Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-501/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda təmiz çəkisi -0,618 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 aprel 2022-ci il tarixdə saat 09:20-də Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən “Qayalı” marketin qarşısındakı küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellefona bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,618 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən kompyuter oyun salonunda olduğu zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmış və özlərini polis işçiləri kimi təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişdirlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmiş və orada onun üzərində narkotik maddə olub-olmadığı soruşulduqda o, üzərində olan narkotik maddəni çıxarıb onlara təqdim etmiş, bundan sonra polis əməkdaşları onu döyərək üzərindən çıxan narkotik maddənin üzərinə əlavə narkotik maddə əlavə etmişlər və ona bildirmişlər ki, o, həmin narkotik maddənin onun üzərindən çıxmasını bildirməlidir. Həmin vaxt Orxan adlı polis əməkdaşı ona bildirmişdir ki, narkotikin çəkisinin 2 qrama qədər olmasının heç bir fərqi yoxdur. Bundan sonra o, polis əməkdaşları ilə razılaşmış və üzərinə videoçəkilişlə baxış keçirilərkən o, polis əməkdaşlarının çəkisinin artırdıqları narkotik madəni çıxararaq təqdim etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə onun üzərindən çıxmış narkotik maddə şəxsi istehlak miqdarından az miqdarda olmuşdur. Lakin o, bunu istintaq təcridxanasında öyrənmişdir. O, həmin narkotik maddənin çəkisinin artırılması ilə bağlı və döyülməsi ilə bağlı hər hansı bir orqana şikayət etməmişdir. Onu polis əməkdaşları döysə də bədənində döyülmə izləri olmadığından barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə deməmişdir. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ibtidai istintaqdakı ifadəsindən görünür ki, o,1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur və Sumqayıt şəhəri, Xəzər bağlar massivi fərdi ünvanda tək yaşayır. Əvvəllər məhkum olmuşdur və subaydır. Təxminən 3-4 ildir ki, narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü qəbul etdiyini və heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən Qayalı marketlə üzbəüz küçədə piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmış və özlərini polis işçiləri olaraq təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla birlikdə Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişdirlər. Həmin vaxt həmin 3 nəfərdən biri onun əllərindən möhkəm yapışdığına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs sözlərinə əsasən Sumqayıt ŞPİ-də xidməti otaqda onu gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütlənin içində heroin olduğunu təhqiqatçıya demişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və təmiz çəkisinin 0.72 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış və zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə heroindir, ona məxsusdur. Həmin heroini xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 manata almış və öz istifadəsi üçün üzərində gəzdirmişdir. Əlavə olaraq Sumqayıt ŞPİ-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, mobil telefonunun olmadığını, həmçinin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə, ünvan 1-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə məlumat rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis baş serjantı: Şahid2, polis serjantı Şahid3 və KTB-nin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 09:20-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən “Qayalı” marketin qarşısındakı küçədə piyada hərəkətdə olan zaman saxlamışlar, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib həmin şəxsi Sumqayıt ŞPİ-nə dəvət etmişlər, Süleyman da etiraz etmədən onlarla birlikdə Suqmayıt ŞPİ-nin inzibati binasına gəlmişdir. Təhqiqat şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Ələsgər Məmmədovun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin şəxsə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X2 tərəfindən aparılmışdır. Baş təhqiqatçı Elsevər Quliyev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki şəffaf rəngli sellefona bükülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra Elsevər Quliyev tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin narkotik vasitə “heroin” olduğunu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin maddə elektron tərəzidə çəkilmiş, maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,72 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun döyülməsi və narkotik maddənin çəkisinin artırılması barədə göstərdikləri həqiqəti əks etdirmir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 14 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2130 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 124 ” möhür əksi və “Saxlanılan şəxs Şıxıyev.S-imza; iştirak etdilər-imzalar; baş təh.E.Quliyev imza....” yazı əlavəsi qeyd edilmiş 01 ədəd kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,618 qram olan qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-0,618 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,568 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1877 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROM (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu narkotik maddələrin çəkisinin polis əməkdaşları tərəfindən artırılması və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,568 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2022-ci il tarixli (iş № 1(060)-501/2022) qərarını icra edərək, 24 may 2022-ci il tarixli 799/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,568 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-501/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-501/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver