Məhkəmə qərarları › İş №1(060)-506/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-506/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-506/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs sonuncunun əlillik dərəcəsinin yoxlanılmasi üçün hər 5 ildən bir keçirilən tibbi sosial ekspert komissiyasının yoxlanış növbəsini tezləşdirə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, hissə-hissə olmaqla, yəni xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidəki çayxanalardan birində 2800 manat, eləcə də, Zərərçəkmiş şəxs xahişi ilə qardaşı Şahid6 xx.xx.2021-ci il tarixdə saat 13:43-də Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə S.Vurğun küçələrinin kəsişməsində yerləşən Milli Ön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, 4* * * *8614 nömrəli, Kapital bank tərəfindən verilmiş kart hesabına göndərdiyi 500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3300 (üç min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2002-ci ildən etibarən tanıyır. xx.xx.2021-ci tarixdə Bakı şəhəri 6-cı mikrorayon ərazisində, X2 təsadüfən Şöhrətlə rastlaşıb görüşdükdən sonra birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan əraziyə gedib oradakı kafelərdən birində əyləşib nahar etmişlər. Şöhrətlə birlikdə nahar etdikləri vaxt, onun qızıl-zinyət əşyalarını girov qoyub borca pul götürdüyü şəxs ona zəng edərək, qısa müddət ərzində borcunu ödəməyəcəyi təqdirdə onun girov qoyduğu qızılzinyət əşyalarını satacağını ona bildirmişdir. Həmin şəxsin ona zəng edib dediklərini Şöhrət eşidib “nə məsələ” olduğunu soruşduqda, o, qızıl-zinyət əşyalarını girov qoyaraq, faiz ödəniş şərti ilə 4500 manat borc pul götürdüyünü, borcunu ödəməyəcəyi təqdirdə, borc götürdüyü şəxsin onun girov qoyduğu qızıl-zinyət əşyalarını satacağını bildirmişdir. Belə olan təqdirdə Şöhrət üzərində 2900 manat olduğunu, həmin pulu öz işlərini həll etmək üçün tanışlarından faizlə borc götürdüyünü bildirib, onun girov qoyduğu qızıl-zinyət əşyalarını götürmək üçün həmin pulun 2800 manatını ona borc verə biləcəyini bildirmişdir. O, 2800 manat pulu Şöhrətdən götürüb qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bir neçə gündən sonra, yəni xx.xx.2021-ci il tarixdə o, Şöhrətə zəng edərək ona əlavə olaraq 800 manat da, borc pul verməsini xahiş etmişdir. Şöhrət 800 manat vermək imkanı olmadığını, ancaq 500 manat verə biləcəyini bildirmiş və 500 manat pulu onun bank hesab kartına göndərmək üçün onun plastik kart hesabının nömrəsini istəmişdir. O, hesab kartının nömrəsini Şöhrətə göndərmiş və Şöhrət onun hesab kartına 500 manat pul göndərmişdir. Ancaq sonradan onun maddi vəziyyəti aşağı olduğundan Şöhrətdən aldığı pulu bütöv halda qaytara bilməsə də, Şöhrətə olan 3300 manat borcunun 2750 manatını hissə-hissə Şöhrətə qaytarmışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Azərpoçt vasitəsi ilə Zərərçəkmiş şəxs 500 manat göndərmiş, bir neçə gündən sonra, təxminən 2022-ci ilin iyun ayının ikinci yarısı İsmayıllı rayonunda Şöhrətlə görüşüb Şöhrətə 300 ABŞ dolları vermiş, bundan sonra 2022-ci ilin təxminən avqust ayının birinci yarısı Bakı şəhəri, Yasamal rayonunda, 2 nömrəli Tibb Kollecinin yaxınlığında yerləşən kafelərdən birində rəfiqəsi Sədaqət Kərimova ilə birlikdə Şöhrətlə görüşmüş və Sədaqətdən 1000 manat pul alıb Şöhrətə vermişdir. Sonuncu dəfə isə 2022-ci ilin sentyabr ayının əvvəlləri, Bakı şəhəri Yasamal rayonunda, 2 nömrəli Tibb Kollecinin yaxınlığında yerləşən kafelərdən birində rəfiqəsi Gültəkinlə birlikdə Şöhrətlə görüşüb Şöhrətə 750 manat pul vermişdir. Beləliklə o, Şöhrətdən borc aldığı 3300 manat pulun 2750 manatını qaytarmış və onun Zərərçəkmiş şəxs 550 manat pul borclu qalmışdır. Zərərçəkmiş şəxsla onu Şahid5 tanış etməmiş, Zərərçəkmiş şəxs o, əvvəlcədən tanımışdır. Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1-ci Qarabağ müharibəsi veteranı olmaqla müharibə əlilidir. Bu səbəbdən də, əlillik dərəcəsinin yoxlanılması məqsədi ilə hər 5 ildən bir keçirilən Tibbi Sosial Ekspert Komisiyasının yoxlanışından keçmişdir. 2021-ci ilin iyun ayında növbəti TSEK yoxlanışından keçmək üçün onlayn (elektron) müraciət etdikdə onun yoxlanış növbəsinin 2022-ci ilin may ayında olacağını öyrənmişdir. Ancaq maddi vəziyəti aşağı olduğu üçün TSEK yoxlanış növbəsinin daha tez keçirilməsini istəmişdir. 2021-ci ilin oktyabr ayının ikinci yarısı İsmayıllı rayonunun mərkəzində yerləşən çayxanada tanışı Şahid5la görüşüb söhbət edərkən TSEK yoxlanışı növbəsinin çox gec olacağını bildirdikdə, Səfxan “nazirlikdə” yüksək vəzifədə işləyən qohumu olduğunu və Səfxanın həmin tanışının onun TSEK yoxlanış növbəsini tezləşdirə biləcəyini və yoxlanış növbəsinin hansı şəkildə tezləşdirməsini öyrənib ona deyəcəyini bildirmişdir. Bir neçə gün sonra təxminən 25 və ya 26 oktyabr 2021-ci il tarixdə Səfxan onunla əlaqə saxlyaraq “nazirlikdə” işləyən qohumu ilə danışdığını, Səfxanın həmin qohumunun onun TSEK yoxlanışı növbəsini tezəlşdirmək üçün 3000 manat pul istədiyini bildirmişdir. O, Səfxanla razılaşmış və xx.xx.2021-ci il tarixdə Səfxanla birlikdə, Səfxanın “nazirlikdə” işləyən həmin qohumunun nümayəndəsi ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə “Əlibaba” adlanan dönərxana ilə üzbəüz yerləşən çayxanada Zəminə ilə görüşmüşlər. Səfxan həmin qadınla onu tanış edərək, Səfxanın nazirlikdə işləyən qohumunun nümayəndəsi olduğunu bildirmişdir. O, Səfxanın istəyi ilə Zəminəyə 2800 manat pul, şəxsiyyət vəsiqəsinin surətini və mobil telefon nömrəsini vermişdir. Zəminə pulu ondan götürmüş və xx.xx.2021-ci il tarixdə onun TSEK yoxlanış növbəsini təşkil etdirəcəyini bildirmişdir. Sonra o, Səfxanla birlikdə İsmayıllı rayonuna qayıtmışdır. xx.xx.2021-ci il tarixdə Zəminə ona zəng edərək, onun TSEK yoxlanış növbəsini tezləşdirmək üçün müvafiq arxiv sənədlərinin arxiv idarəsindən götürülməsi üçün üçün əlavə olaraq 500 manat pul verməsini istəmişdir. O, özündə pul olmadığı üçün, Sumqayıt şəhərində yaşayan qardaşı Möhlətlə əlaqə saxlayıb Zəminənin ona verdiyi Kapital bank hesab nömrəsini Möhlətə vermiş və həmin hesab nömrəsinə 500 manat pul göndərməsini xahiş edərək, qısa müddət ərzində borcunu ödəyəcəyini bildirmişdir. Möhlət onun xahişi ilə, xx.xx.2021-ci il tarixdə, saat 13:43-də Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə S.Vurğun küçələrinin kəsişməsində yerləşən Milliön ödəmə terminalı vasitəsi ilə Zəminənin 4****86114 Kapital bank hesab nömrəsinə 500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs, onun TSEK yoxlanış növbəsinin xx.xx.2022-ci il tarixə olacağını bildirsə də, həmin tarixdən bir neçə gün keçsə də, onun TSEK yoxlanışı keçirilməmişdir. O, Zəminə ilə əlaqə saxlayıb nə üçün TSEK yoxlanışınının keçirilmədiyini, bu işin yubandığını soruşduqda Zəminə hər dəfə bir bəhanə gətirərək qısa müddət ərzində onun “işini” həll edəcəyini demişdir. Belə olan halda Zəminənin onu aldatdığını başa düşmüş və Zəminəyə verdiyi 3300 manat pulunu qaytarmasını tələb etmişdir. Ancaq Zəminə yenə hər dəfə bir bəhanə gətirərək onunla görüşdən yayınmış və onun pulunu qaytarmamışdır. O başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun TSEK yoxlanışı növbəsini tezləşdirəcəyi adı ilə onu aldadıb 3300 manat pulunu alaraq ələ keçirmişdir. xx.xx.2022-ci il tarixdə Zəminə onunla telefon əlaqəsi saxlayıb Azərpoçt vasitəsi ilə onun adına 500 manat pul göndərmiş və Zəminəyə verdiyi 3300 manat pulun faizlərini ödəməsi üçün verdiyini bildirmişdir. O, həmin 500 manat pulu İsmayıllı rayonunda poçtdan götürmüşdür. Bundan sonra Zəminə yenə onunla əlaqəni kəsmiş və onun zənglərinə cavab verməmişdir. Sonrakı müddətdə və məhkəmə iclasının gedişində Zəminə törətdiyi cinayət nəticəsində ona vurduğu 3300 manat pulu tam ödəmişdir, şikayəti yoxdur. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun veteran yoldaşıdır. Onlar birlikdə 1-ci Qarabağ müharibəsində iştirak etmiş, digər veteran yoldaşları ilə birlikdə tez-tez İsmayıllı rayonunun mərkəzində yerləşən çayxanada görüşüb söhbətləşmişlər. 2022-ci ilin mart ayının sonlarında çayxanada görüşüb söhbət edərkən, Şöhrət, Səfxan adlı digər veteran yoldaşlarının vasitəsi ilə, Şöhrətin əlillik dərəcəsinin yoxlanılması məqsədi ilə hər 5 ildən bir keçirilən Tibbi Sosial Ekspert Komisiyasının vaxtını tezləşdirmək üçün, 2021-ci ilin noyabr ayının sonları və dekabr ayının əvvəlləri, hissəhissə olmaqla Səfxanın vasitəsi ilə tanıdığı Zəminə adlı qadına ümumilikdə 3300 manat pul verdiyini, həmin qadının tibbi komisiya vaxtını tezləşdirərək xx.xx.2021-ci il tarixdə keçirilməsini təşkil edəcəyini vəd versə də, bu günə kimi tibbi komisiyanın keçirilmədiyini və Zəminənin Şöhrətdən aldığı 3300 manat pulu qaytarmadığını bildirmişdir. Bundan sonra o və digər veteran yoldaşları bir neçə dəfə Şahid5la görüşüb Şöhrətin pulunu qaytarmasını xahiş etdikdə, Səfxan, Zəminəni tanımadığını, Şöhrətin tibbi komissiyasının vaxtını tezləşdirmək üçün Səfxan “nazirlikdə” işləyən tanışından xahiş etdiyini, “nazirlikdə” işləyən tanışı isə Səfxanın tanımadığı Zəminə adlı qadını göndərdiyini və Səfxan, Şöhrətlə birlikdə Bakı şəhərində həmin Zəminə adlı qadınla görüşdüyünü, Şöhrətin tibbi komisiyanın vaxtını tezləşdirmək üçün, tələb olunan 3300 manat pulu Zəminəyə verdiyini bildirmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxslə birlikdə 1-ci qarabağ müharibəsində iştirak etmişdir, digər veteran yoldaşları ilə birlikdə tez-tez İsmayıllı rayonunun mərkəzində yerləşən çayxanada görüşüb söhbətləşmişlər. 2022-ci ilin mart ayının sonlarında da, həmin çayxanada digər tanışları ilə birlikdə görüşüb söhbət edərkən, Şöhrət, Səfxan adlı digər veteran yoldaşının vasitəsi ilə, Şöhrətin əlillik dərəcəsinin yoxlanılması məqsədi ilə hər 5 ildən bir keçirilən Tibbi Sosial Ekspert Komisiyasinın vaxtını tezləşdirmək üçün, 2021-ci ilin noyabr ayının sonları və dekabr ayının əvvəlləri, hissəhissə olmaqla Səfxanın vasitəsi ilə tanıdığı Zəminə adlı qadına ümumilikdə 3300 manat pul verdiyini, həmin qadının tibbi komisiya vaxtını tezləşdirərək 20.12.202l-ci il tarixdə keçirilməsini təşkil edəcəyini vəd versə də, bu günə kimi tibbi komisiyanın keçirilmədiyini və Zəminənin Şöhrətdən aldığı 3300 manat pulu qaytarmadığını bildirmişdir. O, baş verənlər barədə öyrəndikdən bir neçə gün sonra Şahid5 özü ona yaxınlaşıb həmin mövzuda söhbət açaraq, Şöhrətin tibbi komissiyasımn vaxtını tezləşdirmək üçün Səfxan, “nazirlikdə” işləyən tanışından xahiş etdiyini, Səfxanın “nazirlikdə” işləyən tanışı isə Səfxanın tanımadığı Zəminə adlı qadını göndərdiyini və Səfxan, Şöhrətlə birlikdə Bakı şəhərində həmin Zəminə adlı qadınla görüşdüyünü, Şöhrətin tibbi komisiyanm vaxtını tezləşdirmək üçün, tələb olunan 3300 manat pulu Zəminəyə verdiyini, ancaq hal hazırda Şöhrətin həmin pulu qaytarmağı Səfxandan tələb etdiyini, Səfxanın məqsədi Şöhrətə yaxşılıq etmək olduğunu bildirmişdir. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının ikinci yarısı İsmayıllı rayonunun mərkəzində yerləşən çayxanada tanışı Zərərçəkmiş şəxsla görüşmüşdür. Onlar söhbət edərkən Şöhrət Tibbi Sosial Ekspert Komisiyası yoxlanışı növbəsinin çox gec olacağını bildirmişdir. O, “nazirlikdə” işləyən qohumu olduğunu və həmin qohumunun Şöhrətin TSEK yoxlanış növbəsini tezləşdirə biləcəyini və yoxlanış növbəsinin hansı şəkildə tezlədirməsini öyrənib Şöhrətə deyəcəyini bildirmişdir. Bir neçə gün sonra təxminən 25 və ya 26 oktyabr 2021-ci il tarixdə o, Şöhrətlə əlaqə saxlayaraq “nazirlikdə” işləyən qohumu ilə danışdığını, həmin qohumunun Şöhrətin TSEK yoxlanışı növbəsini tezləşdirmək üçün 3000 manat pul istədiyini bildirmişdir. Şöhrət onunla razılaşmış və xx.xx.2021-ci il tarixdə o, Şöhrətlə birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə “Əlibaba” adlanan dönərxana ilə üzbəüz yerləşən çayxanada Zəminə ilə görüşmüşlər. O, Zəminə ilə Şöhrəti tanış edərək, onun “nazirlikdə işləyən qohumunun” nümayəndəsi olduğunu bildirmişdir. Şöhrət, Zəminəyə 2800 manat pul, şəxsiyyət vəsiqəsinin surətini və mobil telefon nömrəsini vermişdir. Zəminə onun xahişi ilə Şöhrətə 200 manat güzəşt etmişdir. Zəminə pulu Şöhrətdən götürmüş və xx.xx.2021-ci il tarixdə Şöhrətin TSEK yoxlanış növbəsini təşkil etdirəcəyini bildirmişdir. Sonra Şöhrətlə o, birlikdə İsmayıllı rayonuna qayıtmışlar. Sonradan o, öyrənmişdir ki, xx.xx.2021-ci il tarixdə Zəminə, Şöhrətə zəng edərək, TSEK yoxlanış növbəsini tezləşdirmək üçün müvafiq arxiv sənədlərinin arxiv idarəsindən götürülməsi üçün əlavə olaraq 500 manat verməsini istəmişdir. Şöhrət də, özündə pul olmadığı üçün, Sumqayıt şəhərində yaşayan qardaşı Möhlətlə əlaqə saxlayıb Zəminənin Şöhrətə verdiyi Kapital bank hesab nömrəsini Möhlətə vermiş və həmin hesab nömrəsinə 500 manat pul göndərməsini xahiş etmişdir. Möhlət, Şöhrətin xahişi ilə, xx.xx.2021-ci il tarixdə, Sumqayıt şəhəri ərazisində yerləşən Milliön ödəmə terminalı vasitəsi ilə Zəminənin Kapital bank hesab nömrəsinə 500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs, Şöhrətin TSEK yoxlanış növbəsini xx.xx.2022-ci il tarixə olacağını bildirsə də, həmin tarixdən bir neçə gün keçsə də, Şöhrətin TSEK yoxlamşı keçirilməmişdir. Ancaq Şöhrət, Zəminə ilə əlaqə saxlayıb nə üçün TSEK yoxlanışının keçirilmədiyini, bu işin yubandığını soruşduqda Zəminə hər dəfə bir bəhanə gətirərək qısa müddət ərzində Şöhrətin “işini” həll edəcəyini demiş, ancaq nə işi həll etməmiş nə də, Şöhrətin pulunu qaytarmamışdır. Zəminənin, Şöhrətin pulunu qaytarması üçün o da, əlindən gələni etmişdir. Həmçinin Zərərçəkmiş şəxs “işi”nin düzəlməsini istəmiş, Təqsirləndirilən şəxs əlaqələri olduğunu bildiyi üçün Zəminənin Şöhrətin işini həll edə biləcəyini düşündüyü və Şöhrətlə Zəminəni tanış etdiyi, ancaq Zəminənin istəyi ilə o, Zəminəni onun “nazirlikdə” işləyən qohumunun nümayəndəsi kimi qələmə vermiş, Zəminə Şöhrətdən aldığı puldan ona verməmiş, onun belə bir niyyəti olmamışdır, o Şöhrətə köməklik etmək istəmişdir ki, işi düzəlsin. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Şöhrət Qarabağ müharibəsi əlilidir. Digər Qarabağ müharibəsi əlilləri kimi o, da hər 5 ildən bir Tibbi Sosial Ekspert Komisiyası yoxlanışından keçir. Növbəti müayinə vaxtının çox gec olduğu üçün Şöhrət, Səfxan adlı tanışı vasitəsi ilə tanış olduğu Zəminə adlı qadının, Şöhrətin növbəti müayinə vaxtının tezləşdirilməsini təşkil edəcəyini, bu iş üçün Zəminəyə 2800 manat pul verdiyini ona bildirmişdir. Ancaq xx.xx.2021-ci il tarixdə qardaşı Şöhrət ona zəng edərək, TSEK yoxlanış növbəsinin tezləşdirmək üçün müvafiq arxiv sənədlərinin arxiv idarəsindən götürülməsi üçün Zəminənin Şöhrətdən əlavə olaraq 500 manat pul İstədiyini, Şöhrətin özündə pul olmadığını bildirərək, Zəminənin Şöhrətə verdiyi Kapital bank hesab nömrəsini ona göndərmiş və həmin hesab nömrəsinə 500 manat pul göndərməsini ondan xahiş edərək, qısa müddət ərzində borcunu ödəyəcəyini bildirmişdir. O, Şöhrətin xahişi ilə, xx.xx.2021-ci il tarixdə, saat 13:43-də Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə S.Vurğun küçələrinin kəsişməsində yerləşən Milliön ödəmə terminalı vasitəsi ilə Zəminənin 4****86114 Kapital bank hesab nömrəsinə 500 manat pul göndərmişdir. Ancaq Şöhrətlə növbəti görüşlərində Şöhrət, Zəminənin onu aldadıb aldığı 3300 manat pulu mənimsədiyini və Şöhrətin “işini” həll etmədiyini ona bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Şahid5 və Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə cinayət təqibinin başlanılması və Təqsirləndirilən şəxs əməllərində CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunun onun TSEK-nın növbəti müayinə vaxtını tezləşdirilməsini təşkil edəcəyi adı ilə aldadaraq onun 3300 manat pulunu ələ keçirib ona həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3300 manat məbləində pulu sonuncunun əlillik dərəcəsinin yoxlanılmasi üçün hər 5 ildən bir keçirilən tibbi sosial ekspert komisiyasının yoxlanış növbəsini tezləşdirə biləcəyi adi ilə deyil, ondan girov qoyduğu qızılları girovdan azad etmək məqsədi ilə alması və Zərərçəkmiş şəxs onunla Şahid5 tanış etməməsi və əvvəldən Zərərçəkmiş şəxs tanıması barədə ibtidai istintaq və məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadəsi, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və sonuncu məhkəmə iclasında əməliundən peşman olması və vurmuş olduğu maddi zərəri tamamilə ödəməsi barədə dedikləri və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü təqsirli bilməməsinə dair dəlillərini müdafiə mövqeyinə söykənərək subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Odur ki, təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu Zərərçəkmiş şəxs 3300 manat məbləində pulu sonuncunun əlillik dərəcəsinin yoxlanılmasi üçün hər 5 ildən bir keçirilən tibbi sosial ekspert komisiyasının yoxlanış növbəsini tezləşdirə biləcəyi adi ilə deyil, ondan girov qoyduğu qızılları girovdan azad etmək məqsədi ilə alması və Zərərçəkmiş şəxs onunla Şahid5 tanış etməməsi və əvvəldən Zərərçəkmiş şəxs tanıması və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ilkin məhkəmə iclaslarında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə ilkin məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının gedişində Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, törətdiyi cinayət əməlindən peşimançılığını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar