Məhkəmə qərarları › İş №1(060)-50/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-50/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-50/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 3(üç)ədəd bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,131 qram, 0,103 qram, 0,134 qram, birlikdə ümumi təmiz çəkisi 0,368 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı 08 iyun 2024-cü il tarixdə, saat 09:30-da, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 28-in arxasında saxlanılaraq PB-nə gətirilməsi və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 3 (üç) ədəd bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,131 qram, 0,103 qram, 0,134 qram, birlikdə ümumi təmiz çəkisi 0,368 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ayın 7-si qardaşı ona zəng edərək bölmədən onu axtardıqlarını və birlikdə bölməyə getmələrini demişdir. Onlar gedən vaxt bölmənin rəisi orada olmamış, geri qayıtmışlar, səhərisi gün yenə qardaşı ilə bölməyə getmişlər, orada onu saxlayıb qardaşını evə göndərmişlər. Onu saat 4-ə kimi saxlamışlar, bir-iki yerə qol çəkmişdir. Daha sonra onu polis idarəsinə göndərmişlər. Orada çəkiliş vaxtı vəkil ona bildirmişdir ki, boynuna götürsün özü həll edəcək. Ondan sonra vəkili görməmişdir, vəkil yalnız çəkiliş zamanı orada olmuşdur. Çəkiliş zamanı ifadə vermiş, ondan sonra ifadə verməmişdir, ifadələr onun deyildir, özləri yazmışlar, o da çəkiliş zamanı bir-iki imza etmişdir, digər imzalar onun deyildir. Vəkil çəkiliş zamanı gəlmişdir, o, saat 10da getmiş, çəkiliş saat 4-də olmuşdur. Onun cibinə nə qoyduqlarını bilməmişdir, çıxarıb “kakos” olduğunu soruşmuş, ona “şüşə” olduğunu deməsini bildirmişlər. Ona yalnız imza çəkdikdən sonra buraxacaqlarını dediklərindən o da deyilən yerə imza etmişdir. Onu axşama kimi saxlayıb ya silahı, ya narkotiki, ya da oğurluq əməlini boynuna almasını demişlər. Həmin şəxsləri üzdən tanıyır, lakin adlarını bilmir. Ona CM-nin 234.1-ci maddəsi olsa buraxacaqlarını demişlər. Onu döyməmişlər, sadəcə aldanmışdır, həmçinin təzyiq olmuş, axşama kimi ac-susuz saxlamışlar. İstintaq zamanı yazılan ifadə onun deyildir, özləri yazmış, o da imza etmişdir. O, qara qələmlə deyil, göy rəngli qələmlə imza etmişdir, həm qələmin rəngi fərqlidir, həm də imza onun deyildir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:30 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 28-in arxasında olarkən iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirib, onu qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirərək, həmin polis əməkdaşları ilə birlikdə 3-cü PBnə getməli olduğunu bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 3-cü PBnə getmişdir. PB-nə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, təqdim edilmiş vəkil siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X5 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində onun üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlanılmışdır. Ona, üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və pridmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməsi təklif edilən zaman o, əyninidə olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Həmin siqaret kağızı bükümləri açıldıqda içərisindəki psixotrop maddə metamfetamin kütləsi aşkar edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilərkən onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Sorğu zamanı o, üzərindən aşkar edilən 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərindəki maddələrin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində, Corat abidəsinin yaxınlığında, tanımadığı şəxsdən 30 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəm üçün üzərində saxladığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərindəki psixotropm maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru Şahid1 ifadəsində göstərdi ki, Şahid2 Elnurun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Elnuru 17-ci mikrorayon ərazisində saxlayaraq özlərini təqdim etmişlər, ona narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək 3-cü PB-nə dəvət etmişlər. Şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir, lakin narkotik vasitənin növünü xatırlamır, şəxs özü çıxarıb təhvil vermişdir. Saxlanılan zaman və PB-də olarkən ona qarşı heç bir təzyiq olmamışdır. Əməliyyat tədbirində iki nəfər olmuşlar, o və Fərid. Əməliyyat tədbiri səhər saatlarında olmuş, şəxs bölməyə gətirildikdən sonra vəkil də gəlmişdir. Şəxs saxlanılan zaman müqavimət göstərməmişdir, onu saxlayan zaman üzərinə baxış keçirməmişlər. Onu Fəridə məxsus avtomobillə bölməyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 08 iyun tarixdə təqribən saat 9-10 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində 28 nömrəli binanın yaxınlığında əməliyyat tədbiri quraraq şəxs barəsində narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı almışdır. Həmin şəxsi izlədikdən sonra onu həmin binanın yaxınlığında saxlayaraq 3-cü PB-nə gətirmişlər. Bölmədə şəxsi axtarış zamanı 3 ədəd bükümdə narkotik vasitə aşkarlanmışdır. Həmin narkotik vasitə şəxsin sağ yan cibindən aşkar edilmişdir. Şəxs həmin bükümləri istifadə üçün əldə etdiyini, 30 manata aldığını, heç bir satış məqsədi olmadığını bildirmişdir. Həmin vaxt saatı işləməmişdir. Şəxsi saxlayan zaman üzərinə baxış keçirməmişlər. Şəxsin bir əlində o, digər əlindən iş yoldaşı tutmuşdur. Çəkiliş vaxtını xatırlamır, çəkiliş vaxtı qolunda olan saatın batareyası işləməmişdir. Şəxsi səhər saat 10 radələrində saxlamışlar. Çəkilişdə olan notebook təhqiqatçının olmuş, orda olan saat barədə məlumatı yoxdur. Şəxsi mühasirəyə almışlar, qaçmağa cəhd göstərmiş, lakin qaça bilməmişdir. Şəxsi 17-ci mikrorayon ərazisində saxlamışlar, həmin ərazi 3-cü PB-nin ərazisi deyildir, yuxarı rəhbərliyə bu barədə məlumat vermişlər. Şəxsi tutduqları saat 09:20-09-40 arası olmuşdur. Vəkillə görüş çəkilişdən öncə olmuş, vəkilin bölməyə gəlmə-getmə vaxtını xatırlamır. Şəxsi saxlayan zaman taksi ilə yoxsa avtomobillə getməklərini xatırlamır. Əməliyyat tədbiri 30-40 dəqiqə davam etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Şahid5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkilləri tərəfindən Sumqayıt şəhəri 17-ci mikrorayon, bina 28-in arxasında saxlanılaraq PB-nə gətirilmişdir. Daha sonra barəsində tutma protokolu tərtib olunmuş, saat 10:40-dan 10-49-dək üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 3 büküm metamfetamin aşkar edilmiş, tərəzidə çəkilmiş, daha sonra Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə xalis çəkisinin müəyyən olunması üçün göndərilmişdir. DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Şəxsin saxlanıldığı Sumqayıt şəhər 17-ci mikrorayon, bina 28-in arxası 3-cü PB-nin ərazisi deyildir, bu barədə yuxarı rəhbərliyə məlumat verməmişdir. Şəxs özü qeyd etdiyinə görə narkotik vasitəni tanımadığı şəxsdən almışdır, bununla bağlı hüquqi qiymət verilməmiş, həmin xüsusatları araşdırmaq müstəntiqin səlahiyyətindədir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, axşam Kənan ona zəng edərək Elnuru bölməyə çağırdıqlarını demişdir. Səhər Elnuru bölməyə aparmışlar, Kənan zəng edib danışdı ki, gəlmişlər, gözləyirlər. Lakin onlara gedib sabah gəlmələrini demişlər. Onlar da qayıtmışlar. Yanında Kənan və Elvin adlı dostları olmuşdur. Səhərisi gün Kənana zəng etmiş, Kənan idarəyə getdiklərini demişdir. Axşam saat 9-da sonra getmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, işdə olan zaman Kənan ona zəng edərək Elnuru bölmədən çağırdıqlarını və oaraya getməli olduqlarını bildirmişdir. O da işdə olduğu üçün sonra gələcəyini demişdir. Sonra bölməyə getmişlər, Kənangil Elnuru da gətirmişdir. Orada gözləmişlər, Kənan zəng etmiş, telefonla danışıq olmuş, ona gedib sabah gəlmələrini demişlər. Səhərisi gün zəng edib maraqlanmış, Elnuru tutduqlarını demişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-cu mikrorayon, ev 28-in arxasında xx.xx.2024-cü il tarixdə saat 09:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predmet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini çıxarıb masanın üzərinə qoydu. Həmin bükümlər açılan zaman içərisindəki kristallik formalı ağ rəngli kütlələr olması aşkar edildi. Bundan sonra tərəfimdən şəxsi axtarış davam etdirilərkən onun üzərindən maddi əhəmiyyət kəsb edən heç nə aşkar olumadı. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilən gümüşü rəngli siqaret kağızı bükümlərindəki maddələrin “patı” olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat Abidəsi deyilən yerin yaxınlığında bir nəfər tanımadığı şəxsdən 03 ədəd bükümü 30 manat pul ödəməklə satın aldığını, öz şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirdi. Üzərindən aşkar edilən “patı” olduğunu bildirdiyi maddələrin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində kristallik şəkilli, ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bükümlər ilə birgə elektron tərəziyə qoyularaq çəkildi və 1-ci açılan büküm 0.19 qram, 2-ci açılan büküm 0.14 qram və 3-cü açılan büküm 0.17 qram oldu. Bundan sonra həmin bükümlər 01 ədəd kağız zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. - Məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/3174 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 127 dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 03 ədəd kütlə şübhəli şəxs(imza) Təqsirləndirilən şəxs “ yazı və imzalar olan zərfdəki 03(üç)ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,131 qram, 0,103 qram, 0,134 qram, ümumi təmiz çəkisi 0,368 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqata 0,09 qram sərf edildikdən sonra 0,278 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, «0000» rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, orada 08 dəqiqə 48 saniyədən ibarət videogörüntü var. Həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Şahid5 özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxs- Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli bilindiyi üçün polis əməkdaşları-Şahid2 və Şahid1 tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi X4 təqdim edir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edir və şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya və ya pridmet vardırsa təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 3 ədəd kağız kəsiyinə bükülmüş kütlələri çıxardıb təqdim edərək, masanın üzərinə qoyur. Təhqiqatçı, həmin kütlə bükümlərinin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə kakos olduğunu, Corat qəsəbəsi, abidənin yaxınlığında, tanımadığı şəxsdən 30 manata, öz istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər təhqiqatçı tərəfindən açıldıqda, bükümlərin içərisində ağ rəngli, kristalik, psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunur. Eyni zamanda Təqsirləndirilən şəxs bükümlərin içərisinə baxaraq həmin maddənin “patı” olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, pisixatrop maddə metamfetaminə bənzər kütlə bükümlərini növbə ilə elektron tərəziyə qoyub çəkilərini ölçdükdə 1-ci bükümün çəkisinin 0,19 qram, 2-ci bükümün çəkisinin 0,14 qram, 3-cü bükümün çəkisinin 0,17 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə bükümləri məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir təziqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra şəxsi axtarış yekunlaşdırılır və video çəkliş dayandırılır. - məhkəmə-narkoloji ekspertizasının 4189 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,368 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,278 qram çəkidə psixotrop maddə olan metamfetamin sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,368 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,278 qram çəkidə psixotrop maddə metamfetamin və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,278 qram narkotik vasitə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-724/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1364 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi2 ilə müqavilə bağlamışdır. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,278 qram narkotik vasitə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar