Məhkəmə qərarları › İş №1(060)-5/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-5/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-5/2024 16.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə, Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1ci maddəsinə əsasən cinayət işinin istintaqı aparılmış və yekunlaşaraq ittiham aktı ilə birlikdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 26 noyabr 2022-ci il tarixdə, saat 03:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Alman” parkının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər X4 ilə nikahda olmuş və birgə nikahlarından X5 adlı övladları vardır. Sonradan nikahları pozulmuş və o, yeni nikaha daxil olmuşdur. 25 noyabr 2022-ci il tarixdə ikinci nikahdan olan oğlunun ad günü idi. Həmin gün X11 ilə birlikdə oğlunun ad günündə iştirak etmək üçün Xırdalan şəhərinə getmişdilər. Axşam qızını gətirib nənəsigilə (əvvəlki həyat yoldaşının anasıgilə) qoymaq istəyirdi. Onun evi Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşir. 9-cu mikrorayon ərazisində “Alman” parkının yaxınlığında olarkən, təxminən axşam saat 21-22 radələrində X14 avtomobili yaxınlaşaraq ona məxsus olan avtomobili saxlamışdır. Bundan sonra isə polis əməkdaşları həmin yerə gəlmiş və onu şəhər polis idarəsinə aparmışlar. Onu saxlayan polis əməkdaşları arasında Məhəmməd adlı əməliyyat müvəkkili olmuşdur. Məhəmməd gecə vaxtı da polis idarəsində onunla olub. Digər əməliyyatçıları isə yalnız çəkilişdə görüb. Onun saxlandığı yerdən gedəcəyi ünvana qədər təxminən 100 metrdən artıq məsafə var. Onu polis avtomobilinin arxa oturacağında oturtmuşlar və sağ-solunda polis əməkdaşları oturmuşlar. Ona başını aşağı salınmış vəziyyətdə saxlamağını bildirmişlər. O, başını qaldırıb sağa və ya sola dönmək istədikdə ona təzyiq edərək tərpənməyə qoymamışlar. Bu səbəbdən o, yol boyu nə baş verdiyini və qızının hara aparıldığını bilməmişdir. Saxlandığı zaman üzərində heç bir narkotik vasitə olmayıb. Polis idarəsində olarkən əvvəlcə ondan pul tələb etmişlər. Pulu olmadığı üçün narkotik vasitə olan marixuana gətirmiş və ona məxsusluğunu etiraf etməsini istəmişlər. O, buna razı olmamışdır. Sonradan isə heroin gətirmiş və boynuna almasa, Cinayət məcəlləsinin 234.4.3-cü madəsi ilə ittiham olunacağını bildirmişlər. O, əvvəllər həbsdə olduğu üçün həmin maddənin nə olduğunu bilirdi. Ona mənəvi və fiziki təzyiq etmiş və sinəsindən tutub divara vurmuşlar. O, məcbur qalaraq çəkiliş zamanı heroinin ona məxsus olduğunu etiraf etmişdir. Onun anası gecə ilə polis idarəsinə gəlmişdir. Anasından da pul tələb etmişlər. Anası gecə vaxtı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuşdur. Sonra polis əməkdaşları anasına deyiblər ki, 102 xidmətinə zəng vurub onun tapıldığını desin. Onu gecə idarədə saxlamış və sabahkı gün səhər təxminən 10 radələrində videoçəkilişlə üzərində şəxsi axtarış aparmışlar. X11 saxlandığı vaxt onun yanında olmuşdur və sonradan bilmişdir ki, qızını axşam polis əməkdaşları aparıb evə təhvil veriblər. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı şahid ifadələri dinlənilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 26 noyabr 2022-ci il tarixdə, gecə saat 03-04 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Alman” parkının yaxınlığında o, CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, saxlamaqda və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə ŞPİ-yə getmişdir. ŞPİ-də olarkən Təqsirləndirilən şəxs videoçəkilişlə və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə varsa təqdim etməyi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən 2 qutu siqaret və 1 ədəd büküm çıxarıb təqdim edərək bükümün içərisindəkinin heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə - heroinə bənzər maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümü 2 gün əvvəl yaşadığı ərazidə yerdən tapdığını, əvvəllər istifadə etdiyi üçün narkotik, vasitə olduğunu bildiyini, hazırda narkotik vasitə istifadə etmədiyini, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxllanarkən onun yanında heç kim olmamış və o, piyada olmuşdur. Şəxsi axtarış Təqsirləndirilən şəxs saxlandıqdan təxminən 30-40 dəqiqə sonra keçirilmişdir. Onun və digər polis əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs hər hansı təzyiq və ya fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatı ona daxil olub. Sumqayıt şəhər Polis idarəsinin inzibati binası 6-cı məhəllə, 111 ünvanında yerləşir. Onun mobil nömrəsinin anten məlumatlarında göstərilən və adətən olduğu 6-cı məhəllə anteni yəqin ki, onun iş yeridir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Şahid3 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verdi və həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs saxladıqları zaman o, tək və piyada olmuş, yanında heç kim olmamışdır. Onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, qeyri-insani rəftar edilməmiş və qeyri-qanuni tələb irəli sürülməmişdir. xx.xx.2022-ci il tarixində onun mobil nömrəsinin anten dairəsinin Qaradağ rayonunu göstərməsi ilə bağlı onu deyə bilər ki, Qaradağ rayonunda onun tanışları var və ola bilsin ki, həmin şəxslərin evində olub. Onun mobil nömrəsinin anten məlumatlarında göstərilən və adətən olduğu 6-cı məhəllə anteni yəqin ki, onun iş yeridir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı və həmçinin əvvəlki məhkəmə iclaslarında verdiyi ifadə elan edilmişdir. Şahid2 digər şahidlər Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları zaman o, tək və piyada olmuş, yanında heç kim olmamışdır. Onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, qeyri-insani rəftar edilməmiş və qeyri-qanuni tələb irəli sürülməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qızıdır. O, atası Təqsirləndirilən şəxsla birlikdə xx.xx.2022-ci ildə atasının ikinci nikahdan olan oğlunun, yəni ögey qardaşının ad günündə iştirak etmək üçün Xırdalan şəhərinə getmişdilər. Ad günündən qayıdanda, təxminən axşam saat təxminən 21:00-21:30 radələrində atasının avtomobili ilə Sumqayıt şəhərində, 9-cu mikrorayon ərazisində məhəllələrinə çatmağa az qalmış polis maşını onları saxlayıb. Polis avtomobilinin arxasınca mülki avtomobil gəlib. Polis formasında olan şəxs ondan Natiqin kim olduğunu soruşub. O, atası olduğunu deyib. Sonradan atasını avtomobildən düşürüblər. Bir nəfər şəxs atasının avtomobilinə yaxınlaşıb və deyib ki, atası imza çəkməlidir. Buna görə onu saxlayıblar. Avtomobildə həmçinin ondan başqa azyaşlı dayısı oğlu da var idi. Sonradan atasının avtomobili ilə onu aparıb evlərində, 9-cu mikrorayon, ev 44-də düşürüblər. Onu atasının avtomobili ilə evə aparan şəxs mülki geyimdə idi. Atası ilə onları saxladıqları yerdən evlərinə qədər təxminən 100 metr olardı. Həmin yeri evlərindən görmək olmaz. Onu binalarının qarşısında düşürərkən anası pəncərədən baxırmış. Onların mənzili evin birinci mərtəbəsində yerləşir. Onu evə apararkən polis avtomobili onların qarşısında onlar isə onun ardınca gedirdilər. Onu evlərinin qarşısında düşürmüş və polis əməkdaşları binanın qarşısında dayanıb siqaret çəkmiş və getmişlər. O, avtomobildən düşərkən anasının pəncərədən baxdığını görmüşdür. Polislər onun atasının avtomobilini də sürüb aparmışlar. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onların nikahlarından X6 anadan olmuşdur. Onlar qızının 6 yaşı olarkən boşanıblar. Onlar Türkiyədə yaşayırdılar və ölkəyə təzə gəliblər. xx.xx.2022-ci ildə günortadan sonra Nəzrin atası Təqsirləndirilən şəxsla birlikdə ögey qardaşının ad gününə getmişlər. Onun qardaşının uşağı da onlarla birlikdə getmişdir. Təxminən saat 21-22 radələrində qızına mesaj yazıb harada olduğunu soruşmuş və qızı atası ilə gəldiklərini bildirmişdir. Həmin vaxt o pəncərədən baxırdı. Natiqlə münasibətləri yaxşı olmadığı üçün Natiqin onu görməsini istəmirdi. Bu səbəbdən pəncərənin pərdəsini yarı açıq saxlayıb. Həmin vaxt ağ rəngli bir maşın evin qarşısında dayanmış və əvvəlcə mülki geyimli bir şəxs, daha sonra isə Nəzrinlə qardaşının oğlu maşından düşmüşlər. Mülki geyimli şəxs maşından düşdükdən sonra siqaret yandırıb və çəkməyə başlayıb və telefonla danışmağa başlayıb. Arxada isə polis maşınının arxa oturacağında oturan Natiqi görüb. Nəzrin binanın girişinə daxil olanda o, qapını açmağa gedib. Qapını açara qızından nə baş verdiyini soruşanda qızı atasının tutulduğunu bildirib. Həmin vaxt saat 21-22 radələri olardı. Onların yaşadıqları binanın girişində qapının üstündə işıqlandırma var. Bu səbəbdən o həyətdə olanları aydın görüb. Məhkəmə tərəfindən ibtidai istintaq zamanı toplanmış aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan respunlikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsinə əsasən ********* saylı cinayət işi başlanmışdır. Sumqayıt şəhər Polis İdarəsi rəisinin xx.xx.2022-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs barədə əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Qrupa CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1, kiçik inspektor Şahid3, kiçik inspektor Şahid2, təhqiqatçı Səadət Qənbərov və kriminalis Elnur Qocayev daxil edilmişlər, “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Alman” parkı yaxınlığında şübhəli şəxs kimi tutulmuşdur. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində, saat 04:20-dən, 04:27-dək Sumqayıt ŞPİ-də videoçəkilişlə və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6767 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdidata sərf edildi 0,050 qram, qalıq 0,700 qram. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və saat 10:45-də ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:05-dən 11:55-dək Təqsirləndirilən şəxs kimi dindirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərara əlavə edilmiş qəbzdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarla xx.xx.2022-ci il tarxdə, saat 12:40-da tanış edilmişdir. “Maddi sübut kimi tanınma haqqında” qərarla bir ədəd bükümdə, təmiz çəkisi 0,750 qram olan narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalan 0,700 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. 23 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli,1116 saylı arayışına əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin MKS-in eyni tarixli 102 saylı arayışına əsasən Təqsirləndirilən şəxs barəsində 23 saylı MKS-ə heç bir şikayət daxil olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin tələbnaməsi ilə bağlı Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 180.1, 234.1, 68.1, 66.2 və 66.5-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına həmin hökmlərin surətləri əlavə edilmişdir. Respublika Narkoloji Mərkəzi X13 Ambulator X2 barədə xx.xx.2022-ci il tarixli, 7237 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində verilmiş ittiham və seçilmiş qətimkan tədbiri qüvvədə saxlanmış, şəxsin əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar toplanmış və tədqiq edilmişdir. Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir və barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin; Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin; Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin; Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 25 noyabr 2022-ci il, 26 noyabr 2022-ci il və 27 noyabr 2022-ci il tarixlərdə anten dairələri barədə məlumatların mobil operatorlardan götürülməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubları ilə həmin mobil nömrələrin 25 noyabr 2022-ci il, 26 noyabr 2022-ci il və 27 noyabr 2022-ci il tarixlərdə anten dairələri barədə məlumatları Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhər Polis idarəsinin inzibati binası 6-cı məhəllə ünvanında yerləşir (AZ 5000, Sumqaylt şəhəri, Nizami küçəsi 111). Sumqayıt Şəhər Prokurorluğunun böyük müstəntiqi Pərvin Ocaqverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla Sumqayıt şəhər Polis idarəsinin əməkdaşlarının əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1.). Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər (124.2.). Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (125.1.). Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.). Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (125.3.). Təqsirləndirilən şəxs ona görə təqsirləndirilir ki, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan heroini əldə edib daşıyaraq, üzərində saxlamışdır. Onun qeyd olunan əməli törətməsinin sübut edilməsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan əməlin törədilməsi isə iş materiallarında olan və mötəbərliyi şübhə yaratmayan sübutlarla təsdiq edilməlidir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokolda Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə, saat 03:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində tutulduğu, tutulduqdan sonra Sumqayıt ŞPİ-yə gətirildiyi qeyd edilmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokolda isə Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 04:20-dən 04:27-dək şəxsi axtarış keçirildiyi göstərilmişdir. Buradan belə nəticə çıxır ki, Təqsirləndirilən şəxs və onu saxlayan polis əməkdaşlarına məxsus mobil nömrələrin anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 03:30-da Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisini göstərməlidir. "xxxx" MMC mobil operatoru tərəfindən verilmiş antenn məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 21:26dan davamlı olaraq 03:16-ya qədər “UABS3593F/UABS3593 Sumgait_M.Husaynzade_str/"Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi"/ Sumgayit/40.59xx/xx.66822” anten dairəsində olmuşdur. Yalnız xx.xx.2022-ci il, saat 18:04-də nömrənin antenn dairəsi “UABS1203D/UABS1203 Sumgait BBTV/"Sumqayıt şəhəri, 3-cü məhəllə, 13/14 saylı ev"/Sumgayit/40.594xx/xx.66994” antenini göstərmişdir. "xxxx" MMC mobil operatoru tərəfindən verilmiş antenn məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi xx.xx.2022-ci il tarixində, saat 01:51 və 02:00-da “UABS3593C/UABS3593 Sumgait_M.Husaynzade_str/"Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi"/Sumgayit/40.59xx/xx.66822” antenn dairəsində olmuşdur. "xxxx" MMC mobil operatoru tərəfindən verilmiş antenn məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmiş polis əməkdaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixində 02:03-də “LBBK6070O1/LBBK6070 H. Aliyev 17A Xirdalan/"Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi"/Absheron/40.464xx/xx.72283” antenn dairəsində olmuşdur. Digər polis əməkdaşı Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə, saat 03:10-da “LBBK0005O3/LBBK0005 Halliburton Company_2/"Bakı-Salyan şossesi, 15- ci km"/Garadagh/40.286xx/xx.72579” antenn dairəsində olmuşdur. Qeyd olunanları ümumiləşdirərək qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məxsus mobil nömrənin anteninin 21:26-dan davamlı olaraq 03:16-ya qədər, həmçinin sonradan davamlı olaraq Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində görünməsi, Sumqayıt şəhər Polis İdarəsinin məhz 6-cı məhəllə ərazisində yerləşməsi onun xx.xx.2022-ci il tarixdə, saat 03:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlanması ilə bağlı ittiham tərəfinin şahidlərinin bildirdiklərinin şübhə altına alınmasına əsasdır. Eyni zamanda Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin antenn dairəsi xx.xx.2022-ci il tarixdə, saat 03:10-da Bakı-Salyan şossesinin 15-ci kilometrliyində, Qaradağ rayonu ərazisində görünmüşdür. Məhkəmə iclası zamanı verdiyi ifadəsində Şahid3 həmin ərazidə tanışlarının olduğunu və həmin yerə tez-tez gedib-gəldiyini bildirmişdir. Belə olan halda Şahid3 saat 03:10-dan, saat 03:30-dək Bakı-Salyan şossesinin 15-ci kilometrliyindən, Qaradağ rayonu ərazisindən cəmi 20 dəqiqə ərzində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə gəlməsi və təqsirləndirilən şəxsin saxlanmasında iştirak etməsi məntiqli və inandırıcı görünmür. Eyni zamanda şahidlər Şahid1 və Şahid3 məxsus mobil nömrələrin antenn məlumatlarına nəzər yetirdikdə, onların davamlı olaraq (məsələn Şahid1 xx.xx.2022-ci ildə, saat 09:50-dən 14:38-ə qədər və digər vaxtlarda, Şahid3 xx.xx.2022-ci ildə, saat 09:26-dan, 12:22-yə qədər və digər vaxtlarda) “UABS3593C/UABS3593 Sumgait_M.Husaynzade_str/"Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi"/Sumgayit/40.59xx/xx.66822” antenn dairəsində olduqları müəyyən edilir. Məhkəmə iclasında verilən suala cavab olaraq şahidlər həmin vaxt yəqin ki, iş yerlərində, yəni Sumqayıt ŞPİ-nin inzibati binasında olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs məxsus mobil nömrənin də xx.xx.2022-ci il tarixdə saat 21:26-dan davamlı olaraq 03:16-ya qədər həmin antenn dairəsində olması, onun məhz xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində saxlanması ilə bağlı verdiyi ifadənin həqiqət olmasına inamı artırır. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın əsasını ittiham tərəfinin topladığı sübutlar təşkil edir. Həmin sübutlar aparılmış istintaq hərəkətlərinin protokolları, şahid ifadələri və sair təşkil edir. Yuxarıda qeyd edilən uyğunsuzluqlar isə ibtidai istintaq orqanı tərəfindən aparılmış istintaq hərəkətlərinin həqiqiliyini, obyektivliyini və qərəzsizliyini şübhə altında qoyur və həmin sənədlərin sübut kimi qəbul edilməsini qeyri-mümkün edir. Bu sübutlar birmənalı olaraq Təqsirləndirilən şəxs verilən ittiham üzrə onun təqsirli olmasına dair qənaətə gəlməyə kifayət etmir. Bu sübutlar qərəzsiz sübutlar deyildirlər. Şahid ifadələrinə gəldikdə isə qeyd edilməlidir ki, ittiham tərəfinin şaidləri polis əməkdaşlarıdır, keçirdikləri əməliyyatın nəticəsində maraqlıdırıar, onların ifadələri o vaxt mötəbər sübut kimi qəbul edilə bilər ki, başqa sübutlarla uyğunluq təşkil etsin, təsdiq edilsin. Həmin ifadələrdə göstərilənlərlə bağlı isə işdə kifayət qədər şübhəli hallar, ziddiyyətlər var və bu ziddiyyətlərin aradan qaldırılması mümkün deyildir. Belə ki, polis əməkdaşlarının verdikləri ifadələr məhkəmə iclasında ifadə vermiş digər şahidlər X6 və X1 ifadələri ilə ziddiyyət təşkil etmişdir. Belə ki, X6 öz ifadəsində 21:00-21:30 radələrində atasının avtomobili ilə Sumqayıt şəhərində, 9-cu mikrorayon ərazisində evlərinə çatmağa az qalmış polis maşınının onlar saxladığını, atasını polis avtomobilinə mindirdiklərini, onu isə atasının avtomobili ilə onu aparıb evlərində, 9-cu mikrorayon, ev 44-də düşürdüklərini bildirmişdir. Şahid X3 isə xx.xx.2022-ci ildə günortadan sonra qızı Nəzrinin atası Təqsirləndirilən şəxsla birlikdə ögey qardaşının ad gününə getdiklərini, təxminən saat 21-22 radələrində qızına mesaj yazıb harada olduqlarını soruşduğunu, qızının atası ilə gəldiklərini bildirdiyini, bir qədər sonra Natiqin avtomobilinin və polis avtomobilinin onların binalarının qarşısında dayandığını, Natiqin polis avtomobilində olduğunu, qızının isə digər mülki geyimli şəxslə birlikdə Natiqin avtomobilindən düşdüyünü və evlərinə gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Eyni zamanda CPM-in 21-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (21.1.). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2.). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3.). Göründüyü kimi şəxsin təqsirli bilinməsi üçün onun cinayət törətməkdə təqsirli olması həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmayan sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. CPM-də həmçinin göstərilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5.). Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (33.2.). Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar (139). İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3.). Hazırkı işdən göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. CPM-in 42.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilməlidir. Çünki məhkəmənin qənaətinə görə, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, onun həmin cinayəti törətməsi sübut olunmur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçildiyindən, ona hazırkı iş üzrə verilmiş bəraət əsasında məhkəmə iclas zalından azad edilməsi mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 manat dövlət büdcəsinə aid edilməli və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. CPM-in 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan 0,700 qram çəkidə heroin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd videodisk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmənin əvvəlki iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqi yardım göstərmiş və göstərdiyi hüquqi yardıma görə 04 (dörd) saat sərf etmişdir. Ona görə də, 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilsin və o təqsirsiz elan edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan 0,700 qram çəkidə heroin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt Sumqayıt şəhər Polis İdarəsində saxlanılsın. Maddi sübut Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd videodisk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar