Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-498/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, xx.xx.2025- ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,212 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımış, 25 mart 2025-ci il tarixdə, saat 17:38 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı təmiz çəkisi 0,212 qram metamfetamin əynindəki açıq boz rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 mart 2025-ci il tarixdə Xırdalan şəhərində olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata bir büküm metamfetamin almışdır. Həmin gün Sumqayıt şəhərində 8-ci mikrorayon ərazisində 17 saylı məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilərkən həmin psixotrop maddə aşkar edilmişdir. Hər şeyi polis əməkdaşlarına etiraf etmişdir. Əməlindən peşimandır. İstintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşiman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 17:38 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında olan zaman mülki geyimli şəxslər videoçəkiliş ilə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün onu saxladıqlarını bildirib videoçəkilişlə üzərinə baxış keçirmişlər. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibində 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitə aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilərək çəkisinin 0,30 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin büküm zərfə qoyulub xüsusi qaydada qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra onu Pİ-nə dəvət etmişlər. O, da etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getmişdir. Polis İdarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, heç bir etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa digər qadağan olunmuş əşya, predmet, narkotik vasitə olmadığını bildirmişdir. Bundan başqa saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kağız bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu bildirmişlər. Həmin narkotik vasitə bükümünü xx.xx.2025-ci il tarixdə günorta saat 3-4 radələrində Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. Tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri həyata keçirilmişdir. 25 mart 2025-ci il tarixdə, saat 17:38 radələrində Təqsirləndirilən şəxs 17 saylı tam orta məktəbin yaxınlığı ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşıb saxlamışlar və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli, kristallik formada psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar olunmuşdur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,30 qram olması müəyyən edilmiş, sonra isə həmin maddə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “patı” olduğunu, həmin maddəni Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1lə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin 24-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-20/121/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 124” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs /imza/; İştirakçılar: Şahid2 /imza/; Şahid3 /imza/; Şahid1 /imza/; xx.xx.2025” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,212 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1985 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:38 radələrində Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığı ilə piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığını, üzərində şəxsi axtarış aparılacağını, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsini təklif edirlər. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ağ rəngli kağız bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar olunur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,30 qram olması müəyyən edilir, sonra isə həmin maddə qablaşdırılaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “patı” olduğunu, həmin maddəni Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən başqa qanunla qadağn edilmiş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında”, xx.xx.2005-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil Vüqar Nəsirovu təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. CAŞ-ın əməkdaşı Şahid1 bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu, həmin maddənin saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin zərfin içərisindəki bir ədəd bükümdə olan metamfetaminin ona məxsus olduğunu, saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən götürüldüyünü, həmin maddəni xx.xx.2025-ci il tarixdə, saat 15-16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən qanunla qadağa olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3.1 -ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metemfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 25 mart 2025-ci il tarixdən 27 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 09 aprel 2025-ci il tarixli 1985 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,162 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2025-ci ildən 27 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,162 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-498/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-498/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver