Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-507/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1985-ci ildə Qubadlı rayonu, Qaraqoyunlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və ünvan 3anında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə “Covid-19” xəstəsi olduğu halda üzərinə qoyulmuş məhdudiyyətlərə məhəl qoymayaraq yaşadığı ünvanı tərk edərək Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaşayan anası Tahirə Hüseynovanın evinə gedib qayıdan zaman Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozmaqla “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 28 mart 2021-ci il tarixdə yüksək hərarəti olduğu üçün TTY xidmətinə müraciət etmiş və həmin gün TTYX evə gələrək ondan analiz götürmüşdür. 29 mart 2021-ci il tarixdə istifadəsində olan Nokia markalı mobil telefona analizinin pozitiv çıxdığı yəni Covid-19 virusunun aşkarlandığı və 14 gün müddətində yaşadığı evi tərk etməməsi barədə mesaj gəlmişdir. Həmin gündən etibarən 09 aprel 2021-ci il tarixədək evdən çölə çıxmamışdır. Evdə maddi vəziyyətinin yaxşı olmadığı və qida məhsulları qutardığı üçün həmin tarixdə, günorta saatlarında anası Tahirənin yaşadığı ünvan 2 ünvanına getmişdir. Bundan sonra nömrəsini xatırlamadığı özünü sahə həkimi kimi qeyd edən xanım ona zəng edərək özünü təqdim etmiş, o, həmin xanıma müalicə üçün dərman verilməsi lazım olduğunu demiş, həmin xanım da kimisə göndərməyini bildirmişdir. O, da tək olduğunu demiş və telefonda həmin xanıma dərmanını gətirməsini xahiş etmişdir. Həmin xanım ondan harda olduğunu soruşduqda anasıgildə olduğunu söyləmişdir. Bundan sonra polis sahə rəisi kimi özünü təqdim edən Əşrəf adlı polis əməkdaşı ona zəng edərək harada olduğunu soruşmuş və o, həmin şəxsə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisindən çıxaraq evə getdiyini və Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində “Möhtəşəm” şadlıq evinin yaxınlığında olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Əşrəf və digər polis əməkdaşları ona video çəkilişlə yaxınlaşaraq özlərini təqdim etmiş və onun “Covid-19” xəstəsi olduğunu soruşmuşlar. O, da “Covid-19” xəstəsi olduğunu demiş və mobil telefonunda olan mesajı polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onu müşayiət edərək yaşadığı ünvana qədər aparmışlar. Karantin müddətində yalnız 09.04.2021-ci il tarixdə bir dəfə anası Tahirənin yaşadığı evə getmiş, başqa heç yerə getməmiş, çölə çıxmağının səbəbi evdə tək olması və ailəsini xəstə olduğu üçün anasıgilə göndərməsi, evdə qida ərzaqları qutardığı üçün evdən çıxmağa məcbur olmuş, evi tərk etdiyi zaman yalnız Sumqayıt şəhəri, 12-ci mikrorayonda anasının yaşadığı evə getmiş, həmin müddətdə də maskadan istifadə edərək ara məsafəsi saxlamış, başqa heç kimlə ünsiyyətdə olmamış, telefonuna 29.03.2021-ci il tarixdə İTS.GOV.AZ-dən sms gəldiyi vaxt koranavirus xəstəliyinə yoluxduğunu bilmiş, bundan əlavə mobil telefonuna zəng gələrək bu barədə ona informasiya verilmiş və evi tərk etməməyi barədə ona xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşaqlarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu qeyd edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi vəzifəsində xidmət aparan Şahid1 09.04.2021-ci il tarixdə xidmət apardığı ərazidə yaşayan "COVİD 19" xəstəliyinə yoluxmuş şəxslərlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq olduqları ünvanı tərk edib-etməmələrini soruşmuş, ünvan 3anında yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan 055-84648-79 mobil nömrəsinə zəng edib özünü təqdim edərək halhazırda harada olduğunu soruşmuşdur. Həmin şəxs ona Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisindən çıxaraq evə getdiyini və Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində "Möhtəşəm" şadlıq evinin yaxınlığında olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı X4 və həmin bölmənin sahə rəisi Şahid1 və digər polis əməkdaşları ilə birlikdə xüsusi geyimdə videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs olduğunu bildirmiş və eyni zamanda onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs harada yaşaması barədə sual verdikdə ünvan 3anında yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs "Covid 19" xəstəsi olduğunu bildiyini soruşduqda bunu bildiyini və bu barədə mobil telefonuna gələn mesajı onlara göstərmişdir. Təqsirləndirilən şəxs karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliyin yayılması üçün təhlükə yaratdığını bildiyi təqdirdə nə üçün yaşadığı evi tərk etdiyi soruşulmuşdur. Həmin şəxs buna səbəb kimi evdə tək olduğunu, ailəsini xəstə olduğu üçün anasıgilə göndərdiyini, maddi vəziyyətinin yaxşı olmadığını və qida məhsulları qurtardığından evdən çıxmağa məcbur olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs haradan gəlməsi soruşulmuş və buna cavab olaraq hazırda 12-ci mikrorayon, ev 8A, mənzil 15 ünvanında yaşayan anası Tahirəgildən gəldiyini söyləmişdir. Təqsirləndirilən şəxs "Covid 19" xəstəsi olduğu halda yaşadığı evi tərk etməsi özünün, cəmiyyətdəki digər insanların həyat və sağlamlığı üçün və xəstəliyin yayılması üçün real təhlükə yaratması və göstərdiyi heç bir faktorun bu hərəkətləri etməsi üçün əsas vermədiyi başa salınmışdır. Daha sonra Təqsirləndirilən şəxs müşayiət edərək polis avtomobili ilə yaşadığı ünvana aparmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 09.04.2021-ci tarixdə, saat 19:14 radələrində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılması barədə qeydə alınmış video görüntülərdə də şahid X2 ifadəsində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 24.05.2021-ci il tarixdə daxil olmuş 617 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 12A, mənzil 56 ünvanında qeydiyytada olan və yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 29.03.2021-ci tarixdə “Covid-19” virusuna görə “PZR” müayinəsindən keçmiş, nəticə pozitiv olduğu üçün 30.03.2021-ci il tarixdən onunla telefon əlaqəsi yaradılıb, karantin qaydalarına əməl etməsi məsləhət görülüb və ambulator şəraitdə müalicə təyin olunub. Mütəmadi əlaqə saxlanılıb, karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 12 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxaraq təcrid olunma müddəti başa çatmadan 09.04.2021-ci il tarixdə, saat 19:14 radələrində yaşayış yerini tərk edərək sanitar-gigiyena və karantin rejim qaydalarını pozaraq xəstəliyin yayılması üçün real təhlükə törətmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-15.02.2016-cı il təvəllüdlü X6 və 09.04.2019-cu il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05.07.2021-ci il tarixli (iş № 1(060)-507/2021) qərarını icra edərək, 06.07.2021-ci il tarixli 676/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:00-dək yaşadığı ünvan 3anını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-507/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-507/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver