Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-509/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Müseyib oğlunun, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 01:30 radələrində, Zərərçəkmiş şəxs Müseyib oğluna məxsus, Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən, kafe və bərbərxanadan ibarət olan qeyri-yaşayış obyektini içərisindəki əşyalarla birlikdə qəsdən yandıraraq yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün çəkiləcək xərclə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 5786 (beş min yeddi yüz səksən altı) manat maddi ziyan vurub əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, Elman Dolxanov onun atasıdır. Onun atası ilə münasibətləri pisdir, son zamanlar aralarında mübahislər yaranmışdır, səbəb isə atası Elmanın 5 ilə əvvəl ona məxsus evi banka girov qoyaraq bankdan 30000 ABŞ dolları pul götürməsi və həmin pulu ödəməməsi olmuşdur. Onun atası Elman həmin kreditin 16000 manatını ödəmiş, yerdə qalanını isə ödəməmişdir. Bu səbəbdən də bankla onun arasında mübahisə yaranmışdır. Daha sonra onun atası Elman bankdan götürdüyü kredit ilə Mersedes markalı avtomaşın almış və aralarında söhbət zamanı atası Elman ona təsərüfat yaradacağını və onu da orada nəzarətçi qoyacağını demişdir. Ancaq onun atası Elman dediklərinin heç birini etməmişdir. xx.xx.2022-ci il tarixdə onunla Elman arasında mübahisə yaranmış, mübahisə zamanı atası onu təhqir edərək kafedən qovmuş, o, kafeni yandıracağını bildirmiş və çıxıb getmişdir. Daha sonra gecə saatlarında kafəyə bitişik olan bərbərxananı açaraq ora daxil olmuş, sonra kafeyə daxil olmuş orada salfetka götürmüş, sonra bərbərxananın içində olan əşyaları yığmış və orada yandırmışdır. Bundan sonra kafeyə daxil olmuş və orada olan taxta stolları yığmış və həmin stolları salfetka ilə yandırmışdır. Sonra digər otaqda da yanğın törətmişdir. Yanğın hadisəsini xx.xx.2022-ci il tarixdə gecə saatlarında törətmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Müseyib oğlu göstərdi ki, oğlu Təqsirləndirilən şəxs heç bir işlə məşğul olmamasını irad bildirdiyi üçün Kaliflə aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən də Kaliflə münasibətləri pisləşmişdir. xx.xx.2022-ci il tarixdə Kaliflə onun arasında baş verən mübahisələrin birində Kalif ona məxsus olan, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində, yaşadığı evin yaxınlığında yerləşən kafe və bərbərxanadan ibarət obyekti yandıracağını bildirmişdir. O, Kalifin sözlərinə əhəmiyyət verməmiş və çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında onun nəvəsi Xəyal onun yaşadığı evə gedərək sözügedən qeyri-yaşayış obyektinin içərisində yanğın baş verdiyini və yanğını onun oğlu Kalifin törətdiyini bildirmişdir. O, dərhal həmin obyektin yanına gedib DİN-in 102 xidmətinə və eləcə də 101 yanğın söndürmə xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları və Yanğın söndürmə briqadası əməkdaşları hadisə yerinə gəlmiş və yanğın söndürülmüşdür. Kalif yanğını törətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxsi bağışlayır, onunla barışmışdır, bu barədə istintaqda ərizə vermişdir, onun həbs edilməsini istəmir, icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Müseyib oğlu xx.xx.2023-cü tarixdə istintaqa verdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, o dəymiş maddi ziyanı tam ödəmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun babası, Təqsirləndirilən şəxs isə onun əmisidir. Əmisi Kalifin babası Elmana məxsus, onun yaşadığı evin yaxınlığında yerləşən kafe və bərbərxanadan ibarət qeyri-yaşayış obyektini içərisindəki əşyalarla birlikdə yandırması ilə bağlı onu bilir ki, o, xx.xx.2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdən bayıra çıxdıqda sözügedən obyektin alışıb yandığını görmüş, dərhal yaxınlıqda yaşayan babası Elmanın evinə gedib Elmanı yuxudan oyadaraq obyektin yanmasını bildirmişdir. Sonra obyektin müşahidə kamerasının qeydə aldığı videogörüntülərə baxdıqda obyektin onun əmisi Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını görmüşdür. Yanğınsöndürənlər əraziyə gəlib müdaxilə edərək yanğını söndürmüşlər. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış işıqlı havada aydın şəraitdə aparılmışdır. Baxış zamanı qeyd edilən kafenin Sumqayıt şəhəri, Qurd dərəsi bağları massivində yerləşdiyi müəyyən edilmişdir. Baxış zamanı kafenin qarşısında “kafe 606” yazısı olması, həmçinin “Sumqayıt market”in olması müəyyən edilmişdir. Baxış zamanı kafenin girişinin taxtadan olması, həyətinin olması, giriş qapısının dəmir qapısının olması, marketin yanması müəyyən olunmuşdur. İş materiallarında olan “Yanğın haqqında” xx.xx.2022-ci il tarixli ilkin aktdan görünür ki, yanğın baş verən obyekt Sumqayıt şəhəri, Qurd dərəsi, 17 nömrəli marşrutun 3-cü dayanacağı, 606 çay evinin içərisidir. Yanğın haqqında məlumat yanğından mühafizə hissəsinə saat 03:11-də dəqiqədə daxil olmuşdur. 1-ci YSR hadisə yerinə saat 03:20-də çatmış, baş vermiş yanğın xx.xx.2022-ci il tarixdə saat 03:38-də söndürülmüşdür. Yanğın qatı tüstülənmə ilə müşhaidə olunmuşdur. Yanğın nəticəsində həlak olan və xəsarət alan olmamışdır. İş materiallarında olan “Yanğından sonrakı qalıqların müayinəsinin” 470 saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, lövhə ultrabənövşəyi şüalarda tədqiq edilərkən təqdim olunmuş nümunələrin lüminessensiya zonaları uyğun sübut zonaları ilə üst-üstə düşməmişdir. Təqdim edilmiş yanğından sonrakı nümunələrin tərkibində yüksək temperatur təsirindən, ilkin şəklini dəyişmiş neft məhsullarının izləri aşkar edilməmişdir. Analiz prosesində nümunələr tam istifadə olunmuşdur. İş materiallarında olan “Yanğından sonrakı qalıqların müayinəsinin” 471 saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqdim olunmuş elektrotexniki əşyaların yanğından sonrakı qalıqları üzərində elektrotexniki qəza hallarını təsdiqləyən izlər aşkar edilməmişdir. İş materiallarında olan kompleks məhkəmə yanğın-texniki, tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının 10/6916-9/7641saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Qurd dərəsində yerləşən obyektlərdə 3 ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi kafenin girişindən sayca birinci otağının daxilində, ikincisi kafenin girişdən sayca ikinci otağının daxilində, üçüncüsü isə bərbərxana kimi istifadə olunan obyektin daxilində döşəmə səviyyəsində olmuşdur. Yanğın kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə obyektlərdə üç müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması nəticəsində baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, Qurd dərəsində yerləşən obyektlərdə baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 4416,00 manat məbləğində müəyyən olunur. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 2 adda malların təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1100,00 manat müəyyən edilir. O cümlədən:-sex üsulu ilə hazırlanmış 7 ədəd kreslo 700 manat, -sex üsulu ilə hazırlanmış 4 ədəd taxta masa-400 manat. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, işə əlavə edilmiş 1 ədəd DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra həmin diskə daxil olduqda, 1 ədəd qovluq və həmin qovluqda videogörüntü olması müəyyən edilir. Həmin qovluqda 00:52 saniyədən ibarət videogörüntü var. Video görüntüntüyə baxdıqda təxminən 45-50 yaşlarında, nisbətən kök bədən quruluşlu kişinin qapısı açıq olan obyektə yaxınlaşdığı və qapının qarşısında əlində olan əşyanı alışdıraraq obyektə daxil olduğu, əlindəki alışıb yanan əşya ilə obyektin içərisində də, yanğın törətdiyi, sonra isə çıxıb getməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki həmin şəxsin o, özü olduğunu qeyd edərək bildirdi ki, baxış keçirilən videogörüntünün onun xx.xx.2022-ci il tarixdə, təxminən saat 01:30 radələrində, Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən, atası Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış obyektinə yaxınlaşıb əlindəki kağız parçasını alışqanla alışdırıb, obyektin içərisində keçərək, həmin alışan kağız parçası ilə obyekti içərisindəki şeylərlə birlikdə yandırıb sonra çıxıb getməsinin videogörüntüsü olduğunu qeyd etmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Müseyib oğluna məxsus, Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən, kafe və bərbərxanadan ibarət olan qeyri-yaşayış obyektini qəsdən yandırması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs diskdəki görüntüdə olan şəxsin o olmasını etiraf etmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı (xx.xx.2013-cü il təvəllüdlü X3) uşağı vardır. İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin186.2.2ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qeyr-yaşayış obyektini yandırması faktının videogörüntülərini özündə əks etdirən DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə haqqında axtarış elan olunmuş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-2964/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü ildə tutularaq xx.xx.2023-cü ildə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.12, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanı ödəməsi, əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, cəzanı yüngülləşdirən hallar, onun ailə vəziyyəti nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinin sanksiyas həddində azadlıqdan məhrumetmə növündə ən aşağı həddə cəza təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Maddi sübut-Təqsirləndirilən şəxs baş vermiş yanğın hadisəsini törətməsini əks etdirən görüntülərin olduğu 1 ədəd disk iş materiallarında saxlanmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altıne vermə” qətimkan tədbiri dəyişdirilərək bu iş üzrə barəsində həbs qətimkan tədbiri seçilsin və onun Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs baş vermiş yanğın hadisəsini törətməsini əks etdirən görüntülərin olduğu 1 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-509/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-509/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver