Məhkəmə qərarları › İş №1(060)-505/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-505/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-505/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, tərcüməçi-X4, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Çomaxtur ərazi dairəsi, Çomaxtur kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs talama məqsədi olmadan xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus Bakı- Quba şossesinin Bakı istiqamətində “Azpetrol YDM”nin yaxınlığında yolun kənarında dayanmış “Vaz-21150” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə icazəsi və hüququ olmadan avtomobilin açarı ilə mühərriki işə salıb mühərrikin köməyi ilə dayandığı yerdən apararaq qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun Azərbaycan Respublikasında heç kimi yoxdur və yaşamağa evi olmadığı üçün küçələrdə yaşayır. Təxminən 2 ay olardı ki, Bakı-Quba şossesinin Bakı istiqamətində “Azpetrol YDM”nin yaxınlığında yolun kənarında olan qırmızı rəngli avtoyuma məntəqəsinin yaxınlığındakı təkər təmiri sexində işləmiş və orada olan köşkdə yaşamışdır. Onun iş yerinin yaxınlığında Zərərçəkmiş şəxs avtoyuma məntəqəsini işlədirdi. Zərərçəkmiş şəxs özünə məxsus qara rəngli, «VAZ-21150» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomaşını satışa qoyduğu üçün hər axşam işlədiyi avtoyuma məntəqəsinin qarşısında saxlamış, avtomaşının açarlarını isə yaxınlıqda olan əvvəllər işlədiyi təkər təmiri sexində saxlayırdı. O, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrindən etibarən müxtəlif növlü spirtli içkilər qəbul etmiş, avtomaşın sürməyə həvəsi olduğu üçün Zərərçəkmiş şəxs məxsus avtomaşını sürmək üçün qaçırmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixinə keçən gecə təxminən saat 00:10 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs açarları saxladığı təkər təmiri sexinə gedib, dirsəyi ilə sexin pəncərəsinin şüşəsini sındırıb, içəri daxil olaraq divardan asılmış açarları götürüb, avtomaşına yaxınlaşaraq açarla mühərriki işə salıb avtomobili idarə edərək Bakı şəhəri istiqamətində getmişdir. O, səhərə kimi həmin avtomaşını Bakı şəhəri ərazisində sürmüş və iki dəfə Bakı-Sumqayıt şəhərləri arası taksi kimi sərnişin daşımaqla məşğul olmuşdur. Əldə etdiyi pullarla isə avtomobilə yanacaq doldurmuşdur. xx.xx.2022-ci il tarixdə günortadan sonra həmin avtomobillə Sumqayıt şəhərinə gələn zaman Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti ərazisində olarkən polis əməkdaşları onu saxlayıb, avtomobillə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. O, həmin avtomobili sadəcə sürmək üçün qaçırmış və bir neçə gün idarə etdikdən sonra Zərərçəkmiş şəxs özünə qaytaracaqdı. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamış, avtomobili idarə edərkən avtomobillə yol-nəqliyyat hadisəsi törətməmiş, avtomobilə heç bir ziyan vurmamış, avtomobilin içərisindən hər hansısa bir əşya, eləcə də detal oğurlamamış və bu kimi fikri olmamışdır. Həmin avtomobili idarə etməyə icazə və hüququ yoxdur. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, daimi yaşayış yerinin olmadığını göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı-Quba şossesinin Bakı istiqamətində “Azpetron YDM”nin yaxınlığında yolun kənarında qırmızı yanacaq doldurma məntəqəsinin içərisində olan avtoyumada işləmişdir. O “Vaz 21150” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə 5700 manata X2 almışdır. Avtomobilin qeydiyyat şəhadətnaməsi Ruslan Miriyevin adınadır, Ruslan Miriyev isə ona etibarnamə vermişdir. O, həmin avtomobili satacağı üçün öz adına keçirməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmin avtomobili yuyaraq avtoyuma məntəqəsinin yaxınlığında, yəni Bakı-Quba şossesinin Bakı istiqamətində “Azpetrol YDM”nin yaxınlığında yolun kənarında saxlamışdır. Həmişə olduğu kimi, maşının açarını da avtoyuma məntəqəsinin yanında olan təkər təmiri sexinə qoymuşdur. O, həmin təkər təmiri sexinin içərisində olan ləvazimatlardan istifadə etdiyi üçün qapısının açarları onda da olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində avtoyuma məntəqəsinə gəldikdə yan tərəfdə olan təkər təmiri sexinin pəncərəsinin şüşəsinin sındırıldığını görmüş, sexin içərisindən oğurluq olmasını fikirləşərək açarla qapısını açıb içəri daxil olaraq kameraya baxdıqda pəncərəni həmin təkər təmiri sexində arabir işləyən Təqsirləndirilən şəxs sındırdığını, divardan asılan ona məxsus avtomobilin açarlarını götürüb çıxdığını görmüşdür. Sonra avtomobili saxladığı yerə baxdıqda avtomobili orada aşkar etməmiş və başa düşmüşdür ki, Təqsirləndirilən şəxs avtomobilini qaçırıb. Avtomobilini qaçıran Təqsirləndirilən şəxs tanımış, onunla ədavəti yoxdur, Təqsirləndirilən şəxs həmin avtomobili idarə etməyə icazə və hüququ yoxdur. Təqsirləndirilən şəxs tərəfindən avtomobilindən hər hansı bir əşya və detal oğurlanmamış, eləcə də avtomobilinə hər hansı bir zədə yetirilməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Əlibaba oğlu ərizə ilə 5-ci PB-yə müraciət edərək həmin gün saat 00:10 radələrində özünə məxsus olan “Vaz-21150” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin işlədiyi Sumqayıt şəhər, Maşın bazarı ilə üzbəüz olan qırmızı YDM-nin içərisində olan avtoyuma məntəqəsinin yanından Rəmzi adlı şəxs tərəfindən qaçırılmasını bildirmişdir. Həmin müraciət üzrə Zərərçəkmiş şəxs məxsus avtomobili qaçıran şəxsin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti ərazisində Zərərçəkmiş şəxs məxsus “Vaz-21150” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmış vəziyyətdə olduğu, içərisində bir nəfər şəxsin yatdığını görmüşlər. Onlar həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə getməsini bildirmişlər. Həmin şəxs onlara etiraz etməmiş və həmin şəxsi və avtomobili 5-ci PB-yə aparmışlar. PB-də olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs spirtli içki qoxusu gəldiyi üçün onun sərxoş olub-olmamasmm müəyyən edilməsindən ötrü Sumqayıt regional narkoloji dispanserə aparıb müayinədən keçirmişlər və bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan 01 ədəd diskə baxış protokolundan görünür ki, işə əlavə edilmiş diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. Disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərsində görsənən videofayla daxil olundu. Görüntülənən video görüntü 02 dəqiqə 12 saniyədən ibarətdir. Videogörüntü xx.xx.2022-ci il, saat 00:06-00:08 dəqiqə intervalını əks etdirir. Görüntünün 04-cü saniyəsində bir nəfər şəxsin müşahidə kamerası istiqamətində hərəkət etdiyi görsənir. Görüntünün 01 dəqiqə 19-cu saniyəsində həmin şəxsin təkər təmiri sexinin içərisinə daxil olduğu, divardan asılmış nə isə götürdüyü və sexi tərk edib çıxıb getdiyi görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdəki şəxs onun özüdür. Həmin sexin pəncərəsinin şüşəsini dirsəyi ilə sındırıb içəri daxil olaraq divardan asılmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21150” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını götürüb sexi tərk etmişdir. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 03 fevral 2022-ci il tarixli, A/167 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (xx.xx.2022-ci il tarixdə) orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 18 aprel 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddələrlə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar CM-nin 61-ci maddəsinə əsasən müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 Respublikası Altay rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsi, V bəndi, 22-ci maddəsinin 2-ci hissəsi, 62-ci maddəsinin 1-ci hissəsi, 62-ci maddəsinin 5-ci hissəsi, 74-cü maddəsinin 4-cü hissəsi, 70ci maddəsinin 4-cü hissəsi, 70-ci maddəsi, 69-cu maddəsinin 5-ci hissəsinə əsasən 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xakasiya Respublikası Abakan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Rusiya Refederasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 1-ci hissəsi, 69- cu maddəsinin 5-ci hissəsinə əsasən 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CMnin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarlarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seilərək MSY-dən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə nəzərə alınmalı və ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubundan və 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus “Vaz-21150” markalı, 10- VO- 358 dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli (iş № 1(060)-505/2022) qərarını icra edərək, 19 may 2022-ci il tarixli 786/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus “Vaz-21150” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün: Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar