Məhkəmə qərarları › İş №1(060)-498/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-498/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-498/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Gürcüstan respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, Daşkəsən rayon, Bayan kəndində qeydiyyatda olan, Sumqayıt şəh, 8-ci mkr-n, ev 4/16, mənzil 76-da müvəqqəti yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 24.04.2022-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən “Qızlar bulağı” kafesinin mətbəx otağında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinə, başına, qoluna qəsdlə yumruqla vuraraq Zərərçəkmiş şəxs - “sol yanaq nahiyyəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarasın”-dan ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, 24.04.2022-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən “Qızlar bulağı” kafesində pivə içən zaman Zərərçəkmiş şəxs da kafedə olmuş və spirtli içki qəbul etmişdir. O Aynurənin əyləşdiyi masanın yanından keçən zaman Aynurə arxası ilə onu itələmiş və o əsəbləşərək, Aynurəni mətbəxə çağırmış və ona etdiyi hərəkətin səbəbini, onu tanımırsa niyə belə hərəkət etdiyini soruşmuşdur. Aynurə isə yaxşı etdiyini bildirdiyi üçün əl atıb onun saçlarından tutub dartmış, sifətindən itələmiş, əli ilə başına, qollarına vurmuşdur. Aralarındaki mübahisə kafenin mətbəx otağında baş vermiş, kənar heç kim aralarında olan mübahisəyə şahid olmamışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur, törətdiyi əməldən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, 24.04.2022-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən “Qızlar bulağı” kafesində olan zaman həmin vaxt kafedə olan sonradan adını öyrəndiyi Lalə adlı xanımla aralarında baş vermiş mübahisə zamanı Lalə tərəfindən döyülməsi ilə bağlı əsəbləşərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hazırda Lalə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini və toplanmış material üzrə araşdırmaya xitam verilməsini xahiş etmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 24.04.2022-ci il tarixdə saat, 23:30 radələrində Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən “Qızlar bulağı” kafesində pivə içən zaman həmin vaxt kafedə olan sonradan adını öyrəndiyi Lalə adlı xanımın onu kafenin mətbəx otağına dəvət edərək orada heç bir səbəb olmadan ünvanına nalayiq sözlər deyərək əlləri ilə saçından tutub saçını yolduğunu əlləri ilə başına, sifətinə, qoluna vurduğunu və dırnağı ilə qolunu cırıb ona xəsarət yetirdiyini bildirmişdir. Aralarında baş vermiş hadisənin kafenin mətbəx otağında baş verdiyini, kənar heç kimin hadisənin şahidi olmadığını qeyd etmişdir. İş materiallarında olan 25.04.2022-ci il tarixli, 540 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol yanaq nahiyyənin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası, sol gicgah nahiyyənin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sağ bazunun orta 1\3-nin ön səthinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 24.04.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə - sol yanaq nahiyyənin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni - sol gicgah nahiyyənin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sağ bazunun orta 1\3-nin ön səthinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur.(i.v 14-16) İş materiallarında olan Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın 28.04.2022-ci il tarixli, 242 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 14) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 27) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş 23.04.2022-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 55) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİMAZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar