Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-501/2025 21.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağdərə rayonu, Sırxavənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, restoranda ofisiant işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Belə ki, 18 mart 2025-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində qeyri-rəsmi münasibətdə olduğu Şahid2 ilə sonuncunun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs arasında baş vermiş narazlığa müdaxilə edən zaman sonuncu ilə aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun üz və bədən nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid alının orta hissəsinin 2 ədəd, sağ gözün bayır bucağının sıyrıqları, alının sol hisssəsinin, sol bazunun orta 1\3-nin bayır səthinin, sağ baldırın aşağı 1\3-nin ön-iç səthini əhatə edən qançırları, sol gözətrafını əhatə edən dərialtı hemotoması, sol gözaltı nahiyənin yarasından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hazırda rəsmi evli olsa da, uzun müddətdir ki, faktiki olaraq ailəsi ilə birlikdə yaşamır. Hazırda Şahid2 birinci ailəsindən boşanmışdır və Səidə ilə onun ciddi münasibətləri vardır. Hadisə baş verən gün xx.xx.2025-ci il tarixdə o, bazarlıq edib Səidənin evinə aparmışdır. Bayram olduğu üçün Səidə ilə görüşəcəyindən onu aşağıda gözləmişdir. Səidənin telefonuna zəng etmiş və qızı Səidəyə təcili tibbi yardımdan həkim gəldiyini, bir azdan düşəcəyini bildirmişdir. Daha sonra Səidə aşağı düşmüşdür. Səidənin oğlu atası Ceyhunun yanında olmuş və Səidə oğlu ilə danışıb onu evə gətirmək istəmiş, lakin, Ceyhunla aralarında mübahisə yaranmış və Ceyhun Səidəni vurmuş, Səidə yerə yıxılmışdır. O, kənardan Ceyhunun Səidəni vurduğunu gördükdə ona sahib çıxmış, Ceyhuna nə üçün qadına əl qaldırdığını söyləmiş və bu zaman Ceyhun onu söymüşdür. Daha sonra o, Ceyhunun üz nahiyəsinə bir dəfə yumruqla vurmuş və aralarında dava olmuşdur. Onları kimsə ayırmışdır. Son söz olaraq məhkəmədən qərar qəbul edilərkən gələcək həyat yoldaşı olacaq qadını qorumasını və himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə almasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, o, ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək ittiham üzrə özünü təqsirli bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Şahid2 adlı xanımla 8 aya yaxındır ki, tanışdır və onunla qeyri-rəsmi münasibətdə yaşayır. Səidənin yoldaşı Ceyhundan 2 ilə yaxındır ki, rəsmi olaraq boşandığını bilir. Səidə ona Ceyhunla münasibətlərinin pis olduğunu, tez-tez mübahisə etdiyini, oğlu Məhyəddinin Ceyhunla birlikdə yaşadığını demişdir. xx.xx.2025-ci il tarixdə axşam radələrində Səidə ona yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisinə həyətdə tonqalın yanında Ceyhunla Məhyəddinin dayandığını, onların yanına düşəcəyini söyləmişdir. Onu da oraya dəvət etmişdir. O, bundan sonra həmin əraziyə getmişdir. Səidə ilə Ceyhun ayrı-ayrı yerlərdə durmuşdular, o da kənarda durmuşdur və onlara yaxınlaşmamışdır. Bir müddət sonra Ceyhun, Səidə və oğlu Məhyəddin tonqaldan uzaqlaşaraq bir az kənara çəkilmişlər. Səidə Məhyəddini özü ilə aparmaq istəyən zaman Ceyhunla Səidə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Səidə Məhyəddinin əlindən tutub onu özü ilə aparmaq istəyən zaman Ceyhun uşağı özünə tərəf çəkmiş və nəticədə Səidə müvazinətini itirərək yerə yıxılmışdır. Bunu gördükdən sonra o, onlara yaxınlaşmış və nə üçün Səidəyə əl qaldırdığını soruşmuşdur. Bundan sonra Ceyhun onun ünvanına nalayiq küçə söyüşləri söyərək onu vurmaq istəyən zaman o kənara çəkilmiş və Ceyhunun üz nahiyəsindən bir dəfə yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən Ceyhun yerə yıxılmış, o isə Səidəni götürüb oradan getmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində baş vermiş, 3-5 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə zamanı orada Səidə və onun oğlu Məhyəddin olmuşdur. Hadisə zamanı ətrafdan kənar şəxslər toplaşmamamış, həmçinin hadisə zamanı Ceyhun onu vura bilməmiş, onun ünvanına nalayiq sözlər işlətsə də o Ceyhunu söyməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması onun məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2007-ci il tarixdə Şahid2 ilə birlikdə ailə həyatı qurmuş evlilikdən üç övladları dünyaya gəlmişdir. Aralarında yaranan mübahisələrə görə o, Səidədən 2023-cü il tarixdə məhkəmə qərarı ilə boşanmış, boşandıqları gündən sonra 2013-cü il təvəllüdlü övladı Məhyəddin onunla birlikdə yaşayır. Səidə hər dəfə Məhyəddini görmək istədiyini söyləyən zaman ona razılıq verməmişdir. Təqsirləndirilən şəxs onun keçmiş yoldaşı ilə qeyri-rəsmi münasibətdə yaşayır. O, artıq boşandıqları üçün Səidəyə də heç bir söz söyləməmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, oğlu Məhyəddinlə birlikdə bayram tonqalına baxmaq üçün Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisinə gəlmiş, bir qədər tonqala baxdıqdan sonra Səidənin də tonqala baxmağa düşdüyünün şahidi olmuş, ətraf sakitləşdikdən sonra Səidə ona yaxınlaşıb oğlu Məhyəddinin əlindən tutub onu özü ilə aparmaq istədiyini söyləmişdir. Bu zaman ona mane olmağa başlamış və Səidəyə geri çəkilməsini söyləmişdir. Anasına uşağın onu istəmədiyini bildirmiş, lakin anası uşağı dartaraq qarajlar olan tərəfə aparmış, o da Səidəni aralaşması üçün itələmişdir. Səidə oğlunun əlindən tutub onu aparmaq istəyəndə qəfildən ayağı burxulub yerə yıxılmış, bu zaman onun yanına Elmir yaxınlaşaraq guya onun Səidəni nə səbəbə vurduğunu söyləmiş, o da qarışmamasını deyən zaman Elmir yumruqla üz nahiyəsinə zərbə endirmişdir. Onun oğlu Elmiri tanısa da, özü onu tanımamışdır. Zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Bu zaman Elmir onun üzərinə əyləşib onun üz və bədən nahiyəsinə yumruqla bir neçə dəfə zərbə endirmişdir. Daha sonra durub oradan uzaqlaşmışdır. O, hadisə zamanı Səidə, oğlu Məhyəddinin olub keçəni gördüyünü, hadisə zamanı ətrafda kənar şəxslər olmadığını, dava edən zaman artıq tonqal söndüyündən camaatın oradan getdiyini, hadisənin Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində- məhəllənin içərsində baş verdiyini, 3-5 dəqiqə davam etdiyini, ətrafa kənar şəxslərin toplaşmadığını, hadisə zamanı Elmiri vurmadığını və toxunmadığını bildirmişdir. Ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq olmadığını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və məhkəmədən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, uşaqların üçü də ondadır, bayram günü Ceyhun uşağı aparmışdır. O, pəncərədən baxarkən Ceyhunun uşaqla tonqala getdiyini görmüşdür. Ceyhun onu uşaqla görüşməyə qoymamış və aralarında dava düşmüşdür. Hadisə zamanı ortancıl qızı da orada olmuş və o, yıxılarkən onu qaldırmışdır. Bu zaman Elmir maşının yanından çıxmış və Ceyhun Elmiri söymüşdür. Ceyhun Elmiri söyəndə Elmir onu yumruqla vurmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün yazılmadığını, məhkəmə iclasında verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Şahid X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ceyhun onun keçmiş həyat yoldaşıdır. 2023-cü ildə məhkəmə qərarı əsasında boşanmış, boşandıqları gündən bəri Ceyhunun daima narahatçılıq yaratdığını, boşandıqdan sonra isə Elmir adlı şəxslə qeyri-rəsmi münasibətdə yaşadığını bildirmişdir. 2025-ci ilin əvvələrində Ceyhun oğlu Məhyəddini ondan icazəsiz götürüb aparmış və oğlu da onunla yaşamışdır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisindəki binanın qarşısında bayramla əlaqədar tonqal yandırmışlar. Bu zaman pəncərədən həyətə baxan zaman oğlu Məhyəddinin Ceyhunla birlikdə orada olduğunu görmüşdür. Bu zaman həyətə düşmüş, camaat dağılışandan sonra o, oğluna yaxınlaşmış və birlikdə getməsini söyləmişdir. Ceyhun da bu zaman qəfildən onu nalayiq sözlərlə təhqir etmiş, həmin vaxtı o, Məhyəddinin qolundan tutub onu özü ilə aparmaq istəsə də, Ceyhun buna mane olmuş, Ceyhun həmin vaxtı onu itələmiş və o, yerə yıxılmışdır. Həmin vaxt tanışı Elmir ora gəlmiş və Ceyhuna nə səbəbə qadını bu hala saldığını soruşmuş, Ceyhun Elmirin ünvanına nalayiq söyüşlər söymüş və daha sonra onu vurmaq istəyən zaman Elmir onun üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Ceyhun zərbənin təsirindən yerə yıxılmış, bu zaman Elmir də onu götürüb oradan aparmış, hadisə zamanı orada kənar şəxslər olmamış, o və oğlu Məhyəddin olub keçəni görmüş, hadisə zamanı ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində binanın qarşısında baş vermiş, 3-4 dəqiqə davam etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Ceyhun ilə anası Səidə 2023-cü ildən rəsmi olaraq boşanmışlar. O, anası ilə yaşadığını və anasının onu atası ilə görüşməsinə icazə vermədiyini, atasının gizli olaraq onun məktəbdən çıxdığı vaxtlar yanına gələrək görüşdüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, anasının işlədiyi mağazaya gedən zaman atasının da orada olduğunu, həmin vaxt anasının ona atası ilə ya onunla qalmaq istədiyini soruşan zaman o, atası ilə getmək istədiyini demiş və atası ilə birlikdə çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadıqları evin həyətində tonqal qalanmış və o, atasından onu tonqala baxmağa aparmasını istəmişdir. Orada olan zaman o, anası Səidənin arxalarında durduğunu görmüş və atasına problem olmaması üçün çıxıb getməyi təklif etsə də, atası Ceyhun narahat olmamasını demiş, lakin bir qədər sonra onlar oradan çıxıb gedən zaman, bir qədər aralandıqdan sonra anası Səidə onların qarşısına çıxmış və onu atasının əlindən almağa çalışan zaman onu dartmağa başlamış, lakin atası Ceyhun buna imkan verməmiş, anası onu dartan zaman yerə yıxılmış, bu zaman əvvəllər də gördüyü və tanıdığı Elmir adlı şəxsin atasına yaxınlaşdığını və atasının üzündən yumruqla vurduğunu, zərbənin təsirindən atası Ceyhunun yerə yıxıldığını və yerə yıxıldıqdan sonra Elmirin Ceyhunun üzərinə çıxıb oturaraq yumruqla Ceyhunu vurmağa davam etdiyini bildirmişdir. O, Elmiri 3 ildir ki, tanıdığını, Elmirin anası Səidə ilə münasibətinin olduğunu və tez-tez yaşadıqları evə gəldiyini, hadisə zamanı Elmirin atası Ceyhunu vurmasına baxmayaraq Ceyhunun Elmirə toxunmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:15 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində adını Elmir kimi bildiyi şəxs yumruqla sol üz nahiyəsinə zərbə endirərək ona xəsarət yetirmişdir. Odur ki, həmin şəxsi müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (i.v. 4) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 xx.xx.2025-ci il tarixli, 374 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Alının orta hissəsinin 2 (iki) ədəd, sağ gözün bayır bucağının sıyrıqları, alının sol hissəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ baldırın aşağı 1/3-nin ön-iç səthini əhatə edən qançırları, sol gözətrafını əhatə edən dərialtı hematoması, sol gözaltı nahiyənin yarası. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v. 11-13) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə də zərərçəkmiş şəxs qsimində dindirilmişdir. (i.v. 22-29) Təqsirləndirilən şəxs qsimində cəlb edilmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 57-58) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v. 67-68) Qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. (i.v 69-70) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 72) Elektron sistemdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Kərimov Namiq və xx.xx.2014-cü il təvəllüdlü Kərimli Raul adlı iki azyaşlı uşağları vardır. (i.v. 73-74) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, cinayət işi üzrə dindirmə protokolları, məhkəmə tibbi ekspertizasının rəyi və digər istintaq materialları sübut kimi qiymətləndirilmişdir. (i.v. 75-78) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini və himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-501/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-501/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver