Məhkəmə qərarları › İş №1(060)-504/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-504/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-504/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Minəxan qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Yardımlı rayonu, Soğulcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə saat 23:00 radələrində birgə yaşadıqları ünvanda aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs Minəxan qızına başın sol təpə ənsə nahiyyəsinin dərialtı hematoması, sol bazu oynağının şişkinlik və ağrı hesabına hərəktə məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların şişkinliyi fonunda əziyi qançırı xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuşdur və onlar Yardımlı rayonunda yaşamışlar. Təxminən 8 ildir ki, Sumqayıt şəhərinə köçüb gəlmişlər. O son zamanlar normal qazanc əldə edə bilmədiyi üçün ailələrində tez-tez münaqişələr yaranır. 22.06.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində yaşadıqları ünvanda o bir qədər spirtli içki qəbul etmişdir. Mahizə həmin vaxt ondan pul istəməyə başlamışdır. O Mahizəyə hazırda pulu olmadığını, növbəti günlərdə ona pul verəcəyini bildirmişdir. Həmin vaxt Mahizə evdə ona cavab qaytarmağa, ucadan qışqırmağa başlamışdır. O Mahizədən sakit durmasını, qonşuların onun səsini eşitdiyini demişdir. Lakin Mahizə onun sözlərinə heç bir məhəl qoymamışdır. O da əsəbiləşərək yaşadığı ünvanda əl zərbələri ilə Mahizənin başına vuraraq onu döymüşdür. Həmin vaxt evdə olan qaynı oğlu Elşən onları aralayıb münaqişə etmələrinə imkan verməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs Minəxan qızı göstərdi ki, X2 onun rəsmi nigahda olduğu həyat yoldaşıdır. Belə ki, Sakit ilə 1998-ci ildə rəsmi ailə həyatı qurmuşdur. Birgə nigahlarından 2000-ci ildə Fadilə Seyiadağayeva adlı qızları, 2002-ci ildə Qammət Seyidağayev adlı oğlanları və 2008-ci Mübariz Seyidağayev adlı oğlanları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuşdur və onlar Yardımlı rayonunda yaşamışlar. Təxminən 8 ildir ki, Sumqayıt şəhərinə köçüb gəlmişlər. Sumqayıt şəhərinə gəldikdən sonra Sakit spirtli içkilərin aludəçisi olmağa başlamışdır. Demək olar ki, hər gün evə sərxoş vəziyyətdə gələrək münaqişələr yaratmağa, normal işləməməyə, evə qazanc gətiməməyə başlamışdır. 22.06.2021-ci il tarixdə təxminən saat 23:00 radələrində yaşadıqları ünvanda olan zaman Sakitdən evə bazarlıq etmək üçün pul istəmişdir, həmin vaxt Sakit heç bir səbəb olmadan onunla münaqişə etməyə başlamışdır. O Sakitə oğlu Qamətin özünün işləyərək pul qazandığını, öz ehtiyaclarını ödədiyini demişdir. Həmin vaxt Sakit ona dediyi sözlərə görə yaşadığı ünvanda onun üzərinə hücum çəkmiş, əl zərbələri ilə onun başının müxtəlif nahiyyələrinə və sinə nahiyyəsinə vuraraq onu döymüşdür. O da Sakitin bu hərəkətlərindən artıq bezdiyi üçün DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Minəxan qızı məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 1527 saylı 23.06.2021-ci il tarixli protokoldan görnür ki, Təqsirləndirilən şəxs yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(i.v 11) İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 3 uşağı vardır.(i.v 17-20) İş materiallarında olan 746 saylı, 23.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Minəxan qızının bədənində aşağıdakı xəsarətlər vardır: başın sol təpəənsə nahiyyəsinin dərialtı hematoması, sol bazu oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir-iki gün əvvəl olmaqla 22.06.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 21-23) İş materiallarında olan 284 saylı, 24.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v 30) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2271 saylı 24.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 31) İş materiallarında olan 25.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 34) İş materiallarında olan DİN-nin 25.06.2021-ci il tarixli arayışından görünür ki, Seydağayev Sakit Rəfi oğlunun məhkumluğu yoxdur.(i.v 35) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar