Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-499/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Füzuli rayonu doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Nəqliyyat Departamentində sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14.06.2021-ci il tarixdə, saat təxminən 21:30 radələrində Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən Sumqayıt şəhər Nəqliyyat Departamentinin avtoqarajının həyətində Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində yumruqla döyərək, sonuncuya sol gözaltı almacıq nahiyyəsinin qançır və sıyrığı, üst dodağın sağ yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi-yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ildən Sumqayıt şəhəri Nəqliyyat Departamentində sürücü kimi çalışır və “AKİA” markalı avtobusda 12A saylı marşrutla hərəkət edir. Zərərçəkmiş şəxs 14.06.2021-ci il tarixdən tanıyır. Belə ki, Qəhrəman həmin gün onun işlədiyi departamentə sürücü kimi işə düzəlmiş və Qəhrəman da onun kimi 12A marşrutu ilə hərəkət edir. Departament tərəfindən marşruta qoyulmuş tələblərə görə avtobuslar arasında məsafə 20 dəqiqə olmalı və hər avtobus dayanacaqda 15-20 saniyədən artıq dayanmamalıdır. 14.06.2021-ci il tarixdə, səhər Qəhrəman idarə etdiyi avtobusla marşruta çıxmış və Qəhrəmandan 20 dəqiqə sonra o da, həmin xəttə çıxmışdır. Qəhrəman dayanacqlarda normada qoyulmuş müddətdən artıq dayandığından artıq həmin gün günorta saatlarında ona çatmış və onlar dal-qabaq getməyə başlamışlar. Qəhrəman onun dəqiqələrinə girərək onun götürməli olduğu müştəriləri götürürdü. Bu səbəbdən də o, Qəhrəmanın mobil telefonuna zəng vurub onun sərnişinlərini yığdığını bildirərək xahiş etmişdir ki, dayanacaqlarda yubanmasın. Qəhrəman isə ona kobud cavab verərək “Mənə zəng etmə” demiş və yenə də dayanacqlarda yubanmağa davam etmişdir. Həmin gün saat 21 radələrində onlar parka gələrək avtobusları təhvil vermişlər və həyətdə Qəhrəmanla rastlaşdıqda ona əsəbləşərək dayanacaqlarda etdiyi hərəkətlərə görə irad tutmuşdur. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək bir dəfə yumruqla Qəhrəmanın sifət nahiyyəsindən vurmuş və oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs bildirdi ki, o, əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 14.06.2021-ci il tarixdən Sumqayıt Nəqliyyat Departamentində avtobus sürücüsü kimi işə düzəlmiş və “AKİA” markalı avtobusda 12A saylı marşrutla fəaliyyət göstərməyə başlamışdır. Həmin marşrutla həmçinin İlqar adlı sürücü də fəaliyyət göstərir. 14.06.2021-ci il tarixdə, günorta vaxtı İlqar onun mobil telefonuna zəng vuraraq, onun arxasınca hərəkət etdiyini, guya onun dayanacaqda artıq dayanıb onun dəqiqələrinə girdiyini bildirəndə o, İlqara yalnız öz dəqiqələri ilə işlədiyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Həmin gün saat 21:30 radələrində o, avtobus parkına gəlib avtobusu parka yerləşdirib evə getmək istəyərkən İlqarla rastlaşmış və İlqar “mənim dəqiqələrimə niyə girirsən” deyib üstünə cummuş, bir neçə dəfə yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Zərbədən möhkəm xəsarət almışdır. Yanlarında olan konduktor işləyən Cavid onları ayırmışdır. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X2 16.06.2021-cu il tarixli, 690 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gözaltı-almacıq nahiyyəsinin qançır və sıyrığı, üst dodağın sağ yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi-yarası vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 14.06.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ilə barışdıqlarını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzinin Məhkumluq barədə arayışların verilməsi üzrə Xidməti tərəfindən 16.06.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 02.07.2021-ci il tarixli (iş № 1(060)-449/2021) qərarını icra edərək, 06 iyul 2021-ci il tarixli 681 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-499/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-499/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver