Məhkəmə qərarları › İş №1(060)-506/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-506/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-506/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 263-1.1, 66.3-cü maddələri ilə 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2023-cü il tarixdə əlavə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 00.30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən Gimnaziya məktəbinin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,569 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00.30 radələrində dostu X1 ilə bir yerdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən Gimnaziya məktəbinin yaxınlığında küçədə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu narkotik vasitələrin istifadəsinə görə Sumqayıt şəhər polis idarəsinə aparmışlar. İdarənin xidməti otaqların birində ona müdafiəçi təqdim edilib və videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək qanunsuz əşyanın təqdim edilməsi təklif olunmşdur. O, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofanı və əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı telefon cihazını təqdim etmişdir. Onun təqdim etdiyi şəffaf sellofana baxış zamanı içərisində ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu aşkar edilmişdir. Eyni zamanda təqdim etdiyi “Samsung” markalı mobil telefon cihazında üzərində ***-***-**-** mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin maddəni saxlanmamışdan 1 saat əvvəl Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı bir şəxsdən 15 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan maddə üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilən zaman həmin bükümün çəkisinin 1,75 qram olduğu müəyyən olundur. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024cü il tarixdə saat 00.30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən Gimnaziya məktəbinin yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nə dəvət eedilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə idarəyə vəkil dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra idarənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofanı və əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı telefon cihazını təqdim etmişdir. Onun təqdim etdiyi şəffaf sellofana baxış zamanı içərisində ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu aşkar edilmişdir. Eyni zamanda təqdim etdiyi “Samsung” markalı mobil telefon cihazında üzərində ***-***-**- ** mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin maddəni saxlanmamışdan 1 saat əvvəl Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı bir şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan maddə üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilən zaman həmin bükümün çəkisinin 1,75 qram olduğu müəyyən olunmuşdur. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 elan edilmiş ifadələrindən görünür ki, onlar, Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00.30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən Gimnaziya məktəbinin yaxınlığında cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan göründüyü kimi, X5 xx.xx.2024-cü il tarixdə saat 00.30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən Gimnaziya məktəbinin yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nə dəvət edilmiş, idarədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofanı və əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı telefon cihazını təqdim etmişdir. Onun təqdim etdiyi şəffaf sellofana baxış zamanı içərisində ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu aşkar edilmişdir. Eyni zamanda təqdim etdiyi Samsung markalı mobil telefon cihazında üzərində ***-***-**-** mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin maddəni saxlanmamışdan 1 saat əvvəl Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı bir şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan maddə üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilən zaman həmin bükümün çəkisinin 1,75 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3- 16-16\2-6\1158 saylı rəyindən göründüyü kimi, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs..” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,569 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin AR 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (İ) daxildir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 1,469 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,569 qram olan metamfetamin maddi sübut kimi tanınmış və kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 1,469 qram çəkidə metamfetamin saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokol və qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Samsung markalı mobil telefon cihazında üzərində ***-***-**-** mobil nömrəsinə təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə müstəntiq baxış keçirmiş və iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar etmədiyinə görə mobil telefonu sahibinə qaytarmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2444 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ- nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən Gimnaziya məktəbinin yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nə dəvət edilmiş, idarədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının və X3 hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofanı və əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı telefon cihazını təqdim etmiş. Onun təqdim etdiyi şəffaf sellofana baxış zamanı içərisində ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu aşkar edilmişdir. Eyni zamanda təqdim etdiyi Samsung markalı mobil telefon cihazında üzərində ***-***-**-** mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin maddəni saxlanmamışdan 1 saat əvvəl Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı bir şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilən zaman həmin bükümün çəkisinin 1,75 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 263-1.1, 66.3-cü maddələri ilə 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2023-cü il tarixdə əlavə cəza müddəti başa çatmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi - 1,569 qram (qalıq – 1,469 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış - 1,469 qram psixotrop vasitə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 263- 1.1, 66.3-cü maddələri ilə 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2023-cü il tarixdə əlavə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,469 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 110,00 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-506/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 996 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,469 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 110,00 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar