Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-507/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə Xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək X4 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, uzun müddət tibb sahəsində həkim ginekoloq kimi fəaliyyət göstərərək vətəndaşların sağlamlıqlarının qorunması üçün əlindən gələni əsirgəməmişdir. Keçmiş kürəkəni olmuş X7 15 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna böhtan və yalan xarakterli məlumatlarla müraciət edərək onu rüşvət almaqla korrupsiya cinayətində ittiham etmiş, hətta şərəf və ləyaqətini ləkələyən, həmçinin işlədiyi kollektiv və yaşadığı rayonda nüfuzdan salan məlumat yazmış, yəni «qəssab» adlandıraraq təhqir etmişdir. X2 ünvanladığı əsassız məlumatlarla dolu ərizəsi qərəzli xarater daşımaqla ailələrinə ləkə yaxmaq və onu işgüzar nüfuzdan salmaq məqsədi daşıyır. Rüfət Əkbərlinin onun barəsində böhtan xarakterli məlumatlar yayması, onu «qəssab» adlandıraraq təhqir etməsi və ona qarşı digər qanunazidd əməllər törətməsi nəticəsində o, arzuolunmaz vəziyyətə düşmüşdür. Ailə üzvləri, yəni həyat yoldaşı, qızı və özü psixoloji sarsıntı keçirməklə normal həyat tərzləri pozulmuşdur. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Bu səbəbdən də o, özünü X7 tərəfindən şərəf və ləyaqəti alçaldılmış hesab edir. “Şərəf və X5 Qanunvericiliyin Məhkəmələr Tərəfindən X6 Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarında göstərilir ki, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakla görə insanın şərəf və ləyaqətin onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində deyilir ki, Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində deyilir: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsində deyilir: xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. X4 ona qarşı törətdiyi cinayət əməli prokurorluğa ünvanladığı şikayət ərizəsi, Lənkəran RMX-nın araşdırmasına dair sənədlər və iş üzrə şahid qismində dəvət edəcəyi şəxslər tərəfindən tam sübuta yetirilir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun ifadə verərək bildirdi ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, X4 onu təhqir etməsi barədə yazısı hansısa kütləvi informasiya vasitəsində, internetdə, televizorda yayılmamış, sadəcə çalışdığı müəssisənin elektron poçt ünvanına göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X4 müdafiəçisi Müdafiəçi izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində edilmiş şikayətlər tam əsassızdır, heç bir sübuta əsaslanmır. Qeyd olunanların nəzərə alınmasını və Rüfət Əkbərli barəsində olan xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zəzər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirlən şəxslə barışdıqda ona xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübüt edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı iərəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığı, o cümlədən şikayətin əsassız olduğu, şikayət vermiş şəxslərin dəlillərini əks etdirən sübutların şikayətə əlavə edilmədiyini müəyyən edilmişdir. Belə ki, məhkəməyə daxil olan materiallarda Rüfət Əkbərlinin həqiqətən də şikayət edən şəxsə böhtan atmasını (yəni, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və ya təhqir etməsini (yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) etməsini təsdiq edəcək hər hansı mötəbər sübut şikayətə əlavə olunmamış, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi qeyd olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, faktiki əsaslar gətirilmədən ittiham irəli sürülmüş, müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktiki hallara (açıq-aşkar əsassız) istinad edilmişdir. Bundan başqa ittihamın irəli sürülməsi və şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutlar gətirilməmiş və təqdim edilməmişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-507/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-507/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver