci ildən 22 dekabr 2020-ci il tarixədək tutularaq saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübutlar - 01 ədəd qara rəngli, “KTM” markalı, 28 ölçülü velosiped Zərərçəkmiş şəxs2, 29 ölçülü, sarı-qara rəngli "Sibog" markalı, üzərində S180G yazıları olan velosiped Zərərçəkmiş şəxs3 və "Bosch" markalı, GWS23-230JH model böyük ölçülü laqonda, "İnterkol" markalı, D-250 3P model drel, "Stern markalı prefarator, "Makita" markalı hamarlayıcı aparat Zərərçəkmiş şəxs1 İsmayıl oğluna təhvil verildiyindən sahiblərinə qaytarılmış hesab olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci ildən 22 dekabr 2020-ci il tarixədək tutularaq saxlandığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 04.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 01 ədəd qara rəngli, “KTM” markalı, 28 ölçülü velosipedin Zərərçəkmiş şəxs2, 29 ölçülü, sarı-qara rəngli "Sibog" markalı, üzərində S180G yazıları olan velosipedin Zərərçəkmiş şəxs3 və "Bosch" markalı, GWS23-230JH model böyük ölçülü laqondanın, "İnterkol" markalı, D-250 3P model drelin, "Stern markalı prefaratorun, "Makita" markalı hamarlayıcı aparatın Zərərçəkmiş şəxs1 İsmayıl oğluna təhvil verilməsi nəzərə alınsın və sahiblərinə qaytarılmış hesab olunsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-497/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-497/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver